Məhkəmə qərarları › İş №2(106)-1667/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1667/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1667/2024 24.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: pul tələbi X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2(047)-381/2024 saylı qətnaməsindən (hakim Cavad İbrahimov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı 13200 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavadeh Cavabdeh bacısı vasitəsilə tanıyır. Cavabdeh "Karvan” Ticarət Mərkəzində qızıl alveri ilə məşğuldur. 2022-ci il tarixdə cavabdeh ondan hissə-hissə olmaqla borc pul almış, bu barədə ona 19500 manat borcu olması barədə yazılı qəbz verməklə borcunu hissə-hissə qaytaracağını vəd etmişdir. Cavabdeh borcundan sonuncu dəfə 2023-cü ilin noyabr ayında 200 manat olmaqla ümumilikdə 6300 manatını qaytarmışdır. Qeyd edir ki, hazırda cavabdehin ona 13200 manat borcu qalmışdır. Bir neçə dəfə cavadehə borcunu qaytarması barədə müraciət etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən boyun qaçırmışdır. Başqa digər şəxslərə də cavabdehin borclu olduğu ona sonradan məlum olmuşdur. Artıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də Cavabdeh 13200 manat pulun və ödədiyi 130 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakları olmadan keçirib iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə teleqram vuraraq məhkəmə iclasının iştirakı olmadan keçirib iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2(047)-381/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 13200 (on üç min iki yüz) manat borc pul və ödənilmiş 130 (bir yüz otuz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddia ərizəsində göstərilən məbləğ iddiaçı tərəfindən şişirdilmişdir. Xəstəliklə əlaqədar olaraq maddi vəziyyəti ağır olduğuna görə 10 iyun 2021-ci ildə iddiaçıdan 10000 manat, daha sonra isə 3000 və 2000 manat borca pul götürmüşdür. O, iddiaçıdan cəmi 15000 manat borca pul götürmüşdür və həmin pulun hamısını iddiaçıya qaytarmışdır. İddiaçı sələmə pul verməyini gizlətmək məqsədilə ona ödənilən məbləğə görə qəbz verməkdən imtina etmişdir. O, iddiaçıya borca görə verdiyi qəbzi maddi imkansızlıq və iddiaçının təzyiqi altında yazıb verməli olmuşdur. İddiaçı həmin qəbzi ondan almaq üçün özü ilə bərabər 4 nəfəri də gətirmişdir. Hədə-qorxu altında həmin şəxslərin təhriki ilə o, qəbz yazmalı olmuşdur. O, iddiaçıya iddia ərizəsində göstərilən 6300 manat yox, 15000 manatı tam ödəmişdir. Lakin məhkəmə əsl həqiqətin üzə çıxmasında maraqlı olmamış, əsası olmayan sübutlar əsas gətirməklə mübahisəni həll etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında ailə vəziyyəti ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini bildirmiş, apellyasiya şikayətini əsassız hesab etdiyini, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, mahiyyətcə qətnaməni tam mübahisələndirmişdir. Buna əsasən də, Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən "Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154.1-ci maddəsinə qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən yazılmış və imzalanmış xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 19500 manat borc pul almış, həmin borcun müəyyən qədərini bir aydan sonra verib qalan hissəsini aya bölüb qaytaracağına söz vermiş və bu barədə qəbz yazaraq imza edib iddiaçıya təqdim etmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh etiraz ərizəsindən görünür ki, İddiaçı ona qarşı pul tələbinə dair məhkəməyə müraciət etmiş, o, iddia tələbinə aşağıdakılara görə etiraz edir. O, borc məbləği ilə razılaşmır. Belə ki, iddia ərizəsində göstərilən məbləğ iddiaçı tərəfindən şişirdilmiş, xəstəliklə əlaqədar olaraq maddi vəziyyəti ağır olduğuna görə xx.xx.2021-ci ildə iddiaçıdan 10000 manat, daha sonra isə 3000 və 2000 manat borca pul götürmüş, o, iddiaçıdan cəmi 15000 manat borca pul götürmüş və həmin pulun hamısını iddiaçıya qaytarmış, iddiaçı ona yüksək faizlə borca pul vermişdir. O, 10 ay müddətinə hər ay 1300 manat olmaqla 13000 manat pul qaytarmış, qaytardığı pulları iddiaçı faizə silmiş, o, dəfələrlə iddiaçıdan qaytarılan pula görə qəbz verməsini tələb etmiş, lakin iddiaçı sələmə pul verməyini gizlətmək məqsədi ilə ona ödənilən məbləğə görə qəbz verməkdən imtina etmişdir. O, iddiaçıya borca görə verdiyi qəbzi maddi imkansızlıq və iddiaçının təzyiqi altında yazıb verməli olmuş, iddiaçı həmin qəbzi ondan almaq üçün özü ilə bərabər 4 nəfər də gətirmiş, hədə-qorxu altında həmin şəxslərin təhriki ilə o, qəbz yazmalı olmuşdur. Onu da bildirir ki, cavabdehin ondan tələb etdiyi 13200 manat aldığı borca görə hesablanmış faizlərdir. O, iddiaçıya iddia ərizəsində göstərilən 6300 manat yox, 15000 manatı tam ödəmişdir. Göründüyü kimi tərəflər arasında borcla bağlı hüquq münasibətləri yaranmışdır. Belə ki, cavabdeh iddiaçıdan borc olaraq əlyazma qəbz üzrə 19500 manat pul almasını təsdiq etmişdir. İddiaçı borcun bir hissəsinin cavabdeh tərəfindən qaytarıldığını bildirərək, cavabdehdən 13200 manat borcunu və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzini, vəkil üçün xidmət haqqını tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Hazırda cavabdeh qətnaməni tam olaraq mübahisələndirir. Bildirir ki, cavabdehdən qəbzdə göstərilən məbləği almamışdır, qəbz təzyiq altında yazılmışdır. Cavabdeh şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdeh şikayətində əslində ona qəbzdə göstərilən məbləğdə pulun daha artıq məbləğdə ona imzalatdırıldığını bildirsə də, Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı qəbzi cavabdeh özü imzalamışdır. O, qəbzi imzalayan zaman hansı məbləği imzaladığını aydın şəkildə görmüşdür, əgər qəbz ona təzyiq altında imzalatdırılsaydı, cavababdeh bununla bağlı həmin vaxt hüquq-mühafizə orqanlarına müraciət edə bilərdi. Lakin cavabdeh hüquq mühafizə orqanlarına müraciət etməsi ilə bağlı hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə cavabdeh özü tərəfindən yazılaraq imzalanmış 19500 manat qəbzi hazırkı vaxtadək bu və ya digər şəkildə, eləcə də birinci instansiya məhkəməsinin gedişində mübahisələndirməmişdir. Eyni zamanda cavabdeh yazmış olduğu qəbz üzrə borcunu qaytardığını bildirsə də, buna dair ödənişi təsdiq edən hər hansı ödəniş qəbzlərini məhkəməyə təqdim etməmişdir. Beləliklə müəyyən edilir ki, cavabdeh iddiaçıdan 19500 manat pul vəsaitini almasını təsdiq edir, lakin həmin borcu geri qaytardığını bildirir. Lakin qeyd edilən borc məbləğinin tam şəkildə geri qaytarılmasını sübut edə bilmir. İddiaçı isə cavabdehin borcdan 6300 manat hissə-hissə ona qaytarıldığını bildirir və 13200 manat borcunun qalmasını bildirir. Bundan başqa cavabdeh ümumiyyətlə iddiaçının ona faizlə pul verməsini, ödəmiş olduğu pul vəsaitlərinin yalnız faizə silinməsi və borc məbləğinin şişirdilməsi ilə bağlı da hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan çox olduğundan, hazırkı qətnamədən qanunvericiliyə uyğun olaraq kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2(047)-381/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar