Məhkəmə qərarları › İş №2(106)-1656/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1656/2024

23.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1656/2024 23.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 2(056)-2081/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 iyul 2012-ci il tarixdə doğulmuş Babaşova Elmira Baris qızının və 27 avqust 2014-cü il tarixdə doğulmuş Babaşov Mirzəkişi Baris oğlunun saxlanılmasına görə ayda hər uşağa görə 235 manat olmaqla alimentin tutulması, cavabdehdən iddiaçının himayəsində qalan xəstə olan uşaq Babaşov Mirzəkişi Baris oğlunun müalicə və müayinə xərcləri üçün 100 manat məbləğində əlavə xərclərin tutulması, ümumilikdə 570 manat məbləğində alimentin və ödənilmiş mediasiya ilə bağlı 50 manat məbləğinin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(056)-1028/2021 saylı qətnaməsi ilə cavabdeh ilə arasında olan nikah qeydi pozulmuşdur. Daha sonra Sabirabad Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(056)-158/2024 saylı qətnaməsi ilə onların birgə nikahından doğulmuş Babaşova Elmira Baris qızı və Babaşov Mirzəkişi Baris oğlu iddiaçının himayəsində saxlanılmışdır. Halhazırda cavabdehlə nikahlarından doğulmuş hər iki uşaq iddiaçının himayəsindədir. Uşaqlar artıq böyümüşlər və onların xərclərini iddiaçı tam qarşılaya bilmir. Ailə Məcəlləsində birmənalı olaraq bildirilir ki, hər iki valideyn uşaqlarını saxlamağa borcludur. Həmçinin, Babaşov Mirzəkişi Baris oğlunda anadan gəlmə epileptik qıcolmalar var və bununla bağlı daim müalicələr alır (reseptləri əlavə edir). Məcburiyyət qarşısında qalaraq uşaqlara aliment təyin edilməsi üçün cavabdehə məktub göndərilmiş, buna baxmayaraq, mediasiya sessiyasında aliment ödənişlərindən cavabdeh imtina etmişdir. Bir sözlə, cavabdeh qəsdən valideyn vəzifələrini icra etməkdən yayınır. Sabirabad Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(056)-2081/2024 saylı qərardadı ilə iddia ərizəsinin icraatı mümkün hesab edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 2(056)-2081/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Nurəddin Bağırov) eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 06 mart 2024-cü il tarixli, 2(056)-158/2024 saylı qətnaməsi olduğundan, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iş üzrə icraata xitam verilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 06 mart 2024-cü il tarixli, 2(056)-158/2024 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “uşaqların atanın yanında qalmasının müəyyən edilməsi və aliment tələbi” barədə iddiası qismən təmin edilərək, iddia tələblərinin tərəflərin övladları 05 iyul 2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızının və 27 avqust 2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun atasının (iddiaçının) yanında saxlanılması hissəsi təmin edilmiş, iddianın aliment tələbi hissəsi isə Cavabdeh işləməyərək hər hansı gəlirlərinin olmaması əsası ilə təmin edilməmiş, tərəflər apellyasiya şikayəti vermədiyi üçün qətnamə qanuni qüvvəsini almışdır. Beləliklə, göründüyü kimi, Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 06 mart 2024-cü il tarixli, 2(056)-158/2024 saylı qətnaməsi ilə İddiaçı iddiasının aliment tələbi hissəsinin rədd edilməsinə baxmayaraq, İddiaçı qətnamənin həmin nəticəsi ilə razılaşaraq həmin qətnamədən apellyasiya şikayəti verməmişdir, eyni zamanda 3 aydan sonra yenidən Cavabdeh qarşı “aliment tələbi” barədə iddia qaldırmışdır, halbuki, Cavabdeh maddi vəziyyətində dəyişiklik baş verməmişdir. Qərardaddan narazı qalan İddiaçı şikayət vermiş, şikayətində Sabirabad Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 2(056)-2081/2024 saylı qərardadının ləğv edilərək, işin icraata qəbul edilməsini, əks təqdirdə bu şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsi 09 avqust 2024-cü il tarixli, 2(056)-2081/2024 saylı qərardadı ilə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra – MPMin) 261.0.2-ci maddəsinə istinad etməklə xitam vermişdir. Sabirabad Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 2(056)-2081/2024 saylı qərardadı qanunsuz və əsassızdır. Belə ki, mübahisələndirilən qərardadda göstərilir ki, tərəflər arasında eyni predmetlə bağlı eyni tələbə baxılmışdır. Halbuki, vəziyyətin dəyişməsinə görə aliment tələb edilə bilər. Cavabdeh tam sağlamdır və işləmək qabiliyətinə malikdir. 06 mart 2024-cü il tarixli, 2(056)-158/2024 saylı qətnamə çıxarılarkən iddiaçının üçüncü uşağı dünyaya gəlməmişdir və maddi cəhətdən çətinliyi yox idi. Hal-hazırda vəziyyəti əhəmiyyətli dərəcədə pisləşmişdir. Ona görə də cavabdehdən aliment tələb etmişdir. Belə olan halda məhkəmə işə baxmalıdır. Hesab edir ki, MPM-in 9.1-ci, 9.2-ci, 9.3-cü və 14.1-ci maddələrinin tələbləri pozulmuşdur. Sabirabad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(056)-2081/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Səlim Allahverdiyev) Sabirabad Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 2(056)-2081/2024 saylı qərardadından iş üzrə İddiaçı verdiyi şikayət təmin edilməmiş, şikayətin baxılması üçün iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 2(056)-2081/2024 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Sabirabad Rayon Məhkəməsinə göndərilməlidir. İşdə surəti olan Sabirabad Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(056)- 158/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “uşağın atanın yanında qalmasının müəyyən edilməsi və aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 05 iyul 2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızının və 27 avqust 2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun onun (iddiaçının) yanında qalmasının müəyyən edilməsi və uşaqların yetkinlik yaşına çatana kimi cavabdehdən hər ay qazancının, həmçinin başqa gəlirlərinin 1/3 hissəsi məbləğində, lakin 440 manatdan az olmamaq şərti ilə alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(056)-158/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 05 iyul 2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızının və 27 avqust 2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun atası İddiaçı yanında saxlanılmaları, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə icraata MPM-in 261.0.2-ci maddəsinə istinad etməklə xitam vermişdir. MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Hazırkı iş üzrə iddia ərizəsindən göründüyü kimi, İddiaçı iki fərqli tələb irəli sürmüş, həm hər iki uşağının saxlanılması üçün sabit pul məbləğində alimentin tutulmasını, həm də cavabdehin bir uşağın müalicə və müayinəsi üçün əlavə xərclərə cəlb olunmasını tələb etmişdir. Lakin məhkəmənin istinad etməklə hazırkı iş üzrə icraata xitam verdiyi Sabirabad Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(056)-158/2024 saylı qətnaməsinin məzmunundan görünür ki, həmin iş üzrə iddiaçı digər tələblərlə yanaşı, uşaqların yetkinlik yaşına çatana kimi cavabdehdən hər ay qazancının, həmçinin başqa gəlirlərinin 1/3 hissəsi məbləğində, lakin 440 manatdan az olmamaq şərti ilə alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin olaraq görünən odur ki, iddiaçının həmin iş üzrə cavabdehin uşağın müalicə və müayinəsi ilə bağlı əlavə xərclərə cəlb olunmasına dair tələbi olmamışdır. İddiaçı öz şikayətində qeyd edir ki, məhkəmənin 06 mart 2024-cü il tarixli qətnaməsi qəbul edildikdən sonra onun üçüncü uşağı doğulmuş, bununla da onun maddi vəziyyətində çətinlik yaranmışdır və hazırkı iddianı da bu səbəblə qaldırmışdır. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia ilə əvvəlki iş üzrə iddiada aliment tələbinin olmasını əsas götürərək, MPM-in 261.0.2-ci maddəsinə istinad etmiş olsa da, hər iki tələbin eyni əsaslar üzrə irəli sürülüb-sürülməməsi məsələsini araşdırmamış və 09 avqust 2024-cü il tarixli, 2(056)-2081/2024 saylı qərardadında bu məsələ ilə bağlı hər hansı əsaslandırma aparmamışdır. Ona görə də işə yenidən baxacaq olan birinci instansiya məhkəməsi tərəflər arasında olmuş əvvəlki iş üzrə iddia tələbini də tədqiq etməli, onun hazırkı iş üzrə iddia tələbi ilə eyni predmet barəsində və eyni əsaslar üzrə olub-olmaması məsələsini araşdırmalı, yalnız göstərilən məsələlər araşdırıldıqdan sonra hazırkı iş üzrə icraata xitam verilməli olub-olmaması məsələsinə dair nəticəyə gəlməklə, sonrakı prosessual hərəkətləri həyata keçirməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının şikayəti təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 2(056)-2081/2024 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Sabirabad Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 385.1, 397, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 2(056)-2081/2024 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Sabirabad Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar