Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-167/2023 25.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, Cavabdeh1 hüquqi varisi X1 və onun nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-1332/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 hüquqi varisi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 2251,16 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 4896,81 ABŞ dolları faiz, 6680,14 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 338,21 ABŞ dolları borc, ümumilikdə 14166,32 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 33 faizlə 24 ay müddətinə 6300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitsə də, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina etmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixinədək cavabdehlərin ləğv prosesində olan İddiaçı ASC-yə 2251,16 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 4896,81 ABŞ dolları faiz, 6680,14 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 338,21 ABŞ dolları borc, ümumilikdə 14166,32 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edirlər. Beyləqan Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(020)-1332/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim Seyfəli Seyfullayev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borca görə icra edildiyi vaxt Azərbaycan manatı məzənnəsi ilə müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2251,16 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 4896,81 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, ümumilikdə 7247,97 ABŞ dolları məbləğində kredit borcunun və 14 manat ödənilmiş dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 16 manatın iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(020)-1332/2020 saylı qətnaməsinin qismən – cərimə borcu və gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış zərər hissələrində ləğv edilməsini və həmin hissələrində iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2021-ci il tarixli, 2(106)-1241/2021 saylı qətnaməsi ilə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(020)-1332/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beyləqan Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(020)-1332/2020 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 hüquqi varisi X3 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin bütünlüklə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. O, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mərhum əri Cavabdeh1 2015-ci ilin iyun ayınadək müqavilə üzrə öhdəliklərini icra etmiş, həmin tarixdən isə ağır xəstəliyə tutulduğu üçün bütün pulunu müalicəsinə xərclədiyindən kredit üzrə aylıq ödənişləri ödəyə bilməmişdir. Kreditin müddəti xx.xx.2016-cı il tarixində bitmiş, lakin iddiaçı kredit müqaviləsinin bitmə müddətinin üzərindən 4 il keçikdən sonra məhkəməyə müraciət etmiş və məhkəmə də qeyd edilən iddianı təmin etmişdir. Məhkəmənin qətnaməsinə əsasən cavabdeh banka 2251,16 ABŞ dolları əsas borc, 4896,81 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə ödəməlidir. İddiaçı tərəfindən faiz borcu əsas borcdan 2 dəfə artıq hesablanmış və məhkəmə də həmin məbləğləri araşdırmadan iddianı təmin etmişdir. Belə ki, iddiaçı tərəf öz iddia ərizəsində göstərilən məbləğlərin necə əmələ gəldiyini və necə hesablandığını əsaslandırmamışdır. İşə baxan məhkəmə isə buna heç bir hüquqi qiymət verməmişdir. Lakin birinci instansiya məhkəməsi yalnız iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayışa əsaslanaraq, heç bir ekspertiza keçirmədən və həqiqəti araşdırmadan qətnamə qəbul etmişdir. Halbuki iddiaçı tərəfindən sübut olaraq məhkəməyə yalnız maliyyə arayışı təqdim edilmişdir. Maliyyə arayışı isə borclunun banka olan borcunu təsdiq etmək üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan əlavə, iddiaçı iddia müddətinin keçməsini bildiyindən tərəflərin xəbəri olmadan qətnamə çıxarılmasına nail olmuşdur. Hazırkı mübahisə üzrə kreditə görə faizlər hesablanarkən Azərbaycan Respublikası Mərkəzi X5 22 iyul 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında” Qaydalara əməl edilərək hesablanmalı idi. Lakin işə baxan məhkəmə tərəfindən bütün bu hallar nəzərə alınmamışdır. Onun mərhum əri olan Cavabdeh1 2016-cı ildə vəfat etsə də, məhkəmə cavabdehin vəfat etməsini aydınlaşdırmamış, cavabdehin hüquqi varisi kimi onu prosesə cəlb etməmişdir. Bununla da, cavabdehin hüquqi varisinin qətnamənin çıxarılmasından xəbəri olmamış, heç bir məhkəmə iclasının vaxtı barədə o məlumatlandırılmamış və bu səbəbdən də məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Məhkəmədə onun iştirakı təmin edilmiş olsaydı, iddia müddətinin keçməsi ilə bağlı iddianın qəbul edilməməsi barədə vəsatətlə məhkəməyə müraciət edə bilərdi. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh1 hüquqi varisi X3 və onun nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdilər ki, İddiaçı ASC ilə mərhum Cavabdeh1 arasında kredit müqaviləsi 19 iyun 2014cü il tarixində bağlanmış olsa da, Cavabdeh1 27 oktyabr 2016-cı il tarixində vəfat etmişdir. İddiaçı isə Cavabdeh1 vəfat etməsindən 4 il keçdikdən sonra iddia qaldırmış, bununla da iddia müddətini ötürmüşdür. Onlar apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsalar da, iddiaçının nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Odur ki, məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda cavabdehlərdən yalnız Cavabdeh1 hüquqi varisi X3 qətnamənin ləğv edilməsini xahiş etməklə onu tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 aid hissədə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni Cavabdeh1 aid hissədə ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir: İşdə surəti olan 256/14 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 6300 ABŞ dolları məbləğində 24 ay müddətinə kredit vermişdir. İşdəki Beyləqan rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 830496 nömrəli arayışından görünür ki, Cavabdeh1 xx.xx.2016-cı ildə ölmüşdür. İşdəki Beyləqan rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 932556 nömrəli arayışından görünür ki, Cavabdeh1 və X4 xx.xx.2014-cü il tarixində nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra kişiyə və arvada Kərimzadə soyadı verilmişdir. İş üzrə elektron sistemdə sorğulanmış məlumatdan görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixində ölmüşdür. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi əsasında kredit verilmişdir. Cavabdeh1 xx.xx.2016cı il tarixində ölmüşdür. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi xx.xx.2020-ci il tarixində Beyləqan Rayon Məhkəməsinə daxil olmuşdur. Bu isə onu göstərir ki, hazırkı iş üzrə iddia tələbi Cavabdeh1 qarşı hissədə onun ölməsindən təxminən 3 il 10 ay keçdikdən sonra qaldırılmışdır. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq şəxs cavabdeh statusunu ona qarşı məhkəmədə iş başlandıqdan sonra alır. Mülki Məcəllənin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Mülki Prosessual Məcəllənin 48-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Mülki Prosessual Məcəllənin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Mülki Məcəllənin 25.2-ci maddəsinə uyğun olaraq fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48-ci və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyil. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi prosessual baxımdan qeyri-mümkündür. Məhkəmə kollegiyası bildirir ki, vəfat etmiş şəxsə qarşı məhkəmədə iddia qaldırılması qanunvericilikdə nəzərdə tutulmadığından, işin məhkəmədə baxılmalı olmaması əsası ilə Cavabdeh1 aid hissədə mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, ölmüş tərəfin hüquqi varisi ilə əvəz edilməsi mümkün olsa da, nəzərə alınmalıdır ki, yalnız mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. Hazırkı işdə isə cavabdeh kimi göstərilmiş Cavabdeh1 tərəf kimi qəbul edilə bilməz. Çünki cavabdeh kimi göstərilmiş şəxs iddia ərizəsi verilməmişdən əvvəl vəfat etdiyinə görə işdə tərəf statusunu əldə etməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 aid hissədə iddiaya baxarkən prosessual hüquq normalarını pozmuşdur. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 387.2.8-ci maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261, 382, 384.0.5, 385.1, 392, 393, 402.2 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 hüquqi varisi X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(020)-1332/2020 saylı qətnaməsi qismən – Cavabdeh1 aid hissədə ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-167/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-167/2023
25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver