Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1642/2025 02.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Cavabdeh Mirzəyev Aydın Əyyub oğlunun nümayəndəsi X4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və X7 iştirakları ilə, İddiaçı X3 cavabdehlər Mirzəyev Aydın Əyyub oğluna və X2 qarşı “yaşayış evinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı X3 və cavabdeh Mirzəyev Aydın Əyyub oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X3 cavabdehlər Mirzəyev Aydın Əyyub oğluna və X2 qarşı Ağcabədi rayonu, Muğanlı kəndində yerləşən mübahisəli fərdi yaşayyış evinə çəkilmiş xərclərin əvəzi olaraq 21,243.05 məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 153 manat 80 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, cavabdeh X2 ilə 2004-cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olmuşlar. Faktiki nikahlarından 2 övladları doğulmuşdur. Faktiki nikaha daxil olduqdan sonra Ağcabədi rayonu Muğanlı kəndində cavabdeh Vüqar Mirzəyevin atası olan cavabdeh Mirzəyev Aydın Əyyub oğluna məxsus 0,10 ha torpaq sahəsində fərdi yaşayış evi tikməyə başlamışlar. İlkin olaraq qardaşları ona 3000 ABŞ dolları məbləğində pul vermişlər ki, o, özünə ev tikdirsin. O, həmin pulu Vüqar Mirzəyevə vermiş, digər cavabdeh və qardaşlarının köməyi ilə bünövrə töküb, ev tikib və damını vurdurmuşlar. Bundan sonra onun Vüqarla münasibətləri pozulmuş və X5 Fedarasiyasına getmişdir. O, isə yarımçıq qalmış tikilini təmir etdirib həmin evdə yaşamağa başlamışdır. Evin 2 otağını, dəhlizi, mətbəx və hamamını təmir etdirmişdir. Həyətyanı torpaq sahəsində yardımçı tikili tikdirmiş, həyətyanı sahəni şebellə düzətldirmiş, qaz, işıq, su çəkdirmiş və dəmir altıqlı plastmas çən qurdurmuşdur. Lakin cavabdeh Aydın Mirzəyev hazırda ona qarşı evdən çıxarılma tələbinə dair iddia qaldırmış və ona kompensasiya kimi 10.000 manat pul təklif etmişdir. Halbuki, dəhlizin təmirinə 2207,1 manat, mətbəxin təmirinə 1087,05 manat, sahəsi 21,75 kv.m olan otağın təmirinə 3475,5 manat, sahəsi 34,8 kv.m olan otağın təmirinə 9373,4 manat, hamamın təmirinə 1967,0 manat, həyətin hasarlanması və çınqılın alınması və yayılmasına 1500 manat xərc çəkmişdir. Əvvəlcədən verilən 3000 ABŞ dolları ilə birlikdə yaşayış evinə cəmi 21243,05 manat xərc çəkmişdir. Buna görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi (hakim: Sulduz Ləzimov) ilə iddia qismən təmin edilmiş, Mirzəyev Aydın Əyyub oğlundan və X2 əmlakın yaxşılaşdırılmasına sərf edilmiş vəsaitin əvəzi qismində 8000 (səkkiz min) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 100 (yüz) manat məbləğində pul vəsaitinin müştərək qaydada alınıb X3 verilməsi və X3 iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarına əlavə edilmiş: - iddiaçının özü tərəfindən məhkəməyə iddia verməmişdən əvvəl aldığı məhkəmə tikinti-texniki ekspertizasının ##.##.2024-cü il tarixli, **-***/** nömrəli rəydən görünür ki, Ağcabədi rayonu, Muğanlı kəndində yerləşən fərdi yaşayış evdə aparılmış tikinti-təmirinə çəkilmiş xərclərin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 40692 manat 9 qəpik məbləğində müəyyən edilmişdir. -“xxxx” MMC tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının ##.##.2024-cü il tarixli, ***/E nömrəli rəydən görünür ki, Ağcabədi rayonu, Muğanlı kəndində yerləşən fərdi yaşayış evində iddiaçı X3 tərəfindən aparılmış tikinti-təmirinə çəkilmiş xərclərin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 8000 (səkkiz min) manat məbləğində müəyyən edilmişdir. -“xxxx” MMC tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının ##.##.2024-cü il tarixli, ***/E nömrəli rəyə əlavə edilimiş məktubdan görünür ki, X2 tərəfindən daşınmaz əmlakın qiymətləndirilməsi üçün “xxxx” MMC-nin hesabına 400 manat məbləğində pul vəsaiti köçürmüşdür. - Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Ağcabədi rayonu, Muğanlı kəndi ərazisində yerləşən 0.29 hektar torpaq sahəsi Mirzəyev Aydın Əyyub oğlu və onun ailəsinin mülkiyyətinə verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X3 həmin əmlaka dair 8000 manat dəyərində ayrıla bilməyən yaxşılaşdırmalar aparmışdır. Bununla da cavabdehlər yaxşılaşdırmalar üzrə 8000 manat məbləğində əsassız varlanmışlar. Qeyd olunan xüsusat tərəflərin və onları təmsil edən şəxslərin izahatları ilə yanaşı “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli ***/E nömrəli ekspert rəyi ilə təsbit edilmişdir. X3 cavabdehlər Mirzəyev Aydın Əyyub oğluna və X2 qarşı 21243,05 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 153 manat 80 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X3 əmlakın yaxşılaşdırılması ilə əlaqədar 8000 manat məbləğində pul vəsaiti sərf etməsi “xxxx” MMC-nin məhkəmə tikinti-texniki ekspertizasının ##.##.2024-cü il tarixli, ***/E nömrəli rəyinə əsasən təsdiq etsə də, iddia tələbini digər hissədə sübuta yetirməmiş, buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, X3 iddia tələbi əmlakın yaxşılaşdırılmasına sərf edilmiş vəsaitin əvəzi qismində 8000 manat məbləğində pul vəsaiti tələbinə dair hissədə əsaslı olsa da, qalan hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 153 manat 80 qəpik dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. İddianın təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehlərdən 100 manat dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəllənin 157.7, 386.1, 501, 1091.1, 1091.2, 1092.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsinə və iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o bu evin tikintisini sıfırdan başlamışdır. Əvvəlcə torpaq sahəsi boş vəziyyətdə idi. Onun vəsaiti hesabına bünövrə töküldü, divarlar qaldırıldı, dam örtüyü vuruldu, elektrik və su xətləri çəkildi, pəncərələr və qapılar qoyuldu, evin içi tam təmir olundu. Yəni faktiki olaraq yeni ev tikilib istifadəyə yararlı hala salınmışdır. Bu işlərin hər biri böyük xərc tələb etmişdir. O, həm materiallara, həm ustalara, həm də əlavə abadlaşdırma işlərinə ümumilikdə 21.243,05 manat xərcləmişdir. Məhkəmə isə əsassız olaraq bu məbləğin yalnız 8.000 manatını nəzərə almışdır. O bu işləri ailəsinn yaşayışı üçün etmişdir. Çünki başqa çıxış yolu olmamışdır. İllərlə yığdığı qəpik-quruşu bu evə sərf etmişdir. Bütün həyatını və əziyyətini bu evə qoymuşdur. İndi isə çəkdiyi zəhmət gözardı edilir. O, tək qadındır, ailə başçısıdır, arxasında heç kim yoxdur. Övladını da özü oxutdurur. Evin təməli qoyulandan damına qədər hər işin məsuliyyətini öz üzərinə götürmüşdür. Borc almış, əlimdə ovcumda olan bütün əşyalarını satmış, gündəlik ehtiyaclarına qənaət etmişdir ki, bu ev başa çatsın. Birinci instansiya məhkəməsi onun təqdim etdiyi sənədləri və faktiki çəkilən xərcləri tam nəzərə almamışdır. Halbuki, onun sübutları bütün məbləğin-21.243,05 manatın çəkildiyini təsdiq edir. Qətnamədən narazı qalan cavabdeh Mirzəyev X6 Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(017)-716/2025 sayl qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Mirzəyev Aydın Əyyub oğlu tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən mülki işə baxılarkən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, işə səthi və qeyri-obyektiv mövqedən yanaşılmış, düzgün qərar qəbul edilməmişdir. Beləliklə də, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının tələbləri, nəticədə isə onun və azyaşlı övladının qanunla qorunan hüquqları əhəmiyyəli dərəcədə pozulmuşdur. İddiaçının evin təmirinə çəkdiyi xərclər məhkəmədə sübut olunmur. Bundan başqa iddiaçının evin təmirinə səkkiz min xərc çəkməsi sübut olunmur. Həmçinin məhkəmə mülki işi üzrə veriliş şifahi vəsatəti təmin etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Mirzəyev Aydın Əyyub oğlunun nümayəndəsi X4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və X7 cavabdehin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının vermiş olduğu apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. İddiaçı X3 məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, iddiaçı Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsinə və iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Mirzəyev Aydın Əyyub oğlu isə Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(017)-716/2025 sayl qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(017)-716/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətlərinin dəlilləri həcmində-iddiaçıya münasibətdə iddia tələbinin təmin edilməmiş, cavabdeh Mirzəyev Aydın Əyyub oğluna münasibətdə isə iddia tələbinin təmin edilmiş hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı X3 cavabdehlər Mirzəyev Aydın Əyyub oğluna və X2 qarşı Ağcabədi rayonu, Muğanlı kəndində yerləşən mübahisəli fərdi yaşayyış evinə çəkilmiş xərclərin əvəzi olaraq 21,243.05 məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 153 manat 80 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X3 həmin əmlaka dair 8000 manat dəyərində ayrıla bilməyən yaxşılaşdırmalar aparmışdır. Bununla da cavabdehlər yaxşılaşdırmalar üzrə 8000 manat məbləğində əsassız varlanmışlar. Qeyd olunan xüsusat tərəflərin və onları təmsil edən şəxslərin izahatları ilə yanaşı “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli ***/E nömrəli ekspert rəyi ilə təsbit edilmişdir. X3 əmlakın yaxşılaşdırılması ilə əlaqədar 8000 manat məbləğində pul vəsaiti sərf etməsi “xxxx” MMC-nin məhkəmə tikinti-texniki ekspertizasının ##.##.2024-cü il tarixli, ***/E nömrəli rəyinə əsasən təsdiq etsə də, iddia tələbini digər hissədə sübuta yetirməmiş, buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Hazırda iddiaçı apellyasiya şikayəti verərək iddia tələbinin tam təmin edilməli olduğunu bildirir, cavabdeh isə iddianın ümumiyyətlə əsassız olduğunu bildirərək iddianı qəbul etmir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə tərkibi ilk növbədə qeyd etməyi lazım bilir ki, iddia tələbinin mahiyyəti iddiaçı tərəfindən ona məxsus olmayan daşınmaz əmlaka çəkilmiş xərclərin hüquqi taleyi və həmin xərclərin əvəzinin ödənilib-ödənilməməsi ilə bağlıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı nikah münasibətində olduğu cavabdeh X2 ilə birlikdə yaşadığı müddətdə mübahisəli fərdi yaşayış evində məskunlaşmış, sonradan tərəflər arasında münasibətlər pozulmuş və cavabdeh Rusiya Federasiyasına getmişdir. Bundan sonra iddiaçı faktiki olaraq həmin evdə yaşayaraq öz vəsaiti hesabına tikinti və təmir işləri aparmış, əmlakı yaxşılaşdırmışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi iclasında cavabdeh tərəfin nümayəndəsi X4 izahatından görünür ki, tərəflər arasında həmin fərdi yaşayış evindən iddiaçının çıxarılması ilə bağlı ayrıca məhkəmə mübahisəsi olmuş və nəticədə iddiaçı həmin evdən çıxarılmışdır. Beləliklə, iddiaçı bir vaxtlar daimi yaşayacağını güman etdiyi və faktiki olaraq istifadə etdiyi əmlaka öz vəsaiti hesabına yaxşılaşdırmalar aparmış, lakin sonradan həmin əmlakdan məhrum edilmişdir. Bu halda çəkilmiş xərclərin ona qaytarılmaması cavabdehlərin əsassız olaraq varlanmasına, iddiaçının isə əmlak itkilərinə məruz qalmasına səbəb olardı. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edən şəxs əsassız varlanmış hesab olunur. Bu cür varlanma yalnız o halda qanuni sayılır ki, onun üçün hüquqi və ya müqavilə əsası mövcud olsun. Hazırkı işdə isə cavabdehlərin iddiaçının çəkdiyi xərclər hesabına əldə etdikləri əmlak artımı üçün hər hansı hüquqi əsas müəyyən olunmur. Bununla yanaşı, Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olan şəxsin tələbi ilə geri qaytarmalıdır. Bu norma birbaşa olaraq iddiaçının çəkdiyi xərclərin cavabdehlər tərəfindən kompensasiya edilməli olduğunu təsbit edir. Eyni zamanda, Mülki Məcəllənin 157.7-ci maddəsi vicdanlı sahibin hüquqlarını müəyyən edərək göstərir ki, əmlaka zərər yetirmədən ayrılması mümkün olmayan yaxşılaşdırmalar aparıldıqda, həmin yaxşılaşdırmaları edən şəxs əmlakın dəyərindən artıq olmamaq şərti ilə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. İş üzrə müəyyən olunur ki, iddiaçı tərəfindən aparılmış tikinti və təmir işləri daşınmaz əmlakın ayrılmaz tərkib hissəsinə çevrildiyindən, onların naturada geri qaytarılması mümkün deyildir. Beləliklə, məhkəmə tərkibi belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehlərə məxsus əmlaka çəkilmiş və ayrılması mümkün olmayan yaxşılaşdırmalar nəticəsində cavabdehlər əmlakın dəyərinin artması formasında əmlak əldə etmiş, iddiaçı isə həmin həcmdə əmlakdan məhrum olmuşdur. Bu isə qanunvericiliyin tələblərinə görə əsassız varlanma kimi dəyərləndirilməklə həmin varlanma aradan qaldırılmalıdır. Məhkəmə tərkibi apellyasiya şikayətlərinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Cavabdeh Mirzəyev Aydın Əyyub oğlu apellyasiya şikayətində iddiaçı tərəfindən evin təmirinə çəkildiyi iddia olunan xərclərin, o cümlədən 8000 manat məbləğin belə sübut olunmadığını göstərmişdir. Lakin cavabdeh tərəfin (nümayəndəsi X4) məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı tərəfindən mübahisəli fərdi yaşayış evinə müəyyən xərclərin çəkilməsi faktı mübahisələndirilmir, yalnız həmin xərclərin məbləği ilə bağlı etiraz edilir. İddiaçı isə əksinə, evə çəkilmiş xərclərin 8000 manatdan xeyli artıq olduğunu bildirərək iddia tələbini tam müdafiə edir. Məhkəmə tərkibi hesab edir ki, hazırkı mübahisənin predmeti iddiaçı tərəfindən aparılmış tikinti və təmir işlərinə çəkilmiş xərclərin real bazar dəyərinin müəyyən edilməsindən ibarətdir. İş materiallarında olan və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2024-cü il tarixli, **-***/** nömrəli tikinti-texniki ekspertiza rəyinə əsasən, mübahisəli fərdi yaşayış evində aparılmış tikinti və təmir işlərinin ümumi dəyəri mövcud bazar qiymətləri ilə təqribən 40692 manat 09 qəpik məbləğində müəyyən edilmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsinin qərardadı əsasında əldə edilmiş “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli, ***/E nömrəli ekspert rəyinə əsasən isə həmin xərclərin dəyəri təqribən 8000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, tərəfin öz təşəbbüsü ilə əldə etdiyi ekspert rəyi sübut kimi qəbul edilsə də, həmin rəyin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyi ilə müqayisədə üstün hüquqi qüvvəyə malik hesab edilməsi düzgün deyildir. Lakin eyni zamanda, qeyd olunan iki ekspert rəyi arasında mövcud olan kəskin və əsaslı fərqin aradan qaldırılması, iş üçün mühüm əhəmiyyət kəsb edən halların tam və obyektiv müəyyən edilməsi zərurətini yaradır. Odur ki, hazırkı mərhələdə məhkəmə kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə iş üzrə müstəqil qiymətləndirici dəvət edilmişdir. ##.##.2026-cı il tarixli qiymətləndirmə rəyinə əsasən, mübahisəli fərdi yaşayış evində və həyətyanı sahədə aparılmış tikinti və təmir işlərinə çəkilmiş xərclərin bazar dəyəri 6910 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi apellyasiya instansiyası mərhələsində əldə edilmiş ##.##.2026-cı il tarixli qiymətləndirmə rəyində müəyyən olunmuş 6910 manat məbləğ, birinci instansiya məhkəməsi tərəfindən əsas götürülmüş ##.##.2024-cü il tarixli, ***/E nömrəli ekspert rəyində göstərilən 8000 manat məbləğinə yaxın olmaqla, həmin rəyin nəticələrini mahiyyət etibarilə təsdiqləyir. Bu hal onu göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş ekspert rəyi real bazar dəyərinə uyğun olmaqla obyektiv və etibarlı sübut kimi çıxış edir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş və xeyli yüksək məbləğ göstərilən ekspert rəyi qeyd olunan iki rəy ilə uzlaşmadığından, onun nəticələri sübutların məcmu qiymətləndirilməsi zamanı üstün mövqe tuta bilməz. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya mərhələsində əldə edilmiş rəy ilə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş ekspert rəyi arasında mövcud uyğunluq, məhz birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş rəyin düzgünlüyünü və əsaslılığını təsdiq edir və bu səbəbdən iş üzrə hüquqi qiymətləndirmə həmin rəy əsasında aparılmalıdır. Məhkəmə tərkibi iş üzrə toplanmış sübutları və tətbiq edilən hüquq normalarını məcmu şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, həm iddiaçı, həm də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərində irəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın tamamilə rədd edilməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, iddiaçı X3 və cavabdeh Mirzəyev Aydın Əyyub oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı X3 və cavabdeh Mirzəyev Aydın Əyyub oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərcləri tərəflərin özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetinə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1642/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1642/2025
02.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver