Məhkəmə qərarları › İş №2(106)-1658/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1658/2025

07.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1658/2025 07.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: “Opel Astra” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin və etibarnamənin surətlərindən görünür ki, “Opel Astra” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur və Cavabdeh adına 10 ay müddətinə ##.##.2024-cü il tarixli ƏN-İX№ ****** nömrəli etibarnamə verilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi barədə ## ### 2025-ci il tarixli qərardan görünür ki, Şahsevən kənd sakini X2 ## ###### 2025-ci il tarixdə saat 14:53 radələrində sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Opel Astra” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonu Şahsevən kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib hərəkət yolunun sağ ehtiyat hissəsində dayanmış etibarnamə əsasında İddiaçı məxsus “KİA Ceed” markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, daha sonra isə yolun sağ kənarında olan hasara dəyərək aşmış və nəticədə ölmüşdür. Həmin qərardan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Cavabdeh izahatında oğlu Zaur Əliyevin idarə etdiyi “Opel Astra” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə onun adına sənədləşdirilmişdir. Oğlu həmin avtomobili etibarnaməsiz və sürücülük vəsiqəsi olmadan idarə etmişdir. ##.##.2025-ci il tarixli “xxxx” MMC-nin yol-nəqliyyat hadisəsi zamanı avtomobilə dəymiş zərərin qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, etibarnamə ilə İddiaçı məxsus “KİA CEED” markalı ** HY *** dövlət qeydiyyat nişnlı avtomobilə yolnəqliyyat hadisəsi zamanı dəymiş zərərin real bazar qiyməti 8235 manat təşkil edir. “xxxx” MMC-nin ## ###### 2026-cı il tarixli **** saylı qiymətləndirmə hesabatından görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində “KİA Ceed” markalı ** HY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan 6965 manat müəyyən olunmuşdur. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ağcabədi rayonu Şahsevən kənd sakini X2 ## ###### 2025-ci il tarixdə saat 14:53 radələrində sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Opel Astra” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonu Şahsevən kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib hərəkət yolunun sağ ehtiyat hissəsində dayanmış etibarnamə ilə ona məxsus “KİA Ceed” markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilinə çırpılaraq avtomobilini yararsız hala salmış və avtomobilinə 8235 manat zərər dəymişdir. Hadisə nəticəsində X2 ölmüşdür. O, həmin avtomobil etibarnamə ilə mülkiyyət hüququ Cavabdeh məxsus olduğu üçün dəymiş zərəri cavabdehdən tələb etsə də, cavabdeh hər dəfə də müxtəlif bəhanələr gətirərək zərəri qarşılamaqdan yayınmışdır. Ona görə də, cavabdehdən etibarnamə ilə ona məxsus ** HY *** nömrəli “KİA Ceed” minik markalı avtomobilə vurduğu 8235 manat zərərin və dövlət rüsumuna görə ödənilmiş 103 manat məbləğdə pul vəsaitinin alınaraq ona ödənilməsini xahiş etmişdir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Ağcabədi Rayon Məhkəməsinin # ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Sulduz Ləzimov) iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Opel Astra” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin və etibarnamənin surətlərindən görünür ki, “Opel Astra” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətidir və Cavabdeh adına ##.##.2024-cü il tarixli ƏN-İX№ ****** nömrəli etibarnamə verilmişdir. Bu da onu göstərir ki, həmin avtomobil Cavabdeh mülkiyyətində deyildir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, İddiaçı Cavabdeh əsl cavabdeh kimi pul tələb edə bilməz. Ona görə də, hazırkı mülki iş üzrə İddiaçı Cavabdeh dəymiş maddi ziyanla bağlı pul tələb etmək hüququ olmadığından, yəni iddia ona cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından iddia tələbinin təmin olunmasına heç bir hüquqi əsas yoxdur. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X2 ## ###### 2025-ci il tarixdə saat 14:53 radələrində “Opel Astra” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili Ağcabədi rayonu Şahsevən kəndi ərazisində idarə edərkən idarəetməni itirib hərəkət yolunun sağ ehtiyat hissəsində dayanmış, mənə məxsus “Kia Ceed” markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, daha sonra isə yolun sağ kənarında olan hasara dəyərək aşmışdır. Hadisə nəticəsində ona məxsus “Kia Ceed” markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilə 8235 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda da hadisə nəticəsində X2 ölmüşdür. Cavabdehdən dəfələrlə avtomobilimə dəymiş zərərin əvəzini ödəməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. İşə baxan Ağcabədi Rayon Məhkəməsi iddia tələbini təmin etməmiş və ##.##.2025-ci il tarixli qətnaməsində iddia tələbinin iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırıldığını, “Opel Astra” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin X1 mülkiyyətində olduğunu və Cavabdeh etibarnamə verildiyini qeyd etmişdir. Cavabdeh “Opel Astra” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili X1 almış, öz mülkiyyəti kimi istifadə etmişdir. “Opel Astra” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında Cavabdeh istifadəsində və sahibliyindədir. Elə buna görə də, əsl cavabdeh Cavabdehdır. “xxxx” MMCnin verdiyi mütəxəssis rəyində avtomobilimə dəymiş zərərin real bazar qiyməti 8235 manat məbləğ təşkil edir. T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ: İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, qəza törədən şəxsin avtomobili idarə etmək üçün müvafiq sənədlərinin olmaması səbəbindən sığorta şirkəti tərəfindən özünə hər hansı ödəniş həyata keçirilməmişdir. Hadisə ## ###### 2025-ci il tarixində Ağcabədi şəhərinin Şahsevən kəndində baş vermişdir. Qəza törədən nəqliyyat vasitəsi Cavabdeh baş etibarnamə əsasında verilmişdir. Avtomobilinin mülkiyyətçisini tanımır və onun baş vermiş qəzadan heç bir məlumatı olmamışdır. Zərərin məbləği rəy üzrə göstərilmiş 6965 manatdan daha artıqdır. Belə ki, kredit vəsaiti hesabına 14000 manat dəyərində avtomobil almış, lakin baş vermiş qəza nəticəsində nəqliyyat vasitəsini təmir etdirmək imkanı olmadığından onu 6500 manata satmağa məcbur olmuşdur. Hazırda kredit öhdəliklərini yerinə yetirməkdə ciddi çətinlik çəkir. Qəza törədən şəxsin dayıları ilkin olaraq ona maddi köməklik göstərəcəklərini bildirsələr də, anası Cavabdeh buna razılıq verməmiş və zərərin ödənilməyəcəyini qeyd etmişdir. Əlavə olaraq bildirir ki, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Lakin son bir il ərzində bu hadisə ilə əlaqədar işləyə bilmir. Qəza avtomobili dayanmış vəziyyətdə olarkən törədilmiş, lakin buna baxmayaraq həmin şəxs oğlunun təqsirli olmadığını iddia edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissəsində yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASI: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan əlavə, MM-in 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edibetməməsi yoxlanılarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması çox vacibdir. Habelə işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi həmin normaya uyğun yoxlanılmalıdır. Qeyd edilənlərə əsasən tərkib hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə predmeti ilə bağlı tərəflər arasındakı qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İlk öncə məhkəmə tərkibi bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə, qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir. Məhkəmə tərkibi hazırkı işin materiallarını araşdıraraq və sübutlara hərtərəfli qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə tərəflər arasında mövcud münasibətlərə yanlış hüquqi qiymət vermişdir. Belə ki, məhkəmə tərkibi xüsusi olaraq vurğulayır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq yüksək təhlükə mənbəyi hesab edilən nəqliyyat vasitələrinin istismarı ilə bağlı yaranan mülki-hüquqi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu şərt kimi tələb olunmur. Qanunvericiliyin tələbinə görə belə mənbənin fəaliyyəti nəticəsində üçüncü şəxslərə vurulmuş zərərin əvəzini ödəmək vəzifəsi həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququ əsasında və ya digər qanuni əsaslarla, o cümlədən icarə, etibarnamə və sair hüquqi əsaslarla sahiblik və istifadə edən fiziki və ya hüquqi şəxsin üzərinə düşür. Belə olan halda, yol-nəqliyyat hadisəsini törətmiş X2 etibarnamə əsasında anası Cavabdeh sahibliyinə verilmiş mübahisəli nəqliyyat vasitəsini məhz sürücülük hüququ olmadan idarə etmiş, Cavabdeh isə nəqliyyat vasitəsinə oğlu X2 hüquqa zidd yiyələnməsini sübuta yetirə bilməmişdir. Hazırkı hadisədə nəqliyyat vasitəsinin mülkiyyətçisinin kim olmasından asılı olmayaraq, onun qanuni əsaslarla kimin istifadəsində olması və faktiki olaraq kim tərəfindən idarə edilməsi kimi məsələlər həlledici əhəmiyyət daşıyır. Beləcə, birinci instansiya məhkəməsinin iddianın əsl cavabdehə qarşı qaldırılmaması barədə gəldiyi nəticə hüquqi cəhətdən əsassız olmaqla, qanunvericiliyin yuxarıda göstərilən tələbləri və mülki işin faktiki halları ilə uzlaşmır. Bundan əlavə, məhkəmə tərkibi vurulmuş zərərin məbləği ilə bağlı qeyd edir ki, işin apellyasiya baxışı zamanı əldə olunmuş “xxxx” MMC-nin ## ###### 2026-cı il tarixli **** saylı qiymətləndirmə hesabatına əsasən “KİA Ceed” markalı ** HY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc 6965 manat məbləğ təşkil edir. Həmin rəyin isə etibarlılığına şübhə yaradan hər hansı hal müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördüncüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia qismən təmin edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğvi üçün əsasdır. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 52 (əlli iki) manat məbləğdə dövlət rüsumu və “xxxx” MMC-nin ## ###### 2026-cı il tarixli **** saylı qiymətləndirici rəyinin verilməsinə görə tədqiqatın dəyəri qismində İddiaçı tərəfindən ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14, 77, 217, 372, 384, 385, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 0# ######## 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi qismində 6965 (altı min doqquz yüz altmış beş) manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 52 (əlli iki) manat məbləğdə dövlət rüsumu və “xxxx” MMC-nin ## ###### 2026-cı il tarixli **** saylı qiymətləndirici rəyinin verilməsinə görə tədqiqatın dəyəri qismində İddiaçı tərəfindən ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar