Məhkəmə qərarları › İş №2(106)-1638/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1638/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1638/2025 06.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə; Bəşirzadə Turac Fəyyaz qızının katibliyi Cavabdeh1 iştirakı ilə, İddiaçı ‘'Bank Respublika" ASC-nin cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh3 qarşı “borc” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-119/2016 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 06 noyabr 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, X9 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik faiz dərəcəsi 24 faiz olmaqla 36 ay müddətinə 12500 ABŞ dolları məbləğində kredit verilmişdir, müqavilənin şərtlərinə əsasən cavabdeh kredit vəsaitindən istifadə etsə də, müqavilə üzrə nə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun banka 11248.71 ABŞ dolları əsas borc, 2160.12 ABŞ dolları faiz borcu, 1124,87 ABŞ dolları dəbbə pulu borcu, olmaqla cəmi 14533.70 ABŞ dolları məbləğində borcu qalmışdır. Kredit müqaviləsinin təminatı kimi həmin tarixdə X12 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış və onlar Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh3 kredit üzrə öhdəliyini vaxtında icra etmədiyi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borc məbləğini tam şəkildə ödəməmişdirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-119/2016 saylı qətnaməsi ilə (Hakim: R.Bağırov) iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 müştərək qaydada 11248.71 ABŞ dolları əsas borc, 12 ABŞ dolları faiz borcu, 562 ABŞ dolları dəbbə pulu, olmaqla cəmi 13970,83 ABŞ dolları və ödənilən dövlət rüsumuna görə 30 manatın alınaraq İddiaçı-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Bank Resublika” ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik-24 faizlə 12500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixdə “Bank Respublika’' ASC ilə X12 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrindən görünür ki, onlar Cavabdeh1 ilə eyni həcimdə məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, iddiaçı "xxxx" ASC-nin ilə cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit və zaminlik müqavilələrinə görə cavabdehlər öz üzərlərinə götürdükləri öhdəlikləri heç bir üzürlü səbəb olmadan yerinə yetirməmişlər. Bununla belə məhkəmə hesab etmişdir ki, iddia dəbbə pulu hissənidə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə bu barədə əsaslı sübutlar təqdim olunmamışdırlar. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının 425.1, 442, 470.1, 472-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-119/2016 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o məhkəmə iclasına dəvət olunmuş və həmin vaxtı o, məhkəmə iclasında onun həmin kreditdən və kredit müqaviləsindən xəbərinin olmamasını desə də işə baxan hakim məhkəmə iclas zalında öz qətnaməsini əaslandırmaq üçün onun iclas zalında ifadə etmədiyi sözləri qətnamədə göstərmişdir. Bundan əlavə hakimin suallarına cavab olaraq bildirmişdir ki, o kredit götürmək üçün həmin banka müraciət etmişdir və ondan tələb olunan sənədləri qəbul edəndən sonra ona kredit verilməsinin mümkün olmadığını bildirmişdirlər. O da bundan sonra heç bir söz demədən qayıdıb başqa banka müraciət etmək qərarına gəlmişdir. Məhkəmə tərəfindən çıxarılan qətnamə ona göndərilməmiş və məhkəmə iclasının son taleyindən məlumatı olmamışdır. Sonradan yəni 9 il sonra əmək haqqından tutulmalardan sonra maraqlananda Kürdəmir rayon İcra və Probasiya şöbəsi tərəfindən məhkəmənin icra sənədi olduğunu bilmişdir. İcra məmurlarına məsələnin mahiyyətini anlatsa da onlar pul tutulması barədə icra sənədinin qüvvədə olmasını ona izah etmişdirlər. O hətta icra məmurlarına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün olmasını da bildirmiş və ona vəkilə müraciət etmək hüquqlarım izah olunmuşdur. Çünki İddiaçı ASC-nin əməkdaşları onun və digər şəxslərin sənədlərini qəbul etdikdən sonra kredit verilməsinin mümkün olmadığını bildirib həmin pulları mənimsədikləri üçün Lənkaran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(099)-231/2018 saylı hökmü ilə layiqli cəzalarını almışdırlar. O da həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və ona dəyən zərər də ödənilməmiş, əksinə Kürdəmir Rayon Məhkəməsinin icra sənədinə görə ondan tutulmalar getmişdir. Bu əsaslara görə hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü preyedusial xarakter daşıyır və barəsində olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-119/2016 saylı qətnaməsi ləğv edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən iddiaçının apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Kredit götürmək üçün həmin banka müraciət etmiş və ondan tələb olunan sənədləri qəbul edəndən sonra ona kredit verilməsinin mümkün olmadığını bildirmişdirlər. Ona görə də o bankdan kredit müqaviləsi üzrə pul götürməmişdir. Odur ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-119/2016 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş edir. İddiaçı və digər cavabdehlərə isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər (təmsil olunmamışdırlar). Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri həcmində Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-119/2016 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1.,470.2. və 471-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1.-472.3.-cü maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 460.3-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Bank Resublika” ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik – 24 faizlə 12500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixdə “Bank Respublika’' ASC ilə X12 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrindən görünür ki, onlar Cavabdeh1 ilə eyni həcimdə məsuliyyət daşıyırlar. İşdə olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli hökmünün surətinə əsasən X7, X10, X13 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib hər biri azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-nin mülki iddiası təmin edilərək xx.xx.2014-cü il tarixli, 14035/463648 saylı kredit müqaviləsi üzrə bankdan götürülmüş məbləğin X7, X10, X13 və X5 hesabına ödənilməsi təmin edilmişdir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında kredit (borc) münasibətləri olduğundan apellyasiya baxışının predmeti olan kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi səbəbindən cavabdehlərin banka olan borcun olması və borcun qaytarılmaması olmuşdur. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını mülki məcəllənin 739.1, 740, 442, 443-cü maddələri təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirləndirilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-231/2018 saylı 15 noyabr 2018-ci il tarixli hökmündən görünür ki, İddiaçı ASC-nin İmişli Filialının direktoru vəzifəsində işləyərkən 01 yanvar 2013-cü il tarixdən 25 may 2015-ci il tarixədək olan müddətdə banın təşkilati-sərəncamverici funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi 12 may 2009-cu il tarixli vəzifə təlimatına əsasən filialın fəaliyyətinə ümumi rəhbərliyin həyata keçirilməsi, işçilər arasında vəzifə bölgülərinin aparılması, filial üzrə bütün əməliyyatların aparılmasına nəzarət edilməsi, filialın əmlakının qorunması, bank tərəfindən icazə verilmiş məbləğlərdə müştərilərə kreditlərin verilməsi və müvafiq müqavilələrin imzalanması, bankın səlahiyyətlərinə aid olan kreditlər üzrə müraciətlərə baxılması, filial tərəfindən verilmiş, habelə bank tərəfindən verilərək filialın nəzarətinə aid edilmiş kreditlər üzrə monitorinqlərin keçirilməsinə məsul şəxs olmaqla öz qulluq mövqeyindən yararlanaraq İddiaçı ASC-nin ona etibar olunmuş külli miqdarda əmlakını vahis qəsdlə talama məqsədilə, özü ilə yaxın, qohumluq, tanışlıq və digər münasibətləri olduğu ayrı-ayrı şəxslərin, o cümlədən Cavabdeh1 adına xx.xx.2014-cü il tarixli, 463648 nömrəli kredit müqaviləsi ilə 5279,26 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 4117,825 manat, pul vəsaitinin kredit kimi götürüldüyünü rəsmiləşdirilməklə, onların adlarına müvafiq kredit və girov müqavilələri, xəzinə məxaric orderləri, ərizələr, kredit sifarişləri, ödəniş cədvəlləri və digər sənədləri hazırlayaraq, ümumilikdə 41 fiziki şəxsin adına 45 ədəd kredit müqaviləsi üzrə filialın xəzinəsindən məxaric edilmiş cəmi 194885,48 manat pul vəsaitini adlarına kredit rəsmiləşdirilmiş şəxslərdən alıb özünün şəxsi ehtiyaclarına xərcləməklə, "xxxx"ASCnin ona etibar olunmuş xeyli və külli miqdarda əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışlar. Hökmlə təqsirləndirilən şəxslər cinayət əməllərinin törədilməsində təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər, həmçinin "xxxx"ASC-nin mülki iddiası təmin olunaraq təqsirləndirilən şəxslər X1 165268 manat, X2 99824.3 manat, X3 13410 manat və X6 29434 manat alınaraq mülki iddiaçı "xxxx" ASC-nə ödənilməsi hökm edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, yuxarıda istinad olunan artıq qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmiş hallar iş üzrə preyudisial əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmiş hallar baxımından Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14035/463648 saylı kredit müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan X7 və qeyrilərinin cinayət əməlini həyata keçirməyə kömək məqsədilə yalnız görünüş üçün bağlanmışdır. Mülki Məcəllənin 337.3 və 340.1-ci maddələrinə əsasən həmin əqd uydurmadır və məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Eyni zamanda baxılan iş üzrə Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən tələb olunan məbləğin etibarsız əqd üzrə alınanların digər tərəfə qaytarılması qaydasında tutulması da qeyri-mümkündür. Çünki istinad olunan cinayət işi üzrə mülki iddiaçı qismində tanınmış Bankın mülki iddiası təmin olunmuş, cinayət nəticəsində Bankın məhrum olduğu əmlakın həmin cinayətin törədilməsində təqsirli şəxslərdən tutularaq Banka ödənilməsi qərara alınmışdır. Bununla yanaşı, Bankla borcalan arasında bağlanmış kredit müqaviləsinin etibarsızlığı səbəbindən Mülki Məcəllənin 460.3-cü maddəsinə əsasən zaminlik öhdəlikləri də etibarsız olduğundan zaminlərə qarşı iddia da əsassızdır. Məhkəmə tərkibi yekun olaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Ona görə ki tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14035/463648 saylı kredit müqaviləsi əhəmiyyətsiz əqd olduğundan, iddiaçının həmin əqd üzrə öhdəliklərdən irəli gələn mövcud iddia tələbi əsassızdır. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14035/463648 saylı kredit müqaviləsi etibarsız olduğundan, həmin tarixdə bağlanmış zaminlik müqaviləsi də, etibarsız hesab olunur. Belə ki, xx.xx.2014-cü il tarixli, 14035/463648 saylı kredit müqaviləsi üzrə verilmiş kredit məbləğinin X7, X10, X13 və X5 hesabına ödənilməsi təmin edilmişdir. Ona görə də, İddiaçı ASC həmin kredit müqaviləsi üzrə borcun cavabdehlər Cavabdeh1 və qeyrilərindən tutulmasını tələb etməkdə haqlı deyil. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən ədalətli araşdırma aparılmamış, iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmamış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirməmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirməmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi 2016-cı ildə işə baxarkən, sonradan-2018-ci ildə çıxarılmış cinayət işi üzrə hökmü mövcud olmadığına baxmayaraq, iddianın predmeti olan kredit müqaviləsinin bağlanma məqsədini, tərəflərin real iradəsini, əqdin görünüş üçün bağlanıb-bağlanmadığını və ümumilikdə müqavilənin qanunauyğunluğunu Mülki Məcəllənin müvafiq maddələrinin tələblərinə əsasən müstəqil araşdırmalı idi. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin predmeti olan kredit müqaviləsinin qanuniliyini, onun bağlanma məqsədinin və hüquqi nəticələrinin real olubolmadığını araşdırmamış, əqdin mahiyyətinə qiymət verməmişdir. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Ona görə də Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-119/2016 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-119/2016 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar