Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1615/2024 30.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddiası üzrə Astara Rayon Məhkəməsinin 2(018)-1073/2023 saylı, 07 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «Borc tələbinə dair» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1687 (bir min altı yüz səksən yeddi) manat, 82 (səksən iki) qəpik əsas kredit borcu, 14 (on dörd) manat, 17 (on yeddi) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 1701 (br min yeddi yüz bir) manat. 99 (doxsan doqquz) qəpik borcu və 37 (otuz yeddi) manat, 02 (iki) qəpik ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli, Rest№012CASA193630025 saylı güzəştli kredit müqaviləsinə əsasən cavabdehə bir il güzəşt müddəti olmaqla, 5 il müddətinə illik 1% dərəcəsi ilə 1687 (bir min altı yüz səksən yeddi) manat, 82 (səksən iki) qəpik məbləğində kredit verilmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 17 may 2023-cü il tarixinə İddiaçı ASC-nə 1687 (bir min altı yüz səksən yeddi) manat, 82 (səksən iki) qəpik əsas kredit borcu, 14 (on dörd) manat, 17 (on yeddi) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 1701 (br min yeddi yüz bir) manat. 99 (doxsan doqquz) qəpik borcu yaranmışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 2(018)-1073/2023 saylı, 07 avqust 2023-cü il tarixli qətnaməsi (Hakim: Mübariz Məmmədov) ilə iddianın təmin edilməsi, Cavabdeh 26 dekabr 2019-cu il tarixli, Rest№012CASA193630025 saylı güzəştli kredit müqaviləsi üzrə 1687 (bir min altı yüz səksən yeddi) manat, 82 (səksən iki) qəpik əsas kredit borcu, 14 (on dörd) manat, 17 (on yeddi) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 1701 (bir min yeddi yüz bir) manat. 99 (doxsan doqquz) qəpik borcu və 37 (otuz yeddi) manat, 02 (iki) ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək, Astara Rayon Məhkəməsinin 2(018)-1073/2023 saylı, 07 avqust 2023-cü il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 394-1.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3-3cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, kollegiya Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Astara Rayon Məhkəməsinin 2(018)-1073/2023 saylı, 07 avqust 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 460.3. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur.. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini-tələbin əsaslı olması və iş materiallarında olan sübutların məcmusuna əsasən təsdiq edilməsi ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymətləndirərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etməyərək, nəticə etibarı ilə maddi və prosessual hüquq normalarının pozuntusu ilə iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Bununla da iddia tələbi üzrə gəlinən nəticənin apelyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsini qaçılmaz etmişdir. Avropa Məhkəməsinin mövqeyinə görə, yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir. (Avropa Məhkəməsinin Hadjianastasiu Yunanıstana qarşı iş üzrə 16 dekabr 1992-ci il tarixli Qərarı; X7rşı iş üzrə 21 yanvar 1999-cu il tarixli Qərarı). Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir (Avropa Məhkəməsinin Hirvisaari Finlandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli Qərarı). Məhkəmə kollegiya iş materiallarında olan aşağıdakı sübutları müəyyən etmişdir: İş materiallarına əlavə olunmuş 26 dekabr 2019-cu il tarixli, Rest№012CASA193630025 saylı güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh bir il güzəşt müdddəti olmaqla, 5 il müddətinə illik 1% dərəcəsi ilə 1687 (bir min altı yüz səksən yeddi) manat, 82 (səksən iki) qəpik məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 17 may 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 24 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1687 (bir min altı yüz səksən yeddi) manat, 82 (səksən iki) qəpik əsas kredit borcu, 14 (on dörd) manat, 17 (on yeddi) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 1701 (br min yeddi yüz bir) manat. 99 (doxsan doqquz) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş №345 saylı pretenziyadan görünür ki, İddiaçı KB ASC ilə cavabdeh arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli, Rest№012CASA193630025 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. İşdə olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmünün surətinə əsasən X8, X9, X18, X5, X10, X16, X1, X13, X2, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəlləri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC tərəfindən isə mülki iddia irəli sürülməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında kredit (borc) münasibətləri olduğundan apelyasiya baxışının predmeti olan kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi səbəbindən cavabdehlərin banka olan borcun olması və borcun qaytarılmaması olmuşdur. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını mülki məcəllənin 739.1, 740, 442, 443-cü maddələri təşkil edir. Qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış və iddiaçının mübahisələndirdiyi 26 dekabr 2019-cu il tarixli, Rest№012CASA193630025 saylı kredit müqaviləsi prezidentin fərmanın icrası ilə əlaqədar bağlanmış kredit müqaviləsidir hansı ki, həmin müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi cavabdehin banka olan borcunun vaxtında ödəmək imkanı olmaması təşkil edir. Belə ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6.1-ci bəndində qeyd olunur ki, bu fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 8.7-ci bəndində qeyd olunur ki, restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Həmin Fərmanın 8.9-cu bəndində qeyd olunur ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, peniya) silinməsi başa düşülür. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əsas məqsədi əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərin artmasına və bu öhdəliklərin yerinə yeirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasının qarşısının alınmasına yönəlmişdir. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. İş materiallarında olan X11 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 178.2.1, 178.2.2, 178.2.4 və 313-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirləndirilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)- 03/2019 saylı 31 may 2019-cu il tarixli hökmündən görünür ki, X18 2013-cü ilin may ayından 2015-ci ilin mart ayınadək olan dövrdə “Bank Respublika" ASC-nin Astara filialının müdiri işləyən X8, həmin filialın kredit mütəxəssisi X9, Astara RİHB-nın Şahağacı kəndi üzrə icra nümayəndəsi X14 və qeyriləri ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, X4 etibar olunmuş özgə əmlakını vahid qəsdlə talama məqsədilə, Rövşən Quliyev, Vüqar Yusifov və qeyriləri ilə aralarında olan razılığa əsasən, bunun üçün müvafiq sxemi və törədilmə üsulunu qabaqcadan müəyyənləşdirməklə, “Bank Respbulika" ASC-də Kənd Kredit Qrupları (K.K.Q) üzrə sifarişlərə baxılmasına dair Təlimatın verdiyi imkandan yararlanaraq, yəni kənd təsərrüfatı ilə məşğul olan və kənd yerlərində daimi qeydiyyatda olan vətəndaşlardan ibarət həmrəy qruplar - kənd kredit qrupları və istehlak kreditləri üzrə özünün və qrupun üzvləri olan, Vüqar Yusifov, Tərifə Ərəbova və qeyrilərinin cəlb etdikləri vətəndaşların adlarına götürüləcək kredit vəsaitinin məbləğinə uyğun olaraq 50- 100 manatını onların özlərinə, qalan hissəsinin isə qrup üzvlərinin hər birinin mövqelərinə, iştiraklarına və rollarına uyğun olaraq aralarında bölüşdürülməsi üçün bir qrupda birləşərək, öz cinayətkar niyyətlərinə nail olmaq üçün, Astara rayonunun Şahağacı, Pensər, Şiyəkəran, Ərçivan, Balaca Şahağacı, Qamışovka və digər kəndlərində yaşayan tanışlarına müraciət edərək, Bank Respublika ASC-nin Astara filialından adlarına kredit rəsmiləşdirilməsinə razılıq vermələrini xahiş etməklə, bəzi hallarda isə vətəndaşlardan, guya sosial müavinət ayrılmasına köməklik göstəriləcəyi adı ilə şəxsiyyət vəsiqələrini əldə edərək, məqsədlərinə nail olmaq üçün məlumatları olmadan adlarına tərtib edilən müvafiq rəsmi sənədlərə tamah niyyətilə bilə-bilə yalan məlumatların daxil edilməsi ilə, cinayətin törədilməsinə, yəni həmin kredit məbləğlərinin özünün, Vüqar Yusifovun və digərlərinin şəxs ehtiyacları üçün, eləcə də, guya bankın fəaliyyəti ilə əlaqədar götürüldüyünü, hər bir kredit üzrə əsas və ona hesablanmış faiz borclarını müəyyən edilmiş qrafikə uyğun olaraq vaxtında özləri tərəfindən ödəniləcəyini bildirib, maneələri aradan qaldıraraq yardım edən Astara rayonu Şiyəkəran kənd sakinləri, o cümlədən hazırki iş üzrə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 029QRUP14 ******* saylı qrup kredit müqaviləsi üzrə ümumilikdə borcalana 3000 AZN məbləğində kredit götürüldüyü pulu rəsmiləşdirməklə, cəmi 1278583.92 manat pul vəsaitini X4 etibar edilmiş Bank Respublika ASC-nin külli miqdarda əmlakını qabaqcadan əlbir olduğu X9 və qeyriləri ilə mənimsəyərək vahid qəsdlə talamış, qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə bilavasitə iştirak etməklə tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmişdir. Kollegiya qeyd edir ki, yuxarıda istinad olunan artıq qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmiş hallar iş üzrə preyudisial əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 029QRUP14 ******* saylı kredit müqaviləsi «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altında düşdükdən sonra, İddiaçı ASC cavabdehin banka olan borcunun vaxtında ödəmək imkanı olmaması əsası ilə cavabdehlə 26 dekabr 2019-cu il tarixli, Rest№012CASA193630025 saylı kredit müqaviləsi bağlanmışdır. Lakin nəzərə almaq lazımdır ki, xx.xx.2014-cü il tarixli 029QRUP14 ******* saylı kredit müqaviləsi qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmiş hallar baxımından kredit müqaviləsi üzrə ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan X11 və qeyrilərinin cinayət əməlini həyata keçirməyə kömək məqsədilə yalnız görünüş üçün bağlanmışdır. Bu isə onu göstərir ki, tərəflər arasında bağlanmış həmin kredit müqaviləsi qanuni qüvvəyə minmiş hökmlə əhəmiyyətsiz əqd hesab edilmişdir. Mülki Məcəllənin 337.3 və 340.1-ci maddələrinə əsasən həmin əqd uydurmadır və məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Eyni zamanda baxılan iş üzrə Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən tələb olunan məbləğin etibarsız əqd üzrə alınanların digər tərəfə qaytarılması qaydasında tutulması da qeyri-mümkündür. Çünki etibarsız əqd üzrə göründüyü kimi cavabdehin kredit götürmək niyyəti olmamış, təqsirləndirilən şəxslərin qanuna zidd hərəkətləri nəticəsində bank ona məxsus əmlakdan məhrum olmuşdur. Belə vəziyyətdə isə bank cinayət işi üzrə icraat zamanı mülki iddia qaldırmasa da sonradan cavabdehə qarşı deyil, hökmlə təqsiri müəyyən edilmiş şəxslərə qarşı iddia qaldırmalı və vurulmuş ziyanın ödənilməsini tələb etməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni ədalətli məhkəmə araşdırılmasının nəticəsi kimi qəbul etməməklə qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti əsaslı hesab edilərək təmin edilməli, Astara Rayon Məhkəməsinin 2(018)-1073/2023 saylı, 07 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası təmin olunmamalıdır Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 2(018)-1073/2023 saylı, 07 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1615/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1615/2024
30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver