Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-158/2023 12.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Bəşirov Kamil Sücəddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (L.P.O İddiaçı ASC) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, iddiaçı L.P.O İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli 2(056)-1280/2022 saylı qətnaməsindən iddiaçı L.P.O İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı L.P.O İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5368,04 (beş min üç yüz altmış səkkiz manat 04 qəpik) AZN - 1986,21 (min doqquz yüz səksən altı manat 21 qəpik) AZN əsas, 1291,41 (min iki yüz doxsan bir manat 41 qəpik) AZN faiz, 1795,86 (min yeddi yüz doxsan beş manat 86 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenumunun qərarına əsasən hesablanmış 294,56 (iki yüz doxsan dörd manat 56 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 73,69 (yetmiş üç manat 69 qəpik) AZN dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə verdiyi kreditin qalıq məbləği 2886,83 (iki min səkkiz yüz səksən altı manat, 83 qəpik) AZN təşkil etmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Kredit xətti müqaviləsinin 3.3-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 5368,04 (beş min üç yüz altmış səkkiz manat, 04 qəpik) AZN bundan 1986,21 (min doqquz yüz səksən altı manat, 21 qəpik) AZN əsas, 1291,41 (min iki yüz doxsan bir manat, 41 qəpik) AZN faiz, 1795,86 (min yeddi yüz doxsan beş manat 86 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 294,56 (iki yüz doxsan dörd manat 56 qəpik) AZN faiz borcu təşkil edir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh iddia ərizəsinə etirazında bildirmişdir ki, L.P.O İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ona qarşı cəmi 5368,04 manat məbləğində pul vəsaitinin alınıb onlara verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. O, iddia tələbi ilə razı deyildir. Belə ki, iddia ərizəsi məhkəməyə iddia qaldırmaq üçün qanunla nəzərdə tutulmuş iddia müddəti keçdikdən sonra verilmişdir. Belə ki, o, 29 iyun 2017-ci il tarixli Əlavə sazişə əsasən kreditorun ona 24 avqust 2015-ci il tarixli kredit müqaviləsi ilə verdiyi kreditin qalıq məbləği 2886 manat 83 qəpik məbləğ təşkil etmiş, kreditin müddəti 29 iyun 2019-cu il tarixədək müəyyən edilmiş, həmin müqavilə üzrə öhdəliklərin icra müddəti 29 iyun 2022-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən iddia müddəti Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Belə olan halda iddiaçı ona qarşı 29 iyun 2022-ci il tarixədək iddia qaldırmaq hüququna malik olmuşdur. Lakin ona göndərilən iddia ərizəsinin surətindən görünür ki, **********484 nömrəli iddia ərizəsi 24 iyun 2022-ci il tarixdə imzalansa da, göründüyü kimi 14 iyul 2022ci il tarixədə məhkəməyə daxil olmuşdur. Beləliklə, iddiaçı L.P.O İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ona qarşı iddia qaldırmaq müddətini ötürmüşdür. Sabirabad Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli 2(056)-1280/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddətinin ötürülməsi və cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizənin verilməsi ilə əsaslandırmışdır. İddiaçı L.P.O İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək Sabirabad Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli 2(056)-1280/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı L.P.O İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 məhkəmədə Sabirabad Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli 2(056)-1280/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edərək onun ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə görə iddia ərizəsi 24 iyun 2022-ci il tarixdə tərtib edilmiş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin Sabirabad Rayon Məhkəməsinə ünvanlanmasına dair zərfin surətinə əsasən iddia ərizəsi 05 iyul 2022-ci il tarixində poçt xidmətinə təhvil verilmiş, 13 iyul 2022-ci il tarixdə isə Sabirabad Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İddiaçı ləğv prosesində olan ”Dəmirbank” ASC və Cavabdeh arasında 29 iyun 2017-ci il tarixli əlavə sazişi bağlanmış, kreditorun borcalana 24 avqust 2015-ci il tarixli kredit müqaviləsi ilə verdiyi kreditin qalıq məbləği 2886 manat 83 qəpik məbləğ təşkil etmiş, kreditin müddəti 29 iyun 2019-cu il tarixədək müəyyən edilmişdir. İddiaçı məhkəmədə iddia qaldırdığı zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən buraxmışdır. Əgər müddət hər hansı hərəkətin yerinə yetirilməsi üçün təyin edilmişdirsə, həmin hərəkət müddətin sonuncu günündə saat iyirmi dördədək yerinə yetirilə bilər. Lakin əgər həmin hərəkət təşkilatda yerinə yetirilməlidirsə, onda müddət müəyyənləşdirilmiş qaydalara görə həmin təşkilatda müvafiq əməliyyatların dayandırıldığı saatda qurtarır. Müddətin sonuncu günündə saat iyirmi dördədək rabitə təşkilatına təhvil verilmiş yazılı ərizələr və bildirişlər vaxtında verilmiş sayılır. Qeyd etmək istəyirik ki, “SS796058635AZ” nömrəli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən aşkar görünür ki, **********484 qeydiyyat nömrəli iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Sabirabad Rayon Məhkəməsinə göndərilməsi üçün 28 iyun 2022-ci il tarixdə poçt xidmətinə təqdim edilmiş və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər 29 iyun 2022-ci il tarixdə poçtun (POÇT indeksi AZ 1025) nümayəndəsi tərəfindən qəbul edilmişdir. SS796058635AZ nömrəli poçt göndərişinin verilməsi haqqında xəbərnamənin surəti apellyasiya şikayətinə əlavə olunmuşdur. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş məhkəmə iddiaçının tələbi üzrə dəlilləri düzgün araşdırmadan iddia müddətinin keçməsinə əsaslanaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. İddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə 28 iyun 2022-ci il tarixdə müraciət etmiş və bununla da iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Qərarda qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmaqla, sübutları qiymətləndirməklə hərtərəfli proses aparmalı idi. Belə ki, ”SS796058635AZ” nömrəli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən də aydın olur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər poçt xidmətinə 05 iyul 2022-ci il tarixdə deyil, məhz 28 iyun 2022-ci il tarixdə təhvil verilmiş, həmin sənədlər 29 iyun 2022-ci il tarixdə poçtun (POÇT indeksi AZ 1025) nümayəndəsi tərəfindən qəbul edilmiş və 05 iyul 2022-ci il tarixdə isə Sabirabad Rayon Məhkəməsinin poçt şöbəsinə daxil olmuşdur. Sabirabad Rayon Məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara düzgün şəkildə diqqət yetirməmişdir. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Məhkəmə iddiaçı tərəfin tələbi üzrə dəlilləri araşdırmadan yalnız iddia müddətinin keçməsinə əsaslanaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəməyə müraciət etmək hüququnun məzmununa və mənasına görə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilib-verilməməsindən asılı olmayaraq məhkəmə iddiaya mahiyyəti üzrə baxmalı, işin hallarını və sübutları tam şəkildə araşdırmalı idi. Birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları düzgün aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Odur ki, nümayəndə X1 Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli 2(056)-1280/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul eilməsini xahiş etmişdir. Cavabdeh məkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəməyə iddianın rədd olunmasına dair Etiraz ərizəsi ünvanlayaraq iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü və Sabirabad Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli 2(056)-1280/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə əsaslandırmış və birinci instansiya məhkəməsinin gəldiyi nəticədən iddiaçı apellyasiya şikayəti verərək, Sabirabad Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli 2(056)-1280/2022 saylı qətnaməsi ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiyası məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, bununla da, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı ləğv prosesində olan ”Dəmirbank” ASC və Cavabdeh arasında bağlanmış 29 iyun 2017-ci il tarixli əlavə saziş üzrə kreditorun borcalana 24 avqust 2015-ci il tarixli kredit müqaviləsi ilə verdiyi kreditin qalıq məbləği 2886 manat 83 qəpik məbləğ təşkil etmiş və kreditin müddəti 29 iyun 2019-cu il tarixədək müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı məhkəmədə iddia qaldırdığı zaman Mülki Məcəllənin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən buraxmışdır. Yəni, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin Sabirabad Rayon Məhkəməsinə göndərilməsi barədə zərfin surətinə əsasən həmin sənədlər 05 iyul 2022-ci il tarixdə poçt xidmətinə təhvil verilmiş və 13 iyul 2022-ci il tarixdə isə Sabirabad Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Kollegiya diqqətə çatdırır ki, işdə olan “SS796058635AZ” nömrəli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən aşkar olur ki, **********484 qeydiyyat nömrəli iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Sabirabad Rayon Məhkəməsinə göndərilməsi üçün 28 iyun 2022-ci il tarixdə poçt xidmətinə təqdim edilmiş və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər 29 iyun 2022-ci il tarixdə poçtun (POÇT indeksi: AZ 1025) nümayəndəsi tərəfindən qəbul edilmiş və beləliklə, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Bununla da, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları hərtərəfli və tam şəkildə aydınlaşdırmamış, iddia müddətinin keçməsi əsası ilə iddia tələbini rədd edərkən maddi hüquq normalarını səhv tətbiq edərək qanunsuz qətnamə qəbul etməklə qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Belə ki, iş materiallarında olan ləğv prosesində olan "xxxx" ASC və Cavabdeh arasında bağlanmış 29 iyun 2017-ci il tarixli əlavə sazişdən görünür ki, kreditorun borcalana 24 avqust 2015-ci il tarixli kredit müqaviləsi ilə verdiyi kreditin qalıq məbləği 2886,83 (iki min səkkiz yüz səksən altı manat 83 qəpik) AZN təşkil etmiş, kreditin müddəti 29 iyun 2019-cu il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan 20 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 24 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka 16 may 2022-ci il tarixə borcu - əsas borc qismində 1986 manat 21 qəpik, faiz borcu qismində 1291 manat 41 qəpik, cərimə borcu qismində 1795 manat 86 qəpik, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenumunun qərarına əsasən) hesablanmış borc qismində 294 manat 56 qəpik, cəmi 5368 manat 04 məbləğ təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə 24 avqust 2015-ci il tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya əsas borc qismində 1986 manat 21 qəpik, faiz borcu qismində 1291 manat 41 qəpik, cərimə borcu qismində 1795 manat 86 qəpik, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenumunun qərarına əsasən) hesablanmış borc qismində 294 manat 56 qəpik, cəmi 5368 manat 04 məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq 1795 manat 86 qəpik təşkil edən cərimə məbləğinin 150 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Qeyd edilməlidir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı L.P.O İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli 2(056)-1280/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc qismində 1986 manat 21 qəpik, faiz borcu qismində 1291 manat 41 qəpik, cərimə borcu qismində 150 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenumunun qərarına əsasən) hesablanmış borc qismində 294 manat 56 qəpik, cəmi 3722 manat 18 qəpik məbləğdə pul vəsaiti alınaraq iddiaçı L.P.O İddiaçı ASCyə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. MPM-in 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna xərclənmiş pul vəsaitinin 13 manat 69 qəpik məbləğində hissəsi iddiaçıya aid edilməli, qalan hissəsinin əvəzi qismində 60 manat məbləğində, habelə apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumuna xərclənmiş pul vəsaitinin 16 manat 85 qəpik məbləğində hissəsi iddiaçıya aid edilməli, qalan hissəsinin əvəzi qismində 20 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli 2(056)-1280/2022 saylı qətnaməsi ləğv edilsin . İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh əsas borc qismində 1986 (min doqquz yüz səksən altı) manat 21 (iyirmi) qəpik, faiz borcu qismində 1291 (min iki yüz doxsan bir) manat 41 (qırx bir) qəpik, cərimə borcu qismində 150 (yüz əlli) manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenumunun qərarına əsasən) hesablanmış borc qismində 294 (iki yüz doxsan dörd) manat 56 (əlli altı) qəpik, cəmi 3722 (üç min yeddi yüz iyirmi iki) manat 18 (on səkkiz) qəpik, habelə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna xərclənmiş vəsaitin əvəzi qismində 60 manat və apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumuna xərclənmiş vəsaitin əvəzi qismində 20 manat məbləğlərdə pul vəsaiti alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-158/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-158/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver