Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1652/2024 14.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(049)-730/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 oktyabr 2024-cü il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1650 manat məbləğində borc pulun və iddia qaldırılması üçün ödədiyi 36.50 manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Lənkəran şəhəri, X2 yerləşən “Murad Market”inin sahibəsidir. Həmin marketin yerləşdiyi ərazidə yerləşən yaşayış binalarında yaşayan sakinlərin, eləcə də hərbi hissədə xidmət edə hərbi qulluqçuların əksəriyyəti onun marketindən gündəlik tələbat mallarından alver edirlər. Bu səbəbdən də ətrafda olan sakinlər onu tanıyırlar. Onun işlətdiyi marketdən alış veriş edən sakinlkərdən bir çoxu ilə tanışlığı yarandığından, alış-veriş zamanı pulları olmayan vaxt onlara nisiyə də mal vermiş və sonradan borclarını hissə-hissə qaytarmışlar. Bəzi müştərilər isə borclarını qaytarmamış, bəzi iləri isə borclarını bir hissəsini qaytarmaqla müəyyən məbləğlərdə borclu qalmışlar. Həmin müştərilərdən biri də Cavabdehdır. O, 2019-cu ildən etibarən onunla gah nağd, gah da nisiyə ərzaq malları alıb, sonradan hissə-hissə dükana olan borcunu geri qaytarmışdır. 2022-ci ilin sonlarından sonuncu dəfə nisiyə ərzaq malları götürmüş və ümumilikdə onun ona borcu 1880 manat olmuş, 80 manatı ona bağışlamış və 1800 manatı isə ödəməsini tələb etsə də o hər dəfə ondan ödəməsini tələb etsə də, gah pulunun olmamasını, gah ərinin xəstə olmasını qeyd edərək 2 il ərzində cəmi 150 manat ödəmiş və 1650 manat pulu ödəməmişdir. Borcun qaytarılması üçün onun mobil telefon nömrəsi olan ***-***-**-** saylı telefon nömrəsinin bağlı olduğu vatsap sosial şəbəkəsi ilə əlaqə saxlasa da, onu məhkəməyə verməməyini xahiş etmiş, borcunu ödəyəcəyini demişdir. Lakin hazırki vaxta kimi də borcunu ödəməmişdir. Cavabdehlə yazışmalarında yazışmalar və səs yazıları göndərmiş, o da ona cavabında ona olan borcunu bir daha etiraf etmiş, borcunu qaytaracağını dəfələrlə bildirsə də hazırki vaxta kimi qaytarmamışdır. Belə olan halda cavabdehin öhdəsinə götürdüyü borcun ödənilməmiş 1650 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib izahat verərək bildirdi ki, əsli məhkəmə tərəfindən ona təqdim edilmiş, surəti isə işə əlavə edilmiş xx.xx.2022-ci il tarixdə imzalanmış əlyazmanı özü yazmış, oradakı imza ona məxsusdur. Lakin borcunu tam olaraq ödəmişdir. Belə ki, iddiaçı ondan onun sosial və maaş kartlarını götürərək həmin kartlarla terminallardan pullarını çıxararaq borcunu geri götürmüşdür. Həmin pulları onun kartlarından məhkəməyə şahid qismində dəvət etdiyi rəfiqəsi Xuraman çıxararaq iddiaçıya vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(049)-730/2024 saylı qətnaməsi ilə (Hakim: Muradağa Qasımov), iddianın təmin edilməsi, 1650 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumu məbləği olan 36.50 manat məbləğində pulun, cəmi 1686.50 (bir min altı yüz səksən altı) manat 50 qəpik Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Kərimova X1 Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(049)-730/2024 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər iclasda iştirak etməmiş, iddiaçı bu barədə hər hansı məlumat verməmiş, cavabdeh isə oğlunun əməliyyat olunması ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə iclasının təxirə salınmasını zərurətini əsaslandıra bilməmiş, bu barədə sübutlar təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Lənkəran Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(049)-730/2024 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(049)- 730/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli əlyazmada qeyd edilmişdir: “Südabənin mənə borcu 1800 manat qalıb. Cavabdeh hər ay maaşından 200 manat verəcəmə söz verirəm”. Məhkəmə iclasında cavabdehin dəvəti ilə şahid qismində dindirilmiş Şahid bildirdi ki, tərəflərlə ədavət və düşmənçiliyi yoxdur. Pandemiya dövründə bekar olduğundan çox vaxtlar iddiaçının dükanında olmuşdur. İddiaçı ilə səmimi münasibətdə olduğundan iddiaçı ona kart verib həmin kartla terminalardan pulların çıxarmasını ondan xahiş edirdi. Günlərin bir günü cavabdehin iddiaçının dükanından alver etdiyini görmüş, lakin cavabdehin iddiaçıya borclu qalmasını bilməmişdir. İddiaçı ona cavabdehin kartını vermiş, o da, həmin kartla terminallardan pul çıxararaq iddiaçıya vermişdir. Lakin həmin kartla nə qədər pul çıxarıb iddiaçıya verdiyini xatırlamır. Lakin, cavabdehin kartı ilə terminallardan pulları 2022-ci ilin yaz və yay aylarında çıxarmış və iddiaçıya vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Lənkəran şəhəri, X2 yerləşən “Murad Market”inin sahibəsidir. Cavabdeh 2019-cu ildən etibarən onunla gah nağd, gah da nisiyə ərzaq malları alıb, sonradan hissə-hissə dükana olan borcunu geri qaytarmışdır. 2022-ci ilin sonlarından sonuncu dəfə nisyə ərzaq malları götürmüş və ümumilikdə onun ona borcu 1880 manat olmuş, 80 manatı ona bağışlamış və 1800 manatı isə ödəməsini tələb etsə də o hər dəfə ondan ödəməsini tələb etsə də, gah pulunun olmamasını, gah ərinin xəstə olmasını qeyd edərək 2 il ərzində cəmi 150 manat ödəmiş və 1650 manat pulu ödəməmişdir. Cavabdeh apelyasiya şikayətinin dəlillərində bildirir ki, əsli məhkəmə tərəfindən ona təqdim edilmiş, surəti isə işə əlavə edilmiş xx.xx.2022-ci il tarixdə imzalanmış əlyazmanı özü yazmış, oradakı imza ona məxsusdur. Lakin borcunu tam olaraq ödəmişdir. Belə ki, iddiaçı ondan onun sosial və maaş kartlarını götürərək həmin kartlarla terminallardan pullarını çıxararaq borcunu geri götürmüşdür. Həmin pulları onun kartlarından məhkəməyə şahid qismində dəvət etdiyi rəfiqəsi Xuraman çıxararaq iddiaçıya vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli, məsələn, pul ödəməli, əmlak vermli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı-satıcı öhdəliyə uyğun olaraq ərzaq məhsullarını cavabdehə-alıcıya təhvil vermiş, cavabdeh isə həmin pulun hissəhissə qaytaracağını vəd etmiş və bu barədə iddiaçıya qəbz vermişdir. Lakin cavabdeh buna lazımınca əməl etməmiş, nəticədə iddiaçının cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququ yaranmışdır. İşin araşdırılan sübutlarından müəyyən edilir ki, iddiaçının cavabdehdən tələb etdiyi 1650 manat pul məbləği cavabdeh tərəfindən 2022-ci ilin dekabr ayında onun mağazasından nisyə götürdüyü məhsullara görə ödənilməyən pul məbləğidir. Cavabdehin iddia tələbinə münasibətindən müəyyən edilir ki, o, iddiaçının mağazasından həqiqətən məhsullar götürmüş, götürdüyü məhsullara görə həmin pulları onun kartlarından məhkəməyə şahid qismində dəvət etdiyi rəfiqəsi Xuraman çıxararaq iddiaçıya vermişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən həm iddiaçının həm də cavabdehin izahatları, həmçinin şahid qismində dindirilmiş Xuramanın izahatları işdə olan digər sübutlarla müqayisəli tədqiq edilmiş və yekun olaraq iddiaçının iddia tələbində haqlı olması qənaətinə gəlinmişdir. Cavabdeh apelyasiya şikayətində dəlil kimi tərəfindən həmin pulun ona məxsus olan kart vasitəsi ilə tanışı Xuraman tərəfindən iddiaçının xahişi ilə çıxarılaraq iddiaçıya verilməsinə baxmayaraq məhkəmə tərəfindən bu hal düzgün tədqiq edilməyərək, ondan ödədiyi və borcu olmadığı halda 1650 manat pul tutulması qət edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı qeyd edir ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırki iddia tələbi üzrə cavabdehin etirafı yazılı sənəddə, yəni qəbzdə ifadə olunur kibu da MPM-in 106.3 və 191-ci maddələrinə uyğun olaraq faktın və ya iddianın etirafı kimi qəbul oluna bilər. Göründüyün kimi birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin cavabdeh tərəfindən etiraf olunması səbəbi ilə, yəni cavabdehin nisyə alğı-satqı müqaviləsi üzrə borclu olduğu 1650 manatdan hansı məbləğin qaytarılmasını sübutetmə vəzifəsi kimi Cavabdeh üzərinə qoymaqda haqlı olmuşdur. Cavabdeh isə həmin pulun qaytarılması və iddiaçıya borcunun qalmadığını sübut edə bilməmişdir. Belə ki, cavabdehin götürdüyü ərzaq məhsullarına görə qaytardığını iddia etdiyi pul məbləği əslində iddiaçının iddia etdiyi 2022-ci ilin dekabr ayında götürdüyü ərzaq məhsullarına görə deyil həmin ilin yaz-yay aylarına götürdüyü ərzaq məhsullarına görə ödədiyi pul məbləğidir. Belə olan halda isə cavabdeh ödəməsini iddia etdiyi pul məbləğinin məhz 2022-ci ilin dekabr ayında götürülən ərzaq məhsullarına aid olduğunu sübut etməlidir, lakin bu barədə iş materiallarında hər hansı sübut mövcud deyildir. Əksinə iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli əlyazmada qeyd edilmişdir: “Südabənin mənə borcu 1800 manat qalıb. Cavabdeh hər ay maaşından 200 manat verəcəmə söz verirəm”. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “1650 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu məbləği olan 36.50 manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir” mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Lənkəran Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(049)-730/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Belə olan halda cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min mantdan az təşkil etdiyindən qəbul olunmuş qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(049)-730/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1652/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1652/2024
14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver