Məhkəmə qərarları › İş №2(106)-1625/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1625/2024

08.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1625/2024 08.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Şirvan Şəhər Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutuması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh dəymiş ziyana görə 6979,65 manat sığorta ödənişinin, ödənilmiş 89,79 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh idarə etdiyi ** FL *** dövlət qeydiyyat nişanlı “QAZ 2410” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü ilə sığortalanmış ** XE *** dövlət qeydiyyat nişanlı “Nissan SUNNY” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** XE *** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmiş, ** XE *** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtomobilə dəymiş zərər qiymətləndirilmiş, zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən vurulmuş zərər 6979,65 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”-na əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından 6979,65 manat məbləğində sığorta ödənişi (5914,96 manat nəqliyyat vasitəsinin ehtiyat hissələri və təmir xərcləri, 1064,69 manat ƏDV olmaqla) avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası olmadığından xx.xx.2021-ci il tarixində 6979,65 manat subroqasiya hüququ əsasında ödənilmiş məbləğin geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməmiş və verdiyi izahatında bildirmişdir ki, ziyan dəymiş avtomobilin hissələri düzgün göstərilməyib və həmin hissələrin qiyməti həddindən artıq şişirdilmişdir. Odur ki, iş üzrə əmtəəşünaslıq ekspertizası keçirilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin (hakim S.Məmmədova) 23 aprel 2024-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası qismən təmin edilmiş, Cavabdeh dəymiş ziyana görə 5601 (beş min altı yüz bir) manat, 46 (qırx altı) qəpik pul və ödənilmiş 72 (yetmiş iki) manat dövlət rüsumu, 0.40 (qırx) qəpik xidmət haqqı alınaraq "xxxx" ASC-yə verilməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 80 (səksən) manatın Cavabdeh, 20 (iyirmi) manatın isə iddiaçı "xxxx" ASC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096, 1097.1, 1108.1,1108.2, 936.2, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.2-ci maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə müvafiq araşdırma aparılaraq iddia tələbi əsasında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/10171 saylı rəyindən görünür ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 122373 nömrəli qüsur aktında 2009cu il buraxılışlı, ağ rəngli, “Nissan Sunny” markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 4747 manat müəyyən edilir. Həmin ekspert rəyi ilə qətiyyən razı deyil. Ona görə ki, avtomobilə naturada onun iştirakı ilə baxış keçirilməmişdir. Həmin ekspertiza rəyini o şübhə altına alır. Təqdim edilmiş sübutlar üzrə məhkəmə işə heç bir araşdırma aparmadan, bu sübuta hüquqi münasibət bildirmədən baxmış, yalnız öz formal mülahizələrinə əsaslanmışdır. Hesab edir ki, Şirvan şəhər məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya şikayəti əsasında araşdırma aparılmalı və həmin əsaslarla yeni qətnamə qəbul edilməlidir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, şikayət əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, sığortalı avtomobil əziləndə ona göstərməmişlər. Maşına usta baxıb və 7000 manat pul yazılmışdır. Həmin məbləğ çoxdur. Odur ki, ziyanın məbləğin azaldılmasını xahiş edir. İddiaçı tərəf apellyasiya baxışında iştirak etməmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə işə iddiaçının təmsilçisinın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş, hazırki iş üzrə Cavabdeh idarə etdiyi ** FL *** dövlət qeydiyyat nişanlı “QAZ 2410” markalı avtomobil ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü sığortalanmış ** XE *** dövlət qeydiyyat nişanlı “Nissan SUNNY” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixdə zərər vurulmuşdur. Şirvan şəhər Polis Şöbəsinin YPX-nin baş inspektor polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2021-cu il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 339.1-1, 327.6 və 332.4-cü maddələrinin tələblərini pozmuşdur. “Nissan Sunny” markalı ** XE *** dövlət qeydiyyat nişanlı avtomobil “Kasko” sığorta növündə xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək 12.000 manat məbləğində sığortalanmışdır. Bu barədə xx.xx.2021-ci il tarixli sığorta aktı vardır. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”-na əsasən 6979,65 manat məbləğində sığorta ödənişi (5914,96 manat nəqliyyat vasitəsinin ehtiyat hissələri və təmir xərcləri, 1064,69 manat ƏDV olmaqla) avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İddiaçı subroqasiya qaydasında cavabdehdən ziyanın ödənilməsini tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 936.2, 1097.1 və 1108.1-ci maddələri təşkil edir. İddiaçının tələbi keçərlidir. Məhkəmə Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.2-ci maddəsi). Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qanunun tələbinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.2). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yol nəqliyyat hadisəsinin baş verməsi, Cavabdeh YNH-nin baş verməsində təqsirli olması, sığorta ödənişinin verilməsi mübahisələndirilməmişdir. Cavabdeh tərəf avtomobilə dəymiş ziyanın hesablanmış miqdarı ilə razı olmadığını bildirmişdir. İş üzrə vurulmuş ziyanın məbləği ilə bağlı yol-nəqliyyat hadisələrinin texniki ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/10171 saylı rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli, 122373 nömrəli qüsur aktına uyğun olaraq ekspertiza keçirilmiş, ekspert rəyinə görə, 2009-cu il buraxılışlı, ağ rəngli, “Nissan Sunny” markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 4747 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini sübut olaraq qəbul etmişdir. Cavabdeh apellyasiya şikayətində ekspert rəyi ilə razı olmadığını, avtomobilə naturada onun iştirakı ilə baxış keçirilmədiyini qeyd etmişdir. Lakin işin hallarından görünür ki, zərərvuran avtomobilin təmirini könüllü həyata keçirmədiyindən təmir üçün müvafiq məbləğ "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Avtomobil artıq təmir edildiyindən ekspert ziyanın miqdarını iş materialları əsasında hesablamışdır. Cavabdeh ekspert rəyi ilə ümumi şəkildə razı olmadığını bildirsə də, yenidən ekspertiza keçirilməsinin zəruriliyini əsaslandırmamışdır. Ona görə də Kollegiya yenidən müvafiq ekspertiza keçirilməsi üçün əsas görməmişdir. Kollegiya cavabdehin mübahisələndirilən hissədə etirazını əsaslı saymır. Çünki cavabdeh etirazında özü də vurulmuş ziyanın miqdarı və ya yenidən hesablanması ilə bağlı hər-hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, Kollegiyanın qənaətinə görə, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 392 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası, qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(032)-90/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın Qətnamədən Qanunla müəyyən edilmiş qaydada 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar