Məhkəmə qərarları › İş №2(106)-1637/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1637/2024

17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1637/2024 17.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: maddi ziyan tələbi X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(050)-169/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi ziyana görə 8500 manat və 105 manat dövlət rüsumu, cəmi 8605 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin əvvəllərində internet vasitəsi ilə Almaniya Federativ Respublikasından "Volvo” markalı FH500 yük maşını taparaq Rəşad adlı şəxslə maşını alıb ona göndərməsi üçün razılaşaraq həmin maşını almışdır. Rəşad adlı şəxs aldığı "Volvo” markalı FH500 yük maşınını Cavabdeh Bakıya ona çatdırması üçün etibar etmişdir. Cavabdeh pul qazanmaq məqsədilə onun icazəsi olmadan Belarus Respublikasından keçən zaman maşına əlavə yük vurmuş, vurulmuş əlavə yük isə Rusiya Federasiyasının ərazisində dağılmış və nəticədə maşınına 5000 ABŞ dolları (8500 manat) dəyərində zərər dəymişdir. Cavabdeh Rusiya Federasiyasında olarkən onun anlamaması üçün maşına dəymiş ziyanı yüngülvari təmir etdirərək ört-basdır etmiş, lakin sonradan Bakı şəhərində maşına yük vuran zaman bəlli olmuşdur ki, maşına ciddi ziyan dəymişdir. Qeyd edilən təfərrüatları Cavabdeh Bakı şəhəri Suraxanı RPİ-də də izahatı alınan zaman səmimi olaraq etiraf etmişdir. Lakin cavabdeh ona vurduğu ziyanı ödəməkdən boyun qaçırır. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1097.3 və 1115-ci maddələrinə istinad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı Almaniya Federativ Respublikasından Rəşad adlı şəxsin vasitəsi ilə "Volvo” markalı FH500 yük maşını və "Kogel S 24-1” yarımqoşqu markalı nəqliyyat vasitəsi almışdır. Maşının pulunun bir qismini bank vasitəsi, bir qismini isə Eminə Rəşada çatdırılması üçün nağd qaydada vermişdir. Avtomobili Emin sürüb gətirməli idi. Emini Rəşad sürücü kimi avtomobili Azərbaycan Respublikasına çatdırmaq üçün dəvət etmişdir. Emin avtomobilin ona məxsus olmasından məlumatlı olmuşdur. Emin Belarus Respublikasında onun icazəsi olmadan maşına yük vurmüşdur. Yük yolda aşmış, maşının qoşqusu zədə almışdır. Emin zədələnmiş hissəni yolda yüngülvari düzəltdirmiş, sonra maşını gətirib ona vermişdir. Avtomobilin zədələnmiş hissəsini gözlə görmək mümkün olmamışdır. Bir ay maşına yük vurmamışdır. Sonra Türkiyə Respublikasına gedərkən maşında problem yaranmışdır. Eminin icazəsiz maşına vurduğu yükün aşması nəticəsində avtomobildə yaranmış problemə görə avtomobilin qoşqusundan istifadə edə bilmir. Cavabdehin hərəkəti nəticəsində ona zərər dəymişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etmədiyindən, onun mövqeyi bəlli olmamışdır. Masallı Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(050)-169/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 5259 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumuna görə ödənilmiş pul vəsaitinin 72.59 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyərləri olan 50 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, o, Turala məxsus “Volvo” markalı yük maşınını idarə etmişdir, Belarus Respublikası ərazisində Turalın razılığı ilə maşına yük vurmuşdur, o, sadəcə sürücü funksiyasını icra etmişdir, yolda yük sürüşməsi nəticəsində yük yerinin sağ ön qolu əyilmiş və onda orada həmin hissəni təmir etdirmişdir, daha sonra Azərbaycana gəlmişdir və maşını Turala təhvil vermişdir. Baş vermiş hadisə ilə bağlı Turala məlumat vermişdir. Ümumiyyətlə onun ucbatından hadisə baş verməmiş, yükün daşınmasına o, cavabdeh deyildir, Turalla aralarında belə razılaşma və ya müqavilə yoxdur, o, sadəcə sürücü olmuşdur, avtoqəza törətməmişdir və ya başqa xəta etməmişdir. Ondan sonra Tural həmin maşınla iki dəfə Türkiyə Respublikasına getmişdir. Buna görə də onun dəymiş ziyanda təqsiri yoxdur. Təqsirim olmadığı üçün ziyanın ondan tutulması da qanuni deyildir. Dəymiş ziyanla təqsir arasında səbəbli əlaqə olmalıdır. O, vurmadığı ziyana görə məsuliyyət daşımır. O, avtomobili sağlam vəziyyətdə Turala təhvil vermişdir, avtomobil Gömrük orqanında keçirilmiş və Turala təhvil verilmişdir. Bu zaman avtomobil yoxlanışdan keçmişdir və gömrüyə sürülərək gətirilmişdir. Əgər avtomobildə həqiqətən qeyd olunan zədələr vardısa bu zaman avtomobilin bir neçə ölkədən sürülərək gətirilməsi mümkün deyildir. Məhkəmə işə formal yanaşdığı üçün belə qətnamə qəbul etmişdir. Dəymiş ziyanın onun tərəfindən vurulmasını sübut etmək iddiaçının vəzifəsidir, iddiaçı ərizəsində etiraf edir ki, maşına yük vurulmuş, maşın əzilmiş, onun tərəfindən düzəldilmiş, ona təhvil verilmiş və daha sonra yenidən yük vurduqda əzilməsi məlum olmuşdur. Qeyd olunan maşın yük maşınıdır və əgər həqiqətən zədələr vardısa bunu məndən təhvil alarkən iddiaçı görərdi, iddiaçı özüdə etiraf edir ki, yük maşınını ondan aldıqdan sonra yenidən yük vuran zaman qüsur aşkar olunmuşdur, məhkəmə necə müəyyən edə bilərdi ki, bu halda həmin ziyanı o vurmuşdur, bəlkə iddiaçı ondan sonra avtomobili özü zədələmiş və onun üzərinə atmaq istəyir, əsas odur ki, o, avtomobili iddiaçıya qüsur olmadan təhvil vermişdir, ondan sonra nəyin olması, necə olması qüsur yaranmasına görə o, məsuliyyət daşımır və ondan ziyan tutula bilməz. Məhkəmə təkcə sübut olaraq onun polis şöbəsində vermiş olduğu izahatı əsas tutaraq qətnamə qəbul etmişdir, halbuki, həmin sübutun hansı şəraitdə əldə olunması məlum deyildir və o, ümumiyyətlə polisdədə həmin ziyanın onun tərəfindən vurulmasını etiraf etməmişdir. Buna görə də məhkəmə həmin izahatı sübut kimi qəbul edə bilməzdi. Məhkəmə dəymiş ziyanın mövcud olub-olmadığını, onun tərəfindən vurulması barədə sübutun olub-olmadığını və məhz onun tərəfindən həmin qüsurun yaradılıbyaradılmamasını aydınlaşdırmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə vəsatət göndərərək, iş üzrə əlavə ekspertizanın keçirilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası vəsatəti əsaslı hesab etməmiş, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin və yaxud da dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, "Volvo” markalı FH500 yük markalı **-LA-*** və **- YD-*** dövlət qeydiyyat nişanlı "Kogel S 24-1” yarımqoşqu markalı nəqliyyat vasitələri İddiaçı tərəfindən Almaniya Federativ Respublikasından alınmış və Cavabdeh tərəfindən Azərbaycan Respublikasına çatdırılmışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, istehsal tarixi 2015-ci il olan **-YD-*** dövlət qeydiyyat nişanlı “Kogel S 24-1” yarımqoşqu markalı nəqliyyat vasitəsi İddiaçı adına xx.xx.2023-cü ildə sənədləşdirilmişdir. Qaimə-fakturadan görünür ki, göndərici Belarus Respublikası, Mostı şəhəri, Sovetskaya küçəsi, ev 38 ünvanında qeydiyyatda olan "MOSTOVDREV” MMC alıcı Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, PQT-Qaraçuxur-40-42/60 ünvanında qeydiyyatda olan "MAHA GROUP” MMC-yə xx.xx.2023-cü il tarixdə 20673 kq çəkisi olan, 1408,428 kv.m olan DVP yükü və 1105 kq çəkisi olan 75,348 kv.m olan DVP yükü göndərmiş və yol vərəqəsi sürücü Cavabdeh adına verilmişdir. Əliyev X1 RPİ-də xx.xx.2023-cü il tarixdə verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı şəxsən tanımır. Onu Almaniyada yaşayan Rəşad adlı tanışının vasitəsi ilə tanımışdır. Turalın aldığı "Volvo” markalı yük maşınını sürücü olaraq gətirmişdir. Belarus Respublikası ərazisində Azərbaycan Respublikasına çatdırılması üçün yük vurmuşdur. Yükü Rəşadın razılığını aldıqdan sonra vurmuşdur. Rusiya Federasiyasında yük yerində olan yükün sürüşməsi nəticəsində yük yerinin sağ ön qolu əyilmişdir. O, yaranmış nasazlığı hadisə baş verən yerdə tam şəkildə təmir etdirmişdir. Bakıya gəlib maşını Turala təhvil vermiş və yolda baş vermiş qəzayla bağlı məlumat vermişdir. O, da qəbul edərək yük maşınını ondan təhvil almışdır. Maşını Turala verdikdən sonra Tural 2 dəfə Türkiyə Respublikasına getmiş və heç bir problem olmamışdır. Tural Rəşada olan 3200 evro borcunu hadisəyə görə verməmişdir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının reyestrinə daxil olmuş müstəqil ekspert X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydə göstərilir ki, yük daşıma zamanı yüklər doğru-düzgün bərkidilib bağlanılmadığı üçün hərəkət və tormuzlanma zamanı yüklər arxaya və önə hərəkət edərək TENTLİ FURQON olan yarımqoşqunun ön bort hissəsini yararsız hala salmışdır. KOGEL YARİMQOŞQU (Tentli- Furqon) markalı, ** YD *** dövlət nömrə nişanlı, ban №WK0S**********079, 2015-ci il buraxılışdan, boz gümüşü rəngdə, İddiaçı mülkiyyətində olan yarımqoşquya dəyən ziyanın məbləğini təyin etmək üçün yerində baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, yarımqoşquya zərbə iç ön hissədən dəymişdir. Avtomobilin tam sökülüb yığılmasına sərf olunan, işlərin dəyəri ehtiyyat hissələr - 6987 manat, təmir-bərpa işləri- 1530 manat, cəmi 8517 manat təşkil edir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-3796/2023 saylı qərardadından görünür ki, iş üzrə ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert qarşısında aşagıdakı sual qoyulmuşdur: Mülki iş materiallarında olan sənədlərə əsasən "Koegel s 24-1” yarımqoşqu markalı **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin məbləği nə qədərdir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2024-cü il tarixli, 9/208 saylı ekspert rəyindən görünür ki, iş materialında olan xx.xx.2023-cü il tarixli "Qüsur akt"ı məlumatlarına əsasən 2015-ci il buraxılışlı maksimal kütlə 35000 kq, "Kögel S24-1" markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O, cümlədən:

1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 7987 manat, o, cümlədən: -Dəyişilməli hissələrin qiyməti - 6987 manat, təmir-bərpa işlərinin qiyməti - 1000 manat; 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 5259 manat, o, cümlədən: -Dəyişilməli hissələrin qiyməti - 4259 manat, Təmir-bərpa işlərinin qiyməti - 1000 manat. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh mübahisələndirir. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, onun təqsiri ucbatından iddiaçıya zərər vurulmamışdur, o, yük maşınını iddiaçıya təhvil vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda göstərilən mövqeyi ilə razılaşır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin dəlilləri əsaslı deyil. Cavabdeh şikayətinin dəlillərinə dair məhkəməyə sübut təqdim etməmişdir. Belə ki, mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının Almaniya Federativ Respublikasından almış olduğu “Volvo” markalı FH500 yük markalı **- LA-*** və **-YD-*** dövlət qeydiyyat nişanlı "Kogel S 24-1” yarımqoşqu markalı nəqliyyat vasitəsinin cavabdeh tərəfindən Azərbaycan Respublikasına gətirilməsi üçün ümumi razılıq olmuşdur. Bu məqsədlə avtobomil və ona dair sənədlər sürücü - Cavabdeh təqdim edilmişdir. Cavabdeh iddiaçının (avtomobilin mülkiyyətçisinin) razılığı olmadan Belarus Respublikasında maşına əlavə yük vurmuşdur. Yük yolda aşmış, maşının qoşqusu zədə almışdır. Zədələnmiş hissə cavabdeh tərəfindən müəyyən dərəcədə (müvəqqəti) düzəldilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin Suraxanı RPİ-də xx.xx.2023-cü il tarixdə verdiyi izahatında qeyd etdiyi - avtomobilə yük vurulması üçün avtomobili Azərbaycan Respublikasına çatdırılmasını ona həvalə etmiş Rəşad adlı şəxsdən icazə alması barədə mövqeyinə münasibətdə bildirir ki, bu arqument əsaslı hesab edilə bilməz. Belə ki, cavabdehə məlum idi ki, avtomobilin mülkiyyətçisi Rəşad deyil, İddiaçı olmuşdur. Buna dair sənədlər də ona təqdim edilmişdir. Belə olduğu halda icazə iddiaçıdan alınmalı idi. Həmçinin məhkəmə cavabdehin Suraxanı RPİ-də xx.xx.2023-cü il tarixdə verdiyi izahatında qeyd etdiyi digər - avtomobili iddiaçıya problemsiz halda təhvil verilməsi barədə mövqeyə münasibətdə isə bildirmişdir ki, işin mübahisələndirilməyən tərəfi ondan ibarətdir ki, cavabdehin avtomobilə yük vurması nəticəsində yarımqoşqu zədə almışdır. Həmin əməl nəticəsində vurulmuş zərərin aradan qaldırılmasını sübut etmək yükü cavabdehin üzərinə düşür. Məlum məsələdir ki, hər hansı bir avtomobilə vurulmuş zərər müəyyən dərəcədə (müvəqqəti) aradan qaldırılarsa digər zərərin ilk baxışda gözlə görünə bilməməsi mümkündür. Yarımqoşqunun hansı hissələrinin zədəli olması, bununla bağlı tələb olunan təmir-bərpa xərcləri işdə olan qüsur aktı və ekspert rəyi ilə sübut edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin cavabdehə münasibətdə mübahisələndirilən hissələrdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə mübahisələndirilən hissələrdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(050)-169/2024 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar