Məhkəmə qərarları › İş №2(106)-1580/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1580/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1580/2024 11.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1568,94 manat əsas borc və 314,78 manat faiz borcu olmaqla, cəmi 1883,72 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 38,84 manat məbləğində pulun ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin (hakim S.Məmmədli) 03 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1568,94 manat əsas borc və 314,78 manat faiz borcu olmaqla, cəmi 1883,72 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 38,84 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 364-cü maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-nin hazırda qüvvədə olan 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən dəyişdirilməsini xahiş etsə də, iddiaya münasibətdə konkret tələbini, iddia qismən təmin edildiyi halda hansı hissədə təmin edilməsini, yaxud hansı hissədə təmin edilməməsini konkret olaraq göstərməmişdir. Apellyasiya şikayəti daxil olduqdan sonra, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının MPM-nin 364-cü maddəsinin tələblərinə uyğun olaraq apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verib-vermədiyini düzgün yoxlamadan, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə cavab vermədiyini nəzərə almadan mülki işi apellyasiya baxışına göndərmişdir. Halbuki, apellyasiya şikayəti MPM-in tələblərinə cavab verməmişdir. Belə olan halda işə apellyasiya qaydasında baxılması mümkün deyil. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, hazırki şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. MPM-in 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 366.2, 366.3, 366.4 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Füzuli Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Füzuli Rayon Məhkəməsinə qaytarılsın. X1 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar