Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1643/2025 19.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, e-2(064)-1457/2025 saylı qətnaməsindən iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Beyləqan filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit müqaviləsindən görünür ki, kreditor borcalana, 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 6.370 ABŞ dolları məbləğində kredit vermişdir. xx.xx.2025-ci il tarixli kassa məxaric orderin surətindən görünür ki, Cavabdeh2 6.370 ABŞ dolları məbləğində pulu təhvil almışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Beyləqan” filialı ilə Cavabdeh1 arasında bağlanmış 470004419/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərdən görünür ki, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kredit öhdəliyinin qalığı 10.702,01 ABŞ dolları təşkil etmişdir. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1USD = 1,40 AZN məzənnəsi əsas götürməklə qəbul edilmişdir. Kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka xx.xx.2025-ci il tarixə 1768,63 ABŞ dolları əsas, 481,30 ABŞ dolları faiz, 4589,65 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 262,25 ABŞ dolları ABŞ dolları faiz borcu, cəmi 7101,83 ABŞ dolları borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1768,63 ABŞ dolları əsas, 481,30 ABŞ dolları faiz, 4589,65 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 262,25 ABŞ dolları faiz borcu, cəmi 7101,83 ABŞ dolları borc və iş üzrə ödənilmiş 126,22 manat dövlət rüsumunun əvəzi tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Beyləqan filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 6.370 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 470004419/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 10.702,01 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 7.101,83 ABŞ dolları təşkil edir. Bundan 1.768,63 ABŞ dolları əsas, 481,30 ABŞ dolları faiz, 4.589,65 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 262,25 ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini, onun kredit müqaviləsinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsiri altına düşdüyünü və borcunun cəmi 3000 manat olduğunu, banka olan borcunun müəyyən hissəsini ödədiyini, lakin bank tərəfindən həmin borcun silinmədiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, o dəfələrlə banka müraciət etmiş, bank əməkdaşları bankın ləğv prossesində olduğunu və kredit məbləğini ödədikdən sonra hesabından borcun silinəcəyini bildirmişlər. Eyni zamanda Cavabdeh2 iddiaya etraz ərizəsi təqdim edərək kredit müqaviləsi üzrə öhdəliklərinin xx.xx.2022-ci il tarixdə başa çatdığını, bu tarixdən 3 il keçdiyini və iddia tələbinin məhkəməyə xx.xx.2025-ci il tarixdə verildiyindən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 iddia tələbin etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, kredit müqaviləsi üzrə zamin qismində məsuliyyət daşıyır və əsas borc üzrə müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Bununla da, zamin olaraq onun məsuliyyəti ən geci xx.xx.2023-cü il tarixdə bitmişdir. Lakin iddia ərizəsi 2 il keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən kredit müqaviləsi üzrə onun zaminliyinə xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizəyə qarşı etiraz ünvanlayaraq Cavabdeh2 ilə Bank arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 01 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin son tarixi xx.xx.2022-ci il olduğunu, ən geci xx.xx.2025-ci il tarixədək hazırki tələblə məhkəməyə müraciət edə biləcəyini bildirir. İddiaçı bank tərəfindən isə iddia ərizəsi ilə iddia müddəti ötürülmədən xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.2025-ci il tarixədək iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün vaxtı mövcud olsa da, iddia müddətinin bitməsinə müəyyən müddət qalmış, yəni xx.xx.2025-ci il tarixdə müvafiq tələblə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən hesab edirlər ki, tərəflərindən cavabdehlərə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edilməsi üçün müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ötürülməmişdir. Ona görə də, cavabdehin ərizəsi əsassızdır. Füzuli Rayon Məhkəməsinin e-2(064)-1457/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 1 ABŞ dolları 1,40 manat hesblanmaqla 1768,63 ABŞ dolları əsas borc və ödənilmiş 44,77 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı LPO "xxxx" ASC-yə ödənilsin X1 81,45 manatı iddiaçının özünə aid edilməsi, iddianin qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 1, 5.1, 6.1, 6.2, 6.3, 22-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 739.1, 739.2, 472.1, 472.2, 477.0.4, 373.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından əvvələ təsadüf edir. Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərməkborcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Qeyd olunan fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Qərarın 16-17-ci bəndlərində qeyd olunan maddi hüquq normalarının hazırkı hala tətbiqi müzakirə olunmalıdır. Ona görə ki, Fərmanın tələblərinə uyğun olaraq dövlət öhdəliyin bir hissəsini ödəməyi öz üzərinə götürmüş və icra etmişdir. Məhkəmə zamin Cavabdeh1 münasibətdə hesab edir ki, zaminlik müqaviləsində nəzərdə tutulmuş müddət ərzində iddiaçının ona qarşı tələbi olmadığı üçün zaminliyə xitam verilməlidir. İddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfindən verilmiş ərizəyə münasibətdə Məhkəmə qeyd edir ki, Cavabdeh2 ilə Bank arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 01 nömrəli kredit müqaviləsi icra müddəti xx.xx.2025-ci il tarixdə bitir. İddiaçı isə Məhkəməyə xx.xx.2025-ci il tarixdə saat 14:04-də “Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə müraciət etmişdir. Göründüyü kimi Qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh2 iddiaçıdan aldığı kredit üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2015-ci tarixli kredit müqaviləsi üzrə 1768,63 ABŞ dolları əsas borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. xx.xx.2017-ci il tarixli 01 saylı əlavə sazişə əsasən 1 ABŞ dolları 1,4 manat hesablanmalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, “iddiaçının xx.xx.2015-ci tarixli kredit müqaviləsi üzrə 1768,63 ABŞ dolları əsas borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. xx.xx.2017-ci il tarixli 01 saylı əlavə sazişə əsasən 1 ABŞ dolları 1,4 manat hesablanmalıdır.” Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli olan halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Fərmanın 6.2-ci bəndində qeyd olunur ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanın bu bəndi ilə Banklara fiziki şəxslərin vaxtı keçmiş kredit borclarına tətbiq edilmiş faizləri silmək və məhkəmədə olan işləri dayandırmaq üçün tədbirlər görməyi tapşıran təlimat verilmişdir, yəni vaxtı keçmiş kredit borclarının gecikmə günləri müəyyən bir həddi aşarsa (360 gün), Banklar bu borclara restrukturizasiya tətbiq etməli idi. Əgər gecikmə günü yoxdursa, restrukturizasiya tətbiq edilməsi nəzərdə tutulmamışdır. Restrukturizasiya borcun ödənilməsi ilə bağlı çətinliklər yarandıqda (maddi vəziyyət, gecikmə günləri və s.) həyata keçirilir. Belə ki, Fərmanın heç bir bəndində vaxtı keçməmiş kredit borclarının restrukturizasiya olunması və həmin borc üzrə yaranmış faiz və dəbbə pulu (cərimə, penya) borclarının silinməsi səlahiyyətləri banklara və ləğvetmə prosesində olan banklara verilməmişdir. Qərarın 6.1-ci bəndində qeyd olunur ki, Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: 6.1.1. həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır; 6.1.2. fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019-cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; 6.1.3. fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019- cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildiririk ki , əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmədiyi üçün kredit müqaviləsi üzrə yaranmış borc vaxtı keçmiş kredit borcu hesab edilmir. Ona görə də, hesablanmış faizlər və dəbbə pulu (cərimə, penya) Bank tərəfindən silinməmiş və eyni zamanda cavabdehin adı restrukturizasiya olunması təklif olunan kreditlər siyahısında olmamışdır. Bundan başqa bildirilir ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi üzrə əsas və faiz borcları üzrə gecikmə günlərinin sayı 2019cu ilin mart ayına, 360 gündən az, yəni cəmi 210 gün (196 (əsas borc üzrə gecikmə günləri) + 14 (faiz borcu üzrə gecikmə günləri) təşkil edir və bu MKR-dən çıxarışda öz əksini tapır. (MKR-dən çıxarış apellyasiya şikayətinə əlavə edilmişdir). Bundan başqa bildiririk ki, Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə Fərmana əsasənrestrukturizasiya müqaviləsi yalnız o halda bağlanar ki, kredit müqaviləsi üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilsin. Göründüyü kimi, Bankla cavabdeh arasındabağlanmış müvafiq kredit müqaviləsi üzrə əsas və faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmədi yindən maliyyə arayışına əsasən məhkəmədən əsas borc ilə birlikdə müqavilə müddəti üçün hesablanmış faiz, cərimə və Kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsininxx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borclarının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Onu da qeyd etmək istəyirik ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinin yalnız bağlanma tarixi və məbləği Qərarın yuxarıda qeyd olunan şərtlərinə uyğun gəlir. Bildiririk ki, borcun müvafiq Fərmanın şərtlərinəuyğun olaraq düzgün qiymətləndirilməsi vacibdir. Fərmanın məqsədi, sadəcə, borcalanların problemli kreditlərə münasibətdə hüquqlarını qorumaq deyil, həmçinin kreditorların da maliyyə maraqlarını təmin etməkdir. Bu səbəbdən, borcun bütün parametrlərinin və şərtlərinin diqqətlə nəzərdən keçirilməsi, həm borcalanın, həm də kreditorun hüquqlarının balanslaşdırılmasını təmin etməlidir. Lakin borc üzrə digər şərtləri nəzərə almamaq, hüquqi baxımdan məqsədəuyğun və düzgün nəticələrə gətirib çıxarmamış, bununla da tam əsaslandırılmamış qərarın qəbul edilməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, “Qeyd olunan fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır”. Bununla bağlı bildiririk ki, birinci instansiya məhkəməsinin qətnamədə qeyd etdiyi "Qeyd olunan fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır" ifadəsi həmin məhkəmə tərəfindən fərmanın müvafiq bəndlərinin düzgün və a y d ı n şəkildə şərh olunmaması nəticəsində yaranmış anlaşılmazlıqla bağlıdır. Halbuki, Fərmanın 8.9-cu bəndində faizlərin silinməsi ilə bağlı konkret bir müddəa mövcuddur və burada məqsəd vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlər və dəbbə pullarının (cərimə, penya) silinməsidir. Yəni Fərmanda faizlərin silinməsi üçün ayrıca “şərt” qoyulmasına ehtiyac yoxdur, silinmə prosesi birbaşa və açıq şəkildə müəyyən edilmişdir. Bu isə nəticədə birinci instansiya məhkəməsinin faizlərin silinməsi ilə bağlı vermiş olduğu qərarın səhv olduğunu göstərir. Bununla da birinci instansiya məhkəməsi iddia tələbinin yalnız 1.768,63 ABŞ dolları əsasborcun cavabdehdən tutulması hissəsində təmin edilməsi nəticəsinə gəlmişdir ki, bu nəticə də, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının konkret hansı bəndinə əsaslandığı göstərilmədən yalnış irəli sürülmüşdür. Mülki Məcəllənin 439.7-ci maddəsində qeyd edilir ki,əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan RespublikasıMülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli Qərarında isə qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Mülki Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Bildiririk ki, birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən, yanlışlığa yol verərək əsas borcun 1 ABŞ dolları 1.40 manat hesablanmaqla ödənilməsini qət etmişdir. Lakin, məhkəmənin bu qərarı qanunvericiliyin tələblərinə ziddir, çünki qanunvericilik xarici valyuta ilə müəyyən olunmuş öhdəliklərin ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə yerinə yetirilməli olduğunu müəyyən edir. Bu maddənin mötəbər hüquqi qüvvəsi pozulmuş və məhkəmə, ödənişin faktiki həyata keçirildiyi günün məzənnəsini nəzərə almadan, ümumilikdə 1.40 məzənnəsini tətbiq edərək, hüquqi normalara uyğun olmayan, mövcud qanunvericilik tələblərini və ədalət prinsiplərini pozan, həmçinin tərəflər arasında ədalətsiz bir nəticə doğuran qərar vermişdir. Məhkəmənin bu yanaşmasıAzərbaycan Respublikasının Mülki Məcəlləsi, mövcud məhkəmə təcrübəsi v ə iqtisadi hüququn əsas prinsipləri ilə ziddiyyət təşkil edir. Belə ki, kredit xarici valyutada (ABŞ dollarında) müəyyən edilibsə, ödəniş isə Azərbaycan Respublikasında və manatla həyata keçirilirsə, o zaman cavabdeh öhdəliyini ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə ilə yerinə yetirməlidir. Bildiririk ki, ********* №-li xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə dəyişiklik edilərək kredit “ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 ABŞ dolları = 1.40 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir” şərti əsasında restrukturizasiya edilsə də, cavabdeh (borcalan) ödənişləri vaxtında icra etmədiyi üçün müqavilənin şərtləri onun tərəfindən pozulmuşdur. Müqavilənin digər şərtlərindən biri də, borcalanın ödəniş qrafiki üzrə öhdəliklərinin icrası zamanı növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olduğu zaman Borcalanın güzəştli məzənnə ilə ödədiyi bütün ödənişlər bankın ödəniş tarixinə olan məzənnə ilə yenidən hesablanmasıdır. Müqavilədəki şərt o zaman qüvvədə olardı ki, Kredit müqaviləsinə edilmiş dəyişikliyə əsasən Kredit müqaviləsi (Əlavə Saziş) üzrə ödənişlər borcalan tərəfindən gecikdirilmədən müəyyən edilmiş qrafikə əsasən həyata keçirilərdi. Müqavilənin ödəniş qrafiki, borcalanın (cavabdehin) hər ay və ya müəyyən müddətlərdə müəyyən məbləğləri ödəməsini nəzərdə tuturdu. Bu ödənişlər müqavilədə göstərilən müddət və məbləğlərə uyğun olmalı və heç bir gecikmə halı yaşanmamalı idi. Ödəniş qrafikində nəzərdə tutulan ödənişlər borcalan (cavabdeh) tərəfindən ödəniş qrafikində nəzərdə tutulan müddətlərdə icra edilmədiyindən gecikmə halları baş vermiş və nəticədə müqavilənin şərtləri pozulmuşdur. Buradan aydın görünür ki, məhkəmə, müqavilə şərtlərinin pozulması ilə bağlı faktı nəzərə almamışdır. Odur ki, məhkəmə tərəfindən borcun hesablanmasında ödəniş günü qüvvədə olan rəsmi məzənnə əsas götürülməli idi, lakin məhkəmə müqavilə şərtlərinin pozulması faktını müəyyən etmədiyindən ümumi olaraq 1 ABŞ dolları = 1.4 AZN məzənnəsini tətbiq etməklə, ödənişin hansı tarixdə baş verəcəyini və həmin tarixdə hansı məzənnənin mövcud ola biləcəyini də nəzərə almamışdır. Bundan başqa bildiririk ki, ödəniş tarixi – məzənnənin müəyyən edilməsi üçün əsas meyardır. Kredit münasibətlərində məzənnənin müəyyənləşdirilməsi yalnız ödənişin həyata keçirildiyi günə əsasən mümkündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeydolunan maddələrinə əsasən iddiaçıya kreditor olaraq bir çox hüquqlar verilmişdir. Ona görə də, Bank bu hüquqlara istinad edərək cavabdehdən faiz, cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borcun (gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği) tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh XankişiyevKənan Aydın oğlu hazırki vaxtadək banka olan borcu ödəmək üçün heç bir tədbir görməmişdir. Buradan da görünür ki, cavabdeh açıq şəkildə öhdəliyini icra etməkdən boyun qaçırır. Məhkəmə isə iddiaçının qanunvericiliklə müəyyən olunmuş hüquqlarını kobud şəkildə pozmuş, cavabdehin bundan sonra bank qarşısında olan öhdəliklərinin tam həyata keçirməməsinə şərait yaratmışdır. Füzuli RayonMəhkəməsi iddiaçının təqdim etdiyi sübutlara düzgün şəkildə diqqət yetirməmişdir. Belə ki, Problemli kreditlərlə bağlı məlumatların araşdırılması məqsədilə elektron portal vasitəsilə əldə olunmuş çıxarışda cavabdehin əsas kredit üzrə qalıq borcu, həmin borcun restrukturizasiya üçün nəzərdə tutulmuş kreditlər siyahısına daxil edilmədiyi, habelə kompensasiya məbləğləri və digər əlaqəli göstəricilər barədə məlumatlar əks olunmuşdır. Birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları düzgün qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş cərimə və faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifələrini tam yerinə yetirməmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmişlər. İddiaçı tərəf “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(064)-1457/2025 saylı qətnaməsinin qismən – mübahisələndirilən hissələrdə (faiz, cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu və “1 ABŞ dolları 1.40 manat hesablanmaqla”) ləğv edilməsini və həmin hissələrdə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, qətnamə mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 445.7-ci maddəsinə əsasən. (kredit müqaviləsi bağlanan zaman qüvvədə olan redaksiya). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı: “Bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ...Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları, apellyasiya şikayətinin dəlillərini və birinci instansiya məhkəməsinin gəldiyi qənaəti məcmu şəkildə qiymətləndirərək belə hesab edir ki, qətnamə mübahisələndirilən hissədə qismən ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən olunmalı, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi üzrə borcalana kredit vəsaiti tam həcmdə verilmiş, lakin borcalan öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada yerinə yetirməmiş, bu isə müqavilədən irəli gələn faizlərin, cərimələrin və kredit müqaviləsi bitdikdən sonra hesablanan faiz borcunun yaranmasına səbəb olmuşdur. Kredit münasibətlərinin iqtisadi-hüquqi mahiyyəti ondan ibarətdir ki, borcalan vəsaiti ədədlilik, müddətlilik və ödənişlilik prinsipləri əsasında alır. Müqavilə üzrə faiz öhdəliyinin məhz bu “ödənişlilik” prinsipini kompensasiya etdiyi hüquqi ədəbiyyat və məhkəmə təcrübəsində sabit şəkildə qəbul olunub. Borcalan vəsaitdən istifadə etdiyinə görə faiz ödəyir, gecikdirdiyinə görə cərimə və ya dəbbə pulu ödəyir. Bu öhdəliklərin hər biri kreditorun pozulmuş hüququnu bərpa etməyə xidmət edir. Birinci instansiya məhkəməsi faiz borcu 481,30 ABŞ dollarının təmin edilməməsi ilə borcalanın müqavilə ilə müəyyən olunmuş əsas öhdəliyini gözardı etmiş və nəticədə kredit müqaviləsinin fundamental tələblərinin pozulmasına rəvac vermişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi kimi, 28 fevral 2019-cu il tarixli “Problemli kreditlər” Fərmanı yalnız müəyyən hüquqi tərkiblər üzrə tətbiq edilir və restrukturizasiyanın məcburi xarakter daşıması üçün gecikmə müddətinin 360 gün olması zəruridir. Fərmanın məqsədi borc yükü altında qalan şəxslərə dövlət dəstəyi göstərmək olsa da, bu dəstəyin tətbiqi sərhədləri aydın şəkildə müəyyən edilib. Həmin sərhədlərdən kənarda olan kreditlər üzrə faizlərin və cərimələrin silinməsi barədə heç bir hüquqi əsas mövcud deyil. Apellyasiya instansiyası müəyyən edir ki, cavabdehin kredit öhdəliyinin icrasında gecikmə müddəti MKR çıxarışına görə cəmi 210 gün təşkil etmişdir. Bu göstərici Fərmanın 6.1 və 6.2-ci bəndlərində nəzərdə tutulan 360 günlük həddi aşmadığından, restrukturizasiya mexanizmi tətbiq olunmalı deyildi. Birinci instansiya məhkəməsinin Fərmanın 8.9-cu bəndinin məqsədini tam qiymətləndirməməsi və “faizlərin silinməsi nəzərdə tutulmur” kimi ümumi nəticə çıxarması normanın kontekstindən kənar şərhidir. Fərmanın həmin bəndi yalnız restrukturizasiyaya uyğun olan kreditlərə münasibətdə faizlərin və dəbbə pullarının silinməsini nəzərdə tutur. Bu baxımdan birinci instansiya məhkəməsinin mövqeyi hüquqi əsasdan məhrumdur. Kollegiya müqavilə üzrə valyuta məzənnəsinin tətbiqi məsələsini də araşdırmışdır. 16 iyun 2017-ci il tarixli Əlavə Sazişdə göstərilir ki, borclar manatla ödənildikdə 1 ABŞ dolları 1.40 AZN məzənnəsi tətbiq edilir. Bu, tərəflərin iradə azadlığı çərçivəsində öz aralarında razılaşdırdıqları valyuta rejimidir və Mülki Məcəllənin 422-ci maddəsinə əsasən, müqavilənin şərtləri tərəflər üçün məcburidir. Müqavilədə xüsusi qayda müəyyən edildiyi halda Mülki Məcəllənin 439.7-ci maddəsinin “başqa qayda nəzərdə tutulmadıqda” müddəası tətbiq edilmir. Saziş həmçinin göstərir ki, Mərkəzi Bankın məzənnəsi 1.40-dan aşağı düşərsə, ödəniş həmin günün məzənnəsi ilə aparılır. Bu mexanizm borcalana güzəşt imkanı yaradan, lakin məzənnə yüksəldikdə kreditorun riskini artırmayan balanslaşdırılmış mexanizmdir. Birinci instansiya məhkəməsi məhz müqavilə şərtini əsas götürərək 1.40 məzənnəsini tətbiq etmiş və apellyasiya instansiyası bu nəticənin düzgün olduğunu müəyyən edir. Kredit müqaviləsi bitdikdən sonra hesablanmış 262,25 ABŞ dolları məbləğində faiz borcu Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarından irəli gələn hüquqi mexanizmdir və gecikdirilmiş öhdəliklər üzrə kreditorun hüquqlarını qoruyur. Bu faiz borcu müqavilə faizindən fərqli olaraq gecikdirilmiş icranın nəticəsi olaraq tətbiq edilən xüsusi məsuliyyət tədbiridir. Birinci instansiya məhkəməsinin bu tələbi təmin etməməsi maddi hüququn tətbiqində ciddi nöqsandır, çünki bu faizlər borcun hüquqi taleyi ilə birbaşa bağlıdır və kreditorun pozulmuş hüququnu kompensasiya edir. Həmin Qərarda qeyd olunmuşdur ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Cərimə borcuna gəldikdə, cərimənin ümumi məbləği olan 4.589,65 ABŞ dolları müqavilə öhdəliklərinin pozulmasına görə tətbiq olunan dəbbə puludur. Dəbbə pulunun tətbiqi borcalanın müqavilə öhdəliklərini vaxtında icra etməməsi nəticəsində kreditorun məruz qaldığı itkilərin kompensasiyası və borcalana intizam xarakterli təsir vasitəsi kimi nəzərdə tutulur. Lakin Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə tənasübsüz dərəcədə yüksək olan cəriməni azaltmaq səlahiyyəti verir. İş üzrə cərimənin ümumi məbləği ilə əsas borc arasında uyğunsuzluq, habelə borcun uzun müddət bankın ləğv prosesində toplanması nəzərə alınaraq, apellyasiya instansiyası cərimənin 100 ABŞ dolları həddində tutulmasını, həm kreditorun hüquqlarını müəyyən dərəcədə təmin edən, həm də borcalan üçün həddindən artıq ağır olmayan balanslaşdırılmış həll kimi qiymətləndirir. Bu yanaşma hüquq ədalətinin və məhkəmənin fərdi yanaşma prinsipinin tələblərinə cavab verir. Göstərilən bütün hallara hüquqi qiymət verildikdən sonra apellyasiya instansiyası müəyyən edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsi maddi hüququn tələblərinə uyğun deyil və ləğv edilməlidir. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh2 1 ABŞ dolları 1.40 manat məzənnəsi ilə hesablanmaqla 481,30 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə borcu və kredit müqaviləsi bitdikdən sonra hesablanmış 262,25 ABŞ dolları məbləğində faiz tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. Odur ki, məhkəmə kollegiyası işin yuxarıda göstərilən halları, təqdim edilmiş sübutlar, izahatları və tətbiq ediləcək hüquq normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, e-2(064)- 1457/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, Cavabdeh2 (1 ABŞ dolları 1.40 manat məzənnəsi ilə hesablanmaqla) 481,30 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə borcu və kredit müqaviləsi bitdikdən sonra hesablanmış 262,25 ABŞ dolları məbləğində faiz borcu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1.-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, e-2(064)-1457/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilsin. Həmin hissədə iddia qismən təmin olunsun. Cavabdeh2 (1 ABŞ dolları 1.40 manat məzənnəsi ilə hesablanmaqla) 481,30 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə borcu və kredit müqaviləsi bitdikdən sonra hesablanmış 262,25 ABŞ dolları məbləğində faiz borcu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1643/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1643/2025
19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver