Məhkəmə qərarları › İş №2(106)-1639/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1639/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1639/2024 20.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili, eyni zamanda nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, e-2(020)-1856/2023 saylı qətnaməsindən (hakim S.Seyfullayev) cavabdehlər Cavabdeh1, Cavabdeh2 vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, 3600 (üç min altı yüz) manat məbləğində borcun cavabdehlərdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, əvvəllər tanıdığı Beyləqan rayonu, Örənqala qəsəbəsində yaşayanlar Cavabdeh1 və Cavabdeh2 2023-cü il yanvar ayında 1300 manat, ikinci dəfə 14 mart 2023-cü il tarixdə altı aya qaytarmaq şərti ilə 2300 (iki min üç yüz) manat borc pul vermişdir. Cavabdehlər bu barədə ona həmin tarixdə öz xətti ilə yazılı qəbzlər vermişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcunu tələb etsə də, onlar müxtəlif bəhanələr gətirərək bu günə kimi borclarını ödəməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 284-5.1 və 284- 5.2-ci maddələrinə müvafiq olaraq iddia ərizəsinin surəti 15 sentyabr 2024-cü il tarixli bildirişlə cavabhehlərə göndərilmiş, iş materiallarında olan xəbərnamələrə əsasən bildiriş 23 sentyabr 2023-cü il tarixdə cavabdehlərin oğlu F.Həsənliyə təqdim olurmuş, qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etiraz verilməmişdir. Beyləqan Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, e-2(020)-1856/2023 saylı qətnaməsi ilə iddia təmin olunaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3600 (üç min altı yüz) manat məbləğində borcun alınıb İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət rusumuna görə 56 (əlli altı) manat alınıb Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasya şikayəti verərək ləğv olunmasını, iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə ilə razı deyilər, məhkəmədə iştirakları təmin edilməyib, məhkəmə maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə çıxarmışdır ki, bu qətnamə qanuni hesab edilə bilməz. İddiaçıdan 2019-cu ilin yanvar ayında 15 faizlə sələmə 1300 manat pul götürərək, ayda 195 manat faiz olmaqla, hər ay faizini ödəyəcəkərinə, mayın axırında isə əsas məbləği qaytaracaqlarına söz verərək, 1300 manata qəbz yazmışlar. Həmin tarixdə Nurəddin onlara ikinci qəbzi yazdıraraq, may ayına qədər faizi hesablayıb, əsas məbləğin üstünə gəldikdən sonra, 04 mart tarixinə 2300 manat məbləğində pul götürdüklərini yazdırmışdır ki, birdən faizi ödəməsələr, onlardan 1300 manat tələb edə biləcək, faizini ödəsələr isə əsas pulu ödəyərək hesablaşıb qurtaracaqlar. Həmin pulu faizi ilə birlikdə 2019-ci ilin may ayının axırında ödəyib qurtardılar. Nurəddinə inandıqları üçün qəbzi ondan tələb etmədilər, inanmazdılarki o, həmin qəbzi onlara qarşı yenidən istifadə edər. Həmin vaxtdan sora onlar 2023-cü ilin yanvar ayınadək heç bir məbləğdə pul götürməmişlər. 2023-cü ilin may ayının 14-də isə Nurəddin əmidən 1000 manat pul götürərək, may ayında qaytaracaqlarına dair qəbz vermişlər. Lakin həmin qəbzi Nurəddinin həyat yoldaşı Şövkətin adına yazdılar. Onlar ümumiyyətlə Şövkətdən pul almamışlar, həmin pulu da, onlara Nurəddin verib. Həmin vaxt maddi durumları pis olduğuna görə pulun faizini tam ödəyə bilmədilər və Nurəddinlə aralarında söz-söhbət yarandı. Nurəddin həmin vaxtı “o pulu sizdə almağın yolunu bilirəm” deyərək getmişdir. Sonradan məhkəmədən onlara Şövkətin adına plan qəzlə bağlı qətnamə gəlmiş və həmin pulu artıqlaması ilə ödəmişlər. Lakin son vaxt onlara 3600 manat pulun alınıb verilməsi ilə bağlı qətamə gəlmişdir. Onların İddiaçı heç bir borcu qalmayıb, həmin pulu ödəmişlər. Hesab edirlər ki, Beyləqan Rayon Məhkəməsi qanunsuz qətnamə qəbul edib, ona görə də ləğv edilməli, iddia rədd edilməlidir. Beyləqan Rayon Məhkəməsində İddiaçı onlara qarşı iddia qaldıraraq, ondan aldıqları 3600 manat məbləğində borc pulun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsi isə 31 oktyabr 2023-cü il tarixli 2(020)-1856/2023 saylı qətnamə ilə iddianı təmin etmişdir. Həmin qətnamə onlara göndərilməmiş, qətnamənin varlığından Beyləqan rayon İcra və probasiya şöbəsindən onlara zəng edildikdən sonra məlumatları olub və qətnaməni 30 iyun 2024-cü il tarixdə Beyləqan Rayon Məhkəməsində qəbz verərək əldə etmişlər, vəkilə müraciət edərək apellyasiya şikayəti vermək üçün müqavilə bağlamışlar. İş materiallarındandan göründüyü kimi, Beyləqan Rayon Məhkəməsinin qətnaməsini 2024cü ilin iyun ayının sonunda götürmüşlər. Beyləqan Rayon Məhkəməsi mülki işə sadələşdirilmiş icraat qaydasıda baxmış, iştiraklarını təmin etməmiş, borc qəbzinin nə vaxt yazılması barədə məlumat olmadığı, həmin sənədin mübahisə doğurması aşkar olduğu halda, həmin qəbzləri mötəbər qəbul edərək, işin faktiki hallarını tam araşdırmamışdır. Məhkəmə eyni zamanda yanvar ayında verilmiş borcun qaytarılmadığı halda, ikinci borcun verilməsinin səbəblərini araşdırmamış, nəticədə işin faktiki halları aydınlaşdırılmamış qalmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Şikayətin dəlilləri nəzərə alınaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 2(106)-1639/2024 saylı qərardadı ilə mülki mübahisə üzrə apellyasiya şikayətinə iddia icraatı qaydasında, tərəflər məhkəmə iclasına çağırılmaqla baxılması qərara alınmışdır. Məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, iş materiallarında olan xəbərnamələri kimin imzalamasını bilmirlər. Xəbərnamədə məhkəmənin bildirişini alan şəxs kimi "F.Həsənli - oğlu" qeyd edilib. Oların həqiqətən Fərid Həsənli adında övladları vardır, o, 2007-ci il təvəllüdlüdür və bildiriş təqdim olunan zaman 16 yaşı olmuşdur. İddiaçı məhkəmənin ünvanına teleqram vuraraq işə iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlər apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehlərin və onlarln vəkilinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan tarixsiz qəbzdə aşağıdakılar qeyd olunur: "Mən Cavabdeh1 pul ehtiyacı olduğu üçün Nurəddin əmidən 2300 manat almışam (iki min üç yüz manat). Ailəmlə birlikdə aldım. Martın dördü aldım, 5 ay müddətinə qaytaracam". Qəbz Cavabdeh1 və Həsənov P. tərəfindən imzalanmışdır. İş materiallarında olan tarixsiz və imzasız əlyazmada aşağıdakılar qeyd olunur: "Mən Cavabdeh1 və Cavabdeh2 Nürəddin əmidən 100.0 - 300 manat borc olaraq götürdüm.mayın axırı qaytaracam". 9 oktyabr 2024-cü il tarixində keçirilən məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 izahatında göstərmişdir ki, iş materiallarında olan qəbzləri o yazmış və imzalamışdır. 2019-cu ilin yanvar ayında ilk dəfə İddiaçı 1300 manat pul almışdır. İddiaçı ilə heç bir qohumluq əlaqəsi yoxdur. İddiaçı qaynatası vasitəsilə tanımışdır. 2019-cu ilin yanvar ayında İddiaçı 15 faizlə 1300 manat pul almışdır. İddiaçı rayonda faizə pul verməklə məşğuldur. Əgər 2019-cu ilin yanvar ayında götürdüyü pulu 5 ay ərzində yəni 2019-cu ilin may ayına kimi qaytarmasaydı, iddiaçıya 2300 manat pul verməli idi. Beyləqan rayonu Örənqala qəsəbəsi Nazim Quliyev adına tam orta məktəbində gözətçi işləyir, 308 manat əmək haqqı alır. 2019-cu ilin yanvar ayında İddiaçı 1300 manat pulu alandan sonra maaş kartını iddiaçıya vermişdir. İddiaçı 2019-cu ilin yanvar ayından may ayına kimi onun maaş kartından pulu tam olaraq çıxarmış, sonra isə iddiaçıdan maaş kartını geri almışdır. 1300 manat və 2300 manata dair qəbzləri eyni gündə yazmışdır. İş materiallarında olan 2300 manatlıq qəbzə Cavabdeh2 yerinə özü imza atmışdır. İddiaçıdan 2300 manat borc götürməmişdir. 9 oktyabr 2024-cü il tarixində keçirilən məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 izahatında göstərmişdir ki, bizim İddiaçı heç bir borcumuz qalmayıb, həmin pulu ödəmişik, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul edib. 9 oktyabr 2024-cü il tarixində keçirilən məhkəmə baxış iclasında iştirak edən İddiaçı izahatında göstərmişdir ki, apellyasiya şikayətində adı hallanan Şövkət onun arvadıdır. Farizin oğlu oğurluq üstündə tutulmuşdu. 2019-cu ilin yanvar ayında birinci dəfə 1300 manat, mart ayında isə ikinci dəfə 2300 manat pul vermişdir. Həmin pulu alanda Fariz ona kart verməmişdir, ona şər atır. Aldıqları pullardan heç bir ödəniş etməyiblər. 3600 manat puldan heç bir ödəniş edilmədiyi halda, arvadı Şövkət onlara borca 1000 manat pul verib və bundan onun məlumatı olub. Apellyasiya baxışı zamanı "xxxx" ASC-nə sorğu verilərək xx xxxx 1984-cü ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayonu Örənqala qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Cavabdeh1 adına gözətçi işlədiyi Beyləqan rayonu Örənqala kənd tam orta məktəbindən 2019-cu ildə əmək haqqı kartının olubolmaması, olduğu halda isə həmin kartı üzrə 2019-cu ilin yanvar ayından həmin ilin may ayının sonunadək olan dövr üçün hesabdan çıxarış təqdim edilməklə, həmin dövr ərzində bankomatlardan kartlara yatırılan pul vəsaitlərini məxaric etmiş şəxsin fotoşəkillərinin, mümkünsə video görüntüsünün təqdim olunması xahiş edilmişdir. Sorğuya cavab olaraq "xxxx" ASC-dən görüntülərin saxlama müddətinin bitməsi ilə əlaqədar təqdim olunmasının imkansız olduğu bildirilmiş, lakin kart hesabı üzrə istənilən tarixlər üçün çıxarış təqdim olunmuşdur. Kart hesabı üzrə təqdim olunan çıxarışdan görünür ki, 2019-cu ilin yanvar ayından həmin ilin may ayının sonunadək olan dövr ərzində Cavabdeh1 kartına dediyi kimi 308 manat məbləğində deyil, yanvar, fevral aylarında 137.97 manat, mart, aprel, may aylarında isə 176.72 manat vəsait yatmış, həmin vəsaitlərin böyük hissəsi kredit borcunun ödənilməsinə yönəldilmiş, qalan hissələri isə ATM-dən məxaric edilmişdir. Apellyasiya baxışı zamanı həmçinin "xxxx" MMC-nin Beyləqan Poçt filialının müdirinə sorğu verilərək, iş materiallarında olan SX005453802AZ və SX005453816AZ kodlu xəbərnaməli bildirişlərin 23 sentyabr 2023-cü il tarixdə cavabdehlərin ünvanında kimə təqdim ediməsi barədə əraziyə xidmət edən poçt əməkdaşının ətraflı izahatının alınması, eyni zamanda poçt zərflərinin təqdim edilməsinə dair qeydiyyat kitabından çıxarışın məhkəməyə təqdim olunması xahiş edilmişdir. Sorğuya cavab olaraq "xxxx" MMC-nin İmişli regional poçt filialından SX005453802AZ və SX005453816AZ kodlu xəbərnaməli bildirişlərin Beyləqan rayon Örənqala qəsəbəsində yerləşən poçt şöbəsi vasitəsilə ünvana çatdırıldığı, lakin adı çəkilən poçt şöbəsinin xx.xx.2024-cü ildə bağlanması ilə əlaqədar əraziyə xidmət edən əməkdaşın izahatının alınması və zərflərin təqdim edilməsinə dair qeydiyyat kitabının saxlama müddəti bitdiyi üçün çıxarışın verilməsinin mümkünsüz olduğu bildirilmişdir. "Elektron məhkəmə" informasiya sistemindən edilən çıxarışa əsasən SX005453802AZ və SX005453816AZ kodlu xəbərnaməli bildirişlərin təqdim olunduğu qeyd edilən cavabdehlərin oğlu X2 15 yanvar 2007-ci il doğumlu olduğu görünür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir, 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür, 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür, 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Cavabdehlərin almış olduqları borcun tamamilə qaytarılmasına dair dəlili apellyasiya baxışı zamanı təsdiqini tapmamış, buna dair cavabdehlər hər hansı bir sübut verə bilməmişlər. Cavabdehlərin izahatlarında bildirdikləri xüsusatlar həmçinin apellyasiya baxışı zamanı banka verilən sorğu ilə təsdiqini tapmımışdır. Bundan başqa Cavabdeh1 iddiaçının sübut kimi məhkəməyə təqdim etmiş olduğu qəbzlərin hər ikisinin eyni gündə yazıldığını bildirsə də, bu halı da, sübuta yetirə bilməmişdir. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin iddiaçı tərəfindən iddia müddəti ötürülməklə məhkəmədə iddia qaldırılmasından, bu əsasla iddia müddəti tətbiq edilməli olmasından ibarət dəlillərinə qiymət verən kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı iddia ərizəsində cavabdehlərə 2023-cü il yanvar ayında 1300 manat, ikinci dəfə 14 mart 2023-cü il tarixdə altı aya qaytarmaq şərti ilə 2300 (iki min üç yüz) manat borc pul verdiyini bildirsə də, apellyasiya bıxışı zamanı izahatında 2019-cu ilin yanvar ayında birinci dəfə 1300 manat, mart ayında isə ikinci dəfə 2300 manat pul verdiyini bildirmişdir. İkinci dəfə verilən pul daxil olmaqla cavabdehlər aldıqları pulu 6 ay ərzində, yəni 2019-cu ilin sentyabr ayına kimi qaytarmalı idilər. İddiaçının məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsi 14 sentyabr 2023-cü ildə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddətləri üç ildir; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi, məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Stanyo Belçikaya qarşı" iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquq müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Sadalanan hüquq normaları məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı ilə cavabdehlər arasında bağlanan kredit müqaviləsinin müddəti sentyabr 2019cu ildə bitdiyi halda, cavabdehlərin öhdəliklərini lazımınca icra etmədiyini görərək, müqavilə müddəti bitdiyi vaxtdan üç il ərzində, yəni sentyabr 2022-ci il tarixinədək məhkəmədə iddia qaldırmalı olduğu halda, iddiaçı 14 sentyabr 2023-cü il tarixində məhkəməyə müraciət etməklə, qanunla müəyyən olunan iddia müddətinin tətbiqi üçün əsas yaratmışdır. İş materiallarına əlavə edilmiş SX005453802AZ və SX005453816AZ kodlu xəbərnaməli bildirişlərdən görünür ki, bildirişlər 23 sentyabr 2023-cü il tarixdə cavabdehlərin oğlu Fərid Həsənliyə təqdim olunmuşdur. Fərid Həsənli isə 15 yanvar 2007-ci il doğumlu olmaqla, bildirişlər verilən zaman yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Dolayısı ilə MPM-in 135.3-cü maddəsinin tələbi baxımından bildirişlərin qanunla müəyyən olunan qaydada cavabdehlərə təqdim olunması müəyyən olunmur. Qeyd olunan halın mövcudluğu Konstitusiya Məhkəməsi Plenmunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqe baxımından, hazırki mübahisə üzrə iddia müddətinin tətbiqinə dair ərizənin apellyasiya mərhələsində verilməsini mümkün edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Tərəflər arasında bağlanan kredit müqaviləsinin müddəti sentyabr 2019-cu ildə bitdiyi halda, cavabdehlərin öhdəliklərini ümumiyyətlə icra etmədiyini görərək, müqavilə müddəti bitdiyi vaxtdan üç il ərzində, yəni sentyabr 2022-ci il tarixinədək məhkəmədə iddia qaldırmalı olduğu halda, 14 sentyabr 2023-cü il tarixində iddia qaldırmaqla iddiaçı qanunla müəyyən olunan iddia müddətinin tətbiqi üçün əsas yaratmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, mübahisə predmeti üzrə iddia müddəti tətbiq olunmaqla, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində gətirdikləri dəlillərlə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddia müddəti tətbiq edilməklə iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki iddia tələbi üzrə iddianın qiyməti beş min manatdan aşağı olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, e-2(020)-1856/2023 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar