Məhkəmə qərarları › İş №2(106)-1651/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1651/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1651/2024 24.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – X2 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1598/2023 saylı qərardadından (hakim Səkinəxanım Məmmədli) İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, kollegiya MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 1960 manat pulun və 50 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-1598/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsinə əsasən iddia rədd edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1598/2023 nömrəli qərardadına əsasən Füzuli Rayon Məhkəməsinin 2(064)-1598/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə İddiaçı ərizəsinin təmin edilməməsi və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Hazırda İddiaçı məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(064)- 1598/2023 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsi, prosessual müddətin bərpa edilərək apellyasiya şikayətinin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, asan imza əldə edə bilməməyi səbəbindən apellyasiya şikayətini elektron qaydada verə bilməmişdir. Müddətin buraxılması sözügedən səbəbdən olmuşdur. Qətnamədən narazı qalmışdır. Apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulan 1 ay müddəti üzrlü səbəbdən buraxmışdır. Şikayətə baxılmış, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)- 1598/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1598/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. İşin hallarından müəyyən edilir ki, Füzuli Rayon Məhkəməsinin 29 noyabr 2023-cü tarixli, 2(064)-1598/2023 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Qətnamənin surəti tərəflərin iş materiallarında olan ünvanlarına 07 dekabr 2023-cü il tarixdə poçt vasitəsilə göndərilmişdir. İş materiallarında olan poçt xəbərnaməsindən müəyyən edilir ki, Füzuli Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qətnaməsinin surəti 18 dekabr 2023-cü il tarixdə İddiaçı təqdim edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsinin qərardadına əsasən apellyasiya şikayəti müddət ötürülməklə və elektron qaydada verilmədiyindən geri qaytarılmışdır. Qərardaddan iddiaçı şikayət vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmiş, qeyd etmişdir ki, Asan imza əldə edə bilməməsinə görə müddəti üzrlü səbəbdən ötürülmüşdür və buna görə də, müddət bərpa edilməlidir. Məhkəmə Kollegiyası, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır, şikayətin dəlillərini əsaslı hesab etmir. İddiaçının şikayətinin əsas dəlili ondan ibarətdir ki, Asan imzanı gec əldə etməsi səbəbindən müddəti ötürmüşdür. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibət bildirərək, qeyd edir ki, iddiaçının Asan imzanı gec əldə etməsi müddətin bərpası üçün əsas ola bilməz. Belə ki, iddiaçı müddəti üzrlü səbəbdən ötürməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Qanunvericiliyin məzmunundan görünür ki, qanunvericilikdə hazırkı qərardadlardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-265-ci, 397.2-ci, 398.0.1-ci, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1598/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar