Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1682/2023 01.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-548/2023 saylı, 09 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1217 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh usta kimi və qonşu kimi tanıyır. 27 dekabr 2020-ci il tarixdə cavabdeh ona zəng edərək, uşağının xəstə olduğunu, təcili olaraq ona pul lazım olduğunu bildirmişdir. İddiaçı da həmin vaxt cavabdehə demişdir ki, onun pulu yoxdur, lakin qonşusu Hüsniyyə adlı qadına deyəcəyini, onda pul olsa, alıb cavabdehə verə biləcəyini demişdir. Cavabdeh də razılaşmışdır. İddiaçı da Hüsniyyədən hissə-hissə cəmi 1500 manat pul götürmüş və cavabdehə zamin durmuşdur. Cavabdeh qonşusu Hüsniyyədən aldığı pulu qaytara bilmədiyi üçün məcbur qalıb cavabdehin Hüsniyyəyə borclu olduğu 1500 manat pulu iddiaçı ödəmişdir. 2022-ci ilin dekabr ayında cavabdeh iddiaçıya zəng edərək anasının diz qapaqlarının işləmədiyini, Bakıya müalicəyə aparmaq üçün anasının 500 manat borc pul istədiyini, əvəzində pensiya kartını verəcəyini, 3 ay ərzində həmin pulu pensiya kartından çıxaracağını demişdir. Cavabdeh çox pis vəziyyətdə olduğunu bildirdiyi üçün iddiaçı onunla razılaşmışdır. Cavabdeh anasının şəxsiyyət vəsiqəsini, qəbzi və pensiya kartını gətirib iddiaçıya verdikdən sonra iddiaçı ona 300 ABŞ dolları pul vermişdir. İddiaçı cavabdehin verdiyi pensiya kartından dekabr ayının 16-sı cəmi 93 manat pul çıxartmışdır. O, cavabdehə kartda pulun az olmasını bildirdikdə, cavabdeh ona pulun kreditə tutulduğunu demişdir. İddiaçı cavabdehdən ona borclu olduğu cəmi 2010 manat pulu istədikdə, cavabdeh ona borcunun çox olduğunu, pulu qaytara bilməyəcəyini demişdir. 14 yanvar 2023-cü il tarixdə cavabdeh tanımadığı şəxslə iddiaçının evinə gəlmiş və ona demişdir ki, onu Hacı Ziya göndərmiş, o, 700 manat pul gətirmişdir ki, pulun müqabilində iddiaçı cavabdehin anasının kartını və qəbzi versin. İddiaçı da 700 manatı alıb cavabdehin anasının kartını və qəbzi onlara vermişdir. Həmin vaxtdan sonra da cavabdeh iddiaçıya borclu qaldığı 1217 manat pulu vermir. Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(073)-548/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Elxan Əmirəliyev) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellayasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(073)-548/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının zaminliyi ilə 2020-ci il 27 dekabr tarixindən başlayaraq, hissə-hissə Hüsniyyə adlı xanımdan 1500 manat məbləğində pul götürmüşdür. İddiaçı zamin durduğu üçün həmin pulu ödəmiş və cavabdehdən pulunu tələb etmişdir. Cavabdehin Hüsniyyədən iddiaçının zaminliyi ilə 1500 manat hissə-hissə alması və iddiaçı tərəfindən həmin pulun ödənilməsini Hüsniyyə təsdiq edir. İddiaçının söylədiklərinə görə, Cəlilabad Rayon Polis İdarəsində onun şikayəti əsasında təhqiqat aparılıb və mülki iş olduğu üçün məhkəmədə aparılması tövsiyə olunur. Həmin qərar iddiaçıya təqdim edilməmiş, o cümlədən bu səbəbdən məhkəmədə araşdırma aparılmamışdır. 1500 manat və 300 ABŞ dolları (510 manat) ümumilikdə 2010 manat pulun cavabdeh tərəfindən alınması barədə işdə dəlillər vardır. Belə ki, borc məbləğinin 700 manat hissəsi iddiaçıya qaytarılmışdır. Mülki işdə borc pulun alınması ilə bağlı cavabdeh tərəfindən imzalanmış qəbz vardır. İşdə olan dəlillər birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilmədiyi üçün düzgün olmayan qətnamə çıxarılmışdır. Mülki işdə yazılı qəbzlə cavabdehin borc pul aldığı təsdiq edilib, belə ki, tərəflər arasında borc müqaviləsinin şifahi bağlanmasına qanunvericilik icazə verir. Birinci instansiya məhkəməsi tərəfindən AR MM-nin 739.1, 739.2, 740-cı maddələrinə istinad edilsə də, həmin maddələrin tətbiqi üçün mülki işdə əsaslar olduğu halda, iş hərtərəfli araşdırılmamışdır. Belə ki, işdə tərəflərin münasibətlərini təsdiq edən şifahi istinad etdikləri hüquqi faktlar və işdə olan yazılı qəbz, sübutedici dəlil olaraq, qiymətləndirilməmişdir. Məhkəmə qətnaməsinin ləğv edilməsi üçün maddi və prosessual əsaslar vardır. Mülki işdə cavabdehin borc pul alması barədə imzaladığı qəbz vardır. Belə ki, həmin qəbzdə öz şəxsi imzası ilə 1500 manat borc pul aldığı bildirilir. Həmin qəbz bu mülki işdə mübahisənin həll edilməsi ilə bağlı AR MPM-nin 76-cı maddəsinə əsasən, sübutedici dəlildir. Bundan başqa, AR MPM-də sübutların toplanılması ilə bağlı iddiaçı və cavabdehin ərizəsi əsasında iş üçün əhəmiyyətli olan faktların əldə edilməsinə dair müvafiq maddə nəzərdə tutulmuşdur ki, belə ki, həmin hüquqlardan istifadə edilməsi məhkəmə tərəfindən iddiaçı və cavabdehə izah edilir. İş materiallarından bəlli olur ki, belə bir izahat aparılmamış, nəticədə Cəlilabad Rayon Polis İdarəsi tərəfindən aparılmış təhqiqat qərarı məhkəməyə təqdim edilməmişdir. Bu hal mülki işin hərtərəfli araşdırılmasının baş vermədiyini göstərir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması AR MPM-nin 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslardan sayılır. Belə ki, bu qəbz, polisin təhqiqat orqanının qərarı və həqiqətən iddiaçı tərəfindən Hüsniyyədən alınmış 1500 manat borc pulun ödənilməsi, özü tərəfindən 510 manat pulun hazırkı cavabdehə verilməsi halları dəqiq araşdırılmamış, nəticədə iddiaçının qanunla qorunan hüquqları pozulmuş, nəticədə düzgün olmayan qərar çıxarılmışdır. Cəlilabad Rayon Məhkəməsində bu mülki iş barədə çıxarılmış qətnamədən bəlli olur ki, iddiaçı ümumi 2010 manat borc puldan 700 manat qaytarıldığını təsdiq edir. 700 manat pulun iddiaçıya qaytarılmasını cavabdeh də təsdiq edir, həmin 700 manatın iddiaçıya qaytarılması ilə bağlı iddiaçının əvvəlcədən tanımadığı X1 adlı şəxsi məhkəməyə təqdim edir. Halbuki, iş materiallarından görünür ki, iddiaçı 2010 manat borcdan 700 manat və əlavə 93 manat pulun ona qaytarıldığını bildirir. Belə ki, nəticədə ödənilməli və qatarılmalı məbləğin 1217 manat olduğunu iddiaçı bildirir. Mülki işdə 2010 manat borc pul alması barədə cavabdehin imzalı qəbzi var. Həmin borcun cəmi 793 manat hissəsi qaytarılıb. İddiaçının ərizəsi əsasında bu iş Cəlilabad Rayon Polis İdarəsində araşdırıldığı halda, məhkəmə bu hüquqi fakti araşdırmayıb. Məhkəmədə şifahi olaraq iddiaçı tərəfindən bildirilsə də, Hüsniyyədən heç bir izahat alınmayıb, şahid olaraq dindirilməyib. Cavabdehin aldığı borc pulun tam qaytarılmamasını sübut edən aşkar hallar araşdırılmamış və qiymətləndirilməmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsini, Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(073)-548/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarının 4-cü vərəqində olan Cavabdeh tərəfindən yazıldığı qeyd edilən xx.xx.2020-ci il tarixli əlyazma qəbzdə qeyd edilmişdir ki, “Mən Cavabdeh Fərahim oğlu bugün ki, tarixdə Fəridə Özkurd mənə zamin duraraq Hüsniyə xanımdan 1500 manat aldım. Aldıqım 1500 manatı yaxın zamanda qaytaracağımı imzamla və şəxsiyyət vəsiqəmin surəti ilə təstiq edirəm”. Qəbzdə “İmza” və “N.Elşən” yazılaraq imza icra edilmiş, imzanın aşağısında “27.12.20” qeyd edilmişdir. İş materiallarının 5-ci vərəqində olan Cavabdeh məxsus şəxsiyyət vəsiqəsinin surətinin arxa hissəsində qeyd edilmişdir ki, “1500+510m=2.010-700=1.310 borc”. İşdəki 06 iyun 2023-cü il tarixli, 2(073)-548/2023 saylı məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında çıxış edən Cavabdeh öz izahatında bildirmişdir ki, iddianı etiraf etmir. O, iddiaçı ilə qonşu olmuş, buna görə də aralarında müsbət münasibətlər olmuşdur. O, 27 dekabr 2020-ci il tarixdə iddiaçının vasitəsilə qonşuluqda yaşayan Hüsniyə adlı qadından 1500 manat məbləğində sələmə borc pul götürmüşdür. Lakin həmin borc məbləğini hissə-hissə ödəyib qurtarmışdır. Hətta əsas məbləğdən əlavə faiz də ödəmişdir. Belə ki, sonuncu dəfə müdiriyyətindən 700 manat götürüb iş yoldaşı X1 ilə birlikdə iddiaçının yaşadığı evə gedərək borcunu tam ödəmişdir və Ramil Sadiqlinin yanında iddiaçı ilə razılaşıb ayrılmışlar. Bu səbəbdən də iddianı əsassız hesab edir və onun təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İşdəki 09 iyun 2023-cü il tarixli, 2(073)-548/2023 saylı məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində bildirmişdir ki, cavabdeh onun iş yoldaşıdır. Cavabdehlə iş yerində birlikdə olduqları bir vaxtda cavabdeh müdiriyyətdən 700 manat borc pul götürmüşdür. Cavabdehin xahişi ilə birlikdə iddiaçının yaşadığı evə getmişlər. Həmin vaxt cavabdeh onun yanında iddiaçıya 700 manat məbləğində pul vermiş və ondan borcunun qalıbqalmadığını soruşmuşdur. İddiaçı isə cavabında cavabdehin ona borcu qalmadığını bildirmişdir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı Hüsniyyə adlı qadından 1500 manat məbləğində borc götürərkən cavabdehə zamin durmasını və sonradan zamin olduğuna görə həmin pulu özünün ödəməsini, beləliklə də, cavabdehin həmin 1500 manat pulu ona ödəməli olmasını qeyd etmişdir. Həmçinin, iddiaçı öz vəsaiti hesabına cavabdehə həm də 300 ABŞ dolları (510 manat) məbləğində pulu borc verdiyini bildirmişdir. İddiaçı bildirir ki, cavabdehin ona ümumi borcu 2010 manat olmuş, bu borcdan cəmi 793 manat ödəniş edilmişdir. Qalıq borcun məbləği isə 1217 manat təşkil edir. Tərəflərin bildirdikləri ilə müəyyən edilir ki, cavabdeh tərəfindən 1500 manat məbləğində borc pul iddiaçının zaminliyi əsasında Hüsniyyə adlı qadından alınmışdır. İddiaçı zamin olması və cavabdehin həmin pulu qaytarmaması səbəbindən Hüsniyyəyə həmin məbləğdə pulu özünün ödədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 474.2-ci maddəsinə əsasən, zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Lakin hazırda iş materialları ilə iddiaçının Hüsniyyə adlı qadına 1500 manat pulu qaytararkən bu barədə cavabdehi xəbərdar etməsi öz təsdiqini tapmır. Bundan başqa, iddiaçı həqiqətən də zamin kimi Hüsniyyə adlı qadına 1500 manat məbləğində pulu ödəməsini və Hüsniyyə adlı qadının həmin məbləğdə verilmiş borc pulun geri qaytarılmasını tələb etməyə dair hüquqlarının ona (iddiaçıya) ötürülməsi barədə hər hansı razılaşmanın olmasını təsdiq edən mötəbər sübutları təqdim etməmişdir. Cavabdeh də öz izahatında bütün borc məbləğini qaytardığını, artıq iddiaçıya hər hansı borcu qalmadığını bildirmişdir. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. İddiaçı iddia ərizəsində cavabdehin sonuncu dəfə ona 700 manat ödəniş etdikdə anasına məxsus pensiya kartını qaytardığını qeyd etmişdir. Məhkəmə kollegiyası borcun tam ödənilmədiyi halda, iddiaçının pensiya kartını geri qaytarmasını ağlabatan hesab etmir. Həmçinin, iddiaçı öz vəsaiti hesabına da 300 ABŞ dolları məbləğində borc pul verdiyini bildirsə də, hər iki tərəfin bildirdikləri ilə təsdiq olunur ki, bilavasitə iddiaçıya cavabdeh tərəfindən ən azı 793 manat məbləğində ödəniş edilmişdir. Belə olan halda isə 300 ABŞ dollarına görə cavabdehin iddiaçıya hər hansı borcunun qalmadığı müəyyən edilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında münasibətlər yaranarkən Mülki Məcəllənin 739.1-ci maddəsinin qüvvədə olan mətninə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740-cı maddəsinin qeyd edilən vaxt qüvvədə olan mətninə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçı tələbinin əsasını təşkil edən halları, zamin durduğu öhdəlik üzrə kreditorun tələb hüququnun ona keçməsini və cavabdehin tələb edilən məbləğdə ona ödənilməmiş borcunun qaldığını sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin Cəlilabad Rayon Polis İdarəsində tərəflər arasında mövcud olan mübahisə üzrə aparılan araşdırmanın yekunlarını əks etdirən qərarın araşdırılmalı olması ilə bağlı dəlilinə dair bildirir ki, iddiaçının özünün də qeyd etdiyi kimi, həmin qərarla mübahisənin mülki xarakterli olduğu müəyyən edilmişdir. Bu səbəbdən də hazırda aparılan araşdırma üzrə yekun hüquqi nəticəyə gəlmək üçün həmin qərarın əldə edilməsinə zərurət olmamışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmişdir. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(073)-548/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(073)-548/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1682/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1682/2023
01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver