Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1574/2025 07.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X2 oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı “kreditin və kredit faizlərinin ödənilməsi” tələbi barədə kiçik iddiasına dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(055)-1240/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı BOKT MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2522,09 manat əsas borc, 16,34 manat faiz borcu olmaqla, cəmi 2538,43 manat borcun və 46 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT MMC tələbini onunla əsaslandırmışdır ki, 24 avqust 2019-cu il tarixli 45/0819-126 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2522,09 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2021-ci il tarixə iddiaçıya 2522,09 manat əsas borc, 16,34 manat faiz borcu olmaqla, cəmi 2538,43 manat borcu yaranmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh xx.xx.2025-ci il tarixdə xəbərnaməyə imza edərək təhvil alsa da, ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(055)-1240/2025 saylı qətnaməsi ilə (Hakim: Vüqar Qasımov) iddia təmin edilmiş, Cavabdeh 24 avqust 2019-cu il tarixli, 45/0819-126 saylı kredit müqaviləsi üzrə 2522,09 manat əsas borc, 16,34 manat faiz borcu olmaqla, cəmi 2538,43 (iki min beş yüz otuz səkkiz manat qırx üç qəpik) manatın alınıb İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, o, iddianı qəbul etmir. Onun qətnamədə qeyd edilən qədər borcu olmamışdır və o, həmin borcu ödəmək iqtidarında deyil. Məhkəmə borcun nə qədər olması ilə bağlı düzgün araşdırma aparmamışdır. Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-1240/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının və digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(055)-1240/2025 saylı qətnaməsinin bütövlükdə yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə görə öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır; Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini iş materiallarında olan sübutlarla əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayətində iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(055)-1240/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Cavabdeh apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, onun qətnamədə qeyd edilən qədər borcu olmamışdır və o, həmin borcu ödəmək iqtidarında deyil. Məhkəmə borcun nə qədər olması ilə bağlı düzgün araşdırma aparmamışdır. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, işdə olan 24 avqust 2019-cu il tarixli, 45/0819-126 saylı kredit (restrukturizasiya) müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, bu müqavilə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2522,09 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan Cavabdeh ilə İddiaçı BOKT MMC arasında bağlanmış 24 avqust 2019-cu il tarixli, 45/0819-126 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh İddiaçı BOKT MMC-nə əsas borcunun məbləği 2522,09 manat, faiz borcunun məbləği 16,34 manat olmaqla, cəmi məbləği 2538,43 manat təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticən ilə razılaşn kollegiya qeyd edir ki, 24 avqust 2019-cu il tarixli, 45/0819-126 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən İddiaçı BOKT MMC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2522,09 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh iddiaçıya 2522,09 manat əsas borc, 16,34 manat faiz borcu olmaqla, cəmi 2538,43 manat borcu yaranmışdır. Qeyd olunanlardan görünür ki, İddiaçı BOKT MMC Cavabdeh 24 avqust 2019-cu il tarixli, 45/0819-126 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 2522,09 manat əsas borc, 16,34 manat faiz borcu olmaqla, cəmi 2538,43 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Həmçinin kollegiya cavabdehin apellyasiya şikayətində qeyd etdiyi borcu ödəmək iqtidarında olmadığı halına münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərində cavabdeh üçün maddi vəziyyəti ilə əlaqədar hər hansı güzəşt nəzərdə tutulmamışdır. Odur ki, apellyasiya şikayətinin qeyd olunan dəlili də əsassızdır. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(055)-1240/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-in 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(055)-1240/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1574/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1574/2025
07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver