Məhkəmə qərarları › İş №2(106)-1613/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1613/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1613/2024 03.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X8 ibarət tərkibdə, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı X4 nümayəndəsi vəkil Nümayəndə2, Cavabdeh iştirakı ilə, X4 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2(020)-564/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: X7 məhkəmədə iddia qaldıraraq Cavabdeh 4450 manat məbləğində borc pulun və 66 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə yaxın münasibətləri olmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə ondan 5000 manat məbləğində borc pul istəmişdir. Həmin vaxt cavabdehə 5000 manat borc pul vermişdir. Cavabdeh ondan borca pul alması barədə öz xətti ilə qəbz yazaraq aldığı borcu 3 aya qaytaracağına söz vermişdir. Cavabdeh borca aldığı puldan ona cəmi 550 manat qaytarsa da, yerdə qalan 4450 manat məbləğində pul borcunu qaytarmamışdır. Ona görə də, cavabdehdən 4450 manat məbləğində borc pulun və 66 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmədə iddianı qəbul etməyib və izahatında göstərib ki, iddiaçıdan 1700 manat borca pul götürmüşdür. Pulu alarkən qəbz vermiş və qəbzi imzası ilə təsdiq etmişdir. İddiaçıdan 1700 manat götürsə də, qəbzə 5000 manat yazmışdır. Onun əmək haqqı kartı 7 ay iddiaçıda qalmış və iddiaçı kartından 2300 manata yaxın pul çıxarmışdır. Lakin hazırda kart onda deyildir və məhkəməyə təqdim edə bilmir. Hazırda onun iddiaçıya heç bir borcu qalmamışdır. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2(020)-564/2024 saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia təmin edilərək cavabdehdən borc qismində 4450 manat və dövlət rüsumunun əvəzi qismində 66 manat məbləğində pul vəsaitinin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı nə 5000 manat pulun ona verməsi, nə də 500 manat pulun qaytarılması barədə məhkəməyə hər hansı bir sübut təqdim etmişdir. Bu halın araşdırılmamasına heç bir əhəmiyyət verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməmişdir. Belə ki, X4 məhkəmə prosesində iştirakı təmin olunmamışdır. Cavabdeh kimi onunda məhkəmə prosesi vaxtı əmək haqqı kartından 7 ay ərzində iddiaçının pul çıxarmasının müəyyən olunması üçün Banka sorğu edilməsi barədə vəsatətinə heç bir əhəmiyyət verilməmişdir. Beyləqan Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli iş 2(020)-564/2024 saylı qətnaməsinin qəbul edildiyi vaxtı xəstə arvadı X3 müalicəsi üçün məcburiyyət qarşısında qaldığından, təcili müalicəyə ehtiyac yarandığından 1700 manat pulu götürərkən 5000 manat pulun götürülməsi barədə qəbzə imza etməyi, buna görə də həmin vaxt əmək haqqı kartını 7 ay ərzində iddiaçı X6 verilməsi və iddiaçı X4 7 ay ərzində onun əmək haqqı kartından 2300 manat pul çıxarması halı yoxlanılmamışdır. Əmək haqqı kartından 2300 manat pulun çıxarılmasının nəticəsidir ki, yazılı qəbzdə qeyd edilmiş 3 ay ərzində iddiaçının hər hansı bir yerə müraciəti olmamışdır. Cavabdeh əvvəlki məhkəmə iclasında bildirmişdir ki, ailə üzvünün səhhəti ilə əlaqədar məcbur qalaraq iddiaçıdan 1700 manat məbləğində faizə borc pul almışdır. Həmin vaxt iddiaçı ona məcburi olaraq 5000 manat məbləğində pulun qəbzinə imza çəkdirmişdir. Bundan sonra o, iddiaçıya olan borcunu qaytarmaq məqsədilə əmək haqqı kartını iddiaçı almışdır. 2022-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr ayı ərzində aylıq 276 manat məbləğində, 2023-cü ilin isə ilk 3 ayı yəni mart ayının sonuna qədər 312 manat məbləğində əmək haqqısı olmuş, həmin müddət ərzində onun əmək haqqı kartını iddiaçı istifadə etsə də, buna qane olmamışdır. İddiaçıya onun əmək haqqı kartından götürdüyü məbləğdən başqa, əlavə ödəniş etməmişdir. Belə ki, 7 ay ərzində iddiaçıya əmək haqqı kartından 2090 manat 92 qəpik məbləğində pul ödəmişdir. Onun əmək haqqı kartı 7 ay ərzində cavabdehin istifadəsində olmuş, 7 aydan sonra o, məcbur olaraq əmək haqqı kartını bağlatdırmışdır. İddiaçı ona 1700 manat məbləğində pul versə də, onun qarşılığında 5000 manat pul tələb edir. Onun iddiaçıdan 1700 manat məbləğində pul alıb, əvəzində 5000 manata məbləğində pulun qəbzinə imza çəkdiyinə dair səs yazısı yaxud videogörüntü qismində heç bir sübutu yoxdur. Birinci instansiya məhkəməsində bank kartının nömrəsini əldə edə bilməsə də, hazırda həmin kartdan çıxarış əldə etmişdir. Hazırkı məhkəmə iclasında bildirmişdir ki, iddiaçı onunla yanaşı digər vətəndaşlara faizə pul verərək çıxılmaz vəziyyətə salmışdır. Aldığı əmək haqqı az olduğu üçün banklar tərəfindən ona kredit verilmədiyi üçün iddiaçıdan ümumilikdə 1700 manat məbləğində pul almışdır. Lakin iddiaçı tərəfindən inandırılaraq 500 manat məbləğində pul almasına dair qəbzə imza atmışdır. Buna səbəb kimi ailə üzvünün səhhətində olan problemə görə 1700 manat məbləğində pula ehtiyacı olduğu göstərmişdir. Qeyd etmişdir ki, 7 ay ərzində əmək haqqı kartı iddiaçıda olmuşdur. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi vəkil Nümayəndə2 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi şəxs cavabdehdən 5000 manat məbləğində pulunu tələb edir. Cavabdehin pula ehtiyacı olan dövrdə o, bankdan da kredit götürə bilərdi, lakin hüquqlarını təmsil etdiyi şəxsdən pul almışdır. Cavabdehin bildirdiyi kimi onun əmək haqqı kartı 7 ay ərzində hüquqlarını təmsil etdiyi şəxsdə olmamış, həmin pulu cavabdeh özü gətirib iddiaçıya əlbəəl vermişdir. Onun əmək haqqı kartı heç vaxt iddiaçıda olmamışdır. Hazırkı məhkəmə iclasında bildirmişdir ki, cavabdeh iddiaçıdan 5000 manat məbləğində pul almasına baxmayaraq, cavabdeh cəmi 550 manat məbləğində pul qaytarmışdır. Cavabdehin izahatında qeyd etdiyi əmək haqqı kartı əgər yoxlanılsa, qeyd edilən dövrlərdə belə bağlı olmuşdur. Cavabdeh iddiaçıya ümumi borc məbləğindən cəmi 550 manat məbləğində pul ödəmişdir. Beyləqan Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Beyləqan Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2(020)-564/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan: Beyləqan RİHB-nin Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 28 iyul 2023-cü il tarixli 1804 saylı arayışından görünür ki, X1 rayonunda qeydiyyatda olmasına baxmayaraq Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 176-da yaşayır. Cavabdeh xx.xx.1963-cü ildə anadan olmuş, Beyləqan şəhəri M.Ə.Sabir küçəsində qeydiyyatdadır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzə əsasən Cavabdeh iddiaçıya 5000 manat borcu olmasına və borcunu 3 aya qaytaracağına dair qəbz vermiş və onu imzası ilə təsdiq etmişdir. İddiaçı ərizəsində cavabdehin ona olan borcundan cəmi 550 manatını geri qaytarıldığını bildirmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər hazırkı qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, həmin dövrdə qüvvədə olan MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Habelə MM-in 740-cı maddəsinin tələbinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qənaətə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Kollegiya iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, apellyasiya şikayətinin təmin edilməsi və Beyləqan rayon məhkəməsinin 01 iyul 2024-cü il tarixli iş 2(020)-564/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur. Habelə Cavabdeh birinci instansiya məhkəməsində ziddiyyətli izahatlar vermişdir. Belə ki, cavabdeh 29 aprel 2024-cü il tarixli məhkəmə iclasında iddiaçıdan 5000 manat məbləğində borc aldığını və həmin pulun 2500 manat hissəsini qaytardığını və bir o qədər də borclu qaldığını göstərmişdir (səh. 23-24). Cavabdeh digər – 01 iyul 2024-cü il tarixli məhkəmə iclasında iddiaçıdan 1700 manat məbləğində borc aldığını bildirmişdir (səh. 39). Qeyd edilənlərə rəğmən cavabdeh iddiaçıya olan borcundan hər hansı məbləğin qaytarılmasına dair sübut təqdim edə bilməmiş və yalnız iddiaçı həmin borcun 550 manat hissəninin verildiyini demişdir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Kollegiya həmçinin qeyd edir ki, MPM-in tələblərindən də göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə olaraq işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Bu baxımdan, apellyasiya şikayətinin dəlilləri üzrə hərtərəfli araşdırma aparılmış və 29 oktyabr 2024-cü il qərardadla cavabdehin vəsatəti əsasında onun adına olan 416974******1613 nömrəli kart (kart hesabı) üzrə 2022-ci ilin sentyabr ayının 1-dən 2023cü ilin aprel ayının 1-dək olan dövr ərzində pul vəsaitinin çıxarılmasına dair bankomat görüntülərinin (foto və video) məhkəməsinə təqdim edilməsi və qərardadın icrasının "xxxx" ASC-yə həvalə edilməsi qərara alınmışdır. Adıçəkilən qərardadın icrası üzrə "xxxx" ASC tərəfindən 20 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktuba görə 1 il öncə formalaşmış bankomat görüntülərinin avtomatik sistem tərəfinmdən silinməsi səbəbindən onların təqdim olunması mümükn olmamışdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14, 76, 77, 89, 372, 376, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2(020)-564/2024 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar