Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-160/2023 07.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi Hüseynov Azad Mürvət oğlunun və Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı "işəgötürənin əmlakına vurulumş maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2(071)-337/2020 saylı qətnaməsindən (hakim Həmid Əzizov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək, əmlaka (maddi qiymətlərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 9080 (doqquz min səksən) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Cavabdeh arasında 11 sentyabr 2018-ci il 3 aylıq sınaq müddəti tətbiq ediməklə müddətsiz əmək müqaviləsi ilə satıcıkassir vəzifəsinə işə qəbul edilmişdir. Onlar arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Cavabdeh 01 noyabr 2018-ci il tarixli 490-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və 10 iyul 2019-cu il tarixdə 288-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 21 iyun 2019-cu il tarixdə yoxlama aparılmış, İddiaçıin Hacıqabul 4 filialında administrator vəzifəsində çalışdığı zaman Cavabdeh cəmiyyətə zərər vurması aşkar edilmişdir. 21 iyun 2019-cu il tarixli inventarizasiya nəticələrinə dair akta əsasən ziyanın məbləği 9684 manat məbləğində müəyyən edilmişdir. Keçən dövr ərzində cavabdehə 604,70 manat güzəşt edilmiş və hazırda cavabdehin "xxxx" MMC-yə 9080 manat məbləğində borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Hacıqabul Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2(071)-337/2020 saylı qətnaməsi ilə iddia təmin olunaraq Cavabdeh 9080 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2019-cu ilin yanvar ayında təftiş yoxlamasında göndərilmiş mallardan yalnız 200 kq şəkər tozu əksik gəldiyini bildirdilər. Lakin 200 kq şəkər tozu gələn qaimədən artıq hesablanmışdır. Həmin 200 kq şəkər tozu qaimə ilə ona təhvil verilməmişdir. 2019-cu ildə hell enerji içkisi, araqlar, ariel yuyucu tozları, qreçka, portağal, kartof, qoz, müxtəlif növdə şokaladlar əksik olaraq və hansı ki, qaimədə göstərilsə də, göndərilməyən malları qaimədə qeyd edərək depoya göndərsə də, həmin mallar adında saxlanılmışdır. Həmin əksik mallarla bağlı qeyd edərək geri göndərməyi ona gec bildirildiyi üçün ilkin fakturada göstərilən lakin göndərilməyən mallar hələ də onun adında qalmışdır. Bundan başqa, onun sifariş etmədiyi halda xəbəri olmadan hesabına mal yerləşdirilmişdır. Hansı ki, bu mallar da ona qaimə ilə təhvil verilməli idi. Bəzi malların əskik gəlməsi ilə bağlı “Ferid.Memmedov.oba.com.az” e-maili üzərindən qeydlər yazaraq göndərmişdir. Satılan malların pulları həmişə seyfdə olmuş və həmin seyfin açarları onda olduğu halda heç bir əksiklik olmamışdır. İşlədiyi yerin hər tərəfində kameralar olduğu halda hər hansı malın gizli yolla çıxarılması mümkünsüzdür. Odur ki, malların yalnız əksik gəlmə halı mövcuddur. İşdə iddiaçının tələbi üzrə 9080 manat məbləğdə pul vəsaitinin əksik olması üzrə inventarizasiya nəticələri deyil, həmin məbləğin yaranmasına dəlalət edən malların qaimələri araşdırılmamışdır. Hazırkı iş üzrə hansı əsaslarla bu borcun yaranmasını iddiaçı heç bir halda sübut etməmiş, borcun yaranma mənbəyini göstərməmişdir. Məhkəmə iclasının keçrilmə tarixi barədə ona məlumat verilmədiyi üçün məhkəməyə “email” üzərindən göndərdiyi qeydləri və digər halları bildirmək imkanı olmamışdır. Yaranmış əksik mallar barədə iddiaçı tərəfindən hər hansı qaimə məhkəməyə təqdim olunmamışdır. Yoxlama ilə müəyyən edilmiş əksik malların barəsində akt olması məhz həmin malların ona göndərilməsinin sübutu ola bilməz. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın ümumiyyətlə rədd edilməsini xahiş etmişdir. O, izahatına əlavə olaraq göstərmişdir ki, ümumiyyətlə onun iddiaçıya borcu yoxdur. Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu, cavabdehin maddi məsul şəxs olaraq ona verilən mallara görə cavabdehlik daşıdığını bildirib, şikayətin əmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Nümayəndə həmçinin iddiaçı ilə cavabdeh arasında Tam maddi məsuliyyət barədə müqavilənin və dəyərinin tələb olunduğu malların cavabdehə verilməsini təsdiq edən qaimə-fakturaların mövcud olmadığını bildirmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam olaraq mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası qətnamənin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. MPM-in 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş AZE 13777950 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Hacıqabul rayonunun Meyniman kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 21 iyun 2019-cu il tarixli inventarizasiya nəticələrinə dair akta əsasən ziyanın məbləği 9684 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh keçən dövr ərzində cavabdehə 604,70 manat güzəşt edilmiş və hazırda cavabdehin "xxxx" MMC-yə 9080 manat məbləğində borcu qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti təmin olunaraq qətnamə ləğv olunmalı, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (ƏM) 10-cu maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işə götürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. ƏM-in 72-ci maddəsinin “c” bəndinə görə təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. ƏM-in 70-ci maddəsinin “ç” bəndi işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasını əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edlilməsi əsaslarından biri kimi müəyyən etmişdir. ƏM-in 199-cu maddəsinin 1-ci hissəsin “a” və “ç” bəndlərinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda, işçi qanuna zidd hərəkətləri ilə əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işə götürənə digər üsulla qəsdən ziyan vurduqda, vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. MM-in 14.1 və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. MM-in 386.1-ci maddəsinin məzmununa görə öhdəliyin əmələ gəlmə əsaslarından biri də zərər vurulmasıdır. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Habelə, MPM-in 76.1-ci və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. İddiaçı tərəfindən nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilmişdir. Tərtib olunmuş inventarizasiya aktında cavabdehin imzası olmadığından, cavabdehin həmin çatışmazlıqlara dair izahatı alınmadığından, ümumiyyətlə həmin aktların cavabdehin iştirakı ilə tərtib olunması, yaxud çatışmamazlığı qeyd olunan malların cavabdehə təhvil verilməsi sübuta yetirilmədiyindən mötəbər sübut kimi qəbul oluna bilməz. Əmək Məcəlləsinin tələbinə görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir, habelə tərəflər maddi ziyanın məbləğini və onun vurulduğunu sübut etməyə borcludur. Beləcə, hazırkı iddia tələbinin hüquqi əsasını təşkil edən delikt öhdəliyinin yaranması üçün cavabdehin iddiaçıya zərər vurması və buna görə məsuliyyət daşıması iş üzrə müəyyən edilmiş işin faktiki halları və mötəbər sübutlarla təsdiqini tapmalıdır. Zərərin vurulması faktı toplanmış yaxud məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən (aşkar) edildikdən sonra delik öhdəliyinin kompensasiya etmə (bərpaedici) funksiyası yerinə yetirilə bilər. Yəni yekunda cavabdehin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işə götürənlə yazılı müqaviləsi əsasında onun üzərinə məbləği dəqiq müəyyən edilmiş və sübuta yetirilmiş ziyana görə tam həcmdə maddi məsuliyyət qoyula bilər. ƏM-in 203-cü maddəsinin tələbinə görə işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır; Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Bundan başqa, ƏM-in 191-ci maddəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmçinin ƏM-in 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Göründüyü kimi, iş materiallarında tərəflər arasında tam maddi məsuliyyət haqqında yazılı müqavilə bağlanmamış və həmin iddiaçının nümayəndəsi məhkəmə iclasında həmin müqavilənin mövcud olmadığını bildirmişdir. Bu səbəbdən də, kollegiya qeyd edir ki, cavabdehin iddiaçı qarşısında vurduğu ziyana görə hər hansı məsuliyyəti istisna edilir. Eyni zamanda, iddia ərizəsində göstərilmişdir ki, Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Lakin qeyd edilən pozuntu faktı ilə bağlı cavabdeh barəsində həmin pozuntunun aşkar edildiyi vaxtdan sonrakı və həmin müəssisədə işlədiyi müddət ərzində hər hansı intizam tənbehinin tətbiq edilməsi iş üzrə müəyyən edilmir. Kollegiya mülki işin müəyyən olunan və yuxarıda sadalanan halları əsasında onu da qeyd edir ki, iddiaçı bir tərəfdən cavabdehin maddi-məsul şəxs olaraq 21 iyun 2019-cu il tarixində aparılan inventarizasiyanın nəticəsi olaraq cəmiyyətə böyük məbləğdə, 9684 manat 70 qəpik məbləğində zərər vurduğunu bildirir, digər tərəfdən isə cavabdehin onun əmlakına maddi zərər vurduğunu bilə-bilə cavabdehi sonuncu inventarizasiya aktının tərtib edildiyi tarixdən sonra -10 iyul 2019-cu il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi (təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əsası) ilə deyil, 68-ci maddəsinin ikinci hissəsinin "a" bəndi (öz xahişi nəzərə alınmaqla) ilə işdən azad edir. Qeyd olunan hal isə iddiaçının tələbinin əsassız olmasının əlavə sübutudur. Bununla yanaşı, məhkəmə kollegiyası Cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi ibarədə ərizə ilə əlaqədar diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının “L.İ.Binnətovanın şikayəti üzrə” 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. İşdən görünür ki, cavabdeh 29 sentyabr 2020-ci il tarixli məhkəmə iclası barədə 24 sentyabr 2020-ci il tarixdə yaşadığı ünvan üzrə – Hacıqabul rayonu Meyniman kəndində Teleqram vasitəsilə məlumatlandırılmışdır. Beləcə, cavabdeh birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunmamış və məhkəmədə gedən icraat barədə məlumatlı olmuşdur. Kollegiya qeyd edir ki, cavabdehin mübahisə predmeti üzrə iddia müddətinin tətbiqinə dair ərizəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən o zaman qəbul oluna və tətbiq edilə bilər ki, cavabdeh birinci instansiya məhkəməsində gedən icraat barədə məlumatsız olsun və iddia müddətinin tətbiqinə dair ərizə apellyasiya baxışı zamanı verilsin, yaxud birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqinə dair ərizə versin, lakin məhkəmə tərəfindən təmin edilməsin. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçını intizmalandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir: üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.” İddia müddətinin tətbiq edilməsi mülki hüquq münasibətlərinin tənzimlənməsində əhəmiyyətli rol oynayır və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Stanyo Belçikaya qarşı" iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquq müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillərin əsaslı olması ilə yanaşı, apellyasiya baxışı zamanı bir daha öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2(071)-337/2020 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı işəgötürənin əmlakına vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-160/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-160/2023
07.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver