Məhkəmə qərarları › İş №2(106)-1683/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1683/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1683/2023 18.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-505/2023 saylı, 28 iyul 2023-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 7894,98 manat, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98,95 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(073)-505/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh banka vurulmuş ziyana görə 7894,98 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 98,95 manatın alınıb İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(073)-505/2023 saylı qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2(073)-505/2023 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(073)-505/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilən apellyasiya şikayəti Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına uyğun deyil. Bundan sonra Cavabdeh şikayət vermiş, şikayətində Cəlilabad Rayon Məhkəməsinin 26 iyun 2023-cü il tarixli, 2(073)-506/2023 saylı qərardadının ləğv olunaraq Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış apellyasiya şikayətinin bərpa olunmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(073)-505/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Elxan Əmirəliyev) Cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 26 iyun 2023-cü il tarixli, 2(073)-506/2023 saylı qərardadının ləğv edilməsinə dair şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəf olduğu Cəlilabad Rayon Məhkəməsinin 26 iyun 2023-cü il tarixli, 2(073)- 506/2023 saylı qərardadı mövcud deyil. Cəlilabad Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(073)-505/2023 saylı qərardadından narazı qalan Cavabdeh şikayət vermiş, şikayətində həmin qərardadın ləğv olunaraq apellyasiya şikayəti vermək hüququnun bərpa olunmasını xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, o, qərardadı düzgün hesab etmir. Qərardadda əsas kimi qeyd olunan texniki səhv onun apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdıra bilməz. Bu qərardad birbaşa olaraq onun apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdırır. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən hər bir şəxsin apellyasiya şikayəti vermək hüququ var. Qərardad birbaşa onun Konstitusiya ilə verilmiş hüquqlarını məhdudlaşdırır. Məhkəməyə müraciət olunarkən bütün tələblər icra olunmuşdur. 2(073)-505/2023 saylı qərardad texniki səhv olaraq 2(073)-506/2023 kimi yazılmışdır. Lakin qərardadın surəti işə əlavə olunmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(073)-505/2023 saylı qərardadı ilə Cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(073)- 505/2023 saylı qərardadının ləğv olunması və apellyasiya şikayəti vermək hüququnun bərpa olunmasına dair şikayəti təmin edilməmiş, şikayətin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(073)-505/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cəlilabad Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(073)-505/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2(073)- 505/2023 saylı qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh isə şikayət verərək, Cəlilabad Rayon Məhkəməsinin 26 iyun 2023-cü il tarixli, 2(073)-506/2023 saylı qərardadının ləğv olunaraq Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış apellyasiya şikayətinin bərpa olunmasını xahiş etmişdir. Göründüyü kimi, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2(073)-505/2023 saylı qərardadı qəbul edilsə də, cavabdeh öz şikayətində şikayət etdiyi qərardadın tarixini və nömrəsini “26 iyun 2023-cü il tarixli, 2(073)-506/2023 saylı” qərardad olaraq qeyd etmişdir. Məhz bu hala istinad edən Cəlilabad Rayon Məhkəməsi 28 iyul 2023-cü il tarixli, 2(073)-505/2023 saylı qərardadla haqlı olaraq cavabdehin Cəlilabad Rayon Məhkəməsinin 26 iyun 2023-cü il tarixli, 2(073)- 506/2023 saylı qərardadının ləğv edilməsinə dair şikayətini geri qaytarmışdır. Cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli qərardadından verdiyi şikayətdə bu halı texniki səhv olaraq izah etmişdir. Göründüyü kimi, cavabdehin özü də səhvə yol verdiyini bildirsə də, həmin nöqsanları aradan qaldırdıqdan sonra şikayət vermək hüququnu istifadə etmək əvəzinə, məhkəmənin əsaslı və qanuni qərardadından şikayət vermişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası cavabdehin şikayəti ilə razılaşmayaraq bildirir ki, Cəlilabad Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(073)-505/2023 saylı qərardadı qanuni və əsaslı olduğundan cavabdehin hazırkı şikayəti əsasında ləğv edilə bilməz. Odur ki, cavabdehin şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(073)-505/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası Cavabdeh onu da izah etməyi zəruri hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(073)-505/2023 saylı qərardadı onun Cəlilabad Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(073)- 505/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdırmır. Belə ki, Cavabdeh mülki prosessual qanunvericiliyin tələblərinə uyğun formada, məzmunda və müddətdə, eləcə də, Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2(073)-505/2023 saylı qərardadında göstərilmiş nöqsanları aradan qaldırmaqla yenidən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(073)-505/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(073)-505/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar