Məhkəmə qərarları › İş №2(106)-1635/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1635/2023

26.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1635/2023 26.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Sulidin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(072)-389/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı "aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 16 sentyabr 2017-ci il tarixdə ailə qurmuşdur. Onların rəsmi nikahından 16 iyul 2018-ci ildə "Pünhan” adlı 1 (bir) oğlan uşağı anadan olmuşdur. Düzdür, ailə qurduqdan sonra bir müddət ərzində onların arasında mehriban ər- arvad, ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ər-arvad, o cümlədən, ailə münasibətləri pisləşməyə başlamış və müəyyən ailədaxili mübahisələrə görə onların rəsmi nikahına xitam verilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 498/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin rəsmi nikahından 16 iyul 2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 125 (yüz iyirmi beş) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Bayramova (Həsrətova) Fərqanə İsmayıl qızı xeyrinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-715/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 498/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsinin alimentin tutulmasına dair hissədə qismən dəyişdirilməsi və tərəflərin rəsmi nikahından 16 iyul 2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 160 (yüz altmış) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Bayramova (Həsrətova) Fərqanə İsmayıl qızının xeyrinə ödənilməsi qət edilmişdir. Ötən müddət ərzində Cavabdeh ödədiyi 160 (yüz altmış) AZN sabit pul məbləğində aliment hesabına yetkinlik yaşına çatmayan oğlan uşaqları Pünhanın tələbatı ödənilmir. Təbii ki, uşağın böyüməsi ilə əlaqədar onun xərcləri də artır. İddiaçı onu da qeyd edir ki, uşağı saxlamaqda, gündəlik tələbatını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir və onun maddi yardıma ehtiyacı vardır. Bu səbəbdən də, İddiaçı Cavabdeh qarşı "aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 715/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, rəsmi nikahlarından 16 iyul 2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 220 (iki yüz iyirmi) AZN sabit pul məbləğində alimentin və mediatora ödənilmiş 25 (iyirmi beş) AZN məbləğində mediasiya xərcinin tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi X8 iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi Cavabdeh onun oğludur. Cavabdeh İddiaçı ilə 12 yanvar 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 16 iyul 2018-ci ildə "Pünhan” 1 (bir) oğlan uşağı anadan olmuşdur. Düzdür, ailə qurduqdan sonra bir müddət ərzində onların arasında mehriban ərarvad, ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ər-arvad, o cümlədən, ailə münasibətləri pisləşməyə başlamışdır. Müəyyən ailədaxili mübahisələrə görə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-364/2019 saylı, 21 noyabr 2019-cu il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi qət edilmişdir. Bundan başqa, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-498/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin rəsmi nikahından 16 iyul 2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 125 (yüz iyirmi beş) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Bayramova (Həsrətova) Fərqanə İsmayıl qızının xeyrinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 715/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-498/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsinin alimentin tutulmasına dair hissədə qismən dəyişdirilməsi və tərəflərin rəsmi nikahından 16 iyul 2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 160 (yüz altmış) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Bayramova (Həsrətova) Fərqanə İsmayıl qızının xeyrinə ödənilməsi qət edilmişdir. Eyni zamanda, bildirir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, Cavabdeh əvvəllər imkanı daxilində uşaqları Pünhana maddi, mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirmiş və onun ehtiyaclarını qarşılamışdır. Hesab edir ki, İddiaçı iddia etdiyi aliment məbləği də yüksək həddədir. Belə ki, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından 220 (iki yüz iyirmi) AZN sabit pul məbləğində alimenti İddiaçı xeyrinə ödəməyə maddi cəhətdən imkanı çatmır. Lakin Cavabdeh oğlan uşaqları X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından 160-170 AZN sabit pul məbləğində alimenti İddiaçı xeyrinə ödəməyə maddi cəhətdən imkanı çatır. Bu səbəbdən də, Cavabdeh İddiaçı ona qarşı irəli sürdüyü "aliment məbləğinin artırılması” tələbini qismən qəbul edir. Bütün bunları nəzərə alaraq, İddiaçı Cavabdeh qarşı "aliment məbləğinin artırılması” tələbinə dair iddianın qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-715/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılmaqla, tərəflərin rəsmi nikahından 16 iyul 2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 160-170 AZN sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(072)-389/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 715/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 160 (yüz altmış) AZN sabit pul məbləğində alimentin miqdarının 200 (iki yüz) AZN sabit pul məbləği həddində artırılması, tərəflərin rəsmi nikahından 16 iyul 2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən 200 (iki yüz) AZN sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh mediatora ödənilmiş 25 (iyirmi beş) AZN məbləğində mediasiya xərcinin tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat. a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmədə verdiyi izahatında alimentin 220 manat məbləğində müəyyən edilməsi ilə razı olmadığımı bildirərək alimentin əmək haqqından dörddə bir hissədə tutulmasını və ya aliment məbləğinin 160 manat məbləğində dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, "xxxx" MMC-də nəzarətçi işləyir, maaşı 409 manat təşkil edir. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla vəartırıla bilər. Lakin məhkəmə alimentin məbləğini artırarkən iki əlilliyi olan şəxsin onun himayəsində olduğunu qətiyyən nəzərə almayaraq qərəzli mövqe tutmuşdur. Anası hal-hazırda yataq xəstəsidir, əmisinin də tez-tez müalicəyə ehtiyacı yaranır. Bütün bunları o, təkbaşına edir. Aldığı maaşla dolanmaq olduqca çətindir. Evin yeganə qazanc gətirənidir. Alimenti ödəməkdə çətinlik çəkdiyi üçün 2022-ci ildə anasının adına 2400 manat məbləğində kredit götürmüşdür. Kredti götürməkdə məqsədi alimentin ödənişinin yubanmaması, problemdən çıxmağını istəməsi olmuşdur. Onun 160 manatdan artıq aliment ödəməyə imkanı yoxdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Cavabdeh etibarnamə üzrə nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, ailədə yalnız oğlu Sübhan işləyir. Qardaşı və arvadı əlildirlər. Onlara da Sübhan baxır. İddiaçı heç bir yerdə işləmir. O, anasının himayəsində yaşayır. Alimenti vaxtında ödəyirlər. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyillər. Buna görə də həmin qətnamənin ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı tərəf hər hansı bir üzürlü səbəb olmadan məhkəmədə iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini, mübahisələndirilən hissədə, cavabdehin şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını qanunamüvafiq hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə cavabdehin hərbi qulluqçu kimi aylıq sabit qazanc əldə etməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment müəyyən edilməlidir. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi: Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, cavabdehin nümayəndəsinin izahatını, iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, alimentin tutulması məbləği dəyişdirilməlidir. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, həmin apellyasiya şikayətində qeyd olunanlar şikayətin qismən təmin edilməsi və alimentin tutulması məbləğinin dəyişdirilməsi üçün əsaslıdır. Belə ki, iş materiallarında olan notarial qaydada təsdiq edilmiş AZ-İV 072453 №-li, 03 avqust 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 rəsmi nikahından 16 iyul 2018-ci ildə "X7” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-364/2019 saylı, 21 noyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə X4 arasında bağlanmış rəsmi nikaha xitam verilməsi qət edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-498/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin rəsmi nikahından 16 iyul 2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 14 oktyabr 2019-cu il tarixdən etibarən hər ay Cavabdeh qazancından 125 (yüz iyirmi beş) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Bayramova (Həsrətova) Fərqanə İsmayıl qızının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-715/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-498/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsinin alimentin tutulmasına dair hissədə qismən dəyişdirilməsi və tərəflərin rəsmi nikahından 16 iyul 2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 160 (yüz altmış) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Bayramova (Həsrətova) Fərqanə İsmayıl qızının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 343525 №-li, 28 aprel 2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah 18 yanvar 2020-ci il tarixdə ləğv edilmiş və bu barədə akt qeydləri kitabında 5 № ilə qeyd edilmişdir. İş materiallarında olan "ANC GROUP” MMC-nin 43 saylı, 06 iyun 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh cəmiyyətin Nəzarət şöbəsində "nəzarətçi” vəzifəsində işləyir və əmək haqqısı 409 (dörd yüz doqquz) AZN məbləği təşkil edir. İş materiallarında olan AA2029238 saylı, 10 may 2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) AZN məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin miqdarının artırılması və həmin məbləğin cavabdehdən tutulmasına dair hissədə dəyişdirilməli, həmin hissələrdə iddia qismən təmin edilməlidir. İşin faktiki hallarına əsasən İddiaçım qızı və Cavabdeh birgə nikahından 16 iyul 2018-ci ildə X7 adında uşaqları anadan olmuşdur. Cəbrayıl Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün cavabdehdən 125 manat aliment tutulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-715/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq, 160 manat müəyyən edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının artırılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi aliment miqdarının artırılmasını qət edərək, alimenti hər ay 200 manat müəyyən etmişdir. Birinci instansiya məhkəməsi tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları X3 fiziki, psixi və mənəvi inkişafını, mənafeyini, sağlamlığının təmin edilməsini, Cavabdeh uşağın saxlanması üçün aliment ödəmək öhdəliyini, uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, alimentin miqdarının artırılacağı təqdirdə bunun uşağın maddi vəziyyətinə müsbət təsirini, eləcə də, aliment verməyə borclu olan cavabdehin (ata) aliment verməsinə dair maddi imkanlarını və onun razılığını, iddiaçının (ana) uşağın gündəlik tələbatını qarşılamaqda maddi imkansızlığını (...ümumilikdə hər iki valideynin maddi imkanı nəzərə alınmaqla...) nəzərə alaraq, iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin miqdarının artırılması hissədə dəyişdirilməli, uşağın saxlanılması üçün 170 manat məbləğində aliment hər ay cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş"ANC GROUP” MMC-nin 43 saylı, 06 iyun 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh cəmiyyətin Nəzarət şöbəsində "nəzarətçi” vəzifəsində işləyir və əmək haqqı 409 (dörd yüz doqquz) AZN məbləği təşkil edir. Eyni zamanda cavabdehin apellyasiya şikayətində göstərdiyi, himayəsində iki əlilliyi olan şəxsi olduğunu, anasının hal-hazırda yataq xəstəsi olduğunu, əmisinin də tez-tez müalicəyə ehtiyacı yarandığını, aldığı maaşla dolanmaq çətinlik çəkdiyini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdikləri də, qismən əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən cavabdehin hər ay qazancının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Buna əsasən də, qətnamə dəyişdirilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu (cavabdehə münasibətdə 200-30=170; 170x12=2040, iddiaçıya münasibətdə 200-170=30; 30x12=360 ) 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qətetdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(072)-389/2023 saylı qətnaməsi- Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-715/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 160 (yüz altmış) AZN sabit pul məbləğində alimentin miqdarının 200 (iki yüz) AZN sabit pul məbləği həddində artırılması və tərəflərin rəsmi nikahından 16 iyul 2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən 200 (iki yüz) AZN sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə ödənilməsi hissələrində dəyişdirilsin. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-715/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 160 (yüz altmış) AZN sabit pul məbləğində alimentin miqdarı 170 (yüz yetmiş) AZN sabit pul məbləği həddində artırılsın. Tərəflərin rəsmi nikahından 16 iyul 2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən 170 (bir yüz yetmiş) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar