Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-168/2023 30.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(072)-129/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: Cəbrayıl Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(072)-129/2022 saylı qətnaməsi ilə (hakim Tərlan Nüsrətov) iddia təmin edilərək, Cavabdeh 27000 (iyirmi yeddi min) MANAT məbləğində borcun və iddia qaldırılması üçün ödənilmiş 171 (yüz yetmiş bir) MANAT məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh Cəbrayıl Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(072)-129/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh dondurma satışından 15 yanvar 2021-ci il tarixə İddiaçı MMC-yə 27000 (iyirmi yeddi min) MANAT məbləğində borcu yaranmışdır. Belə ki, bu fakt tərəflər arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli “üzləşmə aktı” ilə də öz təsdiqini tapmışdır. Bundan başqa, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli “mövcud borcun etirafı haqqında” müqaviləyə əsasən cavabdeh dondurma satışından yaranmış 27000 (iyirmi yeddi min) MANAT məbləğində borcunun olduğunu etiraf etmiş və həmin borc məbləğini tam olaraq İddiaçı MMC-yə qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqaviləyə əsasən İddiaçı MMC qarşısında olan öhdəliklərini tam icra etməmişdir. “Mövcud borcun etirafı haqqında” müqaviləyə əsasən cəmiyyət qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh İddiaçı MMC-yə 27000 (iyirmi yeddi min) MANAT məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən Cavabdeh 27000 (iyirmi yeddi min) MANAT məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 171 (yüz yetmiş bir) MANAT məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hazırkı nəticəyə gələrkən işin faktiki hallarına və maddi huquq normalarının mübahisənin həllinə düzgün tətbiq olunması hissəsində yanlışlığa yol vermiş, məhkəmə iclasında onun izahatı dinlənilməmiş, məhkəməyə lazımi qaydada çağırılmamış, bununla da, tərəflərin məhkəmə iclasında çəkişmə prinsipinə əsaslanmaqla nəticəyə gəlinməyə dair maddi və prosessual hüquq normalarına riayət olunmamışdır. Məhkəmə hesab etmişdir ki, MM-in 882.2-ci maddəsinə əsasən həmin məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu 882.2-cü maddənin tələbləri baxımından “öhdəliyin icraçının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq olunur”. Lakin məhkəmə qətnamə qəbul edərkən borcun etirafı haqqında qəbzin nə dərəcədə iddianın təmin olunmasına əsas verə biləcəyini maddi huquq normalarının tətbiqi baxımından araşdırmamış, “etirafın” nə qədər əsaslı olması, onun nədən irəli gəlməsini və səbəblini əsaslandırmamışdır. Mövcud borcun “etirafı” haqqında etirafa huquqi qiymət verərkən həmin “etirafın” müqavilə şərtlərinə əməl olunmadan və mülki qanunvericiliklə müəyyən olunmuş qaydada formaya riayət olunmadan verilməsi halına qiymət verməmişdir. “Etiraf” yazılı şəkildə və müqavilə tələblərinə əsasən tərtib olunmamış, yəni yazılı şəkildə və notariat qaydasında təsdiq olunmamışdır. Mulki qanunvericiliyin tələbləri baxımından “mövcud borcun etirafı haqqında” müqavilənin yalnız o halda hüquqi qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb olunur”. Məhkəmə isə “etirafın” bu qaydasına rəayət olunmamasının iddianın təmin olunmamasına əsas vermədiyini göstərmişdir. MM-in 882.5-ci maddəsi ilə belə əsaslandırmışdır ki, “əgər borc hesablaşmaya əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya rəayət olunması məcbur deyildir”. Lakin məhkəmənin əsaslandığı bu maddə, “etirafın” formasına riayət olunmadan iddianın təmininə əsaslı sayıla bilməzdi. Çünki borcun etirafı barədə verilmiş qəbzin özü mübahisə predmeti olaraq mübahisələndirilir. Belə olduğu halda, mübahisə predmeti olan “borcun etirafının” qanunla müəyyən olunmuş formasına riayət olunmadan onun əsaslı hesab oluna bilməsi barədə məhkəmənin mövqeyi yanlışdır və maddi hüquq normasının tətbiqi baxımından düzgün deyildir. Məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlməmiş, maddi hüquq normalarının mübahisənin həllinə tətbiq olunması baxımından düzgün əsaslandırılmamışdır. Cavabdeh, onun nümayəndəsi və vəkili Məmiyev İsa Haqverdi oğlu 18 aprel 2023-cü il tarixli məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Cəbrayıl Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(072)-129/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi xahiş etmişlər. Cavabdeh nümayəndəsi və vəkili Məmiyev İsa Haqverdi oğlu həmin məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, işdə olan və iddianın təmin olunması üçün əsas sübut hesab edilən sənədlər, yəni müqavilə və üzləşmə aktı cavabdeh tərəfindən imzalanmamışdır. Həmin imzalar cavabdehə məxsus olmadığı üçün tərəflər arasında öhdəlik münasibətləri mövcud olmamışdır. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Hüseynov Tural Firuddin oğlu 18 aprel 2023cü il tarixli məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərmişdir ki, Cavabdeh dondurma satışından 15 yanvar 2021-ci il tarixə İddiaçı MMC-yə 27000 manat məbləğində borcu yaranmışdır. Bu fakt tərəflər arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli “üzləşmə aktı” ilə də öz təsdiqini tapmışdır. Bundan başqa, tərəflər arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli Mövcud borcun etirafı haqqında müqaviləyə əsasən cavabdeh dondurma satışından yaranmış 27000 manat məbləğində borcunun olduğunu etiraf etmiş və həmin borc məbləğini tam olaraq İddiaçı MMC-yə qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqaviləyə əsasən İddiaçı MMC qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Mövcud borcun etirafı haqqında müqaviləyə əsasən cəmiyyət qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Bu səbəbdən də, o, cavabdehin apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, özü və ya nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(072)- 129/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli “mövcud borcun etirafı haqqında” müqavilədən görünür ki, Cavabdeh dondurma satışından yaranmış 27000 (iyirmi yeddi min) MANAT məbləğində borcunun olduğunu etiraf etmiş və həmin borc məbləğini İddiaçı MMC-yə geri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli “üzləşmə aktı”ndan görünür ki, Cavabdeh İddiaçı MMC-yə 27000 (iyirmi yeddi min) MANAT məbləğində borcu mövcuddur. İş materiallarında olan **********00 saylı, 16 noyabr 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 171 (yüz yetmiş bir) MANAT məbləğində dövlət rüsumu ödənilmişdir. Habelə, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Habelə, MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-in 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. MM-in 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi huququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən iddia üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və məhkəmədə müəyyən edilmiş faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, o zaman iddia tələbi əsaslı, əgər uzlaşmırsa əsassız hesab edilir. Beləlikə, kollegiya diqqətə çatdırır ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər. Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Göründüyü kimi, sadalanan maddi hüquq normaları tələbinin qanuni əsaslarını müəyyən edən normalar qismində çıxış etməklə işin faktiki hallarına uyğun olaraq mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Bu hal birinci instansiya məhkəməsində təqdim edilmiş müqavilə, üzləşmə aktı, Analitik uçot kitabları, habelə 15 may 2020-ci il tarixli İzahatı ilə təsdiqini tapmışdır. Habelə, işin apellyasiya icraatında əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli 4/494 nömrəli rəyi də hazırkı iddianın qanuni və əsaslı olması qənaətinin düzgün olmasına dəlalət edir. Belə ki, adıçəkilən rəyə əsasən mülki işin 6-cı vərəqəsində olan 05 yanvar 2021-ci il tarixli üzləşmə aktında “Nümayəndə” qrafasındakı imza, 7-8-ci səhifələrdə olan 05 yanvar 2021ci il tarixli Mövcud borcun etirafı haqqında müqavilənin 7-ci bəndində “Borclu” qrafasındakı imza, 83-cü səhifədə olan 16 may 2020-ci il tarixli İzahatda “İmza” qrafasındakı imza, 79- 80-ci səhifələrdə olan Analitik uçot kitablarının aşağı sağ küncündəki imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Kollegiya Cavabdeh apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin məhkəmə iclasında izahatının dinlənilməməsi, çəkişmə prinsipinə əməl edilməməsi, borcun etirafı haqqında qəbzin iddianın təmin olunmasına nə dərəcədə əsas verə bilməsi, habelə “Etiraf”ın yazılı şəkildə və müqavilə tələblərinə əsasən tərtib olunmamasına dair dəlilləri üzrə bildirməyi zəruri hesab edir ki, apellyasiya şikayətində göstərilən həmin dəlillər tam əsassızdır, onlar heç bir sübutla öz əksini tapmayan formal mülahizələrdir. Buna görə də, hazırkı halda qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, MPM-də çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Yeni prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir. Belə ki, MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beləliklə, çəkişmə prinsipinin ümumi cəhəti aşağıdakılardan ibarətdir: məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Bundan əlavə, “G.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanınır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qənaətə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam və hərtərəfli araşdırılmışdır. Kollegiya apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Cavabdeh verdiyi apellyasiya şikayətinin dəlilləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cəbrayıl Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(072)-129/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, kollegiya hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli 4/494 nömrəli rəyi üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(072)-129/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli 4/494 nömrəli rəyi üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-168/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-168/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver