Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1610/2023 27.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlunun (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Ağcabədi Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(017)-69/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin 2(017)-69/2023 saylı, 23 yanvar 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 2353 manat **-FY-*** dövlət nömrə nişanlı, “Kia Ceed” minik markalı avtomobilə dəymiş maddi ziyan, inzibati xəta törətdiyinə görə ödənilmiş 326 manat maddi ziyan, müqavilə üzrə ödənilməmiş 300 manat, cəmi 2979 manat pul tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı aid edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli göndəriş məktubu ilə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-69/2023 saylı, 23 yanvar 2023-cü il tarixli qətnaməsinin surəti tərəflərə göndərilmişdir. İş materiallarının 75-ci vərəqində olan poçt xəbərnaməsindən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-69/2023 saylı, 23 yanvar 2023-cü il tarixli qətnaməsinin surəti 30 yanvar 2023-cü il tarixində imzalatdırılmaqla “Dəmirli” soyadı qeyd olunmuş şəxsə təqdim edilmişdir. 02 iyun 2023-cü il tarixində İddiaçı ərizə ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, Ağcabədi Rayon Məhkəməsinə maddi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə müraciət etdiyini, iddia ərizəsinin nəticəsi barədə qətnamənin ona çatmadığını bildirmişdir. İddiaçı ərizəsində qətnamənin surətinin ona göndərilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli göndəriş məktubu ilə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-69/2023 saylı, 23 yanvar 2023-cü il tarixli qətnaməsinin surəti təkrarən İddiaçı göndərilmişdir. İş materiallarının 81-ci vərəqində olan poçt xəbərnaməsindən görünür ki, həmin qətnamənin surəti xx.xx.2023-cü il tarixində xəbərnaməyə imza etdirilməklə adını Fuad kimi qeyd etmiş şəxs tərəfindən qəbul edilmişdir. İddiaçı Dəmirli X1 Rayon Məhkəməsinin 2(017)-69/2023 saylı, 23 yanvar 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti xx.xx.2023-cü il tarixində poçt orqanına təqdim edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(017)-69/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Rəşad Nuriyev) iş üzrə İddiaçı Ağcabədi Rayon Məhkəməsinin 2(017)-69/2023 saylı, 23 yanvar 2023-cü il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti İddiaçı qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-69/2023 saylı, 23 yanvar 2023-cü il tarixli qətnaməsinin surəti 23 yanvar 2023-cü il tarixdə poçt vasitəsilə tərəflərə göndərilmiş və İddiaçı 30 yanvar 2023-cü il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etməklə qətnamənin surətini qəbul etmişdir. Bundan sonra, İddiaçı 02 iyun 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin surətinin təkrarən ona verilməsini xahiş etmiş və 05 iyun 2023-cü il tarixdə qətnamənin surəti təkrarən İddiaçı göndərilmişdir. Buradan da göründüyü kimi, iddiaçı göstərilən qətnamədən apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət keçdikdən sonra, yəni 17 iyul 2023-cü il tarixdə poçta vermişdir. Qərardaddan narazı qalan İddiaçı şikayət vermiş, şikayətində Ağcabədi Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(017)-69/2023 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(017)-69/2023 saylı qətnaməsi rəsmi olaraq ona və ya ailə üzvlərinə təqdim olunmamışdır. Ona görə də 02 iyun 2023-cü il tarixdə rəsmi ərizə ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, həmin qətnamənin surətini istəmişdir. Ağcabədi Rayon Məhkəməsi tərəfindən qətnamənin surəti ona göndərilmişdir. Həmin qətnaməni aldıqdan sonra Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti göndərmişdir. Ancaq Ağcabədi Rayon Məhkəməsinin 2(017)-69/2023 saylı, 24 iyul 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti müddətin ötürüldüyünə görə geri qaytarılmışdır. Ağcabədi Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(017)-69/2023 saylı qətnaməsi ona göndərilməmiş, göndərilmiş olsa belə, iddiaçı və ya ailə üzvləri, icra nümayəndəliyi və ya iş yerinin rəhbərliyi tərəfindən qəbul edilməmişdir. Ağcabədi Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(017)-69/2023 saylı qərardadı ilə Ağcabədi Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(017)-69/2023 saylı qərardadının ləğv olunması barədə iş üzrə İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamış, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə yanaşı, həm də apellyasiya şikayətinin MPMin 10-1.3-cü maddəsinin tələblərinə riayət edilmədən, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməməsi ilə əsaslandırılmışdır. Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 2(017)- 69/2023 saylı, 24 iyul 2023-cü il və 29 avqust 2023-cü il tarixli qərardadları ləğv edilməli və apellyasiya şikayətinin mümkünlüyünün yenidən yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi 24 iyul 2023-cü il tarixli qərardadında iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi nəticəsinə gələrkən, iddiaçının mübahisələndirilən qətnamənin surətini 30 yanvar 2023-cü il tarixində əldə etməsinə istinad etmişdir. Lakin iddiaçı şikayətində bildirir ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-69/2023 saylı, 23 yanvar 2023-cü il tarixli qətnaməsinin surəti 02 iyun 2023-cü il tarixində ərizə ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət etdikdən sonra ona göndərilmişdir. İş materiallarının 75-ci vərəqində isə üzərində “30.01.23” tarixi qeyd edilmiş və “Şəxsən” qrafasının qarşısında “Dəmirli” yazılaraq imzalanmış poçt xəbərnaməsi mövcuddur. Apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxacaq olan məhkəmə qeyd edilən poçt xəbərnaməsindəki imzanın həqiqətən də İddiaçı məxsus olub-olmamasını müəyyən etməli, həmin poçt xəbərnaməsindəki imzanın ona məxsus olmasını və xx.xx.2023-cü il tarixində qətnamənin surətinin iddiaçıya təqdim edilib-edilmədiyini aydınlaşdırdıqdan sonra həmin məsələyə hüquqi qiymət verməlidir. Bununla yanaşı, apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxacaq olan məhkəmə həm də onu araşdırmalıdır ki, qətnamənin surəti təkrarən iddiaçıya göndərdildikdən sonra iş materiallarının 81-ci vərəqində olan poçt xəbərnaməsindən göründüyü kimi 13 iyun 2023-cü il tarixində etibarnamə ilə “Fuad” adlı şəxsə təqdim edilmiş, iddiaçı tərəfindən apellyasiya şikayəti 14 iyul 2023-cü il tarixində poçt orqanına təqdim edilmişdir. Odur ki, apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxacaq olan məhkəmə qətnamənin surətinin təkrarən qəbul edilməsindən sonra da apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin iddiaçı tərəfindən ötürülübötürülməməsi məsələsinə də hüquqi qiymət verməlidir. Məhkəmə kollegiyası həm də onu bildirməyi zəruri sayır ki, Ağcabədi Rayon Məhkəməsi şikayətə baxılması ilə əlaqədar qəbul edilmiş 29 avqust 2023-cü il tarixli qərardadında apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı yeni müstəqil əsas qeyd etmiş, apellyasiya şikayətinin MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi bu hala apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması zamanı qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına dair prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Odur ki, şikayət təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-69/2023 saylı, 24 iyul 2023-cü il və 29 avqust 2023-cü il tarixli qərardadları ləğv edilməli və apellyasiya şikayətinin mümkünlüyünün yenidən yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 385.1.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 385.1.1, 397, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-69/2023 saylı, 24 iyul 2023-cü il və 29 avqust 2023-cü il tarixli qərardadları ləğv edilsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-69/2023 saylı, 23 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yenidən yoxlanılması üçün mülki iş Ağcabədi Rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(106)-1610/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1610/2023
27.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver