Məhkəmə qərarları › İş №2(106)-1619/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1619/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1619/2025 25.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(056)-1885/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2561.92 ABŞ dolları əsas borc, 950.15 ABŞ dolları faiz borcu, 2702.17 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üçün (Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenum qərarına əsasən) hesablanmış 375.48 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 123.61 manat pulun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 02 iyul 2014-cü il tarixli 420005822№-li Kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 8720 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 02 iyul 2014-cü il tarixli 420005822/ZM №-li Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. 02 iyul 2014-cü il tarixli ********* №-li Kredit müqaviləsinə 11 iyun 2015-ci il tarixdə 258/15-PR nömrəli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə borcalana) verdiyi kreditin qalıq məbləği 7042.53 ABŞ dolları təşkil edir. Kreditin müddəti 11 noyabr 2018-ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. 02 iyul 2014-cü il tarixli 420005822№-li Kredit müqaviləsinə 31 may 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 8743.3 ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 6308,42 ABŞ dolları əsas borc, 2067.72 ABŞ dolları faiz borcu və 367.16 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu X2 tarixdən etibarən illik 8 faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-N-41-5543/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Nurəddin Bağırov) iddia qismən təmin edilərək İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı Kredit müqaviləsindən və həmin Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 258/15-PR saylı və xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişlərdən yaranmış 2561.92 ABŞ dolları əsas borc, 950.15 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddətindən sonrakı dövr üçün hesablanmış 375.48 ABŞ dolları faiz borcu, ümumilikdə isə 4087.55 (dörd min səksən yeddi dollar əlli beş sent) ABŞ dolları məbləğinin (1 ABŞ dollarının məzənnəsi 1,40 manat əsas götürülməklə) Azərbaycan manatı ilə pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 80 manat hissəsinin Cavabdeh2 tutulub ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 420005822/ZM saylı Zaminlik müqaviləsindən yaranmış Cavabdeh1 zaminliyinə xitam verilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən – mübahisələndirilən hissəsində (1 ABŞ dollarının məzənnəsi 1,40 (bir manat qırx qəpik) manat əsas götürülməklə) ləğv edilərək həmin hissəyə “qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla” ifadəsi əlavə edilməklə dəyişdirilməsini xahiş etmişdir. İŞİNHALLARİ: Cavabdeh2 və İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi əsasında 36 ay müddətinə illik 25% olmaqla 8720 ABŞ dolları məbləğində kreditin Cavabdeh2 verilməsi razılaşdırılmışdır. xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi əsasında ayrılmış kredit Restrukturizasiya edilmiş, qalıq borc 7042.53 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Daha sonra ********* N-li 02 iyul 2014-cü il tarixli Kredit müqaviləsinə 31 may 2017- ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit") 8743.3 (səkkiz min yeddi yüz qırx üç ABŞ dolları 3 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 6308,42 (altı min üç yüz səkkiz ABŞ dolları 42 sent) ABŞ dolları əsas borc, 2067.72 (iki min altmış yeddi ABŞ dolları 72 sent) ABŞ dolları faiz borcu və 367.16 (üç yüz altmış yeddi ABŞ dolları 16 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. Bu Sazişin imzalandığı tarixdən etibarən ödəniş qrafiki üzrə borcalan tərəfindən faiz dərəcəsi illik 8% müəyyən edilmiş və manatla ediləcək ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları = 1.4 manat məzənnəsi əsas götürülməklə qəbul edilir. İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 420005822/ZM saylı Zaminlik müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli ********* saylı Kredit müqaviləsi və həmin müqavilə üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 258/15-PR saylı və xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişlər üzrə borc alan Cavabdeh2 öhdəliyinin təminatı olaraq Cavabdeh1 zamin olaraq restrukturizasiya olunmuş və müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli ********* saylı müqavilə üzrə 2561.92 ABŞ dolları əsas, 950.15 ABŞ dolları faiz, 2702.17 ABŞ dolları cərimə, Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 375.48 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6589.72 ABŞ dolları borcu yaranmışdır. xx.xx.2014-cü il tarixli 420005822/ZM saylı Zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borcalan Cavabdeh2 krediti vaxtında qaytarmamasına görə məsuliyyət daşıyır. İddiaçı ASC ilə borc alan Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014cü il tarixli 420005822/ZM saylı Zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borcalan Cavabdeh2 krediti vaxtında qaytarmamasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2014-cü il tarixli ********* saylı Kredit müqaviləsinə 31 may 2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişə əsasən xx.xx.2014-cü il tarixli ********* saylı Kredit müqaviləsi əsasında kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən yanlışlığa yol verərək 1 ABŞ dollarının 1.40 manat məzənnəsini əsas götürməklə öhdəliyin manatla ödənilməsini hesab etmişdir. Lakin məhkəmənin bu qərarı qanunvericiliyin tələblərinə ziddir, çünki qanunvericilik xarici valyuta ilə müəyyən olunmuş öhdəliklərin ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə yerinə yetirilməli olduğunu müəyyən edir. Tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 2.2-ci maddəsinə görə mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. MM-in 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-in 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mübahisəli hüquq münasibətlərinin baş verdiyi dövrdə qüvvədə olmuş MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tərkibi diqqətə çatdırır ki, Mülki Məcəllənin 6.1-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin məcəllənin 390-cı maddəsinə uyğun olaraq, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Başqa sözlə, onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu baxımdan, tərəflərin iradə azadlığı əsasında istənilən müqavilə bağlana bilər. Qeyd edilməlidir ki, müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Beləliklə, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər. Müqavilənin düzgün müəyyənləşdirilməsi üçün onun məzmununun, ondan irəli gələn hüquq və vəzifələrin, onun bütün şərtlərinin düzgün anlaşılmasının böyük əhəmiyyəti vardır. Tərəflərin hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdikləri müəyyən olunmalı, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bunun üçün bütün hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və tərəflərin sonrakı davranışları nəzərə alınmalıdır. O da qeyd edilməlidir ki, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 29-cu maddəsinin 2-ci bəndi, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 8-ci maddəsinin 1 “a” yarımbəndi və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi də ümumi rifah tələblərinin ödənilməsi, başqalarının hüquq və azadlıqlarının, eləcə də ümumi marağın qorunması məqsədilə müqavilə azadlığının məhdudlaşdırılmasını mümkün edir. Ancaq müqavilə azadlığının məhdudlaşdırılması ədalətlilik tələblərinə cavab verməli, adekvat, mütənasib, müvafiq və konstitusiya əhəmiyyətli dəyərlərin, o cümlədən başqa şəxslərin fərdi və ümumi hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün zəruri olmalıdır. Məhkəmə tərkibi diqqətə çatdırır ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin MM-in 16.1-ci madəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Bütün bunlarla bərabər, məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də Dürüstlük qaydasıdır. Bir hüquqdan Dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir və yuxarıda qeyd edilən və araşdırılan dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-1619/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar