Məhkəmə qərarları › İş №2(106)-1617/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1617/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1617/2023 21.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(036)-1652/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 4000 manat məbləğində pulun və 60 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin avqust ayında əkib becərmək məqsədilə Cavabdeh İmişli rayon ərazisində Araz çayı yaxınlığında 35 ha torpaq sahəsini icarəyə götürmüş və bunun müqabilində müxtəlif vaxtlarda 4 dəfəyə hissə-hissə olmaqla bir illik icarə haqqı kimi ümumilikdə 15500 manat pulu cavabdehə vermişdir. Lakin sonrada cavabdeh razılaşmanın baş tutmayacağını bildirərək, 15500 manat pulun 10000 manatını qaytardı, qalan 5500 manatı isə müxtəlif bəhanələrlə başqa vaxtı verəcəyini bildirdi. Cavabdehin 5500 manatı könüllü verməyəcəyini görərək bu barədə İmişli RPŞ-yə şikayət etmiş, bundan sonra cavabdeh 1500 manat pulu qaytardı. Lakin qalan 4000 manat pulu isə maddi imkanı olmadığını bildirərək qaytarmamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 06 dekabr 2022-ci il tarixli qərara əsasən İmişli Rayon Polis X1 aparılan araşdırma zamanı Cavabdeh 2021-ci ilin avqust ayında İddiaçı 15500 manat pul aldığını, razılaşma baş tutmadığından 10000 manatı qaytardığını, qalan pulu isə maddi imkanı olmadığı üçün qaytara bilməməsini göstərmişdir. İmişli Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(036)-1652/2023 saylı qətnaməsi ilə (hakim Telman Quliyev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək Cavabdeh 4000 manat məbləğində pul və 60 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, qətnamənin tam ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı borclu deyildir. İddiaçı ərizəsində də təsdiq etmişdir ki, mübahisə etdiyi pulu 2021-ci ilin avqust ayında əkib becərmək üçün "xxxx" MMC-dən 35 ha icarəyə götürdüyü bir illik icarə haqqı kimi hissəhissə ödəmişdir. Sonra şirkətlə münasibətləri pozulduğundan icarə haqqı kimi verdiyi pulun bir hissəsini geri almış, 4000 manatı qalmışdır. O həmin vaxt şirkətdə direktor işləmiş və sonra işdən çıxmışdır. Şirkətə ödənilən icarə haqqı təsisçi və sahibi Əvəz Şükürova verilmişdir. İddiaçı isə məhkəməyə şirkəti verməli olduğu halda, pulu əsassız olaraq ondan tələb etmişdir ki, bu da düzgün deyil. O, şirkətin borclarına cavabdeh deyildir. İddiaçı əsl cavabdeh kimi "xxxx" MMC-ni məhkəməyə verib verdiyi icarə haqqının geri qaytarılmasını tələb etməli idi. Bu işdə iddia tələbi hüquqi şəxsin vəzifələrinə aiddir və direktor kimi fiziki şəxs olaraq onunla bağlı deyildir. "xxxx" MMC-nin mədaxil-məxaricinə, mənfəətinə nəzarəti, torpaq sahəsini icarəyə verməyi və icarə haqqını mədaxil etməyi təsisçi Əvəz Şükürov edirdi və müqavilə pozulduqda, icarə pulu onun tərəfindən qaytarılmalıdır. MPM-in 54.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, iddia iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işi xitam etmədən cavabdehi əsl cavabdeh ilə əvəz edə bilər. Qanunvericiliklə təqdim olunmuş bu imkandan istifadə etmədən məhkəmə əsl olmayan cavabdehə yönəlmiş tələbləri təmin etməklə nəticə etibarı ilə onun hüquqlarını pozan qətnamə çıxarmışdır. Məhkəmə tərəfindən iddiaçı ilə onun deyil, torpaq sahəsini icarəyə verən "xxxx" MMC arasında icarə haqqı sövdələşməsi olduğu halı aydınlaşdırılmadığı üçün onun iddiaçının göstərdiyi məbləğdə borcunun olması sübut edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə etmiş və İmişli Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(036)-1652/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə kollegiyası tərəfindən işə baxılarkən müəyyən edilmişdir ki, Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumata əsasən Cavabdeh vergi ödəyici olan fiziki şəxsdir, vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 8 saylı Beyləqan Ərazi İdarəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla vergi ödəyicisi kimi qeydiyyatdadır (VÖEN:**********). Həmçinin İddiaçı da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 5 saylı Şirvan Ərazi İdarəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla vergi ödəyicisi kimi qeydiyyatdadır (VÖEN: **********). Beləcə, hazırkı mübahisə kommersiya fəaliyyəti ilə bağlıdır. Beləliklə, hazırkı mübahisədə tərəflər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkarlardır. Onların arasında yaranan münasibətlər sahibkarlıq fəaliyyətindən irəli gəlir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Bundan başqa, mülki işlərin məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi MPM-in 31-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Beləliklə, kollegiya hesab edir ki, hazırkı iş kommersiya mübahisəsi hesab olunduğundan aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, mahiyyəti üzrə baxılması üçün iş materialları məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 31, 32, 385.1, 387.2.1, 387.2.9-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(036)-1652/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya qaydasında şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar