Məhkəmə qərarları › İş №2(106)-164/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-164/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-164/2023 13.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: pul tələbi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işi üzrə Masallı Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(050)-2304/2022 saylı qətnaməsindən (hakim A.Səlimov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 99067.29 (doxsan doqquz min altmış yeddi manat iyirmi doqquz qəpik) manat və ödənilmiş 387.20 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 72883.35 (yetmiş iki min səkkiz yüz səksən üç manat otuz beş qəpik) manat və ödənilmiş 400 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixdə Əmək Müqaviləsi bağlanmış və cavabdeh xx.xx.2020-il tarixdən xx.xx.2022-ci il tarixə kimi cəmiyyətdə satış təmsilçisi vəzifəsində işləmişdir. Daha sonra cavabdeh ilə əmək Müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndinə əsasan xitam verilmişdir. Cavabdeh Cəmiyyətdə satış təmsilçisi kimi işləyən zaman onun cəmiyyətdən aldığı malların qalıq borcları ödənilməmiş qalmışdır. Belə ki, qeyd olunan dövrdə Cavabdeh satışdan müxtəlif tarixlərdə müəyyən məbləğdə pulu Cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır. xx.xx.2021-ci il tarixdə keçirilmiş yoxlama əsasında cavabdehin 99067.29 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Cavabdeh həmin borcu ödəmək üçün şirkətdən yenə mal almış və ona qalan xeyrindən borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin malların gəlirindən şirkətə olan borcu hər dəfə müxtəlif bəhanələr gətirərək ödəməmişdir. İddiaçı MMC tərəfindən dəfələrlə Cavabdeh şifahi və rəsmi pretenziya qaydasında xəbərdarlıq edilərək ondan maddi məsuliyyətində olan borc qalığının ödənilməsi tələb olunmuşdur. Lakin buna baxmayaraq Cavabdeh 31 mart 2021-ci il tarixli qarşılıqlı üzləşmə aktı üzrə aşkar edilmiş 99067,29 manat məbləğində borcu bu günə kimi ödəməmişdir. Cavabdehə cəmiyyət tərəfindən mediasiya bildirişi göndərilərək mübahisənin mediasiya qaydasında həll edilməsi təklif edilmiş, lakin keçirilən mediasiya prosesində cavabdeh iştirak etmədiyinə görə mübahisənin həll edilməsi mümkün olmamışdır. Belə ki, həmin vəsait vaxtında qaytarılmış olsa idi, Cəmiyyət dövriyyədən xeyli fayda əldə etmiş olardı. Hazırda cavabdehin öhdəliklərini vaxtında icra etməməsi nəticəsində Cəmiyyətə xeyli miqdarda ziyan dəymişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmənin baxış iclasında iştirak edə bilmədiyindən işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh izahatında göstərmişdir ki, onun iddiaçı təşkilata hər hansı bir məbləğdə borcu yoxdur. Belə ki, o, şirkət ilə bağlanılmış əmək müqaviləsi əsasında ekspeditor vəzifəsində fəaliyyət göstərmiş, daha sonra da onunla olan müqaviləyə xitam verilmişdir. Bu zaman onun fəaliyyəti şirkətin anbarından müəyyən malları qaimə əsasında götürərək, yenə qaimə əsasında mağazalara təhvil vermək olmuşdur. Malların dəyərinin ödənilməsi məsələsinin isə ona heç bir aidiyyəti olmamışdır. Yəni ki, onun işi mağazalara malın paylanması ilə məhdudlaşmışdır. Satılmış malların pulunun hesabatını isə şirkətin bu məsələni həvalə etdiyi şəxslər icra etmişlər. Aldığı əmək haqqından əlavə olaraq isə ona hər ayın satışından bonuslar şəkilində pul vəsaitləri ödənilmişdir. Həmçinin hər üç ayda bir dəfə isə onun mağazalara paylamış olduğu malların hesabatı aparılaraq uzləşdirmə aktı tərtib edilmişdir. Şirkət tərəfindən təqdim edilmiş 31 mart 2021-ci il tarixli üzləşdirmə aktı da həmin ilin birinci rübünün sonuna tərtib edilmiş aktdır. Həmin aktda yazılan məbləğ onun şirkətə olan borcu deyil, mağazaların onun payladığı mallara görə şirkətə olan borcudur. O, şirkətdə işci olmuş, qaimə əsasında malları paylamışdır. Hətta mal verilməli olan mağazaları da o seçməmiş, şirkət özü təyin etmişdir. Əgər mağazalar aldıqları məhsulların pulunu şirkətə ödəmirlərsə, şirkət ona qarşı deyil, həmin mağazalar qarşı iddia irəli sürməlidir. Bundan başqa şirkət guya onun borcunun əvvəl 99000 manat olduğunu, sonra isə azalaraq 72000 manata endiyini qeyd edir. Bunun səbəbi isə onun şirkətə ödəniş etməsi deyil, müəyyən mağazaların borclarından şirkətə ödəniş etməsi olmuşdur. Çünki onun tərəfindən şirkətə hər hansı məbləğdə pul ödənilməmişdir. Bu isə onu deməyə əsas verir ki, mövcud borcun ona heç bir aidiyyəti yoxdur. O, 2021-ci ilin sonunda işdən çıxarkən şirkətin nümayəndəsi ilə mal paylamış olduğu mağazalara verilmiş malların müqayisəsi edilmiş və ərazini təhvil vermişdir. Hazırda ona qarşı əsassız olaraq iddia qaldırılmışdır. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Masallı Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(050)-2304/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və Cavabdeh 72883.35 (yetmiş iki min səkkiz yüz səksən üç manat otuz beş qəpik) manat və ödənilmiş 400 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı, "Zəhmət-Ruzi” MMC Cavabdeh dövriyyə cədvəlində azalmalar müşahidə edilmişdir, həmin azalmalar cavabdehin işlədiyi dövrdə onun şəbəkələrə verilmiş malların qalıq məbləğindən silinmişdir. Sonuncu dəfə silinmə edildikdən sonra cavabdehin şəbəkələrə satışı ilə şəbəkələrdən daxil olan məbləğlər bərabərləşmişdir. Qalıq qalan məbləğ isə 72883.35 (yetmiş iki min səkkiz yüz səksən üç manat otuz beş qəpik) manat təşkil etmişdir və həmin məbləğlərin cavabdehin pərakəndə satışından qalan borcu olduğuna görə köçürmə yolu ilə şirkətin hesabına daxil olması qeyri-mümkündür. Çünki pərakəndə satış cavabdeh ilə həmin mağaza sahibləri arasında bağlanmış əqdlərə əsasən aparılır. Həmin pərakəndə satış nöqtələrə malların verilməsi və pulların yığılması artıq cavabdehin bir başa maddi məsuliyyətindədir. Pərakəndə satış üçün mağazaların müəyyən edilməsi də birbaşa cavabdehin marağı dairəsindədir. Şirkət üçün həmin pərakəndə satış nöqtələrində malların hansı məbləğdə satılması da maraqlı deyil, yəni cavabdeh onu özünə sərf edəcək qiymətə sata bilər. Şirkət üçün maraqlı olan sadəcə olaraq anbarından götürülmüş malların hesablanmiş məbləğin şəbəkə satışı çıxıldıqdan sonra qalığın nəğd şəkildə kassaya madaxil edilməsidir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, o, şirkətin hesabına nəğd mədaxil etməmişdir, lakin məhkəmə bu hissəni araşdırmamış, bu barədə sübutların təqdim edilməsinin mümkün olub olmamasını araşdırmadan məhkəməyə kifayət qədər sübutların verilməməsi qənaətinə gəlmişdir. Həmin sübutların həcmi çox olduğuna görə iddia ərizəsinə əlavə edilməmişdir, lakin məhkəmə hazırlıq iclası təxirə salınaraq sübutların təqdim edilməsinə şərait yaratmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: 02 fevral 2023-cü il tarixində məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə bildirmişdir ki, hazırda təmsil etdiyi şirkətdə müəyyən struktur dəyişikliyi edildiyindən iddianı sübuta yetirəcək sübutların əldə edilərək məhkəməyə təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh bütün məhkəmə iclaslarında iştirak edərək gösütərmişdir ki, qeyd edilən şirkətdə işləmiş, lakin onun həmin şirkətə hər hansı borcu qalmamışdır. O, apellyasiya şikayətini əsassız hesab etmişdir. Bildirmişdir ki, iddiaçı birinci instansiya məhkəməsində olduğu kimi hazır ki, məhkəmə prosesində də iddiasını sübuta yetirə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə tam yохlanılmasını düzgün hеsab еdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin əsassız olduğundan rədd etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə ilə razılaşmadığını, Masallı Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(050)-2304/2022 saylı qətnaməsinin ləğv edilərək, Cavabdeh 72883.35 (yetmiş iki min səkkiz yüz səksən üç manat otuz beş qəpik) manat və ödənilmiş 400 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(050)-2304/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Əmək müqaviləsindən (kontraktdan) görünür ki, AslanovNazir Elşad oğlu 07 aprel 2020-ci il tarixdən 3 (üç) həftəlik sınaq müddəti tətbiq edilməklə İddiaçı MMC-də satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuş, onunla 1 (bir) ay müddətinə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 12K nömrəli, xx.xx.2022-ci il tarixli əmrlə Cavabdeh fəaliyyətinə Əmək Məcəlləsinin 68.2.a bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında tam maddi məsuliyyət barədə müqavilə bağlanmışdır. İş materiallarında olan 31 mart 2021-ci il tarixli “qarşılıqlı üzləşmə aktından” görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixə qalıq debet məbləği 99067.29 manat olmuşdur. İddiaçı apellyasiya şikayətində qətnamənin qanunsuz və əsassız olmasını bildirsə də, konkret olaraq birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını və düzgün tətbiq edilməməsinin həmçinin gəlinən nəticənin işin faktiki hallarına uyğun olmamasının nədən ibarət olmasını göstərməmişdir. Hətta apellyasiya şikayətinin dəlillərindən biri birinci instansiya məhkəməsinin məhkəmə iclasını təxirə salmaması və bununla da iddiaçı tərəfindən sübutların təqdim edilməsinə şərait yaradılmamasıdır. Bununla bağlı kollegiya qeyd edir ki, 02 fevral 2023-cü il tarixində məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə bildirmişdir ki, hazırda təmsil etdiyi şirkətdə müəyyən struktur dəyişikliyi edildiyindən iddianı sübuta yetirəcək sübutların əldə edilərək məhkəməyə təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan apellyasiya məhkəməsi məhkəmə iclasını xx.xx.2023-cü il tarixinə təxirə salmışdır. Lakin iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixli iclasda iştirak etməmişdir. Lakin həmin tarixdə iddiaçı təşkilat tərəfindən məhkəməyə elektron ərizə göndərilərək göstərilmişdir ki, Cəmiyyətlərində rəhbər və kadr dəyişikliyi ilə əlaqədar tərəflərindən təqdim edilməsi zəruri olan sübutların toplanması mümkün olmamaışdır. Sübutların yeni əməkdaş tərəfindən toplanması və araşdırılması göstərilmiş və həmin sübutların təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Məhkəmə iddiaçı tərəfindən qeyd edilən sübutların məhkəməyə təqdim edilməsinə şəraitin yaradılması üçün məhkəmə iclasını yenidən təxirə salmışdır. Lakin xx.xx.2023-cü il tarixinə təxirə salınmış məhkəmə iclasında iddiaçı nümayəndəsi vasitəsilə təmsil olunmamış və iddianın sübuta yetirilməsi ilə əlaqədar zəruri sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də iddiaçının apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğundan apellyasiya şikayəti təmin edilməməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə razılaşır və hesab edir ki, məhkəmə iş mühüm əhəmiyyətli olan bütün faktiki halları araşdırmış gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(050)-2304/2022 saylı qətnaməsi qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(050)-2304/2022 saylı qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar