Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-158/2024 14.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 2(053)-238/2023 saylı, 05 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 25000 manat pul vəsaitinin və 165 manat dövlət rüsumu vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 05 may 2014-cü il tarixdə İddiaçı 25000 manat məbləğində borc pul almışdır. Həmin pulu qısa müddət ərzində qaytaracağına söz versə də, borcu qaytarmamışdır. 27 mart 2017-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunda cavabdehlə iddiaçı arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmış, cavabdeh 27 mart 2018-ci ilədək borcu tam ödəməyi öhdəsinə götürmüşdür. Lakin qeyd edilən tarixə qədər borc qaytarılmadığından tərəflər arasında mövcud borcun etirafı haqqında 27 mart 2017-ci il tarixli müqaviləyə 3 dəfə dəyişiklik edilməsi barədə 27 mart 2018-ci il tarixli, 26 aprel 2018-ci il tarixli və 28 avqust 2018-ci il tarixli sazişlər imzalanmışdır. İmzalanmış sonuncu sazişə əsasən Cavabdeh İddiaçı mövcud borcu 27 dekabr 2018-ci il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür. Bu tarixdə də borc qaytarılmamış, iddiaçının cavabdehə borcun qaytarılması ilə bağlı şifahi müraciətləri cavabsız qalmışdır. Məsələ ilə bağlı İddiaçı Bakı şəhəri 38 saylı notariat kontoruna müraciət etmiş, Cavabdeh notariat kontoruna dəvət edilsə də, gəlməmişdir. Nəticədə notariat kontoru tərəfindən 11 yanvar 2020-ci il tarixli icra qeydi verilmiş və icra olunması üçün aidiyyəti üzrə Neftçala rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İddiaçı xx.xx.2023-cü ildə ərizə ilə Neftçala rayon İcra və Probasiya şöbəsinə müraciət edərək icra qeydinin geri qaytarılmasını xahiş etmişdir. Neftçala rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Ramin Aslanov tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli qərarla Bakı şəhəri 38 saylı notariat kontoru tərəfindən verilmiş 8İ-122 saylı, 11 yanvar 2020-ci il tarixli icra qeydi icra edilmədən İddiaçı qaytarılmışdır. Bundan sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 22500 manat pul vəsaitinin və 165 manat dövlət rüsumu vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı cavabdeh borclu olduğunu etiraf etmiş və tələb olunan məbləğin 2500 manat hissəsini ayrı-ayrı dövrlərdə iddiaçıya qaytardığını bildirmişdir. İddiaçı qeyd edilən məbləğin 3 dəfəyə qaytarıldığını təsdiq etmişdir. Bununla da iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-238/2023 saylı, 05 iyun 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Samir Quliyev) iddia təmin edilmiş, Cavabdeh 22500 manatın, habelə iddia ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 165 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Neftçala Rayon Məhkəməsinin 2(053)-238/2023 saylı, 05 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilib yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəmədə cavabdeh qismində iştirək edərək iddia ərizəsində göstərilənlərlə bağlı bildirmişdir ki, iddiaçı ilə dostluq və qohumluq münasibətində olmuş, təxminən 2013-cü ildən başlayaraq ondan faizlə pul almışdır. Belə ki, birinci dəfə cavabdeh iddiaçıdan 2000 manat almış, 2014-cü ildə 3000 manat və iyul 2014-cü ildə 10000 manat, daha sonra yenidən 10000 manat 10% borc pul almışdır. Təbii ki, həmin aldığı faizlə pulların hər ay 10% faizini ödəyirdi. 2014-cü ilin avqust ayında atası Məmmədov Nazim iddiaçının anasına 4000 manat pulu qaytarmış, sonradan dekabr 2015ci ildə isə 5000 manat qaytarılmışdır. Bundan başqa, cavabdeh özü iddiaçıya 2000 manat bir, 500 manat bir, 300 manat bir və 50 manat bir qaytarmışdır. Məhkəmə iclası zamanı iddiaçı bunları etiraf etmiş, amma həmin ödədiyi pulları faizə sildiyini bildirmişdir. İddiaçı ona cavabdeh tərəfindən 3000 manat və valideyni tərəfindən 4000 manat və 5000 manat qaytarılmasını etiraf etməsinə baxmayaraq, məhkəmə qətnamə qəbul edərkən bu halı nəzərə almamışdır. Bununla da, məhkəmə qətnaməsinin qanunsuz və əsassız olduğu qənaətindədir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli, tam araşdırmamış, sübutları düzgün qiymətləndirməmiş, prosessual pozuntulara yol vermişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər 20 dekabr 2023-cü il, 24 yanvar 2024-cü il və 14 fevral 2024-cü il tarixli məhkəmə iclaslarına gəlməmişlər. İş materiallarında olan 38 nömrəli telefonoqramdan görünür ki, sonuncu məhkəmə iclasında iştirak etməməsinin səbəbinin öyrənilməsi üçün İddiaçı istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanmış, iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatının olduğunu, lakin ad günü olması səbəbindən həmin gün məhkəmə iclasında iştirak etmək fikrində olmadığını və işlə bağlı əlavə deyiləcək hər hansı sözü olmadığını bildirmişdir. Odur ki, məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi xahiş edilməklə, qətnamə tam mübahisələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 2(053)-238/2023 saylı, 05 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İşdəki Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-220 nömrəsi ilə qeyd edilmiş 27 mart 2017-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən görünür ki, Cavabdeh İddiaçı 25000 manat borcunun olduğunu etiraf edir və borcunu 27 mart 2018-ci il tarixədək tam ödəməyi öz öhdəsinə götürür. İşdəki Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-324 nömrəsi ilə qeyd edilmiş 27 mart 2018-ci il tarixli sazişdən görünür ki, Bakı şəhəri 38 saylı notariat kontorunda 27 mart 2017-ci il tarixdə 3M-220 reyestrdə rəsmiləşdirilmiş mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin 3-cü bəndi aşağıdakı yeni redaksiyada təsdiq edilmişdir: Cavabdeh İddiaçı olan borcunu 27 aprel 2018-ci il tarixədək tam ödəməyi öz öhdəsinə götürür. İşdəki Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-451 nömrəsi ilə qeyd edilmiş 26 aprel 2018-ci il tarixli sazişdən görünür ki, Bakı şəhəri 38 saylı notariat kontorunda 27 mart 2017-ci il tarixdə 3M-220 reyestrdə rəsmiləşdirilmiş mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin və xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunda 3M-224 reyestrdə rəsmiləşdirilmiş mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə edilmiş sazişin 3-cü bəndi aşağıdakı yeni redaksiyada təsdiq edilmişdir: Cavabdeh İddiaçı olan borcunu 27 avqust 2018-ci il tarixədək tam ödəməyi öz öhdəsinə götürür. İşdəki Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-1033 nömrəsi ilə qeyd edilmiş 28 avqust 2018-ci il tarixli sazişdən görünür ki, Bakı şəhəri 38 saylı notariat kontorunda 27 mart 2017-ci il tarixdə 3M-220 reyestrdə rəsmiləşdirilmiş mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunda 3M-224 reyestrdə rəsmiləşdirilmiş sazişin və xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunda 3M-451 reyestrdə rəsmiləşdirilmiş sazişin 3-cü bəndi aşağıdakı yeni redaksiyada təsdiq edilmişdir: Cavabdeh İddiaçı olan borcunu 27 dekabr 2018-ci il tarixədək tam ödəməyi öz öhdəsinə götürür. İşdəki Bakı şəhəri 38 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş və reyestrdə 8İ-122 nömrəsi ilə qeyd edilmiş 11 yanvar 2020-ci ildə aparılmış icra qeydinin surətindən görünür ki, 27 mart 2017-ci il tarixli, 3M-220 reyestrli və 28 avqust 2018-ci il tarixli, 3M-1033 reyestrli müqavilə üzrə İddiaçı xeyrinə Cavabdeh müddət üçün vaxtında ödənilməmiş 25000 manatın tutulması təklif edilmişdir. Bundan əlavə, borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 25020 manat pul tutulması təklif olunmuşdur. İşdəki Neftçala rayon İcra və Probasiya şöbəsinin 13 yanvar 2023-cü il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri 38 saylı notariat ofisi tərəfindən verilmiş 8İ- 122 saylı, 11 yanvar 2020-ci il tarixli icra qeydi tələbkar İddiaçı xahişinə əsasən icra edilmədən tələbkara qaytarılmışdır. İş materiallarından da göründüyü kimi, hazırda iddiaçının tələbi icra qeydinin verilməsinə də əsas olmuş mövcud borcun etirafı haqqında müqavilə üzrə öhdəliyin icra edilməsi ilə bağlıdır. Notariusun icra qeydi mövcud olduğu (qüvvədə olduğu) halda həmin sənədin verilməsinə əsas olmuş müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə məhkəmə qaydasında baxılması isə yolverilməzdir və MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Buna görə də Bakı şəhəri 38 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş və reyestrdə 8İ-122 nömrəsi ilə qeyd edilmiş 11 yanvar 2020-ci ildə aparılmış icra qeydinin hazırda qüvvədə olub-olmamasının müəyyənləşdirilməsi məqsədi ilə Bakı şəhəri 38 saylı notariat ofisinə sorğu verilmişdir. İşdəki Bakı şəhəri 38 saylı xüsusi notariat ofisinin 31 yanvar 2024-cü il tarixli, X-99/2024 saylı məktubundan görünür ki, xx.xx.2017-ci il tarixli, 3M-220 reyestrli mövcud borcun etirafı haqqında müqavilə, xx.xx.2018-ci il tarixli, 3M-1033 reyestrli mövcud borcun etirafı haqqında müqavilə və xx.xx.2020-ci il tarixli, 8İ-122 reyestrli icra qeydi qüvvədədir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri 38 saylı notariat ofisi tərəfindən 27 mart 2017-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə və 28 avqust 2018-ci il tarixli saziş əsasında 11 yanvar 2020-ci il tarixində ödənilməmiş 25000 manat pulun Cavabdeh tutulub İddiaçı verilməsi barədə icra qeydi verilmiş, həmin icra qeydi Neftçala rayon İcra və Probasiya şöbəsinin 13 yanvar 2023-cü il tarixli qərarı ilə tələbkar İddiaçı xahişinə əsasən icra edilmədən ona qaytarılmışdır. Bakı şəhəri 38 saylı xüsusi notariat ofisinin 31 yanvar 2024-cü il tarixli, X-99/2024 saylı məktubundan göründüyü kimi, 11 yanvar 2020-ci il tarixdə aparılmış, reyestrdə 8İ-122 nömrə ilə qeyd edilmiş icra qeydi qüvvədədir. Məhkəmə kollegiyası bildirir ki, Neftçala rayon İcra və Probasiya şöbəsinin 13 yanvar 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri 38 saylı notariat ofisi tərəfindən verilmiş 8İ- 122 saylı, 11 yanvar 2020-ci il tarixli icra qeydi tələbkar İddiaçı xahişinə əsasən icra edilmədən ona qaytarılmış olsa da, bu hal həmin icra qeydinin qüvvədən düşməsinə və ya ləğvinə səbəb olmamışdır. Məhkəmə kollegiyası bildirir ki, notariusun icra qeydi qüvvədə olduğuna görə həmin sənədin verilməsinə əsas olmuş mövcud borcun etirafı haqqında mücərrəd müqavilə və həmin müqaviləyə dair sazişlər üzrə öhdəliyin icra edilməsi tələbinə məhkəmə qaydasında baxılması yolverilməzdir və bu səbəbdən də MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. “İcra haqqında” Qanunun 6.1.4-cü maddəsinə əsasən, notariusun icra qeydləri icra sənədi sayılır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsində tələbkarın ərizəsi əsasında notariusun icra qeydinin tələbkara qaytarılması müəyyən edilir. Lakin Qanunun 23.3-cü maddəsinə əsasən həmin əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və həmin Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Həmin Qanunun 6.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Hazırda iddia tələbi notariusun icra qeydinin verilməsi üçün əsas olmuş mövcud borcun etirafı haqqında mücərrəd müqavilə və həmin müqaviləyə dair sazişlər üzrə öhdəliyin icra edilməsi ilə bağlı olduğundan və notariusun həmin icra qeydinin hazırda qüvvədə olduğu müəyyən edildiyindən, hazırkı tələb üzrə işə baxılaraq məhkəmə aktının qəbul edilməsi yolverilməzdir. Belə ki, qəbul ediləcək məhkəmə aktı da özlüyündə icra sənədi hesab ediləcəyindən, notariusun hazırda qüvvədə olan icra qeydi də icra sənədi hesab olunduğundan, eyni öhdəlik üzrə iki icra sənədinin mövcudluğu halı meydana gələcəkdir. Bu səbəblə də, hazırkı iş üzrə icraata məhz MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir. Lakin birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi üçün MPM-də müəyyən edilmiş əsas olduğu halda işə mahiyyəti üzrə baxmaqla, prosessual hüquq normalarının tələblərini pozmuşdur. MPM-in 387.2.8-ci maddəsinə görə, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Şərh olunanlara əsasən və MPM-in 261.0.2, 382, 384.0.5, 387.2.8, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-238/2023 saylı, 05 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-158/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-158/2024
14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver