Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1573/2024 09.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi hakim), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Ağcabədi Rayon Məhkəməsinin e-2(017)-150/2024 saylı, 10 iyul 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8500 manat sığorta ödənişi məbləğinin və 105 manat dövlət rüsumunun, cəmi 8605 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, e-2(017)-150/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 8500 manat və dövlət rüsumuna görə ödənilmiş 105 manat məbləğində pulun alınaraq "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Ağcabədi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, e-2(017)-150/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 2(106)-868/2024 saylı qərardadı ilə Ağcabədi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, e-2(017)-150/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki iş materialının apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 357- 363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Ağcabədi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Ağcabədi Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, e-2(017)-150/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Etibar Quliyev) Cavabdeh Ağcabədi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(017)-150/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra Cavabdeh tərəfindən yenidən apellyasiya şikayəti verilmiş, lakin şikayətdə “şikayət verən şəxsin tələbi” hissəsi göstərilməmişdir. Ağcabədi Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(017)-150/2024 saylı göndəriş məktubu ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(017)-150/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti göstərilən mülki işlə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki iş materialları 27 avqust 2024-cü ildə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-in 267.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. MPM-in 267.3-cü maddəsinə əsasən, şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. MPM-in 269.1-ci maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. MPM-in 269.2-ci maddəsinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. MPM-in 269.3-cü maddəsinə əsasən, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Hazırda iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh verdiyi sonuncu şikayət Ağcabədi Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(017)-150/2024 nömrəli qərardadından verilmiş şikayət kimi qəbul olunsa da, birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayətə baxılması ilə əlaqədar MPM-in 269-cu maddəsinin tələblərinə əməl etməmiş, şikayətə baxmadan onu iş materialları ilə birlikdə baxılmasından ötrü birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Göründüyü kimi, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, qərardaddan verilən şikayətə onu qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılmalı, nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Odur ki, Ağcabədi Rayon Məhkəməsinin e-2(017)-150/2024 saylı, 10 iyul 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət apellyasiya baxışından çıxarılmalı, iş materialları sonrakı müvafiq prosessual hərəkətlərin həyata keçirilməsindən ötrü Ağcabədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəzərinə çatdırır ki, Cavabdeh verdiyi sonuncu şikayətdə xahiş hissəsi göstərilmədiyindən, onun qətnamədən, yoxsa qərardaddan verilmiş şikayət olduğunu müəyyənləşdirmək çətinlik yaradır. Lakin cavabdeh tərəfindən barəsində şikayət verilən məhkəmə aktının nömrəsi kimi e-2(017)-150/2024-015 qeyd olunmuşdur. Bu isə Ağcabədi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, e- 2(017)-150/2024 saylı qətnaməsinin nömrəsidir. Ona görə də birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən verilmiş şikayətin qətnamədən, yoxsa qərardaddan verildiyini müəyyənləşdirməli, həmin şikayətin müvafiq mülki prosessual qanunvericilik normalarının tələblərinə cavab verib-vermədiyini müəyyən etməklə sonrakı prosessual hərəkətləri həyata keçirməlidir. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 267, 269 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ağcabədi Rayon Məhkəməsinin e-2(017)-150/2024 saylı, 10 iyul 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət apellyasiya baxışından çıxarılmaqla iş materialları sonrakı müvafiq prosessual hərəkətlərin həyata keçirilməsindən ötrü Ağcabədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1573/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1573/2024
09.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver