Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-159/2024 24.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin e-2(020)-1334/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 723,66 ABŞ dolları əsas borc, 442,21 ABŞ dolları faiz borcu, 1850,48 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 104,70 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3121,05 ABŞ dolları borcun və iş üzrə ödənilmiş 73,06 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Beyləqan filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə 18 ay müddətinə illik 28,5 faiz dərəcəsi ilə 5800 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh1 Xaliq qızı” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq, həmin ada uyğun VÖEN müəyyən edilməmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 470002907/ZM nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 679 nömrəli, xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən kreditorun borcalana (birgə borcalana) verdiyi kreditin qalıq məbləği 4390 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2016-cı il tarixədək təyin olunmuşdur. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli, xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit) 4133,15 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 faiz ödəməli idi. Zamin Cavabdeh3 bu əlavə sazişi imzalamaqla ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən 02 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə, bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 3121,05 ABŞ dolları təşkil edir. Bundan 723,66 ABŞ dolları əsas, 442,21 ABŞ dolları faiz, 1850,48 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 104,70 ABŞ dolları faiz borcu təşkil edir. Beyləqan Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, e-2(020)-1334/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ramiz Nurullayev) iddia qismən təmin edilmiş, Cavabdeh1 723,66 ABŞ dolları əsas, 442,21 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 104,70 ABŞ dolları faiz borcu olmaqla, 1290,57 ABŞ dollarının (Azərbaycan manatı ekvivalentində) və iş üzrə ödənilmiş 32,06 manat dövlət rüsumunun alınıb ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın X1 və Cavabdeh3 qarşı rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 41 manatın iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, e-2(020)- 1334/2023 saylı qətnaməsinin qismən – mübahisələndirilən hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş aşağıda qeyd olunan halları qəbul etmir və mübahisələndirir. Belə ki, birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, “Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. 1850,48 ABŞ dolları məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə dəbbə pulunu 20 ABŞ dolları saxlanılmasını məqsədə müvafiq hesab edir”. Birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən iddia tələbi üzrə cərimə borcunu əsassız olaraq kəskin surətdə azaltması Mülki Məcəllənin 467-ci maddəsinin pozulmasına gətirib çıxarmışdır. Birinci instansiya məhkəməsi tələb olunan 1850,48 ABŞ dolları cərimə məbləğini azaldaraq 20 ABŞ dolları məbləğində müəyyən etməklə Mülki Məcəllənin 467-ci maddəsində göstərilən kreditorun əmlak mənafelərini və bütün əsaslı mənafelərini nəzərə almamış, qeyd edilən maddənin müddəalarını pozmuşdur. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalı idi. Birinci instansiya məhkəməsi cərimə məbləğini 20 ABŞ dolları həddində müəyyənləşdirilməklə borcalanın aldığı kredit borcunun vaxtında qaytarılmaması nəticəsində iddiaçı bankın məruz qaldığı maddi itkiləri də nəzərə almamışdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Ona görə də, cərimə elə məbləğdə müəyyən edilməlidir ki, pozuntu törədən şəxs pozuntuya uyğun məhrumiyyətə (pul itkisinə) məruz qalsın, bununla da mülki hüquqi cəzanın yaratdığı məhrumiyyəti öz üzərində hiss etsin. Göründüyü kimi, məhkəmə iddia tələbini qismən təmin etməkdə haqlı olmamış və nəticədə Bankın maraqlarına toxunan səhv qətnamə qəbul etmişdir. Beyləqan Rayon Məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara diqqət yetirməmişdir. Birinci instansiya məhkəməsinin qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda iddiaçı birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin qismən – mübahisələndirilən hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərindən isə müəyyən edilir ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini yalnız cərimə borcu ilə bağlı tələbin təmin edilməmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qətnamənin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 19 sentyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-nin Beyləqan filialı tərəfindən borcalan Cavabdeh1 18 ay müddətinə illik 28,5 faiz ödənilməsi şərtilə 5800 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan ********* saylı, 19 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli, 679 saylı əlavə sazişin surətindən görünür ki, müqaviləyə əsasən kreditorun borcalana (birgə borcalana) verdiyi kreditin qalıq məbləği 4390 ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2016-cı il tarixədək təyin olunur. İş materiallarında olan ********* saylı, 19 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 21 iyun 2017-ci il tarixli, 02 nömrəli əlavə sazişin surətindən görünür ki, borcalan Cavabdeh1 kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4133,15 ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2464,64 ABŞ dolları əsas borc, 1069,81 ABŞ dolları faiz borcu və 598,7 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 faiz ödənilir. İş materiallarında olan 16 may 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 04 may 2023-cü il tarixinə yaranmış tələb aşağıdakı kimidir: 723,66 ABŞ dolları məbləğində müqavilə üzrə əsas borc, 442,21 ABŞ dolları məbləğində müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 1850,48 ABŞ dolları məbləğində müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə, 104,70 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, 3121,05 ABŞ dolları məbləğində müqavilənin tələbləri əsasında yaranmış ümumi borc. İş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə internet portalından çıxarışdan görünür ki, Cavabdeh1 LPO İddiaçı ASC-yə borcu əsas kredit borcu qismində (restrukturizasiya olunması təklif olunan kredit məbləği) 1230,22 manat məbləğində müəyyən edilmişdir. İşdə surəti olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-3194/17 saylı, 27 dekabr 2017-ci il tarixli qərarı ilə İddiaçı ASC-nin müflis elan edilməsi, iflas proseduruna başlanılması, Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Problemli kreditlərin kompensasiyası üzrə internet portalından əldə edilmiş qeyd edilən məlumatlarda Cavabdeh1 adında LPO İddiaçı ASC-yə 1230,22 manat kredit borcu olduğu, onun kredit öhdəliyinin problemli kredit borcları ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyü müəyyən edilir. Məhkəmə kollegiyası xatırladır ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına səbəb olduğunu və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən vətəndaşların kredit borcları sahəsində müəyyən güzəştlər edilmişdir. Bununla bağlı, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı qəbul edilmiş, həmin Fərmanla problemli kreditlərin təsiri altına düşən müəyyən kateqoriya vətəndaşların faiz və cərimə borcları da bağışlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, belə bir şəraitdə kredit müqaviləsinin müddəti bitdikdən sonra kreditor banklar qarşısında borclu vətəndaşlara əlavə maliyyə sanksiyası tətbiq etmək və onları belə sanksiyalara cəlb etmək əsaslı sayılmamaqla məqsədəuyğun deyil. Ona görə də iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. Nəzərə alınmalıdır ki, Beyləqan Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, e-2(020)-1334/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti əsasında yoxlanılır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini də nəzərə alan məhkəmə kollegiyası bildirir ki, Cavabdeh1 adında LPO İddiaçı ASC-yə 1230,22 manat kredit borcu olduğu və onun kredit öhdəliyinin problemli kredit borcları ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyü müəyyən edilsə də, nə qədər ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti əsasında yoxlanılır, qətnamə onun apellyasiya şikayətinə əsasən iddiaçının zərərinə ləğv oluna bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, e-2(020)-1334/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-159/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-159/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver