Məhkəmə qərarları › İş №2(106)-165/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-165/2024

17.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-165/2024 17.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı 7845 manat dəyərində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: dəymiş ziyanın ödənilməsi tələbi X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 7845 manat dəyərində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(048)-627/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7845 manat borc pulun və ödənilmiş 98.45 mana dövlət rüsumunun cəmi ümumilikdə 7943.45 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan 2021-ci il buraxılışlı “Seat İbiza” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili aralarında bağlanmış yazlı müqavilə əsasında sürücü Cavabdeh xx.xx.2022-ci il tarixindən etibarən aylıq əmək haqqı 450 manat olmaqla gündəlik 60 manat plan əsasında icarəyə vermişdir.xx.xx.2022-ci il tarixində Suraxanı rayonu ərazisində sürücü Cavabdeh avtomobili yol kənarında daş hasara vuraraq qəza törətmişdir.Baş vermiş qəza nəticəsində avtomobilə ciddi ziyan dəymişdir.Lakin, sürücü Cavabdeh tərəfindən avtomobil təmir olunmamış və ona heç bir ödəniş olunmamışdır.Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş yazılı iltizam əsaında qəza nəticəsində dəymiş ziyanın hissə-hissə ödənilməsi barədə öhdəlik götürərək söz verməsinə baxmayaraq bu günə qədər heç bir ödəniş etməmişdir.Dəfələrlə ona ödəniş etməsi bildirilsədə müxtəlif bahanələr ilə ödənişdən yayınmışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş qüsur aktına əsasən “Seat İbiza” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 6845 manat dəyərində ziyan dəymişdir. Bundan başqa avtomobil qəzalı olduğundan bazar qiyməti 1000 manat dəyərində ucuzlaşmışdır. Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək bildirmişdir ki, o, “Seat İbiza” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini müqavilə əsasında icarəyə götürmüşdür. Bakı şəhəri, Suraxanı rayonu ərazisində o, avtomobili daş hasara vuraraq qəza törətmiş, nəticədə maşına maddi ziyan dəymişdir. İddiaçının tələb etdiyi maddi ziyanın məbləği çoxdur. Belə ki, qüsur aktı tərtib olunarkən qiymətlər həddən artıq çox şişirdilmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(048)-627/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı dəymiş maddi ziyanın əvəzi olan 6845 manat pulun və 98.45 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qeyd olunan nəticəyə gələrkən iddia ərizəsinə istinad edərək iddiaçının mülkiyyətində olan “Seat İbiza” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin zavod istehsalının 2021-ci il buraxılışı olmasını qeyd etmişdir. Halbuki, İddiaçı məxsus həmin avtomobilin zavod istehsalı 2021-ci il buraxılışı deyil, 2012-ci il buraxılışı olmuşdur. Məhkəmə isə avtomobilə 6845 manat məbləğdə ziyan dəyməsi nəticəsinə gələrkən dəymiş ziyanın artıq uzun müddət istismar olunmuş və amortizasiyaya məruz qalmış avtomobilə deyil, məhz 2021-ci il istehsalı olan avtomobilə dəydiyi nöqteyinəzərdən yanaşmışdır. Məhkəmə iddianı təmin edərkən iddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC şirkətinin servis müdiri tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Seat İbiza” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 6845 manat miqdarında maddi ziyan dəyməsi barədə qüsur aktına istinad etmişdir. Baxmayaraq ki, cavabdeh qismində məhkəmə iclasında iştirak edən zaman qüsur aktının həddən artıq şişirdilmiş qiymətlər əsasında tərtib edildiyini bildirib məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Bildirir ki, maddi imkansızlığına görə vəkil xidmətimdən istifadə edə bilməmişdir. Ali təhsili, o cümlədən hüquqi savadı olmadığına görə vəsatətin şifahi deyil, yazılı formada verilməsinin vacib olduğu barədə məlumatı olmamışdır. Ona görə də məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə şifahi vəsatət versə də vəsatəti müzakirə olunmamış, vəsatətin yazılı formada verilməsinin vacib olduğu ona izah edilməmişdir. Halbuki, iddiaçı tərəfindən avtomobilin təmiri üçün onun tərəfindən servis xidmətinə 6845 manat ödənilməsinin həqiqətə uyğun olmaması nəticəsinə gəlinməsi, eləcə də məhkəmənin öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsi üçün kifayət qədər əsaslar olmuşdur. MPM-nin 97.1-cimaddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbuletməlidir. Belə ki, apellyasiya şikayətinə əlavə olunmuş foto-şəkillərdən də görünür ki, avtomobilin kapotu zədələnsə də tam yararsız vəziyyətdə olmamışdır. Eləcə də sol farasından və üzlükdən başqa qüsur aktında sadalanan ehtiyyat hissələri, o cümlədən, şit airbakı, sükan airbakı, su radiatoru tam yararsız vəziyyətdə olmamış, onları təmir edib bərpa etmək mümkün olmuşdur. Reallıqda avtomobilin hasara çırpılması nəticəsində avtomobilin qabaq sol buferi çartlamış, kapotun solfara tərəfi əzilmiş, “udarnik”-in dəmirinin sol tərəfi əyilmiş, radiator kranı partlamış, sükanın və şitin airbağı açılmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, "xxxx" MMC şirkətinin servis mərkəzi qüsur aktında sadalanan ehtiyat hissələrinin dəyişdirilməsinin zərurət olduğunu qeyd etsə də bunun vacib deyil, kommersiya (qazanc) nöqteyi nəzərindən məsləhət görmüşdür. Çünki, eyni qüsur aktında servis xidmətinin məbləği də yazılmışdır. Orada qeyd olunan armatur işi, dəmirçi işi, çilingər işi, plastmas təmiri, sükan təmiri və şit təmiri sadalanan ehtiyat hissələrinin dəyişdirilməsi üçün çəkilən xərclər deyil, həmin ehtiyat hissələrinin təmiri ilə bağlı olmuşdur. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, qəza nəticəsində zədələnmiş ehtiyyat hissələrinin sifarişçinin-mülkiyyətçinin onları təmir etdirmək və ya yenisi ilə əvəz etməsi onun öz istəyi ilə bağlı olmuşdur. Belə olduğu halda, 2012-ci il zavod buraxılışı olan avtomobilin mülkiyyətçinin həmin ehtiyat hissələrinin təmirinin deyil, yenisi ilə əvəz edilməsini şəxsi istəyi kimi qiymətləndirilməsi məhkəmə tərəfindən nəzərə alınmalı idi. Eləcə də iddiaçı tərəfindən avtomobilin zədələnmiş ehtiyyat hissələrinin təmirinə çəkilən xərcin tələb edilməsi və məhkəmənin də iddianın həmin hissədə təmin etməsi qanunauyğun və ədalətli hesab edilə ola bilərdi. Hadisə 02 may 2022-ci il tarixdə baş versə də 06 may 2022-ci il tarixdə iddiaçı ilə aralarında qarşılıqlı razılaşma olmuş və tərəfindən öhdəlik kimi “İltizam” yazılmışdır. Belə ki, maşın təmiri ustaları ilə məsləhətləşdikdən sonra dəymiş ziyanın 2000 (ikimin) manat təşkil edə biləcəyi bildirilsə də, İddiaçı 2000 (ikimin) manatın az olduğunu bildirib ciddi narazılıq və etiraz olmadan 3500 (üç min beş yüz) manat təklif etmişdir. İddiaçıla aramızda narazılıq olmamasından ötrü onun təklif etdiyi məbləğlə razılaşmış və bununla bağlı “İltizam” yazıb bir surətini İddiaçı təqdim etmişdir. Həmin iltizama əsasən, dəymiş ziyanın məbləği servis xidməti ilə təxminən birlikdə 3500 (üç min beş yüz) manat olmasına dair və 2022-ci ilin iyul ayına kimi ödəyəcəyimə dair öhdəlik götürməklə aralarında razılaşma olmuşdur. Əks təqdirdə iddiaçının həmin məbləği məhkəmə qaydasında tələb edəcəyinə aralarında razılaşma olmuşdur. Lakin maddi sıxıntılara görə və heç yerdən hətta borc da tapa bilmədiyimə görə iddiaçı ilə razılaşdıqları 3500 (üç min beş yüz) manat pulu vaxtında verə bilməmişdir. Qeyd edilən məzmunda iltizam olması və iddiaçının da həmin məbləğlə razılaşması İddiaçı həm iddia ərizəsində və həmdə məhkəmə iclasında verdiyi izahatında öz əksini tapmışdır. Lakin aralarında belə bir razılaşma olduğuna görə iddiaçı iltizamda qeyd edilən 3500 manatın tələbi ilə bağlı məhkəmədə iddia qaldırmalı olduğu halda o, 6845 manat dəymiş ziyan və 1000 manat isə avtomobilin qəzalı vəziyyətə düşməsindən sonra bazar qiymətinin 1000 manat ucuzlaşmasına görə 7845 manat tələbi ilə iddia qaldırmışdır. Məhkəmə isə dəymiş ziyanın məbləğinin 6845 manat olması nəticəsinə gələrək həmin məbləğdə iddianı təmin etmişdir. Qeyd edilənlərə əsasən məhkəmənin öz təşəbbüsü ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməməsi, vurulmuş ziyana görə iddiaçının sığorta alıb-almaması, göstərilən servis xidmətinə görə ödəmə qəbzinin olmaması, Mülki Məcəllənin 1097.1-ci maddəsinə istinad edilməklə iddianın təmin edilməsi -ziyanın tam məbləğdə ödənilməsi birinci instansiya məhkəməsi tərəfindən sübut edilməmiş, lakin birinci instansiya məhkəməsi əsassız olaraq iddianı qismən təmin etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh izahatında qeyd etmişdir ki, ekspert rəyi ilə razı deyil. Ziyan məbləği çox qiymətləndirilmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında qeyd etmişdir ki, ekspert rəyində ziyan məbləği az qiymətləndirilsə də, hazırda ekspert rəyi ilə razılaşır. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini, həmin hissədə iddianın rədd olunmasını xahiş edir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya dəlilləri həcmində, iddianın təmin edilən hissəsi üzrə yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi maddi ziyan məbləğinin müəyyən edilməsinə dair hissədə dəyişdirilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC şirkətinin servis müdiri tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qüsur aktının sürətindən görünür ki, “Seat İbiza” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6845 manat miqdarında maddi ziyan dəymişdir. İşin hallarından müəyyən edilir ki, iddiaçı avtomobilə dəymiş ziyanı tələb edir. Birinci instansiya məhkəməsi qüsur aktına əsasən iddianı qismən təmin etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirir. İddiaçının apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi maddi ziyanın məbləğini müəyyən etmək üçün məhkəməəmtəəşünaslıq ekspertizası keçirməmiş, maddi ziyanın məbləğini düzgün hesablamamışdır. Qüsur aktında avtomobilin ehtiyat hissələrinin qiymətlərini hər bir ehtiyat hissəsinin yenisinin satış qiyməti ilə hesablanmışdır, halbuki işlənmiş ehtiyat hissələri ilə avtomobili təmir etmək olar. Eyni zamanda iddiaçının sığorta ödənişi alıb-almaması məhkəmə tərəfindən araşdırılmamışdır. Avtomobil uzun müddət istifadə olunmuşdur, məhkəmə buna uyğun ziyan məbləğini hesablamalı idi. Apellyasiya baxışında iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin 04 mart 2024-cü il tarixli, 9/458 nömrəli rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X4” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Seat İbiza” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5363,00 manat müəyyən edilir. Məhkəmə Kollegiyası ekspert rəyini sübut mənbəyi kimi qəbul edir və hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsinə dair hissədə dəyişdirilməli, maddi ziyan məbləği ekspert rəyinə əsasən 5363 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin iddiaçının sığorta ödənişi alıb-almaması məsələsinin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaması ilə bağlı dəlili ilə bağlı qeyd edir ki, iddiaçının sığorta ödənişi alıb-almaması cavabdehi vurduğu zərər öhdəliyindən azad etmir. Məhkəmə Kollegiyası eyni zamanda hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası cavabdeh tərəfin xahişinə əsasən keçirildiyinə görə, 100 (bir yüz) manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə qətnaməsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda cavabdeh tərəfindən mübahisələndirilən hissədə iddianın qiyməti qanunvericiliklə müəyyən edilmiş həddən çox olduğundan cavabdeh qətnamədən kassasiya şikayəti verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(048)-627/2022 saylı qətnaməsi - Cavabdeh dəymiş maddi ziyanın əvəzi olan 6845 manat pulun alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olan 5363 manat pul alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar