Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1583/2024 26.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X2 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)-848/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: “X6 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh qarşı kredit borcunun qaytarılması barədə iddia verərək Cavabdeh 28 mart 2022-ci il tarixli 229/SM-2022 saylı kredit müqaviləsinə üzrə 1460 (min dörd yüz altmış) manat 32 (otuz iki) qəpik əsas borc, 1 (bir) manat 83 (səksən üç) qəpik faiz borcu, ümumilikdə 1462 (bir min dörd yüz altmış iki) manat 15 (on beş) qəpik borcun və ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun tutularaq, “X6 Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 mart 2022-ci il tarixli 229/SM-2022 saylı kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə 6550 manat məbləğdə kredit verilmişdir. Cavabdeh kredit öhdəliyini vaxtında və lazımi şəkildə icra etməmiş, nəticədə "xxxx" MMC-yə 28 mart 2022ci il tarixli 229/SM-2022 saylı kredit müqaviləsinə əsasən əsas borc 1460.32 manat, faiz borcu üzrə isə 1.83 manat, ümumilikdə 1462.15 manat kredit borcu yaranmışdır. Cavabdehə MPM-in 149.2.4-cü maddəsinin tələblərinə əsasən yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair Pretenziya göndərilməsinə baxmayaraq cavabdeh buna məhəl qoymamış, iddiaçı qarşısında öhdəliklərini icra etməməyə davam etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 mart 2022-ci il tarixli 229/SM- 2022 saylı müqavilə üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 45 faizlə hesablanır. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)-848/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 28 mart 2022-ci il tarixli 229/SM-2022 saylı kredit müqaviləsinə üzrə 1460 (bir min dörd yüz altmış) manat 32 (otuz iki) qəpik əsas borc, 01 (bir) manat 83 (səksən üç) qəpik faiz borcu, ümumilikdə 1462 (bir min dörd yüz altmış iki) manat 15 (on beş) qəpik borcun və ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 28 mart 2022-ci il tarixli 229/SM-2022 saylı kredit müqaviləsi tərəflərin bərabərliyi prinsipinə riayət olunmadan çıxarılmışdır. Belə ki, həmin müqaviləyə əlavə qismində 28 mart 2022-ci il tarixli 87444 saylı girov müqaviləsi əsasında girov qoyulan qızılın dəyəri olduğundan qatqat az - 4251 (dörd min iki yüz əlli bir) manat məbləğində qiymətləndirilmişdir. Müqavilə tərəflərin bərabərliyi prinsipinə riayət olunmadan tərtib olunmuşdur. Habelə həmin məbləğin hər hansı əsası yoxdur. Girov qoyulan qızılların məbləğinin dəyəri 12000 manatdan artıqdır. Öhdəliyin icra müddəti müəyyənləşdirilmişsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz. Lakin qarşı tərəf öhdəliyin icra müddəti yekunlaşmadan Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki, aralarında bağlanmış 28 mart 2022-ci il tarixli 229/SM-2022 saylı kredit müqaviləsinə və 28 mart 2022-ci il tarixli 87444 saylı girov müqaviləsinə əsasən aydın olur ki, kredit 36 ay müddətinə verilməklə öhdəliyin icra ümddəti 3 il, yəni 28 mart 2025-ci ilə qədər müəyyənləşdirilmişdir. “X6 Olmayan Kredit Təşkilatı” MMC pretenziya qaydasına əməl etmədən məhkəməyə müraciət etmiş, pretenziya qaydasına riayət olunmasıyla bağlı sübut qismində isə məhkəməyə yalnız xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli bildirişlər təqdim olunmuşdur. Həmin xəbərdarlıqları əldə etməmişdir. Qarşı tərəf isə göndərilən xəbərdarlıqların təhvil alınmasına dair sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əvəzində isə məhkəmə faktlarla və hallarla əlaqədar olmayan bildirişləri sübut qismində nəzərə almaqla Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmuşdur. Bu zaman məhkəmələr tərəfindən tərəflər arasındakı münasibətin məzmunu, iddia tələbi, borcun məbləği kimi amillər nəzərə alınmalı və məhkəmə tərəfindən ekspertiza təyin olunmalıdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)- 1583/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)-848/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ərizə ünvlayaraq işə onların iştirakı olmadan baxılmasını, cavabdeh isə teleqram ünvanlayaraq səhhətində ciddi problem olduğuna görə məhkəmə iclasının vaxtının uzadılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)-848/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İ Ş İ N H A L L A R İ: İşdə olan: "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 229/SM-2022 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 6550 (altı min beş yüz əlli) manat məbləğində kredit verilmişdir. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 28 mart 2022-ci il tarixli 87444 saylı girov müqaviləsi əsasında 86.5 (səksən altı tam onda beş) qram 4251 (dörd min iki yüz əlli bir) manat dəyərində qızıl-zinət əşyaları 28 mart 2022-ci il tarixli 229/SM-2022 saylı kredit müqaviləsinin təminatı kimi girov qoyulmuşdur. xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022ci il tarixli bildirişlərdən görünür ki, “X6 Olmayan Kredit Təşkilatı” MMC ilə cavabdeh arasında bağlanmış 28 mart 2022-ci il tarixli 229/SM-2022 saylı kredit müqaviləsi əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün borcunun yarandığı, girovun satılacağı və hərracın yeri barədə məlumat verilmişdir. xx.xx.2024-cü il tarixli **********4 nömrəli mədaxil qəbzindən görünür ki,, iddiaçı "xxxx" MMC-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 35 (otuz beş) manat dövlət rüsumu ödəmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 421.2-ci və 421.3-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mübahisəli hüquq münasibətlərinin baş verdiyi dövrdə qüvvədə olmuş MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Beləliklə, apellyasiya şikayətində göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Belə ki, cavabdeh apellyasiya şikayətinin hazırkı iddia tələbi üzrə mübahisə predmeti olmayan girov qoyulmuş qızılların dəyərinin az qiymətləndirilməsi, pretenziyanın ona təqdim olunmaması və digər bu kimi dəlilləri heç bir mötəbər sübutla üzrə təsdiq edilmir. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)-848/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün konkret əsaslar müəyyən edilmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 386, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)-848/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1583/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1583/2024
26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver