Məhkəmə qərarları › İş №2(106)-1681/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1681/2024

30.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1681/2024 30.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X18 və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 14 fevral 2024cü il tarixli e-2(041)-203/2024 saylı qətnaməsindən (hakim M.Bayramov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, 1930.00 (bir min doqquz yüz otuz) manat sığorta ödənişi məbləğinin və 39.30 ( otuz doqquz manat otuz qəpik) manat dövlət rüsumunun cəmi 1969.30 (bir min doqquz yüz altmış doqquz manat otuz qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21074” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. X16 xx.xx.2020-ci tarixdə «VAZ» 21074 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Kürdəmir rayonu, Qarasu kəndi ərazisində yolnəqliyyat hadisəsi törətmiş, “VAZ 21063” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə və sərnişin X1 zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cəmi 1930 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Kürdəmir rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Orxan Ağayev tərəfindən 1 may 2020-ci il tarixdə toplanmış materialda cinayət hadisəsinin müəyyən edilməməsi əsası ilə cinayət işinin başlanması rədd edilmiş, xx.xx.2005-ci il təvəllüdlü X12 barəsində profilaktiki tədbir görülməsi üçün qərarın surəti İTB-nin YYC PİT qrupuna, Cavabdeh barəsində AR İXM-nin 335.1-ci maddəsi ilə inzibati tədbirlər görülməsi üçün qərarın surətinin Kürdəmir RPŞ DYPB-yə göndərilmişdir. Kürdəmir RPŞ DYPB-nin qərarında Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Kürdəmir RPŞ DYPB-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə dəymiş 1930 manat sğorta ödənişi məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Haqqında bəhs edilən yol nəqliyyat hadisəsində zərərçəkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli, AS-23/411 saylı geriyə tələb məktubu göndərilsədə, müvafiq sığorta ödənişi məbləği bu günədək cəmiyyətə ödənilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(041)-203/2024 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh 1930 manat sığorta ödənişi məbləği və 39.30 manat dövlət rüsumu, cəmi 1969.30 (bir min doqquz yüz altmış doqquz manat otuz qəpik) manat pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qəbul edilərkən işə baxan hakim işin hallarına düzgün qiymət verməyərək işi tam araşdırmamış, sığorta hadisəsinin yaranmasına səbəb olan xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin hansı şəraitdə necə baş verməsinə qiymət verməmiş və iddia ərizəsində göstərildiyi kimi həmin yol-nəqliyyat hadisəsinin guya özünə məxsus olan “VAZ-21074” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən törətdiyini göstərmişdir. Əslində isə həmin yol nəqliyyat hadisəsi ona məxsus olan avtomobili oğlu idarə edərkən baş vermişdir. Bununla bağlı sənədlər iddia ərizəsinə əlavə edilmiş və iş materiallarında mövcuddur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı o, AR İXM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Həmin yol nəqliyyat hadisəsinin bilavasitə baş verməsinə səbəb olan digər yol iştirakçısı olan İ qrup əlil olmaqla, görmə qabiliyyəti məhdud olan X4 həmin yol nəqliyyat hadisəsinin baş verməsində təqsirinin olub olmaması ümümiyyətlə polis orqanı tərəfindən araşdırılmamış və işə baxan hakim də bütün bunlara göz yumaraq, iddia ərizəsində göstərilənlərlə kifayətlənib, işdə olan sənədlərə heç bir hüquqi qiymət vermədən baxıb qanunsuz qətnamə qəbul edərək birbaşa iddiaçının mənafeyini müdafiə etdiyini açıq-aydın nümayiş etdirmişdir. İş materiallarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində “VAZ- 21063” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən görmə qabiliyyətli məhdud olmaqla İ qrup əlil olan X4 da mülki hüquq məsuliyyətli olmuşdur. Lakin bu hal həmin yol nəqliyyat hadisəsi polis şöbəsində araşdırılarkən ona məlum olmayan səbəbdən araşdırılmamış və işi araşdıran polis əməkdaşları İ.N.İbrahimovu hansısa səbəbdənsə mülki hüquq məsuliyyətindən kənarlaşdırmışdır. İşə baxan hakim işə baxarkən bunlara heç bir hüquqi qiymət verməmiş və iddia ərizəsində göstərilənlərlə kifayətlənib çəkişmə prinsipinə əməl etmədən qanunsuz qətnamə qəbul etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsinin digər iştirakçısı İ.N.İbrahimov da AR İXM-nin müvafiq maddəsi ilə təqsirli bilinməli olduğu halda, polis əməkdaşları baş vermiş hadisə ilə bağlı onun əməlinə hüquqi qiymət verməmiş və bu səbəbdən də subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təkcə onu təqsirli hesab edildiyindən ona qarşı yaranmış, işə məhkəmədə baxılarkən isə baxan hakim bu fakta heç bir əhəmiyyət verməmişdir. AR MPM-nin 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndiridməlidir. Qətnamənin 2-ci səhifəsinin 5-ci abzasına diqqət yetirəndə bir daha qətnamənin iş üzrə heç bir araşdırma aparılmadan qəbul edilməsi açıq-aydın görünür. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ə)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq məhkəmə baxışında səhhətilə bağlı iştirak edə bilməyəcəyini bildirib, məhkəmə baxışının başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin bunu təsdiq edən hər hansı bir sübutunu təqdim etməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətini məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Bununla belə, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış PAA********** saylı “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi”nə əsasən “VAZ 21074” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Müqavilənin qüvvəyə minmə tarixi 28 yanvar 2019-cu il, qüvvədən düşmə tarixi 27 yanvar 2020-ci il tarixidir; Kürdəmir rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Orxan Ağayev tərəfindən 1 may 2020-ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2020-ci ildə saat 11 iradələrində Kürdəmir rayonunun Qarasu kəndində X4 idarə etdiyi “VAZ-21063” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla X11 idarə etdiyi “VAZ-21074” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşın toqquşaraq, yol nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə “VAZ-21063” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşında olan sərnişin X8 bədən xəsarətləri alması ilə əlaqədar Kürdəmir rayon Mərkəzi Xəstəxanasından HK-2-206 nömrəli məlumat daxil olmuşdur. Aparılmış araşdırmanın nəticəsi olaraq toplanmış materialda cinayət hadisəsinin müəyyən edilməməsi əsası ilə cinayət işinin başlanması rədd edilmiş, X9 barəsində İXM-nin 332.2-ci maddəsi ilə, Cavabdeh barəsində İXM-nin 335.1-ci maddəsi ilə inzibati tədbirlər görülməsi üçün qərarın surətinin Kürdəmir RPŞ DYPB-yə göndərilməsi,xx.xx.2005-ci il təvəllüdlü X12 barəsində profilaktiki tədbir görülməsi üçün qərarın surətinin İTB-nin YYC PİT qrupuna göndərilməsi qərara alınmışdır; Kürdəmir rayon polis Şöbəsinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” xx.xx.2020-ci il tarixli arayışından görünür ki, inzibati xətalar haqqında işlərə və ya cinayət işlərinə baxmağa səlahiyyəti olan orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarına əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs “VAZ-21074” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi X13, sürücüsü X16, zərərçəkən şəxs X5r, zərərin növü əmlaka və sağlamlığa yetirilən zərərdir; Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli hesabatdan görünür ki, “VAZ- 21063” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və dəymiş zərərin 1180 manat həcmində olması müəyyən edilmişdir; "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zədələrin Tənzimlənməsi departamentinin direktoru T.Fərzullayev tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 20-03592/06/AA-2631/20 nömrəli sığorta aktından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “VAZ- 21063” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X2 yetirilən zərərə görə 750 manat məbləğində, əmlaka yetirilən zərərə görə X7 1180 manat məbləğində sığorta məbləğinin ödənilməsi qərara alınmışdır: xx.xx.2020 tarixli ödəniş tapşırıqlarından görünür ki, sağlamlığa yetirilən zərərə görə X6 750 manat məbləğində, əmlaka yetirilən zərərə görə X7 1180 manat məbləğində sığorta ödənişləri edilmişdir; "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli, AS-22/455 nömrəli pretenziyadan (Geriyə tələb) görünür ki, tərəfindən həyata keçirilən 1930 manat sığorta ödənişi məbləğini, 500 manat işlərin görülməsi xərcinin cəmi 2430 manat pul vəsaitini 10 gün ərzində ödənilməsi tələb edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi : Maddə 1096.1 - Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1097.1 - Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1097.3 - Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; Maddə 1108.1 - Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və.i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Maddə 883.1 - Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; Maddə 926.3 - Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbarı sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edılır. İşin müəyyən olunan hallarına əsasən yol nəqliyyat hadisəsi zamanı cavabdehin idarə etdiyi yük avtomobili nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə iddiaçı təşkilat qarşısında sığortalı olmuşdur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununu: Maddə 3.1.2 - sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortanın əsas prinsiplərindən biridir; Maddə 6.1 - icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrınə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqorıyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir; Maddə 6.2 - mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərılmış əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinın sığortalı özü həmin əmlakı ıstismar etdiyi anda, sığorta olunan hesab edilir; Maddə 6.4 - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir; Maddə 13.1 - icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır; Maddə 15.1 - icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir; Maddə 15.2 - zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir; Maddə 15.3.1 - əmlaka dəyən zərərin məbləği, zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəriindən ibarətdir; Maddə 20.3 - əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir; Maddə 56.1.1 - fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə sığorta məbləği 5000 manat müəyyən edilir; Maddə 56.1.2 – üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri 5000 manat müəyyən edilir; Maddə 25.1.3 - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsindəki şərtləri Mülki Məcəllənin 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə belə nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya belə yekun nəticəyə gəlir ki, mübahisənin düzgün həlli üçün işin faktiki halları araşdırılmaqla “VAZ 21074” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş Nicat Şiralıyevin əşyaya sahiblik və ondan istifadəsinin hüquqa zidd olub-olmamsı müəyyənləşdirilməli, avtomobilin sahibinin bunda təqsirinin olub-olmamasını yoxlanılmalı və nəticəsindən asılı olaraq iddia tələbinə yekun hüquqi qiymət verməlidir. İşin hallarına əsasən “VAZ 21074” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmayan şəxs (hadisə anında 15 yaşı tamam olmuş uşaq) tərəfindən istifadə hüquqa zidd olmaqla, avtomobil sahibi olan atasının (cavabdehin) hadisənin baş verməsində təqsirli olması inzibati xəta haqqında qərarla sübut olunmuşdur. Odur ki, iddiaçının “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə müvafiq olaraq subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki iddia tələbi üzrə iddianın qiyməti 5000 manatdan aşağı olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli e-2(041)-203/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar