Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1587/2024 17.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X6 ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli 2(049)-1551/2024 nömrəli qərardadından İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşağa görə 200 manat olmaqla, iki uşağa görə cəmi 400 manat məbləğində müəyyən olunması, uşaqların mütəmadi müayinə və müalicə xərclərinin olması nəzərə alınmaqla hər ay bir uşağa görə 50 manat olmaqla cəmi 100 manat əlavə xərcin, habelə 60 manat mediasiya xərcinin Cavabdeh tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-1551/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-3647/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011-ci ildə doğulmuş X1 və xx.xx.2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 180 manat, olmaqla ümumilikdə hər ay iki uşağa görə cəmi 360 manat sabit pul məbləğində müəyyən edilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. İş materiallarına əsasən qətnamə 25 iyun 2024-cü il tarixdə saat 14:39-da İddiaçı və Cavabdeh elektron kabinetlərinə yerləşdirilmişdir. Qətnamədən İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Vəkil 27 iyul 2024-cü il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli 2(049)-1551/2024 saylı qərardadı apellyasiya şikayəti qanunla müəyyən olunan müddət ərzində verilməməsi, şikayətin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması əsasları ilə geri qaytarılmışdır. Qərardaddan iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil şikayət verərək ləğv olunması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini, əks təqdirdə şikayətə baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə aidiyyəti üzrə apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli 2(049)-1551/2024 saylı qərardadı əsaslı və qanuni olmadığından ləğv edilməlidir. 27 iyul 2024-cü il tarixində Lənkəran Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli 2(049)- 1551/2024 saylı qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasından xahiş etmişdi. Lənkəran Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli 2(049)-1551/2024 saylı qətnaməsi iddiaçının vəkili və nümayəndəsi Vəkil elektron kabinetinə 27 iyun 2024cü il tarixində yerləşdirilməsi və birinci instansiya məhkəməsində iddiaçını təmsil etməyi nəzərə alınmaqla hesab edir ki, şikayət vaxtında və mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. Lakin təəssüf ki, heç bir əsas olmadan şikayəti geri qaytarılmışdır. Məhkəmə özü də qeyd edir ki, qətnamə tərəfindən 27 iyun 2024-cü il tarixində alınıb və 27 iyul 2024-cü il tarixində həmin qətnamədən apellyasiya şikayəti yazmışdır. Belə olan vəziyyətdə 4 gün müddətin ötürülməsi əsası aydın deyildir. Tərəfindən müddətin sonuncu günü apellyasiya şikayəti göndərilmiş və bu baxımdan apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinə məhkəmə tərəfindən istinad edilməsini əsaslı hesab etmək olmaz. Bundan başqa müvafiq orderin işə əlavə edilmədiyi də əsas olaraq məhkəmə tərəfindən qərardadda qeyd edilmişdir. Lakin birinci instansiya məhkəməsinə təqdim edilmiş orderin hansı əsasla apellyasiya şikayəti yazılması üçün yetərli olmaması əsaslandırılmamış və heç bir normaya istinad edilməmişdir. Çünki belə bir norma yoxdur. Həm iddiaçı, həmdə vəkilinin apellyasiya şikayətini yazması onların ən təməl haqqıdır. Bunun qarşısının alınması ən başda məhkəməyə çatımlılıq hüququnun pozulması kimi qiymətləndirilməlidir. Həmçinin qərardadda apellyasiya şikayəti verən şəxs olaraq nümayəndənin adı deyil, məhz İddiaçı adının qeyd edildiyi və apellyasiya şikayətinin vəkil və nümayəndə tərəfindən deyil, bilavasitə İddiaçı tərəfindən verildiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq qeyd edir ki, şikayət iddiaçı tərəfindən deyil, vəkil tərəfindən verilmişdir və bunu ona aid elektron imza təsdiq edir. Apellyasiya şikayətinin pdf formasında buraxılmış texniki səhv şikayətin iddiaçı tərəfindən verildiyini deməyə heç bir əsas vermir. Belə ki, burada əsas amil elektron imzanın kim tərəfindən qoyulmasıdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər müddətin keçməsinə əsassız olaraq istinad edilməsi, orderin olmaması ilə bağlı qeyd olunanların heç bir hüquqi əsasının olmaması və şikayət elektron imza ilə tərəfindən imzalanmasına baxmayaraq, PDF formada olan sənədə istinad edilməsidir. Birinci instansiya məhkəməsinin qərardadda göstərilmiş nəticələri işin hallarına (təqdim etdiyim sübutlara) uyğun olmamışdır. Lənkəran Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli 2(049)-1551/2024 saylı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətinin prosessual müddətlər çərçivəsində verilməsinə dair hissədə şikayətin dəlillərinə qiymət verən kollegiya, həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, iş materiallarına əsasən iddiaçının apellyasiya qaydasında mübahisələndirmək istədiyi Lənkəran Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli 2(049)-1551/2024 saylı qətnaməsi 25 iyun 2024-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər; 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 131.1-ci maddəsinə əsasən iş üzrə icraat dayandırıldıqda qurtarmayan bütün prosessual müddətlərin axımı dayandırılır; 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İddiaçının apellyasiya qaydasında mübahisələndirmək istədiyi qətnamə onun elekron kabinetinə 25 iyun 2024-cü il tarixində saat 14:39-da yerləşdirilməklə, MPM-in 135.5 və 135.6-cı maddələri baxımından qətnamə həmin gündən rəsmi qaydada iddiaçıya verilmiş hesab olunurki, MPM-in 360-cı maddəsində nəzərdə tutulan 1 aylıq şikayət vermə müddətinin axımı da, məhz həmin gündən başlanır. Belə olan halda iddiaçı üçün qətnamədən apellya şikayəti verilməsinin son müddəti 2024-cü ilin iyul ayının 25-nə təsadüf etmiş olur ki, həmin gün rəsmi iş günü olmaqla həftənin cümə axşamı günü olmuşdur. Kollegiya hesab edir ki, iddiaçının vəkili, eyni zamanda nümayəndəsi tərəfindən 27 iyul 2024-cü il tarixldə saat 12:42:18-də elektron məhkəmə informasiya sistemi üzərindən verilmiş apellyasiya şikayətini 2 gün prosessual müddətin ötürülməsi əsası ilə qaytarmaqda birinci instansiya məhkəməsi haqlı olmuş, prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Birinci instansiya məhkəməsində iddiaçının hüquqlarını müdafiə etmiş vəkil, eyni zamanda nümayəndəsinin apellyasiya şikayətini imzalamaq səlahiyyətində olmasından ibarət hissədə şikayətin dəlillərinə qiymət verən kollegiya, həmin dəlilləri əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir; 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı, 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti, 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı, 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı; 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir; 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır; 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Şikayətin dəlillərindən biri də ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qaytarılmasına dair qərar qəbul edərkən, qanunsuz olaraq birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının vəkili, eyni zamanda nümayəndəsi olmuş Vəkil qətnamədən verilmiş apellyasiya şikayətini imzalamaq səlahiyyətinin olmaması qənaətinə gəlmişdir. Şikayətin həmin dəlili ilə bağlı kollegiya gəlinəcək nəticənin anlaşılan olmasından ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, elektron apellyasiya şikayəti vəkil qismində apellyasiya instansiyasında təmsilçilik səlahiyyəti olmadan nümayəndə Vəkil tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən : Maddə 66 - Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Maddə 68.1 - İş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda vəkil ixtisaslı hüquqi yardım göstərməyə borcludur. Maddə 68.2 - Məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir. Maddə 68.3 - İşdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Maddə 69.1-1 - Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir Maddə - 73.1 - Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Maddə 73.2 - Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq edilir Maddə 73.5 - Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Maddə 74.2 - İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Vəkillər X4 27 sentyabr 2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə ilə təsbit olunmuşdur. Belə ki, həmin Əsasnamənin 1.5-ci bəndində verilmiş anlayışa əsasən, vəkil orderi – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Göründyü kimi mülki prosesdə vəkilin hansı hüquqlara malik olması MPM-in 68-ci maddəsində əksini tapmış və norma vəkilə məhkəmə aktlarından şikayət verə bilməsini işdə iştirak edən şəxslərin tapşırığı və vəkalətin mövcudluğundan asılı etmişdir (MPM 68.3m.). Vəkilin səlahiyyəti isə öz növbəsində qanunla müəyyən olunmuş qaydada təsdiq edilməlidir (MPM 73.5 m.). Kollegiya hesab edir ki, hazırki mübahisə üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətini müvafiq vəkalət almadan (apellyasiya instansiyası üçün order əlavə edilməmişdir) Vəkil nümayəndə kimi imzalamağa səlahiyyəti olmamışdır və apellyasiya şikayətini həmin əsasla qaytarmaqla birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır; 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər; 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə, 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Vəkil şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli 2(049)-1551/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1587/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1587/2024
17.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver