Məhkəmə qərarları › İş №2(106)-1618/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1618/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1618/2024 23.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(049)-1014/2021 saylı qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1014/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 005R********** saylı kredit razılaşması üzrə 18870,9 manat əsas, 4370,92 manat məbləğində faiz borcu və 1000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 24241,82 manat, 005R********** saylı kredit razılaşması üzrə 24573,69 manat məbləğində kredit borcu, 5305,21 manat məbləğində faiz borcu və 2000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 31878,9 manat, iki kredit razılaşması üzrə ümumilikdə cəmi 56452,59 manat kredit borcunun, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manatın və ödənilmiş xidmət haqqının əvəzi olaraq 21 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 41 saylı 5 mərtəbəli evin 45,62 kv.m ümumi, 31,22 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 10 saylı mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satışa çıxarılması, əmlakların ilkin satış qiymətinin 51000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakın hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılması və cavabdehlər Cavabdeh2 və Cavabdeh4 həmin mənzildən çıxarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 07 fevral 2022-ci ildə apellyasiya şikayəti vermişdir. Lənkəran Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(049)-1014/2021 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1014/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Daha sonra Cavabdeh1 yenidən qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə əlavə etmişdir. Lənkəran Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(049)-1014/2021 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1014/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddət bərpa edilmiş, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2024-cü il tarixli, 2(106)-1098/2024 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin və mülki işin Lənkəran Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2(049)-1014/2021 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(049)-1014/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qaytarılmışdır. Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2(049)-1014/2021 saylı qərardadı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məxsus şəxsi elektron kabinetə 01 avqust 2024-cü ildə yerləşdirilmişdir. 01 avqust 2024-cü ildə Cavabdeh1 yenidən Lənkəran Rayon Məhkəməsinin 2(049)- 1014/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qətnaməsindən yenidən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(049)-1014/2021 saylı qərardadı ilə (sədrlik edən hakim Kamran Süleymanov) Lənkəran Rayon Məhkəməsinin 2(049)-1014/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş vəsatət təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1014/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət bərpa edilmiş, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qəbul edilərək işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti şikayət vermiş, şikayətində Lənkəran Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(049)-1014/2021 saylı qərardadının ləğv edilməsini və Cavabdeh1 apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi ərizəsinin rədd edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzrsüz səbəblərdən ötürülmüşdür və müddətin bərpa edilməsi üçün əsas yoxdur. “"xxxx" ASC-nin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2006-cı il tarixli Qərarında qeyd edilir ki, qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun “Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” 13 fevral 2007-ci il tarixli Qərarında qanuni qüvvəyə minmiş qərarların mübahisələndirilməsi ilə əlaqədar hüquqi mövqeyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Cavabdeh1 qətnaməni 2021-ci ildə rəsmi qaydada almış, lakin qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti verməmişdir. Bütün bu qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddət cavabdeh tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür, müddətin bərpası üçün heç bir əsas yoxdur, ona görə də qərardad ləğv edilməli və müddətin bərpası barədə ərizə təmin edilməməlidir. Belə ki, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə haldır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Cavabdehin məhkəmə mübahisələrinin davam etdiyi 2 ildən artıq müddətdə bu barədə məlumatsız olması qətiyyən ağlabatan deyildir. Fiziki və hüquqi şəxslər tərəfindən hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Cavabdehin məqsədi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına mane olmaqla kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərin icrasından yayınmaq və əlavə vaxt qazanmaqdan ibarətdir. Mülki Məcəllənin 382-ci maddəsinin tələblərinə görə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və s) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Hazırki iş üzrə isə qanunvericiliyin müəyyən etdiyi belə bir müstəsna hal mövcud deyildir. Lənkəran Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(049)-1014/2021 nömrəli qətnaməsi poçt vasitəsi ilə bütün cavabdehlərin, o cümlədən Cavabdeh1 qeydiyyatda olduğu ünvana göndərilmiş, sifarişli poçtla göndərildiyindən digər şəxslər qətnaməni almış və qətnamənin alınmaması barədə zərf qətnamə ilə birlikdə məhkəməyə geri qaytarılmamışdır. Həmçinin, iş materiallarından görünür ki, məhkəmə tərəfindən iş icra olunması üçün Lənkəran rayon İcra Şöbəinə göndərilmiş və icra şöbəsi tərəfindən Cavabdeh1 könüllü vaxt verilməklə icraata başlamaq haqqında qərar Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Bundan başqa qeyd edilməlidir ki, Lənkəran Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(049)- 1014/2021 nömrəli qətnaməsinin icra edilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 41, mənzil 10-a yönəldilmiş, əmlak açıq hərracdan satılaraq xx.xx.2024-cü il tarixli çıxarışla İddiaçı QSC-nin mülkiyyətinə keçmişdir. Cavabdehin məqsədi artıq qanuni qüvvəsini almış və icra mərhələsində olan qətnamənin icrasına və İddiaçı QSC-nin mülkiyyətində olan əmlakın boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsinə süni maneələr yaratmaq, bank qarşısında öhdəliklərin icrasından yayınmaq və mümkün qədər vaxtı uzatmaqdan ibarətdir. Apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə məhkəməyə daxil olmuşdur və müddətin bərpa edilməsi üçün üzrlü hal yoxdur. Cavabdehlərin qətnamənin qəbul edildiyi tarixdən 2 ildən artıq müddət keçdikdən sonra heç bir əsas olmadığı halda ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsi qanunsuz və əsassızdır. Bundan əlavə qeyd edilməlidir ki, cavabdehlərlə bank arasında məhkəmə mübahisələri artıq bir neçə ildir ki, davam edir və işlə bağlı müxtəlif məhkəmələr tərəfindən çoxsaylı qərarlar qəbul edilmişdir. Məhkəmə tərəfindən müddətin bərpa edilməsi barədə ərizəyə baxılarkən nə poçt xidmətinə sorğu verilmiş, nə də icra şöbəsində 2 il bundan əvvəl çıxarılmış qətnamənin icrasının hansı mərhələdə olması barədə heç bir tədbir görülməmişdir. Qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Bütün bu qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin müddətin bərpası barədə ərizəsində qeyd etdiyi hallar üzrlü səbəb kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Məhkəmə tərəfindən sübutlar tam, hərtərəfli şəkildə araşdırılmamışdır. İş materiallarında olan cavabdehlərin qətnaməni rəsmi qaydada almasını təsdiq edən sübutlar, həmçinin qətnamənin icrası barədə hallar araşdırılmamış və bu hallara qiymət verilməmiş, icra işi tələb edilib araşdırılmamışdır. MPM-in 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. MPM-in 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən olunmuş müddət ərzində apellyasiya şikayəti verməmişdir. Cavabdehin 2018-ci il tarixindən 6 ildən artıq müddət keçdikdən sonra heç bir səbəb olmadan ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsi qanunsuz və əsassızdır. Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(049)-1014/2021 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı Lənkəran Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(049)-1014/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan İddiaçı QSC tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(049)-1014/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Lənkəran Rayon 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı QSC-nin iddiası qismən təmin edilmiş, həmin qətnamədən Cavabdeh1 tərəfindən 07 fevral 2022-ci ildə apellyasiya şikayəti verilsə də, Lənkəran Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Daha sonra Cavabdeh1 yenidən qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə əlavə etmişdir. Lənkəran Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1014/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddət bərpa edilmiş, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. X1 Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2024-cü il tarixli qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin və mülki işin Lənkəran Rayon Məhkəməsinə qaytarılması qərara alınmış, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinin əsası kimi onun “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməməsi göstərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qərardadı əsasında Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2(049)-1014/2021 saylı qərardadı ilə qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qaytarılmış, həmin qərardad Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məxsus şəxsi elektron kabinetə 01 avqust 2024-cü ildə yerləşdirilmişdir. Dərhal sonra 01 avqust 2024-cü ildə Cavabdeh1 yenidən Lənkəran Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsindən yenidən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli qərardadı ilə isə vəsatət təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət bərpa edilmiş, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qəbul edilərək işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı QSC şikayət versə də, Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan İddiaçı QSC tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırda müəyyən olunur ki, İddiaçı QSC tərəfindən Lənkəran Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(049)-1014/2021 saylı qərardadı mübahisələndirilməmişdir. Halbuki, Lənkəran Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün Cavabdeh1 tərəfindən buraxılmış prosessual müddət ilk dəfə həmin qərardadla bərpa edilmişdir. Həmin qərardad iddiaçının elektron kabinetə yerləşdirilmiş olsa da, iddiaçı öz hərəkətsizliyi ilə həmin qərardadla razılaşdığını göstərmiş, Cavabdeh1 tərəfindən müddətin üzrlü səbəblərdən buraxıldığını qəbul etmişdir. Lakin sonradan Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayəti əvvəlcə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2024-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş, daha sonra Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli qərardadının Cavabdeh1 nümayəndəsinin elektron kabinetinə yerləşdirildiyi gün (01 avqust 2024-cü ildə) yenidən apellyasiya şikayətinin və onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin elektron kabinetə yüklənilməsi onu göstərir ki, Cavabdeh1 apellyasiya şikayətinin geri qaytarılması üçün əsas olmuş halları dərhal aradan qaldırmaqla, müddətin yubadılmasına çalışmamışdır. Bundan başqa, qanunvericilik apellyasiya şikayətinin geri qaytarılmasına əsas olmuş nöqsanlı halların aradan qaldırılmasından sonra yenidən ümumi qaydada apellyasiya şikayəti vermək imkanını nəzərdə tutmuş, Cavabdeh1 isə bu hüquqi imkandan istifadə etmişdir. Belə olan halda isə Lənkəran Rayon Məhkəməsi 12 avqust 2024-cü il tarixli, 2(049)-1014/2021 saylı qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizəni təmin etməkdə haqlı olmuşdur. Qeyd edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair ərizəni təmin etməklə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan iddiaçının şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Sadalananlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən 12 avqust 2024-cü il tarixli qərardad qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmişdir, bu səbəbdən də məhkəmənin 12 avqust 2024-cü il tarixli, 2(049)-1014/2021 saylı qərardadı qanuni və əsaslıdır. Odur ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(049)-1014/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(049)-1014/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar