Məhkəmə qərarları › İş №2(106)-1562/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1562/2024

09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1562/2024 09.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Beyləqan Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(020)-740/2021 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin 2(020)-740/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10986,28 ABŞ dolları məbləğində kredit borcu, 4118,1 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 15084,38 ABŞ dolları (Azərbaycan manatı ekvivalentində) kredit borcunun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı QSC-yə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1943/2023 saylı, 01 dekabr 2023-cü il tarixli qərardadı ilə Beyləqan Rayon Məhkəməsinin 2(020)-740/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət ötürülməklə verilmiş, birinci instansiya məhkəməsinə buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilməmişdir. Həmin qərardaddan narazı qalan Cavabdeh1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 2(102)-489/2024 saylı qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2023cü il tarixli, 2(106)-1943/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra mülki iş materialları əvvəlcə Şirvan Apellyasiya Məhkəməsinə, daha sonra isə Beyləqan Rayon Məhkəməsinə qaytarılmışdır. Beyləqan Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(020)-740/2021 saylı qərardadı ilə (sədrlik edən hakim Ramiz Nurullayev) Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)-740/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti özünə geri qaytarılmışdır. Beyləqan Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(020)-740/2021 saylı qərardadından narazı qalan Cavabdeh1 şikayət vermiş, şikayətində həmin qərardadın ləğv edilməsini, Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)-740/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilərək baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərardad qəbul edərkən prosessual hüquq normalarını düzgün tətbiq etmədən, əsassız və qanunsuz qərardad qəbul etmişdir. Məhkəmə qərardadla prosessual hüquq normalarını pozmuşdur. Qərardadda göstərilir ki, “29 sentyabr 2023-cü il tarixdə Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə qətnaməni rəsmi qaydada almadığını, bu səbəbdən qətnamənin surətinin ona verilməsini xahiş etmişdir. Həmin gün qətnamənin surətini almışdır. Lakin iş materiallarından görünür ki, Cavabdeh1 məhkəmə baxışı iclasında iştirak etmiş və iddia tələbini qəbul etmişdir. İş materiallarından göründüyü kimi, qətnamə iş üzrə tərəflərə göndərilmişdir. Lakin qətnamənin surətinin göndərilməsinə dair məktubun geri qaytarılması müəyyən edilməmişdir. Məhkəmə qətnaməsinin qəbulundan uzun müddət keçməsinə və cavabdehin məhkəmə qətnaməsindən məlumatı olmasına baxmayaraq o, vaxtında apellyasiya şikayəti verməmiş, həmçinin apellyasiya şikayəti üzrə buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etməmişdir”. Məhkəmənin mövqeyi kökündən səhvdir. Belə ki, məhkəmə qərardad qəbul edərkən MPMin 360-cı maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, normanın tələblərinə görə qətnamə rəsmi qaydada tərəfə verildikdən 1 ay müddətində apellyasiya şikayəti verilə bilər. MPM-in 360-cı maddəsi imperativ normadır. İş materiallarından görünür ki, o, mübahisələndirilən qətnaməni rəsmi qaydada almamışdır. Əgər qətnaməni alsaydı, yenidən qətnamə almaq üçün Beyləqan Rayon Məhkəməsinə ərizə ilə müraciət etməzdi. Digər tərəfdən əgər qətnaməni alsaydı, təbii ki, Beyləqan Rayon Məhkəməsi qətnaməni yenidən ona verməzdi. Qətnamənin yenidən alınması proseduru da fərqlidir. Yəni qətnamə yenidən verilərkən tərəf dövlət rüsümu ödəməlidir. Ona dövlət rüsumu ödəmədən qətnamə təqdim edilmişdir. Məhkəmə həm də MPM-in 130-cu maddəsini düzgün təfsir etməmişdir. Belə ki, buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmənin hüquqi əsasları olmalıdır. Əgər o, qətnaməni rəsmi qaydada aldıqdan sonra şikayət vermək üçün qanunla müəyyən edilmiş bir aylıq müddəti itirsəydi, onda təbii ki, müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərdi. Təəccüblü olan hal odur ki, məhkəmə “qətnaməni rəsmi təqdim etmək” ifadəsi ilə “məhkəmə prosesindən məlumatlı olmaq” ifadələrini səhv salır. Digər tərəfdən o, ümumiyyətlə Beyləqan Rayon Məhkəməsində iştirak etməmiş və iddianı, təbii ki, etiraf etməmişdir. Onun məhkəmədə iştirak edib-etməməsini təsdiq etmək üçün məhkəmə-xətşünaslıq ekspertizası keçirilə bilər. Məhkəmə qərardadda onun qətnaməni almadığını qeyd edir. Sonra isə apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti buraxdığını bildirir. Başa düşülmür ki, o, qətnaməni almadığı halda həmin qətnamədən necə şikayət verə bilər? Beləliklə, iş materiallarında onun qətnaməni almasını təsdiq edən müvafiq sənəd yoxdursa, deməli, məhkəmənin qərardadda göstərdikləri tam qanunsuzdur. Şirvan Apellyasiya Məhkəməsinin qərardadında qətnamənin ona çatıb-çatmamasının müəyyənləşdirilməsi barədə göstəriş verilmişdir. Ona görə də qərardad ləğv edilməli və verilmiş apellyasiya şikayəti icraata qəbul edilərək mahiyyəti üzrə baxılmalıdır. Beyləqan Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2(020)-740/2021 saylı qərardadı ilə (sədrlik edən hakim Xatın Cabbarlı) Beyləqan Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(020)-740/2021 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(020)-740/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası verilmiş şikayətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2023-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Lakin apellyasiya məhkəməsinin həmin qərardadından Cavabdeh1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra mülki iş materialları əvvəlcə Şirvan Apellyasiya Məhkəməsinə, daha sonra isə Beyləqan Rayon Məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2023-cü il tarixli qərardadı əsasında Beyləqan Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qərardadı qəbul edilmiş və apellyasiya şikayəti Cavabdeh1 geri qaytarılmışdır. Sonuncudan Cavabdeh1 tərəfindən şikayət verilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi haqlı olaraq həmin şikayəti təmin etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin “apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair” qərardadı əsasında apellyasiya şikayətini geri qaytardıqda, həmin apellyasiya şikayətini tərəflərdən birinin şikayəti əsasında yenidən mümkün hesab edərək apellyasiya instansiyası məhkəməsinə göndərmək səlahiyyəti yoxdur. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qərardadı prosessual hüquq normalarına uyğun olaraq qəbul edildiyindən, həmin qərardaddan Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, hazırda mübahisələndirilən qərardad Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2023-cü il tarixli qərardadı əsasında qəbul olunmuş, apellyasiya məhkəməsinin qərardadı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən yoxlanılmış və 17 yanvar 2024-cü il tarixli qərardad ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, məhkəmə kollegiyası bildirir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2023cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilərkən bunun əsasları həmin qərardadda göstərilmiş, qeyd olunmuşdur ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət ötürülməklə verilmiş, birinci instansiya məhkəməsinə buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilməmişdir. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən 12 iyul 2024-cü il tarixli qərardad qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmişdir, bu səbəbdən də məhkəmənin 2(020)-740/2021 saylı, 12 iyul 2024-cü il tarixli qərardadı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(020)-740/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(020)-740/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar