Məhkəmə qərarları › İş №2(106)-1648/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1648/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1648/2025 03.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-1097/2025 saylı, 02 sentyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 noyabr 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 1.342,94 ABŞ dolları əsas borcun və iş üzrə ödənilmiş 42.83 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 3.950 (üç min doqquz yüz əlli) ABŞ dolları məbləğində pul verilmiş, cavabdeh isə orderə imza atmaqla 3.950 (üç min doqquz yüz əlli) ABŞ dolları məbləğində pulun götürülməsini təsdiq etmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna sahib olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Hazırda Bank tərəfindən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməməsinin səbəbi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filallarda olan sənədlərin məhv edilməsi, itirliməsi və ya korlanması olmuşdur. Qeyd edilən sənədlərin məlum səbəblərdən məhkəməyə təqdim edilməsi mümkün olmasa da, 3.950 (üç min doqquz yüz əlli) ABŞ dolları məbləğində pulun bankın kassasından alınmasını təsdiq edən kassa-məxaric orderi mötəbər sübut hesab olunaraq cavabdehin bütün hallarda Bank qarşısında öhdəliyinin yarandığını əks etdirir. Kassa-məxaric orderi-nağd vəsaitin kassadan məxaricini sübut edən sənəddir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X3rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir. Cavabdeh bankın ümumilikdə 3.950 (üç min doqquz yüz əlli) ABŞ dolları məbləğində pulunu əldə edərək əsassız varlanmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh əsas borcu 1.342,94 (bir min üç yüz qırx iki dollar, 94 sent) ABŞ dolları təşkil edir. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Ona görə də cəmi 1.342,94 ABŞ dolları əsas borcun və iş üzrə ödənilmiş 42.83 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən və əvvəlki məhkəm iclasında iştirak etdiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1097/2025 saylı, 02 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Ramiz Nurullayev), iddianın qismən təmin edilməsi, Cavabdeh əsas borca görə 41.12 (qırx bir manat on iki qəpik) manat və iş üzrə ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manatın tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 12.83 (on iki manat səksən üç qəpik) manatın iddiaçıya aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Tağızadə X2 Rayon Məhkəməsinin 2(020)-1097/2025 saylı, 02 sentyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər keçirilən iclasda tərəflər iştirak etməmiş, iddiaçı və cavabdeh məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinin dəlilləri həddində Beyləqan Rayon Məhkəməsinin 2(020)-1097/2025 saylı, 02 sentyabr 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada (MM maddə 739.1,739.2) bağlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1097/2025 saylı, 02 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 3.950 (üç min doqquz yüz əlli) ABŞ dolları məbləğində pul verilmiş, cavabdeh isə orderə imza atmaqla 3.950 (üç min doqquz yüz əlli) ABŞ dolları məbləğində pulun götürülməsini təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh əsas borcu 1.342,94 (bir min üç yüz qırx iki dollar, 94 sent) ABŞ dolları təşkil edir . Kollegiya qeyd edir ki, hazırkı işdə də tərəflər arasında kredit müqaviləsinin bağlanmasını təsdiq edən sübutların olması müəyyən edilməmişdir. İddiaçı tərəflər arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmasını və həmin müqaviləyə əsasən cavabdehin İddiaçı ASC-dən 3.950 (üç min doqquz yüz əlli) ABŞ dolları məbləğində kredit götürməsini göstərsə də kredit müqaviləsinin əslini və ya təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi təqdim olunmuş problemli kreditlərin kompensasiyası haqqında məlumata əsasən, ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönələn hissədə Cavabdeh Əflatun oğlunun restrukturizasiya olunması təklif olunan kredit borcunun qalıq məbləğinin 41.12 manat olduğu qənaətinə gəlmiş və iddianı həmin məbləğdə təmin etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid təcrübə yaradan oxşar mübahisələr üzrə çıxarılmış qərarlarında qeyd olunmuşdur ki, MPM-in 77.1-ci maddəsinə əsasən, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığı müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir (Ali Məhkəmənin 2(102)-1113/2021, 2(102)-2906/2021, 2-2(102)-239/2021, 2- 2(102)-402/2022 və 2(102)-546/2023 nömrəli işlər üzrə qərarları). Məhkəmə kollegiyası iddiaçının iddia tələbini və bu tələbi əsaslandıran sübutları nəzərdən keçirərkən müəyyən edir ki, iddiaçı cavabdehlə xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borcun qaytarılmamasının səbəbi kimi cavabdehin müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirməməsini iddia edir və bu barədə tərəflər arasında bağlanmış kredit müqaviləsini deyil, hesabdan çıxarışı əsas götürür. Həmin çıxarışa əsasən iddiaçı iddia edir ki, cavabdehin qeyd olunan müqavilə üzrə ödənilməyən borcu mövcuddur. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi sübut qismində kassa məxaric orderinin ksero surətini təqdim etmişdir. Halbuki Ali Məhkəməsinin vahid təcrübə yaradan oxşar mübahisələr üzrə çıxarılmış qərarlarından müəyyən edilir ki, kredit müqaviləsindən irəli gələn tələblər üzrə məhkəməyə kassa məxaric orderinin və müqavilənin əsilləri təqdim olunduğu halda həmin sənədlər sübut kimi qəbul edilə və qiymətləndirilə bilər. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim olunan məxaric orderinin ksero surətini nəzərə almış, həmçinin xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin əslinin olmamasına baxmayaraq iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə borcun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanının təsiri altına düşməsini nəzərə almış, bununla bağlı portaldan çıxarış etmiş və çıxarışla müəyyən edilmişdir ki, Cavabdeh Əflatun oğlunun restrukturizasiya olunması təklif olunan kredit borcunun qalıq məbləği 41.12 manat təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı isə apellyasiya şikayətinin dəlillərində Cavabdeh İddiaçı ASC-dən müxtəlif valyutalarda olmaqla iki fərqli kredit götürdüyünü, hər iki kredit müqaviləsinin eyni tarixdə, yəni 12 fevral 2015-ci il tarixdə rəsmiləşdirildiyini və cavabdehə biri ABŞ dolları, digəri isə Azərbaycan manatı ilə olmaqla ayrılıqda iki kredit verildiyini bildirmişdir. Hazırda isə ABŞ dolları ilə verilən kredit mübahisələndirilən kreditdir. Kollegiya iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, ümumiyyətlə iddiaçı yuxarıda kredit müqavilələrinin heç biri üzrə müqavilənin və kassa məxaric orderinin əslini təqdim edə bilməmişdir. Bu isə iddiaçının iddia tələbini əsassız edir. Lakin hər nə qədər ki, qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmişdir, kollegiya birinci instansiya məhkəməsinin kredit borcunun restrukturizasiya olunması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası yekun olaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi və Beyləqan Rayon Məhkəməsinin 2(020)-1097/2025 saylı, 02 sentyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddianın mübahisələndirilən hissəsində qiyməti 1.342,94 ABŞ dolları, yəni 5000 manatdan az olduğundan kassasiya şikayəti verilə bilməz Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1097/2025 saylı, 02 sentyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar