Məhkəmə qərarları › İş №2(106)-1571/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1571/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1571/2023 18.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X2 ibarət tərkibdə, Zeynalov Faiq Şəkixan oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)-1023/2023 saylı, 24 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 6280,19 ABŞ dolları məbləğində kredit borcu, 2669,93 ABŞ dolları məbləğində faiz borcu və 4661,83 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 13611,95 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli, 03L000009166 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli, 003R**********S saylı və xx.xx.2016-cı il tarixli, 003R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 8719,81 ABŞ dolları ödəmiş, onun 6280,19 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 569 gün üçün hesablanmış faiz borcu 2669,93 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 569 gün üçün hesablanmış cərimə 4661,83 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Füzuli Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2(064)-168/2019 saylı qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borc tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı QSC 19 avqust 2022-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” ərizəsinin baxılmamış saxlanılmasına dair Füzuli Rayon Məhkəməsinin qərardadının ləğv edilib mülki işin mahiyyəti üzrə baxılması üçün təyin edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(064)-1657/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı pul tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qərardadı ləğv edilmiş, mülki işin icraatı təzələnmiş və işin baxılması 22 sentyabr 2022-ci il tarixə təyin edilmişdir. Füzuli Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(064)-1657/2022 saylı qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı QSC 01 may 2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” ərizəsinin baxılmamış saxlanılmasına dair Füzuli Rayon Məhkəməsinin qərardadının ləğv edilib mülki işin mahiyyəti üzrə baxılması üçün təyin edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(064)-1023/2023 saylı qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı pul tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin qərardadı ləğv edilmiş, mülki işin icraatı təzələnmiş və işin baxılması 24 iyun 2023-cü il tarixə təyin edilmişdir. Füzuli Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(064)-1023/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Yaşar Həşimov) iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 8284,17 manatın və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manatın tutulması, iddia tələbinin digər cavabdehlərə aid hissədə rədd olunması qət edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 saylı Fərmanı ilə əhatə olunan kreditdir və Cavabdeh1 borcundan restrukturizasiyaya yönəlmiş məbləğ 8284,17 manat təşkil edir. Zaminlərə dair hissədə iddia tələbinin rədd edilməsi Mülki Məcəllənin 477.0.1-ci maddəsinə və Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarına istinad edilməklə əsaslandırılmışdır. Qətnamədən narazı qalan İddiaçı QSC apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Füzuli Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(064)-1023/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 dair hissədə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İş materiallarına əlavə edilən kredit sənədlərindən göründüyü kimi iddiaçı ilə cavabdehlər arasında hüquq münasibətləri xx.xx.2018-ci il tarixindən əvvəl yaranmışdır. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi və həmin müqavilə üzrə bağlanmış kredit razılaşması xx.xx.2014-cü il tarixində imzalanmışdır. Zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə iddiaçı arasında zaminlik müqavilələri də eyni tarixdə, xx.xx.2013-cü ildə bağlanmışdır. Göründüyü kimi, hazırkı iş Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olmamış, həmçinin iddiaçı ilə cavabdehlər arasında münasibətlər Plenumun müvafiq Qərarların qüvvəyə minməsindən əvvəl yaranmışdır. Bu səbəbdən də, Füzuli Rayon Məhkəməsi Mülki Məcəllənin 477.0.1-ci maddəsini və Plenumun müvafiq qərarını tətbiq etməklə səhvə yol vermişdir. Həmçinin, Bank tərəfindən xx.xx.2018-ci il tarixdə iddia tələbi ilə Füzuli rayon Məhkəməsinə müraciət olunsa da, məhkəmə tərəfindən 5 il sonra xx.xx.2023-cü il tarixində qətnamə çıxarılıraq Konstitusiya Məhkəməsinin Plenum qərarlarının tətbiq olunması nə hüquqa, nə ağlabatan müddətdə işə baxılma müddətinə, nə də məhkəmə qərarlarının təsirliliyi prinsipinə sığmır və bu hal araşdırılmamışdır. xx.xx.2013-cü il tarixli, 03L000009166 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞ dolları məbləğində kredit götürmüşdür və eyni zamanda kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi çıxış edən zaminlik müqaviləsi eyni tarixdə bağlanmışdır. Belə olan halda zamin istər açılan kredit xətti, istərsə də verilən konkret kreditin məbləği və faizi barədə məlumatlı olmuşdur. Hazırkı işin faktiki hallarından görünür ki, bank tərəfindən borclu Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞ dolları məbləğində kredit verilməklə və bu kreditə faiz hesablanmaqla, həmin razılaşma ilə nəzərdə tutulan öhdəliyin konkret həcmi tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 03L000009166 saylı kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ (30000 ABŞ dolları) və müddət (120 ay) həddində olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. ... Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil ... Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır.” xx.xx.2016-cı il tarixli, 003R**********SA saylı sazişdəki faiz məbləği xx.xx.2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması üzrə faiz dərəcəsindən daha az olduğundan bu razılaşma zaminlərin məsuliyyətinin artmasına və ya onlar üçün digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Bütün bunlar o qənaətə gəlməyə əsas verir ki, işə baxan məhkəmə mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İş materiallarına əlavə edilmiş sübutlar birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmadığından və həmin sübutlara düzgün qiymət verilmədiyindən apellyasiya şikayətində qeyd olunmuş maddi hüquq normalarının pozuntusuna yol verilməklə nəticədə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və bununla da qətnamədə göstərilmiş nəticələr işin halları ilə uyğunsuzluq təşkil etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsini, Füzuli Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(064)-1023/2023 saylı qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 dair hissədə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 iddiaçının apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və Füzuli Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(064)-1023/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Bildirdi ki, kredit müqaviləsi üzrə borcun zaminlərdən tutulmasına etiraz edir və borcu hissə-hissə olmaqla ödəyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, Cavabdeh1 istisna olmaqla, digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini qismən – iddia tələbinin zaminlərə münasibətdə təmin edilməməsi hissəsində mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin zaminlərə münasibətdə təmin edilməməsi hissəsində yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdəki 03L000009166 saylı, 17 aprel 2013-cü il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Müqavilənin 1.3-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması ilə müəyyən edilir. İşdəki 17 aprel 2013-cü il tarixli, 03S000017746 saylı zaminlik müqaviləsi üzrə Cavabdeh3 Cavabdeh1 İddiaçı QSC qarşısındakı məbləği 30000 ABŞ dolları, müddəti 120 ay olan 17 aprel 2013-cü il tarixli, 03L000009166 saylı kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə öhdəliklərini tamamilə icra etməsi üçün tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşdəki 21 noyabr 2013-cü il tarixli, 03S000019685 saylı zaminlik müqaviləsi üzrə Cavabdeh2 Cavabdeh1 İddiaçı QSC qarşısındakı məbləği 30000 ABŞ dolları, müddəti 120 ay olan 17 aprel 2013-cü il tarixli, 03L000009166 saylı kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə öhdəliklərini tamamilə icra etməsi üçün tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşdəki 16 yanvar 2015-ci il tarixli, 003S**********01 saylı zaminlik müqaviləsi üzrə Cavabdeh4 Cavabdeh1 İddiaçı QSC qarşısındakı məbləği 30000 ABŞ dolları, müddəti 120 ay olan 17 aprel 2013-cü il tarixli, 03L000009166 saylı kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə öhdəliklərini tamamilə icra etməsi üçün tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşdəki 16 yanvar 2015-ci il tarixli, 003S**********01 saylı zaminlik müqaviləsi üzrə İbişov X4 Sehran Valeh oğlunun İddiaçı QSC qarşısındakı məbləği 30000 ABŞ dolları, müddəti 120 ay olan 17 aprel 2013-cü il tarixli, 03L000009166 saylı kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə öhdəliklərini tamamilə icra etməsi üçün tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşdəki 17 aprel 2013-cü il tarixli, 03L000009166 saylı kredit xətti müqaviləsi üzrə 16 yanvar 2015-ci il tarixli, 003R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC Cavabdeh1 aylıq faiz dərəcəsi 2,1667% olmaqla, 18 ay müddətinə 15000 ABŞ dolları kredit verməyi, sonuncu isə kredit məbləğini və ona hesablanmış faizləri hər təqvim ayı bərabər hissələrlə 18 iyul 2016-cı il tarixədək ödəməyi, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0,5%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşması sadəcə Bankın nümayəndəsi və borc alan Cavabdeh1 tərəfindən imzalanmışdır. İşdəki xx.xx.2015-ci il tarixli ödəniş planından görünür ki, 003R********** saylı kredit razılaşması üzrə faiz dərəcəsi 2,1667 faiz müəyyən edilmiş və sonuncu ödəniş tarixi 18 iyul 2016-cı il olaraq nəzərdə tutulmuşdur. Ödəniş planı Bankın nümayəndəsi, borc alan Cavabdeh1, zaminlərdən isə yalnız Cavabdeh2 və Cavabdeh3 tərəfindən imzalanmışdır. İşdəki 15 yanvar 2016-cı il tarixli, 003R**********S saylı sazişdən görünür ki, bank ilə Cavabdeh1 arasında 17 aprel 2013-cü il tarixli, 03L000009166 saylı kredit xətti müqaviləsi üzrə 16 yanvar 2015-ci il tarixində bağlanmış 003R********** saylı kredit razılaşmasının ayrılmaz hissəsi olan 16 yanvar 2015-ci il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 15 yanvar 2016-cı il tarixli ödəniş planına uyğun olaraq (son ödəniş tarixi 16 sentyabr 2016-cı il) dəyişdirilir. Saziş sadəcə Bankın nümayəndəsi və kredit alan Cavabdeh1 tərəfindən imzalanmışdır. İşdəki xx.xx.2016-cı il tarixli ödəniş planından görünür ki, 003R********** saylı kredit razılaşması üzrə sonuncu ödəniş tarixi dəyişdirilərək 16 sentyabr 2016-cı il olaraq müəyyən edilmişdir. Ödəniş planı sadəcə olaraq Bankın nümayəndəsi və borc alan Cavabdeh1 tərəfindən imzalanmışdır. İşdəki 02 may 2016-cı il tarixli, 003R**********SA saylı sazişdən görünür ki, bank ilə Cavabdeh1 arasında 17 aprel 2013-cü il tarixli, 03L000009166 saylı kredit xətti müqaviləsi üzrə 16 yanvar 2015-ci il tarixində bağlanmış 003R********** saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 2 may 2016-cı il tarixdən aylıq 1,75 faiz dərəcəsi ilə faizlər hesablanır. Kredit alan bu sazişə əlavə olunan 2 may 2016-cı il tarixli ödəniş planına uyğun olaraq kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri banka ödəyir. Kredit alan ödəniş planı üzrə aylıq ödənişi 7 təqvim günündən artıq gecikdirdikdə hər gecikdirilən gün üçün Bank kreditin qalıq məbləğinə bu sazişdən əvvəl kredit razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə faizlər hesablaya və kredit alandan tələb edə bilər. Bank tərəfindən belə bir tələb olduqda kredit alan dərhal bu bənd üzrə hesablanmış faizləri də Banka ödəməlidir. Kredit alanın müraciətinə əsasən Bank hesablanmış faiz məbləğinə yenidən baxa bilər. Kredit alan ödəniş planı üzrə sonuncu aylıq ödənişi edə bilmədikdə restrukturizasiya üçün Banka müraciət edə bilər, Bank isə restrukturizasiya ilə bağlı tətbiq etdiyi qaydalar çərçivəsində müvafiq restrukturizasiyanı etməlidir. Kredit alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının 2 mislindən artıq olmadıqda Bank bu ödəniş planında qeyd olunmuş 894,86 USD məbləğdə ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürür. Saziş sadəcə Bankın nümayəndəsi və kredit alan Cavabdeh1 tərəfindən imzalanmışdır. İşdəki xx.xx.2016-cı il tarixli ödəniş planından görünür ki, 003R********** saylı kredit razılaşması üzrə sonuncu ödəniş tarixi dəyişdirilərək 16 mart 2018-ci il olaraq müəyyən edilmişdir. Ödəniş planı sadəcə olaraq Bankın nümayəndəsi və kredit alan Cavabdeh1 tərəfindən imzalanmışdır. İşdəki İddiaçı QSC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 16 yanvar 2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 10 may 2018-ci il tarixə 6280,19 ABŞ dolları məbləğində əsas kredit borcu, 2669,93 ABŞ dolları məbləğində faiz borcu və 4661,83 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi borcu 13611,95 ABŞ dolları təşkil edir. Problemli kreditlərin kompensasiyası üzrə internet portalından çıxarışdan görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə qalıq borcunun məbləği 8284,17 manat məbləğində müəyyən edilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hazırda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini yalnız zaminlərə münasibətdə iddia tələbinin təmin edilməməsi hissəsində mübahisələndirmiş, öz mövqeyini birinci instansiya məhkəməsinin Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeləri və Mülki Məcəllənin 477.0.1-ci maddəsini tətbiq etməklə səhvə yol verməsi, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən Qərarının tərəflər arasında münasibətlərin yaranmasından sonra qəbul edilməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən 31 may 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Sözügedən Qərarda həmçinin bildirilmişdir ki, zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. İş materiallarında olan 03L000009166 saylı, 17 aprel 2013-cü il tarixli kredit xətti müqaviləsindən görünür ki, həmin kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilməmişdir. Həmin kredit xətti müqaviləsi üzrə 16 yanvar 2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması bağlanmışdır. Kredit razılaşmasında və ona əlavə edilmiş ödəniş planında kreditin müddətinin 18 iyul 2016-cı il tarixədək olması və həmin müqavilə üzrə aylıq faiz dərəcəsinin 2,1667 faiz olması qeyd edilmişdir. Həmin kredit müqaviləsi və ödəniş planı ilə zaminlərdən Cavabdeh2 və Cavabdeh3 tanış olaraq öz razılıqlarını bildirmişlər. Lakin bu zaman zaminlərdən Cavabdeh4 və Cavabdeh5 ümumiyyətlə razılığı alınmamış, bu barədə nə kredit razılaşmasında, nə də ödəniş planında hər hansı qeyd aparılmamışdır. Məhkəmə kollegiyası bildirir ki, Cavabdeh4 və Cavabdeh5 ilə zaminlik müqavilələrinin kredit razılaşmasının bağlandığı gün bağlanması hələ onların kredit razılaşması üzrə faiz məbləği barəsində razılıqlarının alınmasını ehtiva etmir. Belə ki, zaminlik müqaviləsi kredit xətti müqaviləsi üzrə bağlanılmış, lakin kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilməmişdir. Belə olan halda bağlanılacaq hər bir ayrıca kredit razılaşmasında zaminlərin də faiz dərəcəsi ilə bağlı razılığının alınması zəruri idi. Bundan başqa, kredit razılaşmasına və ödəniş planına dəyişiklikləri nəzərdə tutan 15 yanvar 2016-cı il və 02 may 2016-cı il tarixli sazişlər bağlanılarkən zaminlərdən heç birinin razılığı alınmamışdır. Məhkəmə kollegiyası bildirir ki, 02 may 2016-cı il tarixli sazişlə kredit razılaşmasında nəzərdə tutulmuş aylıq faiz dərəcəsinin azaldılaraq 1,75 faiz nəzərdə tutulmasına baxmayaraq, həmin sazişlərlə kreditin qaytarılma müddəti kredit razılaşmasında nəzərdə tutulmuş müddətdən 1 il 8 aya yaxın müddətə uzadılmışdır. Belə ki, zaminlərdən Cavabdeh2 və Cavabdeh3 öz razılıqlarını bildirdikləri 16 yanvar 2015-ci il tarixli kredit razılaşmasında və ödəniş planında kreditin qaytarılması üçün sonuncu müddət 18 iyul 2016-cı il olaraq müəyyən edilsə də, sonradan həmin razılaşmaya və ödəniş planına dəyişikliklər edilməsi barədə sazişlərin bağlanması ilə kreditin qaytarılması üçün sonuncu müddət yekun olaraq 16 mart 2018-ci il olaraq göstərilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında da ifadə edilən hüquqi mövqeyə görə, kreditin qaytarılma müddətinin uzadılması zaminin məsuliyyətinin artmasına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olur. Belə ki, zaminlərdən Cavabdeh2 və Cavabdeh3 16 yanvar 2015-ci il tarixli kredit razılaşmasında və ödəniş planında kreditin qaytarılma müddətinin 18 iyul 2016-cı il olaraq müəyyən edilməsinə razılıqlarını bildirsələr də, bu müddətin uzadılması barədə sazişlər bağlanılarkən onları razılığı alınmamışdır. Baxmayaraq ki, sazişlər üzrə nəzərdə tutulan uzadılma müddətləri kredit xətti müqaviləsində nəzərdə tutulan ümumi müddət çərçivəsində olmuşdur, bununla belə, nəzərə alınmalıdır ki, zaminlərin faizlə bağlı öhdəliyi birbaşa olaraq kredit xətti müqaviləsi ilə əlaqədar deyil, ayrıca bağlanılmış kredit müqavilələri ilə birlikdə yaranır və həmin müqavilə üzrə kreditin qaytarılma müddətinin uzadılması əlavə olaraq aylıq faizlərin hesablanmasına gətirib çıxarır. Belə olan halda zaminlərin razılığı alınmadan kreditin qaytarılma müddətinin uzadılması onların məsuliyyətinin artmasına səbəb olmuşdur. Göründüyü kimi, zaminlər Cavabdeh4 və Cavabdeh5 kredit xətti müqaviləsində faiz dərəcəsinin göstərilməməsinə baxmayaraq, kredit razılaşmasında nəzərdə tutulan faiz dərəcəsi ilə bağlı razılıqları alınmadığından, zaminlər Cavabdeh2 və Cavabdeh3 isə kreditin qaytarılma müddətinin uzadılması barədə sazişlər imzalanarkən razılıqları alınmadığından, Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 zaminliyinə xitam verilmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi zaminlərə münasibətdə iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən Qərarının tərəflər arasında münasibətlər yarandıqdan sonra qəbul edilməsi ilə bağlı iddiaçının dəlilinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır: Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63.4, 66.1 və 66.2-ci maddələrinə görə, Konstitusiya Məhkəməsinin Qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir, qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, eləcə də Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 67.0.2-ci maddəsinə əsasən isə Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə qərarları dərc olunduğu gündən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 2019-cu il 24 aprel tarixli Qərarına dair” 12 may 2020-ci il tarixli Qərardadında qeyd etmişdir ki, qanunverici hüquqi müəyyənlik və məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması baxımından Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi məsələlərlə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə yenidən baxılması mexanizmini nəzərdə tutmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən hüquqi mövqeyinin təhlilindən müəyyən olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqelər həmin Qərar çıxarıldıqdan sonra baxılan bütün əlaqəli işlər üzrə mütləq nəzərə alınmalı, şərtsiz icra olunmalıdır. Hazırkı mübahisə üzrə tətbiq edilən Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 31 may 2018-ci il tarixində qəbul edilmiş, iddiaçı da 12 iyun 2018-ci il tarixində hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsi 2 dəfə baxılmamış saxlanılaraq, Füzuli Rayon Məhkəməsinin qətnaməsi 24 iyun 2023-cü il tarixində qəbul olunmuşdur. Bu halı nəzərə alan məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında verilmiş şərhə uyğun olaraq Mülki Məcəllənin 477.0.1-ci maddəsini tətbiq edərək, zaminlərə münasibətdə iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Bundan başqa, iddiaçı apellyasiya şikayətində iddia ərizəsinin 2018-ci ildə verilməsinə baxmayaraq, məhkəmənin iş üzrə qətnaməni bundan 5 il sonra çıxardığını bildirmişdir. Lakin Füzuli Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2(064)- 168/2019 saylı və 13 oktyabr 2022-ci il tarixli, 2(064)-1657/2022 saylı qərardadlarından görünür ki, məhkəmə MPM-in 259.0.6-cı maddəsinə istinad edərək, hazırkı iş üzrə iddia ərizəsini baxılmamış saxlamış, iddia ərizəsinə onun məhkəməyə daxil olmasından təxminən 5 il sonra baxılaraq qətnamə çıxarılmasında hər hansı pozuntuya yol verməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(064)-1023/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(064)-1023/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddi aşdıqda, qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar