Məhkəmə qərarları › İş №2(106)-1583/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1583/2025

27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1583/2025 27.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi. Şirvan şəhəri, 27 noyabr 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3, (sədrlik edən, məruzəçi) X5 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, e-2(056)-1299/2025 saylı qətnaməsindən (hakim. N.Bağırov) iddiaçının nümayəndəsi X1 verilmiş apellyasiya şikayətinə şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı LPO İddiaçı ASC - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2245.96 ABŞ dolları əsas borcunun, 1240.99 ABŞ dolları faiz borcunun, 3009.33 ABŞ dolları cərimə borcunun, kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üçün (Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən) hesablanmış 329.84 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 124.82 AZN cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sabirabad filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 26% dərəcəsi ilə 7100 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 420005316/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik Müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 8.042,98 ABŞ dolları hesablanmışdır. Ödəniş qrafik üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən (1USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu X4 tarixdən etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödəniş faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə bank borcun dərhal qaytanılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. xx.xx.2025-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 6826.12 ABŞ dolları təşkil edir. Bundan 2245.96 ABŞ dolları əsas, 1240.99 ABŞ dolları faiz, 3009.33 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 329.84 ABŞ dolları faiz borcu təşkil edir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı təşkilatın nümayəndəsi R.H.Tağızadə məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasına gəlmədiyi üçün onların mövqeyini müəyyən etmək mümkün olmamışdır. Sabirabad Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, e-2(056)-1299/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsindən və həmin Kredit Müqaviləsinin xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişdən yaranmış 2245.96 ABŞ dolları əsas borc, 1240.99 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddətindən sonrakı dövr üçün hesablanmış 329.84 ABŞ dolları faiz borcu, ümumilikdə isə 4116,79 (dörd min bir yüz on altı dollar yetmiş doqquz sent) ABŞ dolları məbləğinin (1 ABŞ dollarının məzənnəsi 1,40 (bir manat qırx qəpik) manat əsas götürülməklə) Azərbaycan manatı ilə pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi Cavabdeh2 tutulub ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 420005316/ZM saylı Zaminlik Müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişdən yaranmış Cavabdeh1 zaminliyinə xitam verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayəti verərək, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(056)-1299/2025 saylı qətnaməsinin qismən-mübahisələndirilən hissəsində (1 ABŞ dollarının məzənnəsi 1,40 (bir manat 40 qəpik) manat əsas götürülməklə) ləğv edilməsini, həmin hissəyə “qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla” söz birləşməsi əlavə edilməklə dəyişdirilməsi ilə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları düzgün qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Bu vəzifələrin yerinə yetirilməsi zamanı ödənişin həyata keçirildiyi tarixdə qüvvədə olan rəsmi məzənnə nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kredit üzrə ödənişin həyata keçirildiyi gündəki rəsmi məzənnəyə əsaslanaraq borcun ödənilməsinin qət edilməsi barədə qətnamə qəbul etməlidir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını, apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq məhkəmə qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətində Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(056)-1299/2025 saylı qətnaməsinin qismənmübahisələndirilən hissəsində (1 ABŞ dollarının məzənnəsi 1,40 (bir manat 40 qəpik) manat əsas götürülməklə) ləğv edilməsini, həmin hissəyə “qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla” söz birləşməsi əlavə edilməklə dəyişdirilməsi ilə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə qətnamənin əsaslılığını qismən yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3- cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçının nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Sabirabad Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi əsasında 36 ay müddətinə illik 26% olmaqla 7100 ABŞ dolları məbləğində kreditin Cavabdeh2 verilməsi razılaşdırılmışdır. İşdə olan xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsinə xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi əsasında ayrılmış kredit Restrukturizasiya edilmiş, qalıq borc 8042.98 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, bu Sazişin imzalandığı tarixdən etibarən ödəniş qrafiki üzrə borcalan tərəfindən faiz dərəcəsi illik 8% müəyyən edilmiş və manatla ediləcək ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edimişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə borc alan Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 420005316/ZM saylı Zaminlik Müqaviləsindən və həmin Zaminlik Müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02№-li Əlavə Sazişə əsasən xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsi və həmin Müqavilə üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02№-li Əlavə Saziş üzrə borc alan Cavabdeh2 öhdəliyinin təminatı olaraq Cavabdeh1 zamin olaraq restrukturizasiya olunmuş və müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan LPO İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli ********* saylı Müqavilə üzrə 2245.96 ABŞ dolları əsas, 1240.99 ABŞ dolları faiz, 3009.33 ABŞ dolları cərimə, Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 329.84 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6826.12 ABŞ dolları borcu yaranmışdır. İşdə olan xəbərdarlıq məktublarının müvafiq qaydada təsdiq olunmuş surətlərindən görünür ki, cavabdehlərə banka olan borclarını qaytarmayacaqları təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Müəyyən olunmuşdur ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014cü il tarixli ********* saylı Kredit Müqaviləsi əsasında 36 ay müddətinə illik 26% olmaqla 7100 ABŞ dolları məbləğində kreditin Cavabdeh2 verilməsi razılaşdırılmışdır. Həmin Kredit Müqaviləsinə xx.xx.2017-ci il tarixli 02№-li Əlavə Sazişə əsasən xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi əsasında ayrılmış kredit Restrukturizasiya edilmiş, qalıq borc 8042.98 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, bu Sazişin imzalandığı tarixdən etibarən ödəniş qrafiki üzrə borcalan tərəfindən faiz dərəcəsi illik 8% müəyyən edilmiş və manatla ediləcək ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilmişdir. xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh2 krediti vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, borcalan Cavabdeh2 öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmış və nəticədə xx.xx.2014cü il tarixli ********* saylı Müqavilə üzrə 2245.96 ABŞ dolları əsas, 1240.99 ABŞ dolları faiz, 3009.33 ABŞ dolları cərimə, Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 329.84 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6826.12 ABŞ dolları borcu hesablanmışdır. Buna görə də, kreditor hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi iddia qismən təmin edilmiş, qətnamədən iddiaçı narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmasından və vəzifələrin yerinə yetirilməsi zamanı ödənişin həyata keçirildiyi tarixdə qüvvədə olan rəsmi məzənnə nəzərə alınmaqla ödənişlərin ödənilməsini qət edilməsindən ibarətdir. Yəni, məhkəmə kredit üzrə ödənişin həyata keçirilməsini qət edərkən ödənişlərin ödənildiyi güni rəsmi məzənnəyə əsaslanaraq borcun ödənilməsinin qət edilməli olduğu halda məhkəmə bunu etməmiş Cavabdeh2 tutulmalı olan ümumilikdə 4116,79 ABŞ dolları məbləğinin 1 ABŞ dollarının məzənnəsi 1,40 manat əsas götürülməklə ödənilməsini qət etmişdir. Hesab etmişlər ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(056)- 1299/2025 saylı qətnaməsi qismən - mübahisələndirilən hissəsində (1 ABŞ dollarının məzənnəsi 1,40 (bir manat 40 qəpik) manat əsas götürülməklə) ləğv edilməsini, həmin hissəyə “qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla” söz birləşməsi əlavə edilməklə qətnamə dəyişdirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, müəyyən edilir ki, hazırkı iş üzrə öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsindən və həmin Kredit Müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02№-li Əlavə Sazişdən yaranmışdır. xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsinə xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən xx.xx.2014cü il tarixli ********* saylı Kredit Müqaviləsi əsasında kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor - kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, pul öhdəliyi manatla ifadə edilməli olduğundan, həmçinin cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişin şərtləri əsasında 1 ABŞ dolları = 1.4 AZN (bir manat qırx qəpik) məzənnəsi əsas götürülməklə ödənilməsi ilə bağlı razılaşma olduğundan ödənişlər 1 ABŞ dolları = 1.4 AZN (bir manat qırx qəpik) məzənnəsi əsas götürülməklə ödənilməlidir. Belə ki, işdə olan xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsinə xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi əsasında ayrılmış kredit Restrukturizasiya edilmiş, qalıq borc 8042.98 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, bu Sazişin imzalandığı tarixdən etibarən ödəniş qrafiki üzrə borcalan tərəfindən faiz dərəcəsi illik 8% müəyyən edilmiş və manatla ediləcək ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul ediməklə tərəflər arasında razılaşdırılmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün apellyator tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırda mübahisələndirilən qətnamədə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan çox olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçının nümayəndəsi X1 verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, e-2(056)-1299/2025 saylı qətnaməsi iddiaçının nümayəndəsinin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyator tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar