Məhkəmə qərarları › İş №2(106)-1634/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1634/2023

24.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1634/2023 24.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Tofiq oğlu və X3 qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 2(020)- 92/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh1 Tofiq oğlunun ərizəsinin rədd edilməsinə dair Beyləqan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 2(020)- 92/2022 saylı qərardadından Cavabdeh1 Tofiq oğlu tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏNETDİ: Beyləqan Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 2(020)-92/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1 Tofiq oğlu və X2 müştərək qaydada 31371 manat dəymiş zərərin və 185 manat dövlət rüsumunun alınıb İddiaçın verilməsi qət edilmişdir. Cavabdeh1 Tofiq oğlu ərizə ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək məhkəmənin 03 mart 2022-ci il tarixli qətnaməsinin ona çatdırılmamasını və həmin qətnamənin ona verilməsini xahiş etmiş, ərizə 13 mart 2023-cü il tarixdə Beyləqan Rayon Məhkəməsinə daxil olmuşdur. Cavabdeh Məmmədli X4 Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsinin surətini 14 mart 2023-cü il tarixdə rəsmi qaydada almışdır. Cavabdeh1 Tofiq oğlu həmin qətnamədən 19 aprel 2023-cü il tarixdə apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməmiş hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 2(020)-92/2022 saylı qərardadına əsasən Cavabdeh1 Tofiq oğlunun Beyləqan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 2(092)-92/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin rədd edilməsi, apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 Tofiq oğlu və onun nümayəndəsi Vəkil qərardaddan şikayət verərək, Beyləqan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 2(020)-92/2022 saylı qərardadının ləğv edilərək, Beyləqan Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 2(020)-92/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddətin buraxılmasını üzrlü hesab edərək müddəti bərpa edib, mülki işin apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli 2(020)-92/2022 saylı qərardadına əsasən Cavabdeh1 Tofiq oğlu və onun nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətdə göstərilmişdir ki, Beyləqan Rayon məhkəməsi işə baxarkən onların iştirakını təmin etmədən 03 mart 2022-ci il tarixli 2(020)-92/2022 saylı qətnaməsi ilə iddianı təmin etmiş, həmin qətnamə onlara rəsmi olaraq göndərilməmişdir. Həmin qətnaməni o 14 mart 2022-ci il tarixdə Beyləqan rayon məhkəməsindən ərizə verərək götürmüşdür. Həmin qətnamədən apelyasiya şikayəti verərək və eyni zamanda müddətin bərpası barədə ərizəni apelyasiya şikayəti ilə birlikdə Beyləqan Rayon Məhkəməsinə göndərmişdir. Beyləqan Rayon Məhkəməsi onun və vəkilinin iştirakını təmin etmədən müddətin bərpası barədə ərizəyə baxmış, 05 may 2023-cü il tarixli qərardadla apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin bərpasından imtina etmişdir. Məhkəmə imtinanı qətnamənin ona sifarişli poçt vasitəsi ilə göndərilməsini və müddətin bərpası barədə ərizəsində qətnaməni məhkəmədən ərizə verərək, götürdüyünü bildirməyimə istinad etmişdir. Qətnamənin ona göndərilməsi və çatdırılması barədə iş materiallarında heç bir sübut yoxdur, eyni zamanda həmin qətnamə üzrə ona icra şöbəsindən heç bir bildiriş və çağırış gəlməmişdir. Həmin qətnamədən xəbərsiz olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli 2(106)-1634/2023 saylı qərardadına əsasən şikayətə tərəflərin iştirakı ilə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmədə İddiaçı şikayətə etiraz edərək, hazırkı iş üzrə Beyləqan Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 2(020)-92/2022 saylı qətnaməsi qanunidir və icra olunmaqdadır. Cavabdehlər də bundan məlumatlıdırlar və cavabdeh tərəfindən ondan apellyasiya şikayəti verilməsi vaxtın uzadılması məqsədi daşıyır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış apellyasiya şikayətini vermiş cavabdehlər məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehlərin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, Cavabdeh1 Tofiq oğlu və onun nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 2(020)-92/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materialları ilə müəyyən edilir ki, Beyləqan Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli 2(020)-92/2022 saylı qətnaməsi qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edildikdən sonra 09 mart 2023-cü il tarixdə Cavabdeh1 Tofiq oğlunun Xəzər rayonu Qala qəsəbəsi X8 döngə 8 ünvanına poçt vasitəsilə göndərilmişdir (səh. 74). Bundan başqa, işdən görünür ki, cavabdeh Məmmədli X4 Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 2(020)-29/2022 saylı qətnaməsinin surətini məhkəməyə rəsmi qaydada müraciət etməklə 14 mart 2023-cü il tarixdə ərizəyə imza etməklə almışdır (səh. 79). Qeyd edilənlərlə yanaşı kollegiya diqqətə çatdırır ki, işdə olan Beyləqan rayon İcra və Probasiya şöbəsinin Tələbin könüllü icrası haqqında 13 iyun oktyabr 2022-ci il tarixli və Bakı şəhər Xəzər rayon İcra və Probasiya şöbəsinin Tələbin könüllü icrası haqqında 31 oktyabr 2022-ci il tarixli Bildirişlərindən aşkar olur ki, Cavabdeh1 Tofiq oğlu imza edərək onları 17 yanvar 2023-cü il tarixdə qəbul etmişdir. Eyni zamanda, həmin tarixdə Cavabdeh1 Tofiq oğlu izahat verərək, o, adıçəkilən qətnamədən ancaq 17 yanvar 2023-cü il tarixdə məlumatlı olduğunu, məhkəmə iclasının onun iştirakı olmadan keçirildiyini, Beyləqan Rayon Məhkəməsinə müraciət edib qətnaməni rəsmi qaydada aldıqdan sonra həmin qətnamədən apellyasiya şikayəti verəcəyini qeyd etmişdir. Ancaq iş materiallarından müəyyən edilir ki, Cavabdeh1 Tofiq oğlunun qeyd edilən qətnamədən vermiş olduğu apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizəsi 19 aprel 2023-cü il tarixdə poçt vasitəsilə Beyəqan Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İş materiallarından görünür ki, Cavabdeh1 Tofiq oğlu məhkəmənin mübahisə olunan qətnaməsindən apellyasiya şikayəti müddətini üzrlü səbəbdən ötürməsini göstərsə də, bu halı təsdiq edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, məhkəmə tərəfindən çıxarılmış hər hansı qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir. Kollegiya eyni zamanda, diqqətə çatdırmağı zəruri hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Beyləqan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 2(020)-92/2022 saylı qərardadından Cavabdeh1 Tofiq oğlu və onun nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 2(020)-92/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Beyləqan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 2(020)-92/2022 saylı qərardadından Cavabdeh1 Tofiq oğlu və onun nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 2(020)-92/2022 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar