Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1590/2023 16.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və X3 ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)782/2023 saylı, 24 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 oktyabr 2023cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara Rayon Məhkəməsinin 03 noyabr 2014-cü il tarixli, 2(018)-1050/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay 90 (doxsan) manat sabit pul məbləğində alimentin miqdarının artırılması, 26 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 250 (iki yüz ılli) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (atası) Fariz Askerov iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Astara Rayon Məhkəməsinin 03 noyabr 2014-cü il tarixli, 2(018)-1050/2014 saylı qətnaməsi ilə 26 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90 (doxsan) manat alimentin tutulması qət edilmişdir. Müəyyən olunmuş alimentin miqdarı həddindən azdır. Belə ki, son vaxtlar malların və xidmətlərin qiymətləri xeyli bahalaşmış, eyni zamanda uşağın böyüməsi və xəstəliyi ilə əlaqədar maddi tələbatlar da artmışdır. Qeyd etdi ki, alimentin artırılması ilə bağlı mediasiya şurasına müraiət etmişdir. Keçirilmiş “ilkin mediasiya sessiayası”-nda cavabdehə mediasiya sessiyasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, mediasiya sessiyasında iştirak etməmişdir. O, mediasiyaya dair 55 (əlli beş) manat məbləğində olan xərci ödəmişdir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (atası) X5 iddia tələbini qəbul etmədi izahatında göstərdi ki, Astara Rayon Məhkəməsinin 03 noyabr 2014-cü il tarixli, 2(018)- 1050/2014 saylı qətnaməsi ilə 26 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90 (doxsan) manat alimentin tutulması qət edilmişdir. Cavabdeh heç bir yerdə işləmir, maddi imkanı da yoxdur. Hesab edir ki, həmin məbləğ uşağın saxlanması üçün kifayətdir. Ona görə də, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 2(018)782/2023 saylı, 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: M.Məmmədov), İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması tələbinə dair” iddiasının qismən təmin edilməsi, 26 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan, Astara Rayon Məhkəməsinin 03 noyabr 2014-cü il tarixli, 2(018)-1050/2014 saylı qətnaməsi ilə qət edilmiş, hər ay 90 (doxsan) manat məbləğində alimentin məbləği artırılaraq, hər ay 165 (bir yüz altmış beş) manat məbləğində müəyyən edilməsi və həmin pul vəsaiti qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq, Cavabdeh tutulub, İddiaçı verilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi Cavabdeh alınaraq, İddiaçı verilməsi, İddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın alimentin artırılması tələbi ilə bağlı hissəsinin 50 (əlli) manat hissəsi təmin olunmaması qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 və 112-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Astara Rayon Məhkəməsinin 2(018)782/2023 saylı, 24 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh nümayəndəsi X5 apellyasiya icraatı zamanı apellyasiya şikəyinin dəlillərinə uyğun izahat verərək izahatında apellyasiya şikayətinin təmin edilməsi, Astara Rayon Məhkəməsinin 2(018)782/2023 saylı, 24 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Astara Rayon Məhkəməsinin 2(018)782/2023 saylı, 24 iyul 2023-cü il tarixli qətnaməsini Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin 2(018)782/2023 saylı, 24 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətinin və Astara rayonu Təngərüd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxx 1994-cü il tarixdə anadan olmuşdur və Astara rayonu Təngərüd kəndində yaşayır. İş materiallarına əlavə edilmiş “Doğum haqqında şəhadətnamənin” surətindən məlum olur ki, X6 10 iyun 2017-ci il tarixdə anadan olmuşdur. Onun atası kimi Cavabdeh anası kimi isə İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Astara Rayon Məhkəməsinin 03 noyabr 2014-cü il tarixli, 2(018)-1050/2014 saylı qətnaməsinin surətindən görünür ki, 26 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90 (doxsan) manat alimentin tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 14 gün əvvəlcədən mobil telefon vasitəsilə məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 50 (əlli) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır.
1. Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir.
2. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşağın hüquq və mənafeyi ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə istər uşağın hüquq və mənafeyini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləmişdir. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, tərəflərin ailə və maddi vəziyyətini, habelə diqqətəlayiq olan digər halları nəzərə alıb və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, habelə tərəflərin hər birinin valideyn kimi uşaqlarını saxlamağa borclu olmalarını əsas tutaraq iddianı qismən təmin etmişdir. Odur ki, “26 sentyabr 2013-cü il təvəllüdlü X1 üçün təyin edilmiş alimentin uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməsi üçün alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 165 (bir yüz altmış beş) manat həddində müəyyən edilməlidir.” barədə qənaəti qanuni və əsaslıdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından göründüyü kimi Astara Rayon Məhkəməsinin qətnaməsi ilə alimentin məbləği 26 sentyabr 2013-cü il təvəllüdlü X1 üçün təyin edilmiş alimentin uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməsi üçün alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 165 (bir yüz altmış beş) manat həddində müəyyən edilməlidir və həmin pul vəsaiti qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay tutulub İddiaçı ödənilməsi müəyyən edilmiş, daha sonra cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Belə olan halda cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 1980 (165x12) manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 2(018)782/2023 saylı, 24 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.