Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1560/2025 16.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi, "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi Nümayəndə2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs (Cavabdeh qəyyumu) X3 iştirakları ilə, "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli 2(053)-561/2025 saylı qətnaməsindən "xxxx" KB ASC tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏNETDİ: "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin xeyrinə 5039,90 manat əsas, 946,16 manat faiz, 43,47 manat cərimə borcu olmaqla, cəmi 6029,53 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 80,70 manat məbləğində vəsaitin tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixində müvafiq Ərizə-Anket və İmza nümunəsi formasını imzalamaqla "xxxx" ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2023-ci il tarixli “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart şərtlərlə” ilə tanış olduğunu və onun bütün müddəaları ilə razı olduğunu təsdiq (aksept) etmişdir. X5 Bankın “Ucard” məhsulu çərçivəsində fiziki şəxslərə istehlak kreditinin verilməsi şərtləri və qaydalarını müəyyən edir və Standart Şərtlərdə göstərilən müddəalar qeyri-rezident fiziki şəxslərə şamil edilmir. Standart şərtlərə və təsdiq ərizəsininn 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh üçün xx.xx.2024-cü il tarixində xx.xx.2029-cu il tarixədək illik 29% olmaqla istehlak məqsədləri üçün 5300 manat nağd kredit cavabdehin ödəniş kartına köçürülmüşdür. Cavabdeh мüqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(053)-561/2025 saylı qətnaməsi ilə (hakim Ləman Qasımzadə) iddia rədd edilmişdir. "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmasını, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 40.75 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. "xxxx" ASC-nin nümayəndəsi vəkil Nümayəndə2 məhkəmə iclasında bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə kifayət qədər və hərtərəfli araşdırma aparmadan qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, xx.xx.2014-cü il tarixdə fəaliyyət qabiliyyətsiz şəxsə qəyyum təyin edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən sərəncam verilmişdir. Birinci instansiya məhkəməsində restitusiya məsələsinə baxılmasını tələb etmiş, həmçinin fəaliyyət qabiliyyətsiz şəxsə qəyyum təyin olunması və bu məsələnin məhkəmə tərəfindən araşdırılması barədə vəsatət təqdim etmişlər. Apellyasiya şikayəti verilərkən şəxsə qəyyum təyin edilməsi faktı məlum olduğundan, bu hal apellyasiya şikayətinə əlavə edilmiş və məhkəmədən qətnamə qəbul edilərkən göstərilən halların nəzərə alınması xahiş olunmuşdur. Artıq fəaliyyət qabiliyyətsiz şəxsin qəyyumu mövcuddur və qanunvericiliyə əsasən həmin qəyyum bu şəxsin hüquqi hərəkətlərinə görə birbaşa məsuliyyət daşıyan şəxs hesab edilməlidir. Bundan əlavə, iş materiallarında adıkeçən Qoşqar adlı şəxsin "xxxx" ASC-də çalışması faktı təsdiq olunsa da, onun bankın problemli kreditlər bölməsində fəaliyyət göstərdiyi məlumdur. Qeyd edilən şəxs kredit verilməsi səlahiyyətinə malik olmamış və bu səbəbdən də, onun hərəkətləri kredit müqaviləsinin bağlanması baxımından hüquqi əhəmiyyət kəsb etmir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmədə izahatında bildirdi ki, Cavabdeh bacısı ilə birlikdə yaşayır. Bacısının evində qonaq olduğu zamanlarda, bəzən 2–3 gün müddətinə yanında qalması üçün gətirilir. 22 iyun 2014-cü il tarixdən etibarən Cavabdeh fəaliyyət qabiliyyətsiz şəxs kimi tanındıqdan və ona qəyyum təyin edildikdən sonra onun baxımı, gündəlik qulluğu və təmizlik məsələlərini həll edir. 2023-cü ildə kredit götürüldüyü zaman Cavabdeh onun yanında olmamışdır. Həmin dövrdə Salyan rayonunda bacısının evində olmuşdur. Bacısı oğlu Natiq "xxxx" ASC-nin əməkdaşı Qoşqar ilə dostluq münasibətlərində olmuşdur. Məhz bu səbəbdən, Natiq tərəfindən Cavabdeh Salyan şəhərində yerləşən "xxxx" ASC-nin Şirvan filialına aparılmış və kredit müqaviləsi onun iştirakı ilə bank əməkdaşı Qoşqar tərəfindən rəsmiləşdirilmişdir. Məhkəmə tərkibi izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İŞİNHALLARİ: "xxxx" KB ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən borcalana istehlak məqsədləri üçün xx.xx.2029-cu il tarixədək illik 29% olmaqla 5300 manat məbləğində kredit xətti açılmışdır. Müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırmağı və ssuda hesabı açmağı, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 5039,90 manat əsas, 946,16 manat faiz, 43,47 manat cərimə borcu olmaqla, cəmi 6029,53 manat borcu yaranmışdır. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə "xxxx" ASC-yə 5039,90 manat əsas, 604,28 manat faiz, 15,81 manat cərimə borcu olmaqla, cəmi 5659,99 manat borcu yaranmışdır. Həmin pretenziya məktubundan görünür ki, cavabdehə müqavilə üzrə bütün borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 80,30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. ƏƏSMN TSEK sonuncu müayinəyə dair xx.xx.2020-ci il tarixli məlumatından müəyyən edilir ki, xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh xx.xx.2020-ci il tarixdən ağır dərəcəli əqli gerilik ağır kəmağıllıq diaqnozu ilə müddətsiz 1-ci qrup əlil təyin edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi iş materiallarını təhlil edərək belə hesab edir ki, birinci instansiya məhkəməsi işə düzgün prosessual hüquq normalarını tətbiq etməmiş, işə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verməli olduğu halda yanlış olaraq iddia ərizəsinə baxaraq yekun qərar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə görə konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. MPM-in Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu öz qərarlarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Əsas hüquq və azadlıqların həyata keçirilməsini əhəmiyyətli dərəcədə çətinləşdirən, hüququ istifadəyə yararsız hala gətirən və ya ümumiyyətlə aradan qaldıran məhdudiyyətlər hüququn mahiyyətinə xələl yetirir. Bu səbəbdən hüquqların müdafiəsinin təmin edilməsi və hüquq pozuntularının aradan qaldırılması ilə bağlı hüquqi qaydalar müəyyən edilərkən ədalət və qanunun aliliyi kimi konstitusiya prinsipləri əsas götürülməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Məhkəmə tərkibi diqqətə çatdırır ki, hüquq və azadlıqların müdafiəsinin ən mühüm elementi olan məhkəmə qarşısında iddiaçı və ya cavabdeh qismində iddia qaldırmaq və ya müdafiə olunmaq hüququnun realizəsi üçün, ilk növbədə, prosessual qaydalara dəqiq riayət olunması mütləqdir. Məhz bu məqsədlə MPM-lə qanunverici mülki məhkəmə icraatının ümumi qaydalarını, prinsip və şərtlərini təsbit etmiş, işdə iştirak edən şəxslərin, o cümlədən tərəflərin dairəsini və onlara qarşı irəli sürülmüş tələbləri, həmçinin hüquq və vəzifələrini müəyyən etmişdir. Mülki prosessual hüquq qabiliyyətini müəyyən edən MPM-in 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. Məcəllənin 49.1-ci maddəsinə görə isə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Qeyd edilməlidir ki, işdə iştirak mülki prosessual fəaliyyət qabiliyyətinin olması ilə şərtləndirilir. Beləcə, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. MM-in 33-cü maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Beləliklə, Cavabdeh mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığından və hazırkı iddia isə fəaliyyət qabiliyyəti olmayan şəxs olaraq ona qarşı qanuni nümayəndəsi cəlb edilmədən qaldırıldığından, tələbə məhkəmədə baxılması mümkün olmadığından iş üzrə icraata xitam verilməlidir. MPM-in 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bu baxımdan, MPM-in 72.1-ci maddəsinin tələbinə görə fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Göründüyü kimi, Neftçala Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(053)- 134/2014 saylı qətnaməsinə əsasən Cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, Neftçala Rayon İcra Hakimiyyəti başçısının 22 iyul 2014-cü il tarixli 100 saylı sərəncamına əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş Neftçala rayonu Qaraqaşlı kənd sakini Cavabdeh bacısı oğlu X4 qəyyum təyin edilmişdir. Ancaq birinci instansiya məhkəməsində işə şəxsin qanuni nümayəndəsi X3 iştirakı təmin olunmadan baxılmışdır. Halbuki, MPM-in 1.3-cü maddəsinin tələbinə görə mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozan, eləcə də sübutlara əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz. Habelə həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmçinin MPM-in 165-ci maddəsinə görə hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Beləliklə, işdən müəyyən edilir ki, "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mülki prosessual qanunvericiliyin tələbləri baxımından həmin vaxt Cavabdeh tərəf statusu əldə edə bilməzdi. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun qənaətə gələrkən bu halı qeyd edilən halları nəzərə almamış, iş üzrə icraata həmin hissədə xitam verməli olduğu halda, işə mahiyyəti üzrə baxaraq yekun məhkəmə aktı - qətnamə qəbul etmiş və bununla da, prosessual qanunvericiliyin imperativ tələblərinə əməl etməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 261, 372, 384, 391 və 405-ci maddələrini rəhbər tutub QƏRARVERDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli 2(053)-561/2025 saylı qətnaməsi ləğv edilsin. "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardadan həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1560/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1560/2025
16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver