Məhkəmə qərarları › İş №2(106)-157/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-157/2023

01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-157/2023 01.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Vəkil1, cavabdeh və eyni zamanda digər cavabdehin nümayəndəsi Cavabdeh2, hər iki cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(050)-1744/2022 saylı qətnaməsindən (hakim H.Bəhmənov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Canahgir oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, 35000 ABŞ dolları, 8000 manat və 293 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 Canahgir oğlu və Cavabdeh2 Canahgir oğlu onun qayınlarıdır. O, cavabdehlərin qardaşı X10 ilə el adəti qaydasında toy etdirməklə ailə qurmuş, nikahlarını 19 iyun 2015-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 03 may 2014-cü ildə X11 və 26 yanvar 2016-cı ildə X13 adlı uşaqları olmuşdur. X10 02 yanvar 2021-ci ildə vəfat etmişdir. Əri Vurğun vəfat etdikdən təxminən 4 ay sonra qaynatası X14 da vəfat etmişdir. Əri Vurğun və qaynatası Cahangir Rusiya Federasiyasında işləyərək pul qazanmışlar. Ərinin ölümündən sonra ondan miras olaraq 35000 ABŞ dolları və 8000 manat pul qalmışdır. Qaynatası Cahangir həmin pula Xırdalan şəhərində ona və qızlarına üç ədəd bir otaqlı ev almağı nəzərdə tutmuşdur. Həmin evləri almaqda məqsəd evlərin kirayə pulu ilə uşaqlarını böyütməkdə çətinlik çəkməməsi və uşaqlar böyüdükdən sonra, hər birinə bir ev və bir ev də onun özü üçün gələcəkdə yaşaması üçün olmuşdur. Ərinin ölümündən 4 ay sonra qaynatası vəfat etdiyindən, qayınları olan cavabdehlər atalarının bu arzusunu yerinə yetirəcəklərini bildirmişlər. Bu səbəbdən onlara güvənərək miras qalmış həmin 35000 ABŞ dolları və 8000 manat pulu onlara vermişdir ki, Xırdalan şəhərində ona və qızlarına üç ədəd bir otaqlı ev alsınlar. Bu hadisə qaynatasının evində olmuş, həmin zaman qaynatasının qardaşı X12 da orada olmuş və bütün olanların şahidi olmuşdur. Lakin bunlara baxmayaraq qayınları olan cavabdehlər onu aldadaraq pulunu mənimsəmiş və onlara üç ədəd ev alınmamışıdır. Əksinə olaraq həmin pula özlərinə ev almışlar. Onlardan ona və qızları üçün ev alıbalmadıqlarını soruşduqda, ona Xırdalan şəhərində bir ədəd iki otaqlı ev aldıqlarını bildirmişlər. Cavabdehlərdən ona və qızlarına alınmış iki otaqlı evin sənədlərini tələb etsə də, onlar həmin sənədləri ona verməmişlər. Burdan da belə qənaətə gəlmişdir ki, qayınları onu aldatmışlar və 35000 ABŞ dolları və 8000 manat pulu özləri üçün xərcləmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, mərhum əri Vurğun Rusiyada ticarətlə, qadın və kişi geyimlərinin alğı-satqısı ilə məşğul olmuşdur. O və uşaqları qayınatası ilə birlikdə Masallı rayonu Yeddioymaq kəndində yaşamışdır. Əri hər ay ailənin dolanışığı üçün pul göndərmişdir. Vurğun ildə bir dəfə evə gəlmiş, lakin onun məlumatı olmamışdır ki, Vurğun atasına özü üçün saxlamağa pul vermişdir. Yalnız sonuncu dəfə Vurğun gələndən bir neçə gün sonra stolun üzərinə 10000 ABŞ dolları pul qoymuş, həmin pulu götürməsi barədə atasına məlumat verməsini bildirmişdir. O, pulu saymamış, qayınatasına demiş və qayınatası pulu götürmüşdür. Əri Rusiyada qətlə yetirilmiş, ona görə də onun nə qədər pulu olmasını, eyni zamanda qayıntasının ərinə məxsus nə qədər pul saxlamasını bilməmişdir. Çünki əri öləndən sonra ailə başçısı o, idi və adətə görə bu barədə söhbət açmağa ixtiyarı yox idi. Qayınatası vəfat etdikdən sonra qaynı Nahid tərəfindən evdə qayınatasının pul qeydlərinin olduğu dəftər aşkar olunmuşdur. Həmin dəftərdə olan qeydlərə görə əri Vurğunun 35000 ABŞ dolları və 8000 manat pulu olmuşdur. Dəftərdə olan qeyddən ailə üzvlərinin, o cümlədən cavabdehlər Cahid və Nahidin də məlumatı olmuşdur. Onlar pulun yerini bilmədiklərinə görə qayınatasının yeddi mərasimi başa çatdıqdan sonra evi axtarmağa başlamışlar. Pul Nahid tərəfindən qayınatasının yataq döşəyindən tapılmışdır. Pul tapılanda anası Kəmalə orada olmuş, özü isə atası evində olmuşdur. Bundan sonra pulu ona vermişlər ki, saxlasın və Bakı şəhərində üç ədəd bir otaqlı ev alarlar ki, kirayəyə verib dolansın. Bu məqsədlə razılaşmışlar ki, Cahid, Nahid və anası Kəmalə Bakı şəhərində getsinlər. Təqribən 1 ay sonra Cahid, anası Kəmalə və özü birlikdə Bakı şəhərinə getmişlər. Nahid də Bakıda olduğuna görə onlar Xırdalanda yerləşən “AAF Park” yaşayış kompleksinə görüşmüşlər. Orada üç müxtəlif sənədə imza etmiş, daha sonra sənədlərin bəzilərində dəyişilik edilmiş, onlara da imza etmişdir. Bütün sənədləşmə işlərinə Nahid nəzarət etmişdir. İmzaladığı sənədlərin 3 ədəd 1 otaqlı evlərin müqavilələri olması ona bildirilmişdir. Həmin sənədləri də ona vermişlər və onlar geri qayıtmışlar. Üzərindən bir müddət sonra ondan sənədləri Nahid almış və bundan 3 ay sonra ona məlum olmuşdur ki, Nahidlə Cahid onu aldatmışlar. Ərindən qalan pula əslində onun adına 1 ədəd mənzil alınmışdır. Həmin mənzilin də sənədləri hal-hazırda Cahiddədir və ev mübahisəsinə görə də Cahid mənzilin sənədlərini ona vermir. Qayınatası xəstə olarkən qaynı Cahid onlara gəlmiş və sandığı sındıraraq oradan 8000 manat məbləği götürmüşdür. Hesab edir ki, 35000 ABŞ dolları və 8000 manat pul ərinə məxsus olmuşdur və onun vərəsəsi kimi pul ona çatmalıdır. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi Nümayəndə İddiaçı ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçının vəkili Vəkil1 iddianın sübuta yetdiyini və əsaslı olduğunu bildirərək, təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh eyni zamanda digər cavabdehin nümayəndəsi Cavabdeh2 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, qardaşları Nahid və Vurğun uzun müddət Rusiyada yaşamışlar. Nahidin maddi vəziyyəti yaxşı, Vurğunun isə zəif olmuşdur. Nahidin Bakı şəhərində və Masallı şəhərində bir neçə evləri vardır və həmin evləri kirayə vermişdir. Kirayə pullarını mərhum atası Cahangir yığıb Nahid üçün saxlamışdır. Vurğunun heç vaxt artıq pulu olmamış, başqa şəxslərə borcları olmuş, yalnız ailəsinin gündəlik təlabatları üçün pul göndərmişdir. Vurğunun vəfatından sonra Çinarə ata evində qalmışdır. 2021-ci ilin ortalarında atası infark keçirmiş, vəziyyəti ağır olmuş və 23 may 2021-ci ildə vəfat etmişdir. Atası qəflətən bu hala düşdüyünə və danışa bilmədiyinə görə pul saxlaması barədə söz demək imkanında olmamışdır. Atasının vəziyyətinə görə qardaşı Nahid də Rusyadan gəlmişdir. Dəfndən sonra Nahid bildirmişdir ki, atasında onun 35000 ABŞ dolları pulu olmalıdır. Atası sağlığında pulun yerini ona desə də, həmin yerdə pulu tapa bilməmişdir. Bu barədə Nahiddə əslində dəftər olmamış, hesab etmişlər ki, pulu Çinarəgil götürüb, ona görə pulu geri qaytarmaq üçün belə bir vasitəyə əl atmışlar. Atasının yeddi mərasimindən sonra qardaşı Nahid pulu atasının yataq döşəyindən tapmışdır. Bu barədə ona da məlumat vermişlər. Bundan sonra pul Nahiddə olmuşdur. Həmin pul Vurğuna məxsus olmamışdır. Qardaşı Nahid ona da pul göndərmiş və həmin pulları "xxxx" ASC və "xxxx" ASC-də dollara dəyişmişdir. Özü həyat yoldaşından ayrılmışdır. Ona görə də təsərrüfatında olan heyvanları satmış və əldə etdiyi pulla qardaşı Vurğunun uşaqlarına görə onlara Bakı şəhərində, Xırdalanda, “AAF PARK” yaşayış kompeksində mənzil almışdır. O və qardaşı Nahid Çinarə ilə heç vaxt razılaşmamışlar ki, Çinarə üçün mənzil alsınlar. O və Nahid Çinarə üçün ev almaq üçün Bakı şəhərində getmişlər və mənzilin pulunu özü vermişdir. Göstərilənlərə əsasən hesab edir ki, iddia əsassızdır və rədd olunmalıdır. Birinci instansiya məhkəməsində cavabdehlərin vəkili Vəkil2 iddiaçı tərəfin tələbinin sübuta yetməməsini, ona görə də iddianın rədd olunmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(050)-1744/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə iddia sübuta yetmədiyindən təmin olunmamalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsi, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma apanlaraq iddia tələbimin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin və iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatın yuxarıda şərh məzmunları ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, sözügedən qətnamə ilə razı deyil, çünki həmin qətnamə hüquqlarını kobud şəkildə pozur. Eləcədə sübutların düzgün tətbiq olunmaması (düzgün qiymətləndirilməməsi) ilə qəbul edilmişdir, sözügedən qətnamə onun və övladlarının hüquqlarını kobud şəkildə pozur. Eləcədə iş üzrə dindirilmiş cavabdeh özüdə dolayısı olaraq onun dediklərini az çox etiraf etmişdir. Şahidlərdə dediklərini tam şəkildə təsdiq etmişdilər. Həmçinin bank köçürmələrindən olan çıxarışlar və əri ilə qaynatası arasında olan söz-söhbəti özündə əks etdirən səs yazıları olan CD disklər iddianı tam olaraq sübut edir. Bank köçürmələrinə dair qəbzi və səs yazısı olan CD diski Masallı Rayon Məhkəməsində təqdim edə bilməmişdi. Çünki həm işə tez baxıldı, həm məhkəmə həmin sənədlərin əldə olunması üçün sorğu vermədi, halbuki vəkili həmin sorğunun verilməsi üçün məhkəmə iclasında şifahi vəsatət vermişdi. Həmin bank qəbzlərinin hal-hazırda bir qismini əldə etmişdir. Onları tam əldə edə bilmir. Bunuu üçün müvafiq sorğu verilməlidir. Çünki həmin qəbzlər cavabdehlərdədir, onlar isə həmin qəbzləri ona vermirlər. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahatlar verərək təmin olunmasını xahiş etdilər. Məhkəmədə iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu, birinci instansiya məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini bildirib təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə cavabdeh eyni zamanda digər cavabdehin nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmunda izahat verərək təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmədə hər iki cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mövqeyini belə əsaslandırdı ki, iddiaçının qaynatası, cavabdehlərin isə atası öləndən və yeddi mərasimi veriləndən sonra yatağının altından 35000 ABŞ dolları məbləğində pul tapılmışdır. Həmin pulların rəhmətlikdə mövcud olmasından xəbərdar insan isə yalnız cavabdeh Nahid olmuş və yeddi mərasimindən sonra evdə pul olduğunu bildirərək axtarışına başlanmasının təşəbbüskarı da məhz Nahid olmuşdur. Əslində Nahid atasında ona məxsus pulların olduğunu bildiyindən və ölmündən sonra iddiaçı Çinarə tərəfindən götürüldüyünü güman etdiyindən, atasının yeddisini verəndən sonra pulları geri qaytarmaq məqsədilə yalan uyduraraq demişdir ki, atasının onda qeydiyyat dəftəri var və orada atası ona məxsus 35000 ABŞ dolları məbləğində pulun olduğunu qeyd etmişdir. Reallıqda isə bələ bir dəftər olmamışdır. Pulu Nahid gəlinləri Çinarənin anası Kəmalə xanımla birlikdə axtarmağa başlamışlar və pul Nahid tərəfindən mərhumun yataq döşəyindən tapılmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, 35000 ABŞ dolları və 8000 manat pulu qayınlarına vermişdir ki, Xırdalan şəhərində ona və qızlarına üç ədəd bir otaqlı ev alsınlar. Pulu iddiaçı Çinarə necə qayınlarına verə bilərdi ki, pul tapılanda heç orada olmamış və tapılan kimi də Nahid tərəfindən götürülmüşdür. Həmin zaman pulun Nahid tərəfindən götürülməsi də etirazla qarşılanmamışdır. Ümumiyyətlə tapılan pulla Çinarəyə Xırdalan şəhərindən alınan evin heç bir əlaqəsi yoxdur. Belə ki, cavabdehlərin atası öləndən sonra tərəflərin aralarında belə razılaşma olmuşdur ki, Çinarəyə Xırdalan şəhərindən ev alınsın, əvəzində Çinarə atalarından miras qalan evə vərəsəlikdən imtina etsin. Lakin Çinarə ev alınandan sonra bu razılaşmadan imtina etmiş və övladlarının qanuni nümayəndəsi kimi məhkəmədə iddia qaldıraraq, qaynatasından miras qalmış Masallı rayonu Yeddioymaq kəndindəki fərdi yaşayış evi və torpaq sahəsi üzərində uşaqların qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsini xahiş etmişdir. Hətta həmin iddia ərizəsində hazırki mübahisənin predmeti olan və mərhum ərinə məxsus olduğunu bildirib tələb etdiyi 35000 ABŞ dolları və 8000 manat pulu qaynatasından miras qalmış əmlak kütləsinə daxil edərək, üzərində övladlarının qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsini də xahiş etmişdir. Göründüyü kimi iddiaçı hazırki mübahisənin predmetini təşkil edən pul vəsaitləri ilə bağlı ayrı-ayrı işlərdə fərqli mövqelərdən çıxış edir, iddianı sübuta yetirə bilmir. Bunlardan başqa iddiaçı bildirir ki, guya həmin pullar mərhum əri tərəfindən qaynatasına göndərilən pullar olmuşdur ki, qaynatası onları toplamışdır. Lakin birinci instansiya məhkəməsində səsləndirdikləri kimi bir daha qeyd edirlər ki, iddiaçının mərhum ərinin Rusiyada işləyərkən belə bir imkanı olmamışqdır. Bunun təsdiqi olaraq Rusiyada bankdan 04 mart 2020-ci ildə götürdüyü krediti uzun müddət ərzində ödəyə bilmədiyinə görə adına göndərilən bildirişin surətini məhkəməyə təqdim etmişlər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddiasının tam edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası təfərlərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, cavbabdehlərin əmisidir. Qardaşı Cahangir xəstəxanaya aparılarkən evi Cahid axtarmış və 2500 ABŞ dolları pul tapmışdır. Həmin pulla onu xəstəxanaya aparmışlar. Həmin pul da Nahidin evinin kirayə pulları olmuşdur. Qardaşı Cahangir vəfat etdikdən sonra məlum olmuşdur ki, onun pul qeydləri olan dəftər tapılmış və orada Nahid və Vurğuna məxsus pul haqq-hesabının qeydləri vardır. Eşitdiyinə görə həmin qeydlərdə 2500 ABŞ dollar Nahidin, 35000 ABŞ dolları isə Vurğunun puludur, lakin Nahid dəftəri ona göstərmiş, dəftərdə 35000 ABŞ dollarının kimə aid olması yazılmamışdır. Lakin onlar pulu axtarsalar da tapa bilməmişlər. Qardaşının yeddi mərasimindən sonra Nahid ona bildirmişdir ki, pulu tapmışdır. O, əvvəllər bilməmişdir ki, Cahangirin pulu var, həmişə demişdir ki, pulu yoxdur. Pul tapılandan sonra birlikdə söhbət etmişlər, onlara məsləhət vermişdir ki, Cahangirin Bakı şəhərində evi vardır, evin kirayə pulunu Çinarəyə versinlər ki, dolana bilsin. Həmçinin söhbət olmuşdur ki, 35000 ABŞ dollarına Çinarə və uşaqlar üçün bir ev alsınlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, mərhum Vurğunla yaxın münasibətləri olmuşdur. Vurğunla bir yerdə Rusiyada işləmişlər. Vurğun ona Rusiyada 4000 rusiya rublu borc vermişdir. Vurğunun maddi vəziyyətinin pis olması yalandır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, mərhum Cahangir Əliyevin nikahdan kənar arvadı olmuşdur. Cavabdehlər Nihad Əliyev və Cavabdeh2 Cahangirin birinci arvadından olan övladlarıdır. Mərhum əri ilə birlikdə yaşadıqları müddətdə onun pulunun, yaxud Nahidin və ya mərhum Vurğunun pulunu saxlmasından məlumatı olmamışdır. Cahangir xəstə olanda Cahid onu həkimə aparmalı idi. Evi axtarmış və pul qabı tapmışdır. Orada nə qədər pul olmasını bilmir, lakin həmin pulla Cahangiri həkimə aparmışlar. Onun ölümündən sonra Nahid deyirdi ki, evdə pul olmalıdır, lakin atapa bilmirdilər. Sonradan Kəmalə ilə Nahid həmin pulu ərinin yataq döşəyindən tapmışdı. Həmin yataqda yalnız əri yatmışdır. Eşitmişdir ki, məbləğ 35000 ABŞ dollarıdır. Çinarə ona demişdir ki, pul ondadır. Həmin pulun kimə məzsus olmasını dəqiq bilmir, hesab edir ki, Vurğunun olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, Çinarənin dayısıdır. 20 ilə yaxın müddətdə Rusiyada yaşamış, Nahidlə birlikdə işləmişdir. Nahid həmişə atasına pul göndərirdi. İş materiallarında olan Cavabdeh1lə İddiaçı və ailə üzvləri arasında olan olan telefon danışığı dialoqunda, iddiaçı tərəf 35000 ABŞ dolları pulun Vurğuna aid olması barədə deyil, Çinarənin evdə yaşamasına görə ona çatmasını, Nahid Əlieyev isə pulun atası Cahangirə məxsus olmasını bildirmişdir. İş materiallarında olan Masallı RİHBA-nın Yeddioymaq kənd İƏDÜN-nin 25 aprel 2022-ci il tarixli arayışından görünür ki, 14-ci Yeddioymaq kənd sakini olmuş mərhum X9 vərəsələri Cavabdeh1, Cavabdeh2 və X5r. İş materiallarında olan nikah akt qeydi barədə arayışdan və nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə İddiaçı nikahlarını 19 iyun 2015-ci ildə 416 nömrəli qeydlə Masallı rayon qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. İş materiallarına əlavə edilmiş Rusiya Federasiyası Arxangelsk vilayəti VVAQ Agentliyinin Arxangelsk ərazi şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 02 yanvar 2021-ci ildə ölmüşdür. İş materiallarında olan ölüm akt qeydi barədə arayışdan və ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 24 may 2021-ci ildə ölmüşdür. İş materiallarında olan 09 oktyabr 2017-ci il tarixli B/0155 nömrəli mənzilin alqı satqısı müqaviləsindən görünür ki, X14 "xxxx" MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivin 12 saylı küçəsində inşa edilən (inşa edilmiş) 1 otaqlı 8-nömrəli mənzil almışdır. İş materiallarında olan"xxxx" ASC Masallı filialının və "xxxx" ASC Masallı filialının valyuta mübadiləsi barədə çıxarışlarından görünür ki, Cavabdeh2 02 oktyabr 2020-ci il tarixdə 6400 ABŞ dolları, 14 oktyabr 2020-ci il tarixdə 1000 ABŞ dolları, 09 fevral 2021-ci il tarixdə 2800 ABŞ dolları, 15 aprel 2021-ci il tarixdə 3000 ABŞ dolları və 04 may 2021-ci il tarixdə 1500 ABŞ dolları olan xarici valyuta satılmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-nin seriya MH №0019458 saylı 08 yanvar 2008-ci il tarixli çıxarışından və Texniki Pasportun surətlərindən görünür ki, Sumqayıt şəhəri, 34-cü məhəllədə istifadədə olan 0.0748 ha torpaq sahəsində yerləşən 55/12 nömrəli, 5 mərtəbəli binada 28.68 kv.m ümumi sahəsi olan 1 otaqlı 18 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 15 iyun 2021-ci il tarixli M-6987 nömrəli mənzilin alqı satqısı müqaviləsindən görünür ki, İddiaçı "xxxx" MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) 36.3 kv.m olan 1 otaqlı 62-nömrəli mənzilim 18000 manata almışdır. Mülki işin apellyasiya baxışı zamanı təqdim edilmiş İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı üçüncü şəxs qismində "xxxx" MMC cəlb edilməklə Masallı Rayon Məhkəməsinə 22 sentyabr 2022-ci ildə (hazırki mübahisələndirilən qətnamə qəbul ediləndən sonra) verdiyi “mirasın qəbul edilməsi və mirasdan payın ayrılıb verilməsi” tələbinə dair iddia ərizəsindən görünür ki, iddiaçı qaynatasından miras qalmış Masallı rayonu Yeddioymaq kəndindəki fərdi yaşayış evi və torpaq sahəsi ilə yanaşı, hazırki mübahisənin predmeti olan və mərhum ərinə məxsus olduğunu bildirib tələb etdiyi 35000 ABŞ dolları və 8000 manat pulu qaynatasından miras qalmış əmlak kütləsinə daxil edərək, üzərində övladlarının qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçı ərinin ölümündən sonra ondan miras qalmış 35000 ABŞ dolları və 8000 manat pulu özünə və övladlarına Xırdalan şəhərində 3 ədəd bir otaqlı mənzillər alınması məqsədilə cavabdeh qismində cəlb et diyi qayınlarına verdiyini, lakin cavabdehlərin onu aldadaraq 3 ədəd mənzil almadıqlarını bildirərək, həmin pulların tələbini irəli sürmüşdür. Mövqeyini belə əsaslandırmışdır ki, əri Rusiyada işləyərək pul qazanıb saxlamaq üçün qaynatasına göndərirdi. Qayınatası vəfat etdikdən sonra qaynı Nahid tərəfindən evdə qayınatasının pul qeydlərinin olduğu dəftər aşkar olunmuşdur. Həmin dəftərdə olan qeydlərə görə əri Vurğunun 35000 ABŞ dolları və 8000 manat pulu olmuşdur. Dəftərdə olan qeyddən ailə üzvlərinin, o cümlədən cavabdehlər Cahid və Nahidin də məlumatı olmuşdur. Onlar pulun yerini bilmədiklərinə görə qayınatasının yeddi mərasimi başa çatdıqdan sonra evi axtarmağa başlamışlar. Pul Nahid tərəfindən qayınatasının yataq döşəyindən tapılmışdır. Pul tapılanda anası Kəmalə orada olmuş, özü isə atası evində olmuşdur. Bundan sonra pulu ona vermişlər ki, saxlasın və Bakı şəhərində üç ədəd bir otaqlı ev alarlar ki, kirayəyə verib dolansın. Bu məqsədlə razılaşmışlar ki, Cahid, Nahid və anası Kəmalə Bakı şəhərində getsinlər. Təqribən 1 ay sonra Cahid, anası Kəmalə və özü birlikdə Bakı şəhərinə getmişlər. Nahid də Bakıda olduğuna görə onlar Xırdalanda yerləşən “AAF Park” yaşayış kompleksinə görüşmüşlər. Orada üç müxtəlif sənədə imza etmiş, daha sonra sənədlərin bəzilərində dəyişilik edilmiş, onlara da imza etmişdir. Bütün sənədləşmə işlərinə Nahid nəzarət etmişdir. İmzaladığı sənədlərin 3 ədəd 1 otaqlı evlərin müqavilələri olması ona bildirilmişdir. Həmin sənədləri də ona vermişlər və onlar geri qayıtmışlar. Üzərindən bir müddət sonra ondan sənədləri Nahid almış və bundan 3 ay sonra ona məlum olmuşdur ki, Nahidlə Cahid onu aldatmışlar. Ərindən qalan pula əslində onun adına 1 ədəd mənzil alınmışdır. Həmin mənzilin də sənədləri hal-hazırda Cahiddədir və ev mübahisəsinə görə də Cahid mənzilin sənədlərini ona vermir. Qayınatası xəstə olarkən qaynı Cahid onlara gəlmiş və sandığı sındıraraq oradan 8000 manat məbləği götürmüşdür. Hesab edir ki, 35000 ABŞ dolları və 8000 manat pul ərinə məxsus olmuşdur və onun vərəsəsi kimi pul ona çatmalıdır. Cavabdehlər isə iddianın əsassız olduğunu bildirib, rədd olunmasını xahiş edərək mövqelərini belə əsaslandırmışlar ki, atası öləndən və yeddi mərasimi veriləndən sonra yatağının altından 35000 ABŞ dolları məbləğində pul tapılmışdır. Həmin pulların rəhmətlikdə mövcud olmasından xəbərdar insan yalnız cavabdeh Nahid olmuş və yeddi mərasimindən sonra evdə pul olduğunu bildirərək axtarışına başlanmasının təşəbbüskarı da məhz Nahid olmuşdur. Əslində Nahid atasında ona məxsus pulların olduğunu bildiyindən və ölmündən sonra iddiaçı Çinarə tərəfindən götürüldüyünü güman etdiyindən, atasının yeddisini verəndən sonra pulları geri qaytarmaq məqsədilə yalan uyduraraq demişdir ki, atasının onda qeydiyyat dəftəri var və orada atası ona məxsus 35000 ABŞ dolları məbləğində pulun olduğunu qeyd etmişdir. Reallıqda isə bələ bir dəftər olmamışdır. Pulu Nahid gəlinləri Çinarənin anası Kəmalə xanımla birlikdə axtarmağa başlamışlar və pul Nahid tərəfindən mərhumun yataq döşəyindən tapılmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, 35000 ABŞ dolları və 8000 manat pulu qayınlarına vermişdir ki, Xırdalan şəhərində ona və qızlarına üç ədəd bir otaqlı ev alsınlar. Pulu iddiaçı Çinarə necə qayınlarına verə bilərdi ki, pul tapılanda heç orada olmamış və tapılan kimi də Nahid tərəfindən götürülmüşdür. Həmin zaman pulun Nahid tərəfindən götürülməsi də etirazla qarşılanmamışdır. Ümumiyyətlə tapılan pulla Çinarəyə Xırdalan şəhərindən alınan evin heç bir əlaqəsi yoxdur. Belə ki, cavabdehlərin atası öləndən sonra tərəflərin aralarında belə razılaşma olmuşdur ki, Çinarəyə Xırdalan şəhərindən ev alınsın, əvəzində Çinarə atalarından miras qalan evə vərəsəlikdən imtina etsin. Lakin Çinarə ev alınandan sonra bu razılaşmadan imtina etmiş və övladlarının qanuni nümayəndəsi kimi məhkəmədə iddia qaldıraraq, qaynatasından miras qalmış Masallı rayonu Yeddioymaq kəndindəki fərdi yaşayış evi və torpaq sahəsi üzərində uşaqların qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsini xahiş etmişdir. Hətta həmin iddia ərizəsində hazırki mübahisənin predmeti olan və mərhum ərinə məxsus olduğunu bildirib tələb etdiyi 35000 ABŞ dolları və 8000 manat pulu qaynatasından miras qalmış əmlak kütləsinə daxil edərək, üzərində övladlarının qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsini də xahiş etmişdir. Kollegiya qeyd edir ki, tərəflərin etiraflarından iddiaçının qaynatası, cavabdehlərin isə atası X9 ölümündən sonra yataq döşəyindən 35000 ABŞ dolları məbləğində pulun tapılması və tapılandan sonra cavabdeh Nahid tərəfindən götürülməsi işin mübahisəsiz halıdır. İddiaçı həmin pulların mərhum əri tərəfindən Rusiyada işlədiyi dövrdə qazanqdığı və toplayaraq saxlanmasından ötrü atasına göndərdiyi pullar olduğunu bildirsə də, bunu təsdiq edəcək hər hansı bir mötəbər sübutunu nə birinci instansiya məhkəməsinə, nədəki apellyasiya baxışı zamanı verə bilməmişdir. Sonradan isə məhkəmədə qaldırmış olduğu başqa bir iddia üzrə tələb etdiyi pulların mərhum qaynatasına məxsus olan miras aktivi kimi qeyd edərək, üzərində övladlarının qanun üzrə vərəsəlik hüquqlarının tanınmasını tələb etməklə, həmin pulların mərhum ərinə məxsus olması mövqeyini özü təkzib etmiş olmuşdur. İddiaçının birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalaranın pozulması və düzgün tətbiq edilməməsi, habelə qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması fikri yanlışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(050)-1744/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə müynasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar