Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1578/2024 23.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, e-2(056)-413/2024 saylı qətnaməsindən (hakim S.Allahverdiyev) cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 9000 manat borc hesabına pulun, həmçinin gecikdirilmiş pul vəsaitinə görə hesablanmış faiz borcu hesabına 3693,12 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəvzində 128 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sabirabad rayonu Qəzli kəndində yaşayan Cavabdeh2 ondan 2 il öncə 9000 manat pul istəyərək şəriklik heyvan saxlayacağını bildirmişdir. O, bu məqsədlə Cavabdeh2lə razılaşmış və 22360 manatlıq 180 baş qoyun alıb Ağamoğlanın Qəzli kəndində yerləşən fermer təsərrüfatına aparmışdır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh2 heyvanları yavaş-yavaş sataraq pulunu xərcləmişdir. Bu səbəbdən də, o cavabdehlə ayrılmaq qərarına gəlmişdir. Beləliklə o, cavabdehlərdə olan hesab kitabını üzləşdirmiş və nəticədə məlum olmuşdur ki, cavabdehlərin ona 13000 manat məbləğində borcu vardır. Bundan sonra cavabdehlərdən Cavabdeh1 ona üzərlərində olan borcdan 4000 manat hissəsini qaytarmış, nəticədə cavabdehlərin iddiaçıya 9000 manat məbləğində borcu qalmışdır. O, yaranmış borc məbləği ilə bağlı DİN-nin 102 qaynar xətt xidmətinə şikayət etmiş, həmin şikayət əsasında Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Cavabdehlər üzərində olan 9000 manat məbləğində borclarını ödəməkdən yayınmışlar. Bundan sonra o, məcbur qalaraq ödənişlərin hamısını etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd edilənləri təkrar edərək, əlavə olaraq göstərdi ki, o, cavabdehlərin atasından onlara məxsus torpaq sahəsini və üzərində olan fermanı icarəyə götürmüş, bundan sonra 186 və ya 176 ədəd heyvan alaraq fermaya cavabdehlərin saxlaması üçün vermişdir. O, cavabdehlərin əmək haqqını və əlavə olaraq da pullarını vaxtı-vaxtında vermişdir. Cavabdehlər heyvanların çoxunu tələf etmişlər, həmçinin ehtiyacları olanda heyvanlardan satmışlar. O, bundan əsəbiləşərək heyvanları götürmək üçün fermaya getmiş, cavabdehlərdən Cavabdeh1 heyvanları götürməməyi, dəyərinin birgə hesablanmasını, həmin pulun onun və qardaşı Ağamoğlan tərəfindən ödənilməsini təklif etmiş, o, etiraz etməmişdir. Bundan sonra o, cavabdehlərlə heyvanların dəyərini hesablamış, 12560 manat etmiş, həmin pulun qaytarılması barədə razılaşmışlar. Şikayət edəndə iki heyvan əksik olduğu üçün şikayətində 13000 manat qeyd etmişdir. Bunu həmin vaxt da cavabdehlərə bildirmişdir. Razılığa uyğun olaraq cavabdehlərdən Cavabdeh1 üzərlərində olan borcdan 4000 manat ödəmiş, onların ödənilməmiş 9000 manat məbləğində borcları qalmışdır. O, bir neçə dəfə cavabdehlərin ünvanına gedib pulunu istəmiş, ona hər dəfə yalan vədlər vermişlər. Ağamoğlan sonuncu dəfə cücə saxlayırdı. Pulunu istəyəndə də demişdi ki, cücələri satıb pulunu ödəyəcəkdir. O, cavabdehlərlə heç bir şərikli iş görməmişdir. Onlara bildirmişdir ki, heyvanları saxlasınlar, saxlama pulunu versin. Saxlama pulunu da cavabdehlərə ödəmişdir. Torpağın icarəsində görə də onun borcu qalmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə mənafeyini müdafiə etdiyi iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə istinad edərək, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə iclasınında iştirak etmiş Cavabdeh2 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, onun mərhum atasına məxsus torpaq sahəsi və həmin torpaq sahəsində ferma olmuş, 2021-ci ildə atası Mirzə ilə iddiaçı razılaşaraq birlikdə fermada heyvan saxlamaq qərarına gəlmişlər. Fuad həmin ərazini 5000 manat müqabilində götürmüş, həmin pulun 2500 manatını atasına vermiş, 2500 manatı isə ödəməmişdir. Atası 2022-ci ilin mart ayında dünyasını dəyişmiş, bundan sonra Fuad onunla işləməyə başlamışdır. Torpağı və fermanı atası ilə razılaşma əsasında götürəndən sonra Fuad ona 100 baş qoyun almasını və şərikli saxlamalarını təklif etmiş, o, razılaşmışdır. Bundan sonra onlar birgə Salyan rayonuna gedib bir şirkətdən hər biri 100 manat olmaqla 100 baş qoyun almışlar. Fuad gördü ki, o, heyvanları yaxşı saxlayır. Buna görə də Fuad hissə-hissə 70 baş da qoyun alıb gətirdi. Heyvanları saxladılar, doğdu və doğduqca satdılar, nəticədə 700 manat xeyirləri oldu. Sonradan quzuların satış vaxtı atası xəstə olduğu üçün Fuad özü gəlib hissə- hissə aparıb satırdı. Fuad ona ayda 300-500 manat çoban pulu verirdi. Bu barədə dəftərdə qeydi var, növbəti məhkəmə iclasında dəftəri məhkəməyə təqdim edəcəkdir. Düzdür özü də ehtiyacı olanda heyvanlardan satmış. Bunu da Fuada bildirməklə dəftərdə qeyd etmişdir. 1 il sonra Fuad ona dedi ki, ayrılaq. O, Fuada əziyyətləri olduğunu xatırladıb ayrılmamağı təklif etdi. Lakin Fuad razılaşmadı. Heyvanları aparmaq istəyəndə qardaşı Fərid Fuada dedi ki, "neynirsən aparıb, aparsan 7000-8000 manat pul edəcək, ortada 12000 manat pul var, qoyunlar qoy qalsın, həmin pulu ödəyərik”. Bundan sonra aralarında 12500 manatla bağlı razılaşma oldu. Həmin puldan qardaşı Fərid Fuada 4000 manat ödəmişdir. Belə ki, o, Fərida 4000 manatlıq heyvan vermişdir ki, satın pulunu Fuada ödəsin. Fərid da həmin heyvanları sataraq pulunu Fuada ödəmişdir. Fuadın da ona verəcəklərini hesablasaq Fuada cəmi 1350 manat borcu qalır. Belə ki, aylıq çoban kimi əmək haqqını 400 manatdan hesablasa bu pul 4800 manat edir. Həmçinin Fuadın atası ilə razılaşmaya görə ödəmədiyi 2500 manat qalır. 4000 manat da Fuada ödənilmişdir. Sonradan Fuad polis orqanına müraciət etmişdir. Polis orqanına müraciət edəndən sonra o, imkanı olmadığı üçün ödəniş etməmişdir. O, iddia tələbini qəbul etmir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Sabirabad Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, e-2(056)-413/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9000 (doqquz min) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzində 80 manat pul olmaqla, cəmi 9080 (doqquz min səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəzli kəndinin çöl sahəsində 55 ha ərazini əhatə edən torpaq sahəsində fermer təsərrüfatları var. Həmin ferma atası Mirzə Nuriyevə məxsus olmuşdur. İddiaçıla 2021-ci ildə mərhum atası Mirzə Nuriyev razılaşıb birlikdə heyvan saxlamaq qərarına gəlmişlər. Ümumilikdə İddiaçı fermaya ilk dəfə 100 baş qoyun alıb gətirmişdir. O, həmin sürüyə çobanlıq etmişdir. 2022-ci ilin mart ayında atası dünyasını dəyişdiyindən Fuadla o yenidən qalan qoyunlarını hesab edib birlikdə işləməyə başlamışdır. 12 iyul 2022-ci il tarixdə fermada 95 qoyun 38 ədəd keçi və 6 ədəd quzu qalmışdır. Həmin 95 qoyun 38 ədəd keçi və 6 ədəd quzu onun çəkdiyi xərclər üçün fermada qalmışdır. Qardaşı Cavabdeh1 onun xəbərim olmadan, qoyunları Fuad özünün olmuşu kim qeyd edərək, qardaşı Fəriddən həmin qoyunların pulunu istəmişdir. Qardaşı Fərid isə bu qoyunları onun çəkdiyi xərclərin və zəhmətin qarşılığında qalmasını bilməmişdir. Fuad atası ilə həmin ərazini 5000 manat müqavilində heyvanlarını saxlamaq üçün götürmüşdür. Həmin puldan 2500 manatını vermiş, qalıq qalan 2500 (iki min beş) manatını isə qaytarmamışdır. Belə ki, Fuada heyvanların saxlaması üçün yeri pulu olaraq 1 il müddətinə 3000 manata razılaşmışıq. Bundan sonra 180 dənə qoyuna baxmağı üçün Fuad ona cəmi 4800 manat verəcəyini boyun almışdır. Əlavə olaraq 223 dənə qoyun gətirmiş və bunun da 2 ay saxlanması üçün ayı 600 manat olmaqla cəmi 1200 manata razılaşmışdıq. Heyvanların qorunması üçün orada çobanlıq etdiyi dövrdə öz itlərinin qidalanması üçün fermaya 700 manat xərc çəkmişdir. Bundan başqa xırda para xərclər də olmuşdur ki, taksi ilə fermaya gəlib getmək ora müxtəlif yemlər alınması üçün çəkyidi xərclə 1100 manat olmuşdur. Əlavə çəkdiyi xərc 1370 manat olmuşdur. Çünki o olmadığı müddətdə yerinə adam çıxmış və həmin pulu ona xərc çəkmişdir. Ondan 350 manat bir qoç almışdır. Ondan 300 manat ödəmiş və 50 manat qalıq qalmışdır. Cəmi hesablamala görə İddiaçı ona 14720 manat borcu qalmaqdadır. Onun oraya gəlib-getməyini, heyvanlara yaxşı baxmağını və oradan gələn gəlirdən onun xeyrinə qalmamağını hətta itlərin qidalanması üçün onun öz vəsati hesabına pul xərcləməyini məhkəməyə dəvət edəcək şahidləri təsdiq edə bilərlər. İddiaçı isə ona qarşı qərəzli iddia qaldırmaq niyyəti odur ki, onu özünə borclu saxlasın və o da ona qul kimi fermada işləsin. Fuadın iddiası ilə əsassızdır. Belə ki, onun fermasında olan qoyunlardan doğulmuş quzuları sataraq əsassız olaraq varlanmış və onun guya ona şərik olmasını əsas gətirərkən belə bu halları onun iştirakı olmadan etmiş və onu bu barədə xəbərdar etməmişdir. Halbuki işləri qurarkən onu özünə guya şərik kimi göstərmişdir. Verdiyi vədlərə əməl etməmişdir. Tərəflər apellyasiya baxışında iştirak etməmişlər. İddiaçı xx.xx.2024-cü ildə məhkəməyə teleqram vuraraq işə onun iştirakı olmadan baxılmasını və qətnamənin dəyişdirilmədən saxlanılamasını xahiş etmişdir. Cavabdeh2 xx.xx.2024-cü ildə məhkəməyə teleqram vuraraq ağrıları olması səbəbindən məhkəmə iclasının 2 ay təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ; 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarında aşağıdakılar qeyd edilir:
10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.
15. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir.
16. İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır.
17. MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür.
18. Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir.
19. Eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40- 5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir.
20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.
21. Subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyrisahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir.
22. Bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir.
28. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. “AZEMİS”-dən çıxarışlardan müəyyən edilir ki, hazırkı mübahisə üzrə hər iki tərəf - İddiaçı (VÖEN: **********) və cavabdeh X3 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. İşin hallarından göründüyü kimi, hazırkı mübahisə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn maddi ziyan tələbinə dair iddiadır. Belə olan halda da, qanunvericilikdə həmin mübahisələrə kommersiya məhkəmələrində baxılması nəzərdə tutulmuşdur. Aidiyyət qaydalarının pozulması yolverilməz olduğundan, hazırkı mübahisənin də məhz kommersiya məhkəməsində baxılaraq həll edilməli olmasına baxmayaraq, iddianı icraata qəbul edərək, mahiyyəti üzrə baxıb həll etmiş Cəlilabad Rayon Məhkəməsi kobud prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 387.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 387.2.1-ci maddəsində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 24, 26.1, 387.2.1, 384.0.4, 400, 402.2.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ə r a r a a l d ı:
Cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, e-2(056)-413/2024 saylı qətnaməsi ləğv olunsun və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qərardad “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.