Məhkəmə qərarları › İş №2(106)-1638/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1638/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1638/2024 25.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-1395/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 2700 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli 2(020)-1395/2024 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. Həmin qərardadda qeyd edilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş 11 iyul 2023-cü il tarixli ********** №-li mədaxil qəbzi ilə ödənilmiş dövlət rüsumu vahid məhkəmə portalında yoxlanılmış və həmin qəbzlə ödənilmiş 47 manat məbləğində dövlət rüsumunun 2(020)- 1449/2023 və 2(020)-34/2024 saylı mülki işlərdə istifadə olunduğu aşkar edilmişdir. Habelə Elektron məhkəmə informasiya vasitəsi ilə əldə edilmiş Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(020)-1449/2023 saylı və Beyəqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-34/2024 saylı qərardadları ilə müəyyən edilir ki, İddiaçı dövlət rüsumu kimi ödədiyi 47 manat pulun özünə qaytarılması qərara alınmışdır. Beləcə, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün Beyləqan Rayon Məhkəməsinin hesabına müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilməmişdir. İddiaçı qərardaddan şikayət verərək, onun ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə nəticəni iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi ilə bağlı sübutun əlavə edilməməsi ilə əsaslandırsa da, bu əsassızdır. Hakim “EMİS” vasitəsi ilə verilmiş ərizəyə əlavə edilmiş sənədləri diqqətlə nəzərdən keçirsə idi, ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə olunduğunu görmüş olardı. Eyni zamanda hakim nəzərə almamışdır ki, “EMİS” vasitəsi ilə verilmiş ərizəyə dövlət rüsumunun ödənilməsi barədə məlumatlar daxil edilmədiyi halda, həmçin ərizəni imzalamaq mümükün deyil və bu halda ərizə məhkəməyə daxil ola da bilməzdi. Əgər ərizə məhkəməyə daxil olubsa, ya dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilib, ya da dövlət rüsumundan azad olma barədə sənəd əlavə edilib. Hakim bu iki halın araşdırılması üçün ərizəyə əlavə edilmiş sənədləri daha diqqətlə araşdırmalı idi. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-1395/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və onun baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(020)-1395/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. MPM-in 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olaraq müəyyən edilir. MPM-in 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Nəzərə alınmaldır ki, Konstitusiyanın yuxarıda qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məhkəmə kollegiyası, eyni zamanda diqqətə çatdırır ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını, hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. Beləliklə, kollegiya qeyd edir ki, iddiaçının şikayətində göstərdiyi dəlillər formal xarakter daşımaqla birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Qərardad qanuni və əsaslıdır. MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 135.2, 135.5, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-1395/2024 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar