Məhkəmə qərarları › İş №2(106)-1625/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1625/2023

25.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1625/2023 25.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Zeynalov Faiq Şəkixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-663/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 2(106)-3108/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay 120 manat alimentin artırılaraq 220 manat sabit pul məbləğində müəyyən edilərək cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 2(106)-3108/2021 saylı qətnaməsinə əsasən Astara Rayon Məhkəməsini 28 iyul 2021-ci il tarixli, 2(018)-962/2021 saylı qətnaməsi ləğv edilmiş, Cavabdeh 01 yanvar 2011-ci il təvəllüdlü X8 və 30 dekabr 2011-ci il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatana kimi hər ay hər uşağa görə 120 manat, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 30 dekabr 2011-ci il təvəllüdlü X10 12 noyabr 2022-ci il tarixdə durğunluq ürək çatışmazlığından vəfat etmişdir. Hazırkı dövrdə həmin pulla uşaq saxlamaq qeyrimümkündür. İddiaçı isə heç bir yerdə işləmir. Astara Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(018)-663/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim İlqar Məmmədov) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(018)-663/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Astara Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(018)-663/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi barədə” iddiası təmin edilməmişdir. İşin faktiki halları ilə iddia tələbi ziddiyyət təşkil edir. Məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərəfli araşdırılmadan, sübutlarla təsdiq edilmədən hüquqi əsası olmayan qətnamə qəbul edilib. Məhkəmənin qətnamədə qeyd etdiyi müəyyən etdiyi hallar işin həqiqi halını təsdiq etmir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 2(106)-3108/2021 saylı qətnaməsinə əsasən Astara Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(018)-962/2021 saylı qətnaməsi ləğv edilmiş, Cavabdeh 01 yanvar 2011-ci il təvəllüdlü X8 və 30 dekabr 2011-ci il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşlarına çatana kimi hər ay hər uşağa görə 120 manat, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. 30 dekabr 2011-ci il təvəllüdlü X10 12 noyabr 2022-ci il tarixdə durğunluq ürək çatışmazlığından vəfat etmişdir. Hazırkı dövrdə həmin pulla uşaq saxlamaq qeyri-mümkündür. İddiaçı isə heç bir yerdə işləmir. Cavabdeh uşağı ilə maraqlanmır. Məhkəmə uşağın saxlanılması üçün təyin edilmiş 120 manat alimentin hal-hazırkı dövrdə həddən az olmasını nəzərə almamışdır. 01 yanvar 2011-ci il təvəllüdlü X8 firəvan yaşamaq hüququ vardır. Bu halın məhkəmə tərəfindən araşdırılmalı olması məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə onu nəzərə almayıb. Məhkəmə heç bir araşdırma aparmadan iddia tələbini təmin etməmişdir. Hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. İddiaçı hüququndan istifadə edərək müxtəlif sübutları məhkəməyə təqdim etmişdir. İşin faktiki hallarından görünür ki, məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarı aşağıdır. Həmin məbləğlə uşağı sağlam və firəvan böyütmək çox ağırdır. Uşağın yaşamaq hüququ cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. MPM-in 88-ci maddəsinin tələbləri də məhkəmə tərəfindən pozularaq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan qiymət verilib. Azyaşlı Elgizin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Lakin məhkəmə iş üzrə əhəmiyyətli hesab edilən bu halı araşdırmamışdır. 01 yanvar 2011-ci il təvəllüdlü X11 on aylıq olandan bugünə kimi iddiaçının yanındadır. Artıq uşağın 12 yaşı vardır. Azyaşlı Elgiz iddiaçının yanında xoşbəxtdir və onun atasının yanında qalması, uşağın atasının yanında qalacağı tədqirdə onun gələcəkdə təhlükəsizliyinin təmin edilməsi üçün heç bir mötəbət sübut əlavə edilməmişdir. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı qaydada etiraz vermişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, o, iddiaçının apellyasiya şikayətini qəbul etmir və onun verdiyi apellyasiya şikayəti əsassızdır. Belə ki, uşağın atası cavabdehdir. Lakin iddiaçı uşağı ona göstərmir. Hətta məhkəmələrin qətnamələri 4 ildən çoxdur ki, icra olunmur. Astara rayon İcra şöbəsinə heç bir ərizə verməsə də, şöbə işi icra etmədən geri qaytarmışdır. Sonradan cavabdehə məlum olmuşdur ki, guya ərizə vermişdir. Əslində isə belə bir ərizə verməmişdir. Məcburiyyət qarşısında qalıb qətnamənin icrasının təzələnməsi üçün Astara Rayon Məhkəməsinə 2 dəfə ərizə vermişdir. Hazırda icra şöbəsi uşağın cavabdehə verilməsi üçün icra hərəkətləri aparır. Lakin iddiaçı, yəni uşağın xalası doğma uşağının cavabdehə verilməsindən yayınır, hər dəfə bəhanələr gətirir. İddiaçı cavabdehin pulu ilə zənginləşmək istəyir. Əgər o, uşağa baxa bilmirsə, uşağı cavabdehə versin. Bu səbəbdən o, azyaşlı uşaqları olan 01 yanvar 2011-ci il təvəllüdlü X8 və 30 dekabr 2011-ci il təvəllüdlü X6 İddiaçı alınaraq ona verilməsi barədə Astara Rayon Məhkəməsinə iddia ilə müraciət etmişdir. 10 iyul 2018-ci ildə Astara Rayon Məhkəməsinin 2(018)-720/2018 saylı qətnaməsi ilə 01 yanvar 2011-ci il təvəllüdlü X8 və 30 dekabr 2011-ci il təvəllüdlü X6 İddiaçı alınıb Cavabdeh verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 mart 2019-cu il tarixli qərarı ilə Astara Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi qüvvədə qalmışdır. Göründüyü kimi, uşaqlar xalaları İddiaçı alınaraq ataları Cavabdeh verilməli idi. Lakin Astara rayon İcra şöbəsi bugünədək qətnaməni icra etməmişdir. Səbəb isə odur ki, Astara RİHB yanında Qəyyumluq və Himayə Komissiyası 25 iyul 2019-cu il tarixli, 269 saylı rəy vermişdir. Həmin rəydə guya göstərilmişdir ki, uşaqların xalanın evində dünyaya gəldiyi, xalanın qayğısı ilə böyüdüyü, xalaya və bir-birinə bağlı olduğu müəyyənləşdirilmişdir. Bunlar hamısı yalandır. Belə ki, cavabdeh 2009-cu ildə arvadı Mətanət Allahverdiyeva ilə ailə qurmuş, həmin münasibətdən iki uşaqları doğulmuşdur. Onlar 2015-ci ilə kimi bir yerdə yaşamış, uşaqları bir yerdə böyütmüşlər. Lakin arvadı Mətanət Allahverdiyeva böyrək çatışmazlığından əziyyət çəkdiyinə görə İddiaçı evinə getmişdir. Cavabdeh 2016-cı ildə də uşaq tələbi ilə bağlı Astara Rayon Məhkəməsinə iddia vermişdir. Hesab edir ki, Qəyyumluq və Himayə Komissiyasının 25 iyul 2019-cu il tarixli, 269 saylı rəyi tamamilə əsassız olaraq verilmişdir. Uşaqlar ata nəvazişi görmədikləri üçün artıq onlardan biri xalası İddiaçı evində ölmüşdür. Hələ də Astara Rayon Məhkəməsinin qətnaməsi icra olunmamışdır. Astara Rayon Məhkəməsinin qətnaməsinin yenidən icraya göndərilməsi barədə qərardad qəbul edilmişdir. Astara Rayon Məhkəməsi işi araşdırmış və qətnamə qəbul etmişdir. Heç kim iddiaçıdan soruşmur ki, niyə uşağı cavabdehə vermir? Cavabdeh heç bir yerdə işləmir. İddiaçı onun savadsız olmasından istifadə edir. Ona görə də alimentin artırılması haqqında iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək onun təmin edilməsini xahiş etdi. O bildirdi ki, cavabdeh onun mərhum bacısının əri olmuşdur. X7 07 aprel 2018-ci ildə vəfat etmişdir. Mərhum bacısının uşaqları onun yanında doğulmuş, doğulduqdan sonra onun yanında böyümüşlər. Astara RİHB-nin Sərəncamı ilə bacısı uşaqları olan Elgiz və Ulvira 2021-ci ilin may ayından onun qəyyumluğuna verilmişdir. O, həmin uşaqların saxlanılması üçün cavabdehdən aliment tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün cavabdehdən hər ay bir uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Lakin uşaqlardan biri – Ulvira Cövzizadə 2022-ci ilin noyabr ayında vəfat etmişdir. Ulviranın ölümündə onun heç bir təqsiri olmamışdır. Belə ki, o, anadagəlmə dializ xəstəsi olmuş və xroniki böyrək çatışmazlığı səbəbindən vəfat etmişdir. X9 himayəsindədir və onun saxlanılması üçün 120 manat kifayət etmir. Uşaq atasını tanımır və atasının yanında qalmaq istəmir. Astara Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsinin icrasına da o mane olmur. Hər dəfə icra məmuru icra tədbirinin həyata keçirilməsi məqsədi ilə onu çağırdıqda uşaqla birlikdə şöbəyə getsə də, uşaq atasının yanına getməkdən imtina edir. Odur ki, Elgiz Cövzizadənin saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsini və cavabdehdən tutularaq ona verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. İddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 2(106)-3108/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(018)-962/2021 saylı qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh 01 yanvar 2011-ci il təvəllüdlü X8 və 30 dekabr 2011-ci il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşlarına çatana kimi hər ay hər uşağa görə 120 manat, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının 25 iyun 2021-ci il tarixdən hesablanması qət edilmişdir. İşdəki AZ-İİ 276098 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07 aprel 2018-ci ildə ölmüşdür. İşdəki Astara RİHB-nin 20 may 2021-ci il tarixli, 45 nömrəli Sərəncamından çıxarışın surətindən görünür ki, 01 yanvar 2011-ci il təvəllüdlü X8 və 30 dekabr 2011-ci il təvəllüdlü X6 xalaları İddiaçı qəyyumluğuna verilməsi, qəyyumluğun may 2021-ci il tarixdən qeydə alınması qərara alınmışdır. İşdə surəti olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2019-cu il tarixli, 2(102)-1571/2019 saylı qərarının məzmunundan görünür ki, Astara Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2(018)-720/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “uşaq tələbinə dair” iddiası təmin edilərək, 01 yanvar 2011-ci il təvəllüdlü X8 və 30 dekabr 2011-ci il təvəllüdlü X6 cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli, 2(106)-3047/2018 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Astara Rayon Məhkəməsinin 10 iyul 2018ci il tarixli, 2(018)-720/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2019-cu il tarixli, 2(102)-1571/2019 saylı qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli, 2(106)-3047/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İşdə surəti olan Astara Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 8(018)- 56/2023 saylı qərardadından görünür ki, həmin qərardadla tələbkar Cavabdeh tərəfindən verilmiş ərizə qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2(018)-720/2018 saylı icra sənədi 01 yanvar 2011-ci il təvəllüdlü X8 İddiaçı alınıb Cavabdeh verilməsi hissəsində yenidən icraya yönəldilmişdir. İşdəki Astara rayon İcra və Probasiya şöbəsinin 31 iyul 2023-cü il tarixli, 323 nömrəli məktubundan görünür ki, Astara Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2(018)-720/2018 saylı icra sənədi 02 may 2023-cü il tarixində Astara rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədinin tələbinə əsasən 01 yanvar 2011-ci il təvəllüdlü X11 və 30 dekabr 2011-ci il təvəllüdlü X10 borclu İddiaçı alınıb tələbkar Cavabdeh verilməlidir. İcraat zamanı məlum olmuşdur ki, uşaqlardan X10 vəfat etmişdir. İcra sənədi icraatda olmaqla X8 Cavabdeh təhvil verilməsi istiqamətində icra tədbirləri davam etdirilir. Beləliklə, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh və X3 nikahından 01 yanvar 2011-ci il təvəllüdlü X11 və 30 dekabr 2011-ci il təvəllüdlü X10 doğulmuşdur. X4 07 aprel 2018-ci ildə ölmüşdür. Bundan sonra, uşaqlar xalaları olan İddiaçı himayəsində qalmışlar. Astara Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2(018)-720/2018 saylı qətnaməsi ilə 01 yanvar 2011-ci il təvəllüdlü X8 və 30 dekabr 2011-ci il təvəllüdlü X6 İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli, 2(106)-3047/2018 saylı qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2019-cu il tarixli, 2(102)-1571/2019 saylı qərarı ilə həmin nəticə dəyişdirilmədən saxlanılmışdır. Lakin həmin qətnamə icra olunmamışdır. Astara RİHB-nin 20 may 2021-ci il tarixli, 45 nömrəli Sərəncamı ilə 01 yanvar 2011-ci il təvəllüdlü X8 və 30 dekabr 2011-ci il təvəllüdlü X6 xalaları İddiaçı qəyyumluğuna verilməsi, qəyyumluğun may 2021-ci il tarixdən qeydə alınması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 2(106)-3108/2021 saylı qətnaməsi ilə Cavabdeh 01 yanvar 2011-ci il təvəllüdlü X8 və 30 dekabr 2011-ci il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşlarına çatana kimi hər ay hər uşağa görə 120 manat, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının 25 iyun 2021-ci il tarixdən hesablanması qət edilmişdir. X10 12 noyabr 2022-ci ildə vəfat etmişdir. Bundan sonra, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 2(106)-3108/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay 120 manat alimentin artırılaraq 220 manat sabit pul məbləğində müəyyən edilərək cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı öz tələbini əsaslandırarkən həmin pulla uşağın saxlanılmasının qeyri-mümkün olmasına və özünün işləməməsinə istinad etmişdir. Cavabdeh isə iddiaya etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Astara Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2(018)-720/2018 saylı qətnaməsinin icrasına mane olur, oğlunun ona verilməsini təmin etmir və əgər iddiaçı uşağı saxlamaqda çətinlik çəkirsə, onu atasına versin. Astara Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 8(018)-56/2023 saylı qərardadı ilə tələbkar Cavabdeh tərəfindən verilmiş ərizə qismən təmin edilərək, Astara Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2(018)-720/2018 saylı icra sənədi 01 yanvar 2011-ci il təvəllüdlü X8 İddiaçı alınıb Cavabdeh verilməsi hissəsində yenidən icraya yönəldilmişdir. Hal-hazırda həmin icra sənədi Astara rayon İcra və Probasiya şöbəsinin icraatında olmaqla X8 Cavabdeh təhvil verilməsi istiqamətində icra tədbirləri davam etdirilir. Göründüyü kimi, iddiaçı hal-hazırda 01 yanvar 2011-ci il təvəllüdlü X8 qəyyumu olsa da, onun saxlanılmasında çətinlik çəkir. Həmçinin, X12 Allahverdiyevadan alınaraq öz valideyni (atası) olan Cavabdeh qaytarılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və hazırda həmin qətnamənin icrası ilə bağlı icra tədbirləri davam etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.7-ci maddəsinə əsasən, qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olan uşaqların, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.12-ci və 118.13-cü maddələrinə uyğun olaraq övladlığa götürmək istəyən şəxsin ailəsində sınaq müddəti ilə yerləşdirilən uşaqların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. MM-in 38.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxs valideynlərinə qaytarıldıqda və ya övladlığa götürüldükdə qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini öz vəzifələrinin icrasından azad edir. Mülki Məcəllənin 38.3-cü maddəsinə əsasən, üzrlü səbəblər olduqda (xəstəlik, əmlak vəziyyətinin dəyişməsi, qəyyumluqda olanla qarşılıqlı anlaşmanın yoxluğu və i.a.) qəyyum və ya himayəçi öz xahişi ilə vəzifələrinin icrasından azad edilə bilər. Qeyd edilən müddəalardan da göründüyü kimi, qəyyum qəyyumluğunda olan uşağın saxlanılması vəzifəsini də daşıyır. Əgər onun maddi vəziyyətində dəyişiklik baş verərsə və o, uşağın saxlanılmasını təmin edə bilməzsə, öz xahişi ilə bu vəzifənin icrasından azad edilə bilər. Eyni zamanda, MM-in 38.1-ci maddəsi baxımından da nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş və icra edilməsi üçün tədbirlər davam etdirilən Astara Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2(018)-720/2018 saylı qətnaməsi icra olunduqdan, yəni 01 yanvar 2011-ci il təvəllüdlü X11 öz valideyni olan atası cavabdehə qaytarıldıqdan sonra da iddiaçı özünün qəyyum vəzifəsinin icrasından azad ediləcəkdir. Bu halları nəzərə alan məhkəmə kollegiyası bildirir ki, hazırda 01 yanvar 2011-ci il təvəllüdlü X2 üçün Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2021ci il tarixli, 2(106)-3108/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin artırılmasına zərurət yoxdur və cavabdehin apellyasiya şikayətinə etirazının dəlilləri həmin hallarla bağlı hissədə əsaslıdır. Bundan başqa, məhkəmə kollegiyası bildirir ki, aliment məbləğinin artırılmasına dair iddialar üzrə tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi çıxış edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsini və həmin maddənin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddiaçı aliment məbləğinin artırılmasına dair iddia ilə məhkəməyə müraciət edərkən, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 2(106)-3108/2021 nömrəli qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində artımın olması ilə bağlı sübutları təqdim etməli idi. Lakin iddiaçı üzərinə düşən bu sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, və yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası MPM-in 402.1-ci maddəsi baxımından onu da qeyd etməyi zəruri sayır ki, hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 2(018)-663/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar