Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1579/2024 17.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Füzuli Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(064)-331/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin 2(064)-331/2023 saylı, 08 dekabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-933/2024 saylı, 10 may 2024-cü il tarixli qərardadı ilə Füzuli Rayon Məhkəməsinin 2(064)-331/2023 saylı, 08 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 363.1.3-cü maddəsinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Füzuli Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı qəbz imzalayaraq Füzuli Rayon Məhkəməsinin 2(064)-331/2023 saylı, 08 dekabr 2023-cü il tarixli qətnaməsini 13 mart 2024-cü ildə almışdır. Lakin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, hazırkı apellyasiya şikayəti 16 aprel 2024-cü ildə (ikinci gün) “AZEMİS”ə yerləşdirilmişdir. Beləliklə də, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Bundan əlavə, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət keçməsinə baxmayaraq, onun bərpa edilməsi barədə ərizə (vəsatət) verilməmiş və müddət bərpa edilməmişdir. Bundan sonra mülki iş materialları Füzuli Rayon Məhkəməsinə qaytarılmışdır. Füzuli Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(064)-331/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Səkinəxanım Məmmədli) Füzuli Rayon Məhkəməsinin 2(064)-331/2023 saylı, 08 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Füzuli Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(064)-331/2023 saylı qərardadından narazı qalan İddiaçı şikayət vermiş, şikayətində həmin qərardadın ləğv edilməsini və işin apellyasiya məhkəməsinin icraatına qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, o, apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sisteminə 08 aprel 2024-cü il tarixdə, saat 18:24-də yerləşdirmişdir. Belə olan halda həmin qərardad ləğv olunmalı və apellyasiya şikayəti icraata götürülməlidir. Füzuli Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(064)-331/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(064)-331/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(064)-331/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası verilmiş şikayətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Füzuli Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2024-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş, əsas kimi isə iddiaçının apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş prosessual müddəti ötürməsi və müddətin bərpasına dair ərizənin verilməməsi göstərilmişdir. Lakin iddiaçı buna hüquqi imkanının olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsinin həmin qərardadından Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verməmiş, bu səbəbdən də iş materialları Füzuli Rayon Məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2024-cü il tarixli qərardadı əsasında Füzuli Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli qərardadı qəbul edilmiş və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi haqlı olaraq həmin şikayəti təmin etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin “apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair” qərardadı əsasında apellyasiya şikayətini geri qaytardıqda, həmin apellyasiya şikayətini tərəflərdən birinin şikayəti əsasında yenidən mümkün hesab edərək apellyasiya instansiyası məhkəməsinə göndərmək səlahiyyəti yoxdur. Odur ki, Füzuli Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli qərardadı prosessual hüquq normalarına uyğun olaraq qəbul edildiyindən, həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, iddiaçının şikayətinin dəlillərinə əsasən bir daha “Elektron məhkəmə” informasiya sistemində apellyasiya şikayətinin verilməsi tarixinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti elektron kabinetə 16 aprel 2024-cü ildə daxil edən şəxs kimi “Dəftərxana/Vəfa İbrahimov” göstərilməklə əlavə edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən 21 iyun 2024-cü il tarixli qərardad qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmişdir, bu səbəbdən də məhkəmənin 21 iyun 2024-cü il tarixli, 2(064)-331/2023 saylı qərardadı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(064)-331/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(064)-331/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1579/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1579/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver