Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1640/2024 26.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və X2 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-679/2024 saylı 12 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh su vuran motor üçün verdiyi 3800 manatın və həmin motorun təmiri üçün çəkilmiş 3000 manat əlavə xərcin, dövlət rüsumu kimi ödənilmiş 89 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, kənd təsərrüfatı məhsulları istehsalı ilə və əkinbiçinlə məşğul olur. Torpağına su çıxmadığından kanaldan suyu yuxarı çıxarmaq və suvarma işləri aparmaq üçün su matoru almaq fikrinə düşmüş və 2023-cü ildə aralarında olan şifahi razılaşma əsasında Cavabdeh 3800 manata nisyə su motoru almışdır. Həmin motorun pulunu 3 aydan sonra ödəmişdir. Su motorunu gətirəndən sonra bir müddət işlətməmişdir. İşlədən də isə mator su vurmamışdır. Motoru aldıqdan 10 gün keçdikdən sonra motorun xarab olduğunu bilmişdir. Bundan sonra Cavabdeh müraciət edərək motorun su vurmadığını bildirmişdir. Eldəniz özü 2 usta gətirmiş, həmin ustalar da motoru düzəldə bilməmişlər. Özü usta X1 gətirmiş, xeyli ehtiyat hissələri alaraq təmir etdirmişdir. Yenə də heç bir nəticə olmamış və su motoru su vurmamışdır. Dəfələrlə usta gətirmiş və ehtiyat hissələri üçün 3000 manat xərc çəkərək su motorunu təmir etdirmişdir. O, motoru cavabdehə qaytarmaq istəsə də, cavabdeh razılaşmamışdır. Torpağına su verə bilmədiyindən məhsullar zay olmuşdur. Beyləqan Rayon Məhkəməsinin 2(020)-679/2024 saylı 12 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramiz Nurullayev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi, iddiaçının dövlət rüsumu kimi ödədiyi 89 (səksən doqquz) manat pulun özünə aid edilməsi qət edilmişdir. İddiaçının apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: Cavabdeh birinci instansiya məhkəməsində izahatında bildirmişdir ki, iddiaçı 2022ci ildə ondan su motoru nisyə almışdır. Pulunu da təxminən 3 aydan sonra ödəmişdir. Motor işlək vəziyyətdə olmuş və yoxlanılıb İddiaçı verilmişdir. İddiaçı həmin motordan bir müddət istifadə etmiş, təxminən 3 aydan sonra zəng edib motorun işləmədiyini demişdir. O, rayonunun Dünyamalılar kəndindən usta çağıraraq motoru düzəltdirmiş, motor işlək vəziyyətdə iddiaçıya təhvil verilmişdir. İki aydan sonra Ələddin yenə ona motorun xarab olduğunu demiş, o Füzuli rayonundan usta gətirərək motoru düzəltdirmişdir. Ələddin özü də motora baxıb bəyənmiş və motoru aparmışdır. Ələddin 1 ildən sonra yenə motorun xarab olduğunu bildirmişdir. İddiaçının tələbi əsassızdır, motor işləməsəydi, iddiaçı əvvəlcədən bunu ona deyərdi və yaxud pulunu ödəməzdi. Çünki göstərdiyi kimi iddiaçı motoru ondan nisyə almış, 3 aydan sonra pulunu ödəmişdir. Həmin vaxta qədər iddiaçı motorun xarab olması, işləməmsi barədə ona heç bir söz deməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki qanunvericiliyin normaları iddiaçıya bu hüquq verdiyi halda məhkəmə qətnamədə nəyə görə iddianın əsassız olmasını əsaslandırmamış, sadəcə verilmiş əşyanın yararlı olmasını göstərməklə iddianın təmin edilməsindən imtina etmişdir. Məhkəmə iclasında cavabdehin özünün izahatından belə aydın olur ki həmin əşya həqiqətən qüsurlu olub. Belə ki, o öz izahatında bildirmişdir ki, iki dəfə həmin motoru təmir etdirmişdir. Əgər həmin motor qüsurlu olmasa idi və ya alıcının (iddiaçının) təqsiri səbəbindən baş vermiş olsaydı, satıcı (cavabdeh) həmin motoru təmir etdirməkdən imtina edərdi. Məhkəmə bu hala qiymət verməmişdir. O iddiasında haqlı olmağını cavabdehin izahatı ilə sübut etmişdir. Cavabdeh isə verilmiş əşyanın qüsurlu olmaması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə öz izahatı ilə əşyanın qüsurlu olmasından xəbərdar olduğunu və onun bunda heç bir təqsiri olmadığını təsdiq etmişdir. Məhkəmə isə bu hala düzgün qiymət verməmişdir. Birinci instansiya məhkəməsinə şahid kimi dəvət etdiyi şəxslərin dindirilməsindən məhkəmə əsassız olaraq imtina etmişdir. Halbuki, həmin şəxslərin izahatının alınması iş üçün mühüm əhəmiyyət daşıyacaqdır ki, məhkəmə əsassız olaarq bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, Beyləqan rayonu Yeni Mil qəsəbəsində yaşayır. Özünə məxsus 18 ha torpaq sahəsində pambıq becərir. Cavabdehi uzun müddətdir tanıyır. Cavabdehin Beyləqan rayon “Daşburun” deyilən ərazidə yerləşən mağazasından mütəmadi olaraq təsərrüfatda istifadə etmək üçün ləvazimatlar almışdır. Mübahisə predmeti olan su motorunu təxminən 2022-ci ilin avqust ayında 3800 manat məbləğində cavabdehdən nisyə almışdır. Cavabdeh su motorunu işlənmiş kimi ona satmış, yaxşı vəziyyətdə olduğunu bildirmişdir. Su motorunu aldıqdan 2-3 ay ərzində onun pulunu tamamilə ödəmişdir. Pambıq təsərrüfatında yığım işləri yekunlaşandan sonra su motorunun işləyib-işləməməsini yoxlamaq qərarına gəlmişdir. Bundan sonra ona məlum olmuşdur ki, su motoru işlək vəziyyətdə deyildir. Bununla bağlı cavabdehə bildirəndən sonra isə ona su motorunu təmir etdirəcəyini bildirmişdir. Bundan sonra usta gətirərək onu təmir etdirmək istəmiş, lakin usta bacarmamışdır. Daha sonra Füzuli rayonundan daha bir usta gəlmiş, o da təmir edə billməmişdir. Ondan sonra bir neçə dəfə ayrı-ayrı ustalar gəlsə də, su motorunu təmir etdirmək mümkün olmamışdır. Pambıq təsərrüfatında suvarma adətən aprel ayında aparıldığından heç vaxt istifadə etməmiş, cavabdehə inamından dolayı su motorunu aldıqdan dərhal sonra və ya yerində yoxlamamışdır. Su motorunun işlək vəziyyətdə olması barədə cavabdehə bildirdikdən sonra isə o, su motorunu düzətdirəcəyini vəd vermişdir. Ona görə də, o təxminən 2 ilə yaxın müddətdə gözləmiş, iki ildən sonra məhkəmədə pul tələbi barədə iddia qaldırmışdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, Beyləqan Rayon Məhkəməsinin 2(020)-679/2024 saylı 12 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdən 3800 manat dəyərində nisyə su matoru almış, onun pulunu 3 aydan sonra ödəmişdir. Daha sonra isə cavabdehə zəng edərək motorun xarab olmasını bildirmiş, hazırda isə motorun cavabdehə qaytarılmasını ona təklif etmiş, cavabdeh razılaşmadığına görə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Satıcı həmin su motorunu iddiaçıya satarkən onda hər hansı bir qüsurların olması müəyyən edilməmişdir. Sonradan həmin motorun işləyə-işləyə xarab olması iddiaçının təqsiri üzündən də baş verə bilər. İddiaçı həmin motordan istifadə etmiş, həmin motorun xarab olmasının onun istifadə və ya saxlanması qaydalarının pozulmamasından baş verməsi ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. İddiaçının göstərdiyi kimi motoru alandan 10 gündən sonra motorun xarab olduğunu bildiyi halda 3 aydan sonra həmin motorun pulunu ödəməzdi və geri qaytarardı. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. MM-in 588-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən iddiaçı birinci instansiya məhkəməsində, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən öz tələbinin əsaslarına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Belə ki, iddiaçı apellyasiya şikayətində cavabdehin satıcı olaraq adıçəkilən motoru təmir etdirməkdən imtina etməməsini onun alıcı olaraq iddiaçıya verdiyi malın qüsurlu olması anlamına gəldiyini bildirir. Ancaq birinci instansiya məhkəməsinin qətnaməsində adıçəkilən dəlilin əsassız olması işin müəyyən edilmiş faktiki halları ilə təsdiq edilir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin imperativ tələbinə görə alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçı əşyanın qüsurları üçün satıcının cavabdehlik daşıması üzrə qeyd edilən dəlillərini əsaslandıra bilməmişdir. Habelə iddiaçının birinci instansiya məhkəməsinə şahid kimi dəvət etdiyi şəxslərin dindirilməsindən məhkəmənin əsassız imtina etməsi barədə dəlili üzrə qeyd edilməlidir ki, iş materiallarına nəzər saldıqda aşkar olur ki, iddiaçı bu barədə hər hansı vəsatət verməmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsində də həmçinin əsaslandırılmış vəsatətini təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Kollegiya mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddiaçı apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 2(020)-679/2024 saylı 12 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli 2(020)-679/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1640/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1640/2024
26.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver