Məhkəmə qərarları › İş №2(106)-1638/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1638/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1638/2023 26.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(017)-882/2023 saylı qətnaməsindən (hakim R.Nuriyev) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 3000 manat pulun və 50 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı onun oğludur. Oğlu İddiaçı 07 may 2020-ci il tarixdə əvvəllər tanıdığı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3000 manat məbləğində borc pul vermişdir. Cavabdehlər də bu barədə iddiaçıya öz imzaları ilə təsdiq edilmiş qəbz vermişlər. Cavabdehlər yaxın vaxtlarda həmin pulu qaytaracaqlarını bildirsələr də, həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq borcu qaytarmamışlar və borcu qaytarmaqdan yayınmışlar. Ona görə də göstərdiklərini nəzərə alaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3000 manat pulun və ödənilmiş 50 manat dövlət rüsumunun, cəmi 3050 manat pulun alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdehlər iştirak etmədiklərindən onların mövqeyi bəlli olmamışdır. Ağcabədi Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(017)-882/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3000 manat borc pulun və ödənilmiş 50 manat dövlət rüsumunun, cəmi 3050 (üç min əlli) manat pulun müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən işin faktiki halları müəyyən edilməmişdir. Cavabdeh2 və digər Cavabdeh1 İddiaçı 500 manat miqdarında borc almışlar. Həmin şəxs onlardan girov olaraq dəyərli əşya tələb etmişdir. Onların girov üçün dəyərli əşyaları olmadığından onlara 500 manatın qarşılığında 3000 manat qeyd olunan qəbz imzalatmışdır. 3 il müddətində həmin pulun faizini artıqlaması ilə ödəmişlər, lakin həmin qəbzi istədikdə onları məhkəməyə verməklə hədə etmişdir. Qeyd edir ki, iddiaçı tərəf təkcə cavabdehlərin deyil, müxtəlif şəxslərin də başına eyni oyunu açmışdır. Birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipinin tələbləri pozulmaqla mübahisəli qətnamə qəbul edilmişdir. Məhkəmə Cavabdeh2 məhkəmədə iştirakını təmin etməmişdir. Beləliklə məhkəmədə çəkişmə pirinsipi pozulmuşdur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bütün subutlar dəqiq və tam qiymətləndirilməmişdir. Birinci instansiya məhkəməsi məhkəmə iclasları keçirilərkən məhkəmə bildirişlərini ünvan 1, ev 10 ünvanında yaşamasına baxmayaraq, məhkəmədən ona bildirilmişdir ki, sizin bildirişlər Ağdam rayonu, Qiyaslı kəndinə göndərilmişdir. Bildirmək istəyir ki, Ağdam rayonu, Qiyaslı kəndi müzəffər ordumuz tərəfindən 2020-ci ildə işğaldan azad edilmişdir və hazırda orada yaşayış yoxdur. Məhkəmə saxta sübutlara qiymət verərək, qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh2 apellyasiya şikayətini müdafiə etmiş və göstərmişdir ki, N saylı hərbi hissədə mühasib işləyir, ali təhsillidir. Bildirmişdir ki, 500 manat pula ehtiyacı olduğundan tanışı Cavabdeh1la əlaqə saxlamışdır. O, Elşənlə birlikdə sələmə pul verən şəxs Ağcabədi rayon Avşar kənd sakini Şahin İmamquluyevin evinə getmişlər. Həmin vaxt Şahini tanımamışdır. Şahin özünü ona “İddiaçı” kimi təqdim etmişdir. Şahindən 500 manat pul istəmişlər. Şahin onlardan girov kimi qiymətli əşya istəmişdir. Olmadığından onlardan 3000 manat borc almalarına dair qəbz yazmalarını bildirmişdir. Həm Elşən həm də o birgə qəbz yazaraq Elmdardan 3000 manat almasını təsdiq etmişlər. O, İddiaçı birinci dəfədir ki, indi məhkəmə zalında görür. İddiaçı pul almamışdır. Almış olduğu 500 manat pulu faizi ilə birlikdə ödəyib qurtarmışdır. Lakin bunlara dair hər hansı yazılı sübutu, telefon yazışması və s. mövcud deyildir. Borcunu ödədikdən sonra Şahindən dəfələrlə yazmış olduğu qəbzi geri tələb etsələr də həmin qəbzi ona verməmişlər. Məhkəmədən qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 3000 manat pulu Şahin İmamquluyevin evlərinin həyətində cavabdehlərə vermiş, cavabdehlər də hər ikisi birgə yazılı qəbz yazaraq ona vermişlər. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış Cavabdeh1 hər hansı bir üzrlü səbəb olmadan məhkəmədə iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. Kollegiyanın iclasında məhkəmənin öz təşəbbüsü ilə şahid qismində dindirilmiş X2 göstərmişdir ki, Elşənlə Zöhrab onun yanına gələrək borca pul istəmişlər. O Elşəni tanısa da Zöhrabı tanımamışdır. Bildirmişdir ki, onda pul yoxdur, lakin bir nəfər var onda var və o borc verər. Belə olub danışaraq İddiaçı onlara dəvət etmişlər. İddiaçı onlara gəlmiş və onun yanında 3000 manat pulu cavabdehlərə vermişdir. Cavabdehlər də bununla bağlı yazılı qəbz yazaraq Elmdara vermişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etməklə o qətnaməni tam mübahisələndirmişdir. Cavabdehlərə münasibətdə tələb bölünməs tələb olduğundan, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlərə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 500.1-ci maddəsinə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 500.2-ci maddəsinə birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfləri və şahidi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan 07 may 2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 07 may 2020-ci il tarixdə İddiaçı az müddətdə qaytarmaq şərti ilə 3000 manat pul almışdır. Göründüyü kimi tərəflər arasında borcla bağlı hüquq münasibətləri yaranmışdır. Belə ki, cavabdehlər iddiaçıdan borc olaraq 3000 manat almışlar. İddiaçı cavabdehlərdən 3000 borc pulu və 50 manat ödənilmiş dövlət rüsumunun əvəzini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı tam təmin etmişdir. Hazırda Cavabdeh2 qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası cavabdehin şikayəti əsasında, qətnaməni tam olaraq, hər iki cavabdehə münasibətdə yoxlayır. Cavabdeh şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdeh şikayətində iddiaçıdan 500 manat borc pul aldıqlarını, iddiaçı 500 manat onlara borc pul versə də, 3000 manat qəbz imzalatdığını, iddiaçıya olan borclaırnı tam olaraq ödədiklərini bildirsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin bildirişləri müzəffər ordumuz tərəfindən 2020-ci ildə işğaldan azad edilmiş və hazırda yaşayış olmayan, Ağdam rayonu, Qiyaslı kəndinə göndərməsi səbəbindən məhkəmə iclaslarında iştirakının təmin edilməməsini bildirən, cavabdehə bildirir ki, birinci instansiya məhkəməsi məhkəmə bildirişini iş materiallarında olan, iddiaçının təqdim etdiyi ünvan əsasında göndərmişdir. Bununla bağlı onun hüquqlarını bərpa etmək məqsədilə, onun apellyasiya şikayəti vermək hüququ üçün prosessual müddət birinci instansiya məhkəməsi tərəfindən bərpa edilmişdir. Həmçinin apellyasiya baxışında cavabdehə müvafiq məhkəmə bildirişi və onun apellyasiya şikayətinə əlavə etdiyi ***-***-**-** nömrəsinə SMS xəbərdalıq göndərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 3000 manatdır, 5000 manatdan çox deyil. Buna görə də, hazırkı qətnamədən qanunvericilikdə şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(017)-882/2023 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar