Məhkəmə qərarları › İş №2(106)-1608/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1608/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1608/2023 29.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, X6 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh X3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 2(064)-2141/2022 saylı qətnaməsindən cavabdeh X2 nümayəndəsi vəkil X4 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı ASC cavabdeh X3 qarşı məhkəmədə iddia qaldıraraq cavabdehdən iddiaçının xeyrinə 9.935,83 manat əsas borc, 1.742,51 manat faiz borcu olmaqla, cəmi 11.678,34 manat məbləğində borcun və ödənilmiş 125,03 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 2(064)-2141/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək İddiaçı ASC-nin xeyrinə X1 9.935,83 manat əsas borc, 1.742,51 manat faiz borcu olmaqla, cəmi 11.678,34 manat borcun və 125,03 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh X5 ərizə ilə müraciət edərək apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(064)-2141/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, və şikayət mülki iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Apellyasiya şikayəti nəzərdən keçirlərkən məlum olmuşdur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) tələblərinə cavab vermir. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanı mümkünlüyü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası cavabdeh X2 nümayəndəsi vəkil X4 tərəfindən üzrə Füzuli Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 2(064)-2141/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi formasına və məzmununa dair tələblərə əməl edilməmişdir. Belə ki, MPM-in 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer( həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktı hansı hissədə mübahisələndirdiyi; şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Ancaq cavabdehin apellyasiya şikayətinin məzmunundan aşkar olur ki, cavabdeh şikayətində Füzuli Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 2(064)-2141/2022 saylı qətnaməsinin deyil, tam başqa tarixli və nömrəli - Füzuli Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(041)-713/2023 saylı qətnaməsinin ləğvini xahiş etmişdir. Halbuki, həmin qətnamənin indeksindən (yəni, (041) ) onun ümumiyyətlə Füzuli Rayon Məhkəməsinin qətnaməsi olmadığı açıq görünür. Ümumilikdə, apellyasiya şikayətində barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, şikayəti verən şəxsin tələbi və məhkəmə aktını hansı hissədə mübahisələndirdiyi, şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməmişdir. MPM-in 363-cü maddəsində apellyasiya şikayətinin qaytarılması əsasları nəzədə tutulmuşdur. Həmin apellyasiya şikayətinin qaytarılması əsaslarından biri də apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X2 nümayəndəsi vəkil X4 qətnamədən apellyasiya şikayəti verərkən mülki prosessual qanunvericiliklə müəyyən edilmiş apellyasiya şikayətinin formasına dair tələbinə əməl etməmişdir. MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İşə baxan birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq, yalnız həmin normanın tələblərinə cavab verən apellyasiya şikayətini, ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, yanlış olaraq apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğun olması qənaətinə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Füzuli Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 2(064)-2141/2022 saylı qətnaməsindən cavabdeh X2 nümayəndəsi vəkil X4 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilməlidir. MPM-in 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Şərh edilənlərə əsasən və MPM-nin 361, 263-264, 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Füzuli Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 2(064)-2141/2022 saylı qətnaməsindən cavabdeh X2 nümayəndəsi vəkil X4 tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilsin. Cavabdeh X2 nümayəndəsi vəkil X4 tərəfindən verilmiş apellyasiya şikayəti MPM-in 363.1-ci maddələrinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Füzuli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar