Məhkəmə qərarları › İş №2(106)-168/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-168/2025

02.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-168/2025 02.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X13 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, iddiaçının vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cinayət nəticəsində sağlamlığına və əmlakına yetirilmiş zərərin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2 iyul 2024-cü il tarixli 2(049)-689/2024 saylı qətnaməsindən Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “cinayət nəticəsində sağlamlığına və əmlakına yetirilmiş zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, hadisə zamanı idarə etdiyi "Nissan Tida" markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş 10000 manat ziyan, 14400 manat xəstəxanaya çəkilmiş müalicə xərcləri, eləcə də 2600 manat digər xərclər olmaqla, ümumilikdə 27000 manat dəymiş ziyanın cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli hökmünə və eləcə də Şirvan Apelyasiya Məhkəməsinin yekun qərarına əsasən müəyyən olunmuşdur ki, Cavabdeh nəqliyyat vasitəsini idarə edən şəxs kimi yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin (iddiaçının) sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində "BC” dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə olmadan idarə etdiyi atası X4 məxsus "Hyundai Solaris minik” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonu Boradigah kəndi istiqamətindən Lənkəran şəhəri istiqamətinə doğru hərəkətdə olarkən, rayonun Vilvan kəndi ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmçinin Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2ci hissəsinin 1-ci bəndinə əsasən, avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətdən artıq idarə etməməli olduğu halda, həmin maddələrin tələblərini pozaraq, yəni avtomobili 100-120 km/saat sürətlə idarə edib digər hərəkət zolağında hərəkətdə olmaqla onunla eyni istiqamətdə ötmə əməliyyatını həyata keçirən Lənkəran rayonu Şağlaser kənd sakini xx.xx.1992-ci il təvəllüdlü İddiaçı etibarnamə əsasında idarə etdiyi “Nissan Tida” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun yanından ötüb getməsi üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna əməl etməyib, avtomobili hərəkət etdirərək avtomobilinin qabaq sol hissəsi ilə İddiaçı idarə etdiyi “Nissan Tida” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ təkəri ilə toqquşmuş, onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxs İddiaçı canlı şəxslərlə həyat üçün təhlükəli olub, dərəcəsinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malik ənsə nahiyyəsinin əzilmiş yarası, onurğa beyninin funksiyasının pozulması ilə, aşağı ətrafların paraplegiyası (hərəkət, hissiyyat və trofika pozğunluğu) ilə fəsadlaşmış İX döş fəqərəsinin kompression sınığı kimi xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətləri ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Həmin xüsusat yuxarıda qeyd etdiyi məhkəmələrin yekun qərarları ilə təsdiqini tapır. Həmin cinayət əməli nəticəsində ona həm fiziki ziyan, həm də maddi ziyan dəymişdir. Belə ki, aldığı ağır xəsarət səbəbindən uzun müddətli yataq xəstəsi olmağı, normal qaydada yeriyə bilməməyi, kiminsə yardımı olmadan hərəkət edə bilməməyi, daimi olaraq ağrılarla yaşamağı, intensiv şəkildə ağrıkəsicilərdən istifadə etməyi ona işgəncə verən fiziki ziyandır. Maddi ziyana gəldikdə isə həkimlərə, eləcə də dərmanlara çəkilən xərclər kifayət qədərdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)-689/2024 saylı 2 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, vurulmuş maddi ziyanla əlaqadar müalicə xərclərinə dair 14400 manat və avtomaşına dəymiş ziyana dair 8250 manat, ümumilikdə 22650 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamə Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, apellyasiya şikayətində qətnamənin ləğv olunaraq iddianın təmin edilməməsi xahiş olunmuşdur. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən avtoqəza işində məhkmə hökmü ilə təqsirli bilinsə də, Şirvan Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərardan Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Həmin iş üzrə avtonəqliyyat ekspertizasının rəyindən də görünür ki, həmin hadisənin baş verməsində İddiaçı də təqsiri olmuş və hadisənin baş verməsinin qarşısını almağa texniki imkanı olmuşdur. İddiaçı ilə həmkəndli olmaqla, yaxın münasibətdə olmuşlar. Hətta onun atası tərəfindən evləri usta olaraq inşa edilmişdir. Avtoqəza hadisəsi məhz onun təqsirindən baş vermişdir. Belə ki, o, yüksək sürətlə avtomobilini idarə edərək sərt döngədə ötmə əməliyyatı apararaq onu keçərkən təkərləri onun avtomobili ilə toqquşmuş və avtomobili dərəyə düşmüşdür və tərəfindən ani müdaxilə olmasaydı, o, suyun içərisində boğulmaq təhlükəsində olmuşdur. Onu çıxarıb təcili yardım maşını ilə xəstəxanaya aparmış və valideynlərinin köməkliyi ilə onun müalicəsinə 2700 manat pul vermişlər. Bundan başqa qohumları və kənd camaatı da pul toplayaraq təqribən 40000 manat pul yığaraq iddiaçının valideyninə Röşənin müalicəsi üçün verilmişlər. Hansıki, sonradan eşitdiyinə görə onun həyat yoldaşı həmin pulun müəyyən hissəsi ilə özünə yeni avtomaşın almış və həmin maşınla kənar rayonlarda istirahət edərək sosial şəbəkələrdə şəkillər paylaşmışdır. Bundan başqa məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçıya məxsus «Nissan Tida» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın həm iddia ərizəsində, həm də ekspert rəyində şişirdilmiş formada göstərilmişdir. Belə ki, həmin avtomobili qəzadan sonra iddiaçının atası ilə birlikdə 3500 manata satmışlar. Həmin avtomobili İddiaçı ümumiyyətlə 9000 manata almışdır. Belə olan halda avtomobilə vizual olaraq belə baxmadan ekspert hansı əsaslarla 8250 manat qiymət qoya bilər. Sözügedən 05 iyun 2023-cü il tarixli 19/440 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 11000 manat olmuş 2007-ci il buraxılışlı «Nissan Tida» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş ziyanın məbləği salamat qalmış hissələrin dəyəri nəzərə alınmaqla, nəzəri qaydada, təxminən 8250 manat (11000 manatın 25 %) manat müəyyən edilir. Hesab edir ki, ekspert rəyi təxminlərə əsaslanmamalı, konkret olmalıdır. Bundan başqa məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, məhkəmə iddiaçının təqdim etdiyi X2 tərəfindən verilən arayışa əsaslanmışdır ki, həmin arayışda göstərilmişdir ki, İddiaçı 29 avqust 2022-ci il tarixdən aylıq 2400 manat ödəməklə 01 mart 2023-cü il tarixədək həmin mərkəzdə müalicədə olmuşdur. Həmin xüsusata münasibət bildirərək qeyd etmək istəyir ki, iddiaçı həmin mərkəzdə 6 ay deyil, cəmi 4 ay müalicədə olmuşdur. Əgər 6 ay müddətində müalicədə olmuşdursa, buyurub həmin aylar üzrə ödəmə qəbzlərini təqdim etsinlər. Onu da qeyd etmək istəyir ki, adından da göründüyü kimi həmin Mərkəz X1. Əgər iddiaçı istədiyi vaxt gedib orada, kurort mərkəzində müalicədə olacaqdırsa, onun xərclərini çəkməlidir? İddiaçı üçün həmin hadisədən sonra qohum-əqrabalardan, kənd camaatından müalicəsinə görə toplanılmış pullar görəsən hara xərclənilmişdir. Onu da qeyd etmək istəyir ki, tərəfindən cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin sözügedən qərarından Ali Məhkəməyə verdiyi kassasiya şikayətinin nəticəsindən sonra hazırkı işə apellyasiya instansiyasında baxıla bilər. Belə ki, kassasiya şikayəti təmin ediləcəyi halda, vəziyyət tamamilə dəyişə bilər. Hesab edir ki, Ali Məhkəmədə həmin cinayət işinə baxılarkən iddiaçının idarə etdiyi avtomobilin onun idarə etdiyim avtomobilin qapısına bir növ nakleyka edilmiş formada qalan təkərinin izinə baxıb hüquqi qiymət verməsi kifayətdir ki, həmin avtoqəzanın onun deyil, məhz İddiaçı təqsiri üzündən baş verməsi müəyyən edilsin. Necə ola bilər ki, fotoşəkillərə baxaraq ekspert ziyanla bağlı təxmini də olsa rəy verə bilir, lakin Şirvan Apellyasiya Məhkəməsi tərəfindən təyin edilən avtonəqliyyat ekspertizası tərəfindən rəy verilməsi mümkün hesab edilmir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının mülkiyyətində olan “Nissan Tiida” markalı avtomobilin 3500 manata satılmasına dair sübutları yoxdur. Məhkəmədə cavabdehin vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddianın isə tamamilə rəddini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hesab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin, iddiaçının vəkilinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, nəqliyyat vasitəsinə münasibətdə yetirilən zərərin məbləğini düzgün müəyyən etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunan sənədlərlə aşağıdakılar müəyyən olunur: Lənkəran Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 1(049)-173/2023 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Mülki iddiaçı X8 Cavabdeh qarşı mülki iddiası baxılmamış saxlanmaqla, iddiaçıya yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində "BC” dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə olmadan idarə etdiyi atası X4 məxsus "Hyundai Solaris minik” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonu Boradigah kəndi istiqamətindən Lənkəran şəhəri istiqamətinə doğru hərəkətdə olarkən, rayonun Vilvan kəndi ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmçinin Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən, avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətdən artıq idarə etməməli olduğu halda, həmin maddələrin tələblərini pozaraq, yəni avtomobili 100-120 km/saat sürətlə idarə edib digər hərəkət zolağında hərəkətdə olmaqla onunla eyni istiqamətdə ötmə əməliyyatını həyata keçirən Lənkəran rayonu Şağlaser kənd sakini xx.xx.1992-ci il təvəllüdlü İddiaçı etibarnamə əsasında idarə etdiyi “Nissan Tida” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun yanından ötüb getməsi üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna əməl etməyib, avtomobili hərəkət etdirərək avtomobilinin qabaq sol hissəsi ilə İddiaçı idarə etdiyi “Nissan Tida” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ təkəri ilə toqquşmuş, onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxs İddiaçı canlı şəxslərlə həyat üçün təhlükəli olub, dərəcəsinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malik ənsə nahiyyəsinin əzilmiş yarası, onurğa beyninin funksiyasının pozulması ilə, aşağı ətrafların paraplegiyası (hərəkət, hissiyyat və trofika pozğunluğu) ilə fəsadlaşmış İX döş fəqərəsinin kompression sınığı kimi xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Hökm çıxarılanadək zərərçəkmiş X11 ilə təqsirləndirilən şəxs Cavabdeh barışmamışlar, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilməmişdir; Lənkəran Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 1(049)-173/2023 saylı hökmü təqsirləndirilən şəxsin müdafiəçisi Nümayəndə2 və zərərçəkmiş şəxsin vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə1 tərəfindən apellyasiya qaydasında mübahisələndirilmişdir; Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli 1(106)-564/2023 saylı qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçinin apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin vəkili, eyni zamanda nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunaraq, Cavabdeh təyin edilmiş əsas cəzanın, yəni 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddəti 03 ilədək artırılmış, hökm apellyasiya şikayətlərinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanmışdır; Apellyasiya instansiyası məhkəməsinin qərarı məhkumun müdafiəçisi Nümayəndə2 tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2025-ci il tarixli 1(102)-358/2025 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli 1(106)-564/2023 saylı qərarı kasasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır; Lənkəran şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin emalatxanasının sədri Ağarəhim Kələntərov tərəfindən təqdim olunan 18 noyabr 2023-cü il tarixli mütəxəsis rəyindən görünür ki, “Nissan Tida” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı 2007-ci il buraxılışlı avtomaşın yol qəza hadisəsi zamanı sökülmüş deformasiyaya uğramış, kuzov tam yararsız hala düşmüşdür. Ban, qabaq və arxa dirəklər qabaq və arxa qanadlar, qabaq kapot, arxa baqajnik, avtomaşının polu, mühərriki zədələnmişdir. Avtomaşının istismar müddətini gedilməsi nəzərə alınsa avtomaşının hadisədən qabaqki işlək vəziyyətdə indiki bazar qiyməti 10000 manat müəyyən olunur. Avtomaşın təmir üçün yararsızdır; İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5 iyun 2024-cü il tarixli, 3-16-16/2-19/440 saylı rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 11000 manat olmuş 2007-ci il buraxılışlı “Nissan Tiida” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş ziyanın məbləği salamat qalmış hissələrin dəyəri nəzərə alınmaqla, nəzəri qaydada, təxminən 8250.00 manat (11000m – 25%) müəyyən edilir; Apellyasiya baxışı zamanı iddiaçının 6 noyabr 2024-cü il tarixində keçirilən məhkəmə baxışında iddiaçının nümayəndəsi (atası) Nümayəndə3 izahatında göstərmişdir ki, cavabdehin atasının maşının satılması ilə bağlı dedikləri yalandır. Biz maşını satmamışıq. Hazırda həmin avtomobili gəlinimin qardaşına vermişik. Həmin maşını gəlinimizin qardaşına verməyimizin qarşılığında ondan pul almamışıq. Gəlinimin qardaşı avtomobil təmiri ilə məşğuldur. Avtomobilin maksimum qiyməti 500-600 manatdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X19 tərəfindən verilən arayışdan görünür ki, xəstə İddiaçı xx.xx.2022-ci il tarixdən X2 X14 aylıq 2400 manat ödəniş ilə xx.xx.2023-cü ilədək “Onurğanın döş fəqərə səviyyəsində travması. Aşağı paraplegiya. Çanaq oynaqları funksiya pozğunluğu” dioqnozu ilə müalicə almışdır; Apellyasiya şikayətinin dəlilləri üzrə aparılan araşdırma çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X16 sorğu verilərək, X11 tərəfindən arayışda qeyd olunan dövr ərzində aldığı müalicələr üçün ödənilmiş pul vəsaitlərinə dair qəbzlərin surətləri təqdim edilməklə, edilən hər bir ödənişin məbləği və tarixi barədə ətraflı məlumat, həmçinin ödənişli əsaslarla almış olduğu müalicənin icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin zərfinə daxil olub-olmaması barədə məlumat verilməsi istənilmişdir; Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X19 tərəfindən 14 oktyabr 2024-cü il tarixdə verilən cavab məktubunda qeyd olunur ki, X11 29 avqust 2022-1 mart 2023-cü illər ərzində mərkəzdə ödənişli əsaslarla “onurğanın döş fəqərə səviyyəsində travması, aşağı paraplegiya, çanaq oynaqları funksiya pozğunluğu” diaqnozu ilə stansionar müalicə almışdır. X11 tərəfindən müalicəyə görə xx.xx.2022 tarixli kassa mədaxil orderinə əsasən 1000 manat, xx.xx.2022 tarixli kassa mədaxil orderinə əsasən 1400 manat, xx.xx.2022 tarixli kassa mədaxil orderinə əsasən 2400 manat, xx.xx.2022 tarixli kassa mədaxil orderinə əsasən 2400 manat, xx.xx.2022 tarixli kassa mədaxil orderinə əsasən 2400 manat, xx.xx.2023 tarixli kassa mədaxil orderinə əsasən 2400 manat, xx.xx.2023 tarixli kassa mədaxil orderinə əsasən 2400 manat məbləğlərində pul vəsaiti ödənilmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə “X2” X19 arasında “Tibbi xidmətlərin göstərilməsi haqqında” N-007/TXM nömrəli müqavilə xx.xx.2024-cü il tarixdə bağlandığından, X8 xx.xx.2022-xx.xx.2023-cü illər tərzində mərkəzdə ödənişli əsaslarla almış olduğu müalicənin icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin zərfinə daxil olması mümkün deyildir. Məktubda istinad olunan kassa mədaxil orderlərinin təsdiq olunmuş surətləri əlavə olunaraq, məhkəməyə təqdim edilmişdir. Qəbzlərlə ödəniş edilən məbləğlərin cəmi 14400 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir; 14.1. və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlmə əsaslarından biri də zərər vurulmasıdır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Kollegiya hesab edir ki, iddiaçı zərərə məruz qalmış şəxs olaraq yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından sağlamlığının pozulması ilə bağlı çəkdiyi xərclərin və əmlakına yetirilən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik şəxs olaraq hazırki iddianı irəli sürməkdə tam haqlı olmuşdur. İş materialları ilə iddiaçının sanatoriya-kurort müalicəsini pulsuz almaq hüququnun olduğu müəyyən edilmir. X17 Sığorta üzrə Dövlət Agentliyi ilə iddiaçının müalicə aldığı “X2” X19 arasında “Tibbi xidmətlərin göstərilməsi haqqında” müqavilə xx.xx.2024-cü il tarixdə, yəni iddiaçı ödənişli əsaslarla müalicə aldıqdan (xx.xx.2022-xx.xx.2023-cü il aralığı) bir il iki ay sonra bağlandığından, iddiaçının əvvəlki dövr üçün müalicəsinin icbari tibbi sığorta hesabına qarşılanması da mümkünsüz olmuşdur. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əmlaka yetirilən zərərin məbləğinin müəyyən olunması hissədə işin faktiki halları üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi avtomobilə yetirilən zərərin məbləğini ekspert rəyini əsas götürməklə müəyyən etmiş, hadisə nəticəsində yararsız hala düşmüş avtomobilin də müəyyən dəyərə malik olduğunu (ən azından metalolom kimi) nəzərə almamışdır. Apellyasiya baxışı zamanı iddiaçının atası olaraq nümayəndəsi avtomobilin yararsız halda 500-600 manat dəyərə malik olduğunu bildirmişdir. Belə olan halda isə ekspert rəyi ilə müəyyən olunan məbləğdən avtomobilin yararsız halda malik olduğu dəyər çıxılmaqla, iddiaçının əmlaka münasibətdə məruz qaldığı real zərərin məbləği müəyyən edilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş materialları ilə apellyasiya şikayətinin dəlilləri qismən təsdiqini tapdığından, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi əmlaka yetirilən zərərin müəyyən olunan məbləği hissədə dəyişdirilməli, ekspert rəyi ilə avtomobilə yetirilən zərərin məbləği kimi müəyyən olunan 8250 manatdan yararsız halda avtomobilin dəyər kimi malik olduğu 600 manat çıxılmaqla, əmlaka yetirilən real zərərin məbləği 7650 manat müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2 iyul 2024-cü il tarixli 2(049)-689/2024 saylı qətnaməsi avtomobilə yetirilən zərərin məbləği hissədə dəyişdirilərək 7650 manat, ümumilikdə ödəniləcək zərərin məbləği isə 22050 (iyirmi iki min əlli) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar